Gülçək - Aqil BƏKİR

Hekayə

 

 

İki əlini yerə qoyub başını önə doğru əydikdən sonra qəribə şəkildə həm çölə, həm də sinəsinə doğru irəliləyən hava axınının yaratdığı "Hıhh" səsi ilə birlikdə özünə güc verib ayağa qalxmağı bacardı. Şalını kürəyinə doğru atıb qapıya tərəf irəlilədi. Onun yavaş-yavaş, ləngərlənə-ləngərlənə yeriməsi ilə qapının sürətli və bərk döyülməsi arasındakı qeyri-mütənasibliyi ancaq yaşlılığın hövsələsi ilə izah etmək olardı. Əlini dəstəyə uzadıb onu aşağı dartmaq üçün əlavə güc sərf edərək qapını açdı.

 

***

"Nənə, bu paltarları niyə yandırırsan?" - deyə soruşan nəvəsinə soyuq şəkildə cavab verdi: "Çünki baban ölüb, bu paltarlar daha heç kimə lazım deyil".

Nənə demədi ki, bala, daha o vaxt deyil ki, ölünün paltarını hansısa kasıba verəsən, camaat bunu yaxşılıq yox, söyüş kimi başa düşür. İndi çoxu bir qarın çörəyə möhtacdır, amma varlı həyatı yaşayır.

Uşaq isə yanan paltarlardan havaya qalxan küllərə baxıb babasını o biri dünyaya yola saldı.

 

***

- Ölümdən sonrakı həyata inanmaq üçün axmaq olmaq lazımdır.

- Bəs bu qədər sərt düşünmək üçün nə olmaq lazımdır?

- Həqiqət, onsuz da, həmişə insanlara sərt gəlib.

- "O biri dünya" məsələsində həqiqət axtarmaq da, məncə, avamlıqdır.

- Yaxşı. Axmaqlığa qarşı avamlıq. Bəs deyə bilərsən, avamla axmağın fərqi nədir?

- Axmaq ağılsız olur, avam isə cahil. Axmaqdan çəkinmək, cahildən qorxmaq lazımdır.

- Bəs sonrakı həyat məsələsində həqiqət axtarmağı niyə avamlıq hesab edirsən?

- İsbat edilməsi mümkünsüz olduğu üçün. Bütün bunları düşünən insan, ya bekar olmalıdır, ya da həyatdan əlini üzmüş.

Düz nəzərlərlə aynaya yansıyan görüntüsünə baxıb danışır, qurduğu dialoqlarda anlaşılmazlıq yaşayırdı. Ölümdən sonrakı həyatı düşünmə səbəbini isə özündən başqa kimsə bilmirdi, özünün də vəziyyəti göz qabağındadır, uzandıqca uzanan dialoqlarda beyninin bir küncündə ilişib qalan səbəb haqqında heç bir məlumat vermir, bəlkə də, onu gizlədir, yaxud özü ondan gizlənir.

Arıqlayıb çöpə dönüb, gözlərinin altı qaralıb, ovurdları çöküb, dodaqları solub, gözləri qızarıb, qısacası, insan sifətindən çıxıb. Gəlib onu müşahidə edən olsaydı, gözlərini qırpmamaq üzrə rekordunu qeydə ala bilərdi, ancaq neyləmək olar, tərs oğlu tərs özü-özü ilə savaşırdı.

Yenə buz bağlamış xatirələrdən bəzilərini istəksizcə yadına salıb onlar haqqında düşünməyə başladı. O yaşlı qadını xatırladı. İlk iş günündə oğlunun ölüm xəbərini apardığı qadınla necə danışacağını fikirləşərək dodağını dişləmiş, başqa iş tapmaq arzusunun baş qaldırmasına baxmayaraq, arvad qorxusuna yenilib bu fikrindən birdəfəlik vaz keçmişdi. Həyat yoldaşını da qınamaq olmazdı, əri onu işləməyə qoymurdu, əvəzində özü evə çörək aparmalı idi. Belə vəziyyətdə işdən çıxıb evdə oturmaq da olmazdı. O qədər də köhnə fikirli olmasa da, uşaqlarına ən yaxşı anasının baxa biləcəyini düşündüyü üçün bu qərarı vermişdi. Hərçənd hələ uşaqları olmamışdı, amma taleyin də işini bilmək olmaz, bəlkə də, həyat yoldaşı işə girəndən sonra hamilə qalacaqdı?! Arvadının işləyərkən doğmasına razı ola bilməzdi, çünki uşaq doğulduqdan sonra körpəni anasına, bacısına verib təzədən işə getmək kimi istəyi ola bilərdi. Bütün bunları düşünərək həyat yoldaşının işləmək arzusunun üstündən qalın xətt çəkmişdi.

Düşüncələr beynində fırtına əsdirdiyi zaman ayaqları onu tanımadığı qapının qarşısına gətirmişdi. Ətrafa göz gəzdirdikdən sonra xəbəri verəcəyi qadının evi olduğunu anlamışdı. Dərindən nəfəs alıb qapını borc dalınca gəlmiş insafsız sələmçi kimi döyməyə başlamışdı. Bir neçə dəqiqə belə davam etdikdən sonra qapı ağır-ağır açılmış, yaşlı qadının maraqlı gözləri qarşısında dilinin topuq vurmasını əngəlləmək üçün onun adını-filan soruşmadan oğlunun öldüyünü söyləmişdi. Bunu deyəndə ortaya qəribə görüntü çıxmışdı: sol gicgahından süzülən tər damlasının qıcıqlandırdığı yanağı qeyri-təbii şəkildə dartılmış, sanki gülümsəyirmiş kimi görünmüşdü. Oğlunun ölüm xəbərinə qadının reaksiyası da qəribə olmuşdu. O, əlini sinəsinin üstünə qoyaraq dərin bir "ah" çəkmiş, sonra eləcə durub xəbər gətirənin üzünə baxmışdı. Baxışma qadın qapını örtənə qədər davam etmişdi.

Bu zibil dişağrısı haradan çıxdı belə? Düz beynimin ortasına vurur.

Onda mən "xəbərçi" işləyirdim. Doğrusu, işləməyə təzə başlamışdım. Düzdür, belə bir iş rəsmiyyətdə olmasa da, yaxşı maaş vəd etmişdilər. İş də bu idi ki, ölən, tutulan biri olanda, yaxud bu qəbildən hadisələr baş verəndə ailələrinə mən çatdırmalı idim. Əvvəl elə bilirdim, çox asan olacaq, sadəcə duyğularımı ört-basdır edib robot kimi işimi görəcəm, ancaq o qadının qapısına çatana qədər artan həyəcanım bu işin mənlik olmadığını sübut etmişdi. İşdən çıxmağım da mümkünsüz idi, çünki ailəmə baxan mən idim. Ailə dediyim də bir arvad idi, bir də özüm. Uşağa anasının tərbiyə verməsini istədiyim üçün həyat yoldaşımı işləməyə qoymadım. İki ildir, evli idik, lakin ortada hələ uşaq yox idi. Səbəbi də bu idi ki, iqtisadi uğursuzluqlarım yataqdakı iqtidarıma da sirayət etmişdi. Orada-burada fəhlə kimi işlədiyim zamanlarda - baxmayaraq ki, ali təhsilliyəm, "day-dayı"m və pulum olmadığından işə girə bilməmişdim - elə bilirdim, hər şey yorğunluqdan qaynaqlanır. Lakin sonralar problemin yorğunluq olmadığını anladım. Sanki həyat yoldaşımla aramdakı bağ qopmuşdu və bunun səbəbini pulda görürdüm. Mən kişilik vəzifəmi hər iki halda yerinə yetirə bilmirdim: evə pul gətirəmmirdim, buna görə də utancım qasıqlarıma yayılır və həyat yoldaşıma qarşı yaranan utanc qarışıq istəksizlik onun arxasını çevirib yatmasına səbəb olurdu. Hətta o vaxtlar bunun bir problem olduğunu dərk etsəm və həyat yoldaşımın xəyanət ehtimalı barədə düşünsəm də, sevdiyim qadının bunu etməyəcəyini bilirdim. Əmin idim.

Qadın qapını örtdükdən sonra anlaqsız kimi dayanıb hadisəni dərk etməyə çalışmışdım. Ürək döyüntüm yavaşladıqdan, ağlım yerinə gəldikdən sonra bir anaya oğlunun ölüm xəbərini verməyin çətinliyindən savayı, onun reaksiyasızlığı məni dəhşətə gətirmişdi. Övlad nə qədər pis olsa da, övladdır axı, ana öz canından-qanından olan birinin ölüm xəbərini niyə belə səssizlik və rahatlama ilə qarşılasın ki? Bu sualın cavabını tapa bilmədim. Üstündən illər keçsə də, hələ də düşünürəm, düşünürəm, ancaq bir nəticəyə gəlib çıxa bilmirəm. Deyəsən, bu, ana olmamağımdan qaynaqlanır. Ərimin özünü ailə başçısı kimi yetərsiz hiss etməsi, zaman keçdikcə qaraqabaq, dinib-danışmayan bir adama çevrilməsi onu məndən uzaqlaşdırmışdı. İşləmirdi, evə çörək gətirən mən idim və bu ona ağır təsir edirdi. Kitablar arasında itib-batmış, gerçək həyatdan uzaq düşmüşdü. Özünə, təmizliyinə fikir vermirdi. Görən deyərdi, küçədə yaşayan səfildir. Əlbəttə, bu natəmizliklə mən onu yataqda qəbul edə bilməzdim. Buna görə də yatağın ən küncünə çəkilib arxamı ona çevirirdim.

Yalan deyirəm. Natəmizlik məsələsi deyildi, ərim həmişə baxımlı və səliqəli olub. Problem bu idi ki, mən ona artıq kişi gözü ilə baxa bilmirdim. Zalım oğluna sanki iynə vurmuşdular, heç nə onu həyəcanlandırmır, mənim qadınlıq istəklərimi yerinə yetirə bilmirdi. Evliliyimizin ilk aylarını xatırlayıram, o qədər həyəcanlı, ehtiraslı idik, elə bilirdim, bu ehtirası heç vaxt, heç kim söndürə bilməz. Ancaq elə söndü ki, külü belə qalmadı.

Nənəm babamın paltarlarını yandıranda onlardan havaya qalxan küllər üst-başımı bürümüşdü. Mən çırpırdım, uçurdular və başqaları gəlib üzərimə yapışırdı. Elə bil həmin küllər babamın bu dünyada məndən yapışdığı əlləri idi. O əllər, ya məni də özü ilə aparacaqdı, ya da babam bu dünyaya qayıdacaqdı. Heç biri olmadı. Hər halda, mən belə zənn edirəm.

Diş ağrım, deyəsən, keçir.

 

***

Uşaq olanda ona demişdim ki, həyatı elə yaşamalısan ki, yaşamağı bütün ruhunla hiss edəsən. Özümdən belə bir cümlə gözləmirdim, savadsız idim, hərçənd indi də bir elə savadım yoxdur, ancaq yaşadıqlarım məni qoca qarı müdrikliyinə çatdırmışdı. O yaşda uşağa belə cümlə qurursansa, davamını gətirməlisən, ancaq mənim müdrikliyim elə o cümlə qədər idi. İri gözlərlə baxıb soruşmuşdu ki, ruh nədir? Durub ona dindən-filan danışası deyildim. Başını aldatmaq üçün əlimi qarnımın altına qoyub demişdim ki, ruh bizi hərəkət etdirən şeydir, özü də bax, burada olur. Gözləri daha da böyümüşdü. Uşaq marağı idi, suallarının ardı-arası kəsilmirdi: ruh nəyə oxşayır, içimizə necə girir, haradan girir... Suallar qarşısında dilsiz olmuşdum, axırda bezib üstünə qışqırmışdım ki, daha bəsdir, ruhdan danışmaq olmaz. İki gün sonra isə onu alaçıqda qanlar içində tapmışdım, əlində də oraq. Sən demə, mən ruhun qarının altında olduğunu deyəndə ağlında yer edibmiş, onu çıxarıb necə bir şey olduğunu görmək üçün özünü oraqla kəsib. Uşaqdır da, gücsüz olduğundan dərindən yaralamayıb, ancaq yenə də ayağa durması bir həftə-on gün çəkmişdi. Onu özüm sağaltdım, nənəmdən öyrəndiyim türkəçarələrlə.

Handan-hana, yalandan da olsa, başa salmışdım ki, ruh deyilən şey yoxdur, özümdən uydurmuşam. Uşaq ərkəsöyünlüyü ilə demişdi ki, hə, kəsəndə heç nəyin çıxmadığını gördüm. Uşaqdır da, neyləyəsən?!

 

***

Səhərdən axşama kimi oturduğu yerdə qalır, tərpənmək ona işgəncə kimi görünürdü. Get-gedə dizləri bir-birindən uzaqlaşırdı, elə buna görə gəzməyə qorxurdu ki, birdən çolaqları sürüşər, qalar çırpına-çırpına.

Həmin gün isə qapının döyülməsindən anlamışdı ki, pis nəsə olub. İki əlini yerə qoyub başını önə doğru əydikdən sonra qəribə şəkildə həm çölə, həm də sinəsinə doğru irəliləyən hava axınının yaratdığı "Hıhh" səsi ilə birlikdə özünə güc verib ayağa qalxmağı bacardı. Şalını kürəyinə doğru atıb qapıya tərəf irəlilədi. Onun yavaş-yavaş, ləngərlənə-ləngərlənə yeriməsi ilə qapının sürətli və bərk döyülməsi arasındakı qeyri-mütənasibliyi ancaq yaşlılığın hövsələsi ilə izah etmək olardı. - Əlbəttə, bilməyənlər üçün. Bilənlər isə bilirlər ki, bunun səbəbi gəzmək qorxusudur. - Əlini dəstəyə uzadıb onu aşağı dartmaq üçün əlavə güc sərf edərək qapını açdı.

"Oğlunun cəsədini bu gün dərənin yanında tapıblar!" - bu sözlər onun üzünə sərt şillə kimi vuruldu.

Qadın isə heç zərbə almamış kimi dərin bir "ah" çəkdi: "Şükür sənə, İlahi, varlığına şükür, Allah! Qurban olum sənə! Balamı sağ-salamat gətirdin qapıma!"

Qapının zəncirini açmaq üçün azca bağlayıb sonra taybatay açdı. Onu qucaqladı, öpdü, göz yaşları ilə üzünü yudu. "Balam" dediyi şəxs isə donub qalmışdı, beyni baş verənləri ayırd edə bilmirdi. Elə zənn edirdi ki, xəbəri verəndən sonra çıxıb gedib, ancaq yox, budur, buradadır və qadın onu pişik balasını yalayan kimi yalayır.

 

***

Dörd gün sonra evə yardım gətirən şəxs belə dəhşətli mənzərə ilə qarşılaşacağını gözləmirdi. Qapını açan olmadığından ətrafda gəzinib məhsulları qoymaq üçün heç kimin görə bilməyəcəyi yer axtarırdı. Sonra da yardım paketini hara qoyduğunu kağıza yazıb qapının altından atacaqdı. Həyətin sol tərəfinə keçib pəncərədən içəri baxanda donub qaldı, qorxudan gözləri bərələdi. 25-30 yaşlı biri divanda uzanan yaşlı qadının göbəyinin altını kəsib əlini onun içinə salmışdı. Kənardan onların ölüb-ölmədiyi bilinmirdi, ancaq yer-yurd qan içində idi.

 

***

Nənəm öləndə nə edəcəyimi bilmədim. Uşaqlıqda ruhla bağlı mənə dediyi o sözləri xatırladım. Bıçağı götürüb göbəyinin altını kəsdim. Canını təzə tapşırmışdı, ruhun həmin dəqiqə uçub getdiyini zənn etmirdim. Qarnını kəsib əlimi içinə saldım ki, ruhu tutub saxlayım. Boşluqdan və qəribə mayedən başqa əlimə heç nə gəlmədi. Bilmirəm, neçə gün elə qaldım. Bir onu bilirəm ki, üstümə çox pis qoxu sinmişdi.

Nənəm mənim bu dünyadakı tək yaxınım idi, ondan başqa heç kimim yox idi. İndi isə o da yoxdur. Onunla kənd-kənd gəzmişdik. Keçmişimizdən, bizi tanıyan insanlardan qaçırdıq. Ömrümüz qaçmaqla keçdi və qaça-qaça gəlib onun ölümünə çıxdıq.

Anamı heç görməmişəm. Mən uşaq olanda bizi tərk edib getmişdi. Sadəcə üçümüz idik: atam, nənəm və mən. Bir gün nənəmlə gözümüzü odun-alovun içində açdıq. Atamı öldürüb qapımızın ağzında cəsədini yandırmışdılar. Kəndçilərimiz. İndiki kimi xatirimdədir, atamın kənddəki balaca qıza təcavüz etdiyini demişdilər. Nənəm oğlunun ölümünə yandığı bir vaxt məni də onun qucağından alıb başqa yerə apardılar. Yazıq arvad elə bildi ki, məni də öldürəcəklər. O fəryadı hələ də qulaqlarımdadır. Amma öldürmədilər, öldürməkdən betər etdilər, bütün həyatımı əlimdən aldılar. Atamın nəsli davam etməsin deyə kişiliyimi, o vaxtlar nə olduğunu bilmədiyim kişiliyimi əlimdən aldılar.

Günlər sonra özümə gəldim. Başqa yerdə idik, nə xəstəxana kimi xəstəxana idi, nə də ev kimi ev. Elə bildim, yuxu görürəm, ancaq yuxu da deyildi. Özümə gəldiyimi görən nənəm alnımdan öpdü, gözyaşları tellərimi islatdı. Nənəm o günlə bağlı mənə heç nə demədi. Bir neçə gün sonra ikimiz başqa yerə köçdük, sonra başqa yerə, daha sonra da başqa yerə. Köçdük.

Amma o keçmiş heç vaxt məndən əlini üzmədi, həmişə, ya yanımda, ya da önümdə oldu. Bütün bunları bir az da varsa, arxada qoymağımda həyat yoldaşımın böyük əməyi var. O olmasaydı, nə edərdim, bilmirəm. Yəqin, elə mən də ölüb getmişdim, ya da hansısa dəlixanada idim.

 

***

Bütün ölkə psixiatriya xəstəxanasındakı yanğından danışırdı. Sağ qalan olmamışdı.

 

2024 avqust-2025 iyul

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!