"Elə gözəl sökülmüşdü o gün dan" romanından parça
Çöllərdə həyat ağır idi. Çöldə yemək az olur, ya hansısa heyvan acından, susuzluqdan ölməlidi, ya da bir-birini öldürməlidilər, başqa heç cür yemək tapmaq mümkün deyil. Biz özümüz ovlamağa öyrəşməmişik, bizimki hazır yemdi. "Bir-birini öldürən heyvanlar"ı deyəndə yırtıcı heyvanların ovundan danışmıram. O, onsuz da bizim deyil. Tutaq, hansısa yırtıcı başqa bir heyvanı öldürəndə öz yeməyi üçün öldürür. Çox vaxt bizə ondan pay düşmür. Əgər öldürülən heyvan çox böyükdüsə, məsələn, kəldisə, maraldısa, onda artıq qalanına göz dikə bilərik. Amma onu da çox gözləməli olurduq. Gərək yırtıcı yeyib doyaydı, leşin qalanından əl çəkəydi, sonra biz daraşaydıq. Bəzən o qədər gözləməyimiz də əbəs gedirdi. Çünki qalan yeməyə də çaqqal, kaftar daraşırdı. Çöldü də, yemək azdı, rəqib çox. Qartallar, şahinlər də hərdən yemimizi caynağımızdan alırdı. Onlara da heç nə deyə bilmirdik. Nolsun onlar da quşdu? O yan-bu yan olsa, bizi də parçalaya bilərdilər. Düzdü, öz aramızda qartallara gülürük, boyunları tüklüdü axı. Başlarını leşin qarnına soxanda boyun tükləri qana batır, quruyub boğazlarına yapışır. Gülməli görünürlər. Bizdə elə olmur, boynumuzda tük yoxdu.
Olurdu ki, günlərlə uçub yeməyə bir şey axtarırdıq. Acından bilmirdik neyləyək, dimdiyimizi daş-qayaya sürtməkdən ucu yeyilmişdi.
Bir dəfə dəstəylə bir yerdə uçanda moğol ordusunu gördük. Heç vaxt bu qədər adamı bir yerdə görməmişdik. Ordunun dalınca bir sürü mal-qara da aparırdılar. Biz də dallarınca düşüb getdik. Dincəlməyə dayananda malları kəsib soydular, ocaqdan asıb bişirməyə başladılar. İçlalatları, dəriləri, kəllələri bir tərəfdə atılıb qalmışdı. Bir az gözlədik, gördük onlara tərəf heç baxan yoxdu. Ehtiyatla qalağın yanına qonduq. Qorxurduq ki, birdən bizi qovarlar, öldürərlər. Qorxa-qorxa dimdiyimi uzadıb içalatı dimdiklədim. Sonra yenə. Heç bizə tərəf baxan da yox idi. Hamımız ürəkləndik, daraşdıq içalatın üstünə. Qarnımız dolanacan yedik.
O biri kərkəslərə dedim ki, gərək ordudan əl çəkməyək. Onlar hara, biz də ora. Hamı razılaşdı.
Odur-budur, ordu hara getdi, biz də gedirik. Yeməkdən korluğumuz yoxdu. Xeyli kökəlmişik, çox vaxt harınlıq edirik. Yemək o qədər çox olur ki, bilmirik harasını yeyək, nəyini dimdikləyək. Mən dəstə başçısı imtiyazımdan istifadə edib meyitlərin gözlərini oyuram. Məncə, meyitin ən ləzzətli yeri gözləridi. Dəstəmizdə biri var, o ancaq dil yeyir.
Elə axırıncı kənddə də bütün meyitlərin gözünü mən oyuram. Hələ günorta tanış olduğumuz qarğaya da rast gəlirəm. Demə, o da burda yaşayırmış. Balaca bir qızın sinəsinə qonub oturub. Deyirəm ki, gözlərini oysun, ən ləzzətli yeri oradı. Ancaq qarğa tərpənmir. Eləcə oturub qalıb. Yaman qəribə quşdu. Çiyinlərimi çəkib ordan uzaqlaşıram.
Hava qaralmağa başlayır. Yığışıb düşərgəyə qayıdırıq. Döyüşçülər kənddən gətirdikləri sürünün çoxunu kəsib soyub. Cəmdəklər ocaqların üstündə cızıldayır.
Təzə içalat qalağına baxıram. Çəpgöz kərkəs qalağın yanına qonur:
- Yemirsən? Gəl də, - mənə deyir.
- Kənddə az yemisən? - soruşuram.
- O ayrı, bu ayrı, - deyib irişir.
Başımı bulayıram. Yaman acgözdü, qarnı doysa da, çəp gözləri doymur.
Düşərgənin üstündə bir dövrə vurub atların yanına qonuram. Ən hörmətli at Cəbə Noyonun atıdı. Ordu başçısını gəzdirdiyi üçün başqa atlar da ona hörmət edir, adamlar da ona xüsusi qulluq göstərir. O at heç vaxt başqa atlar kimi saman, ot yemir. Onun üçün meyvə gətirirlər, suyu da qızıl vedrədə içizdirirlər.
- Yatın, dincəlin, - Cəbə Noyonun atı o biri atlara deyir. - Səhər yola düşəcəyik.
Aha, demək, sabah səhərdən yenə yollardayıq. Gərək, mən də dincəlim. Qayalığa qonub gözlərimi yumuram. Sabaha gümrah olmaq lazımdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!