"Elə gözəl sökülmüşdü o gün dan" romanından parça
Söyüd ağacının gövdəsində balaca tırtıl gördüm. Qıvrıla-qıvrıla yuxarı dırmaşırdı. Hər dəfə tırtıl yemək istəyəndə söyüdlərin yanına gəlirəm. Söyüd yarpaqları təzə pöhrələnib, yupyumşaqdı. Tırtıllar ruma söyüd yarpağını xoşlayır. Yarpaqların yanına çatanda tırtılları çətin seçmək olur, rəngləri yarpaq rənginə çalır deyə. Ancaq ağacın gövdəsində olanda rahat görünürlər. Çox məzəli həşəratlardı. Gəzməkləri aləmdi. Xırda əlləriylə ağacın gövdəsindən yapışır, bədəninin arxa hissəsini qabağa dartır, beli qabarır, sonra başını qabağa atır, beli açılıb düzləşir, belə-belə gedir. Onlara baxanda uğunub gedirəm özümdən. Həm də şirəli olurlar, dadları xoşagələndi.
Bəsdi güldük, yemək də lazımdı. Tırtılın üstünə şığıyıb bir həmlədə dimdiyimə alıram. Ağzıma atan kimi tırtılın nazik dərisi üzülür, bədəni parçalanır, şirəsi ağzıma axır. Mmm! Ləzzət!
Kefim kökəlir, havalanıb kəndin üstündə süzürəm. Uzaqdan qarğa nənənin yuvası gözümə dəyir. Boşdu. Başım tırtıla qarışanda uçub gedib.
Gəlib qarğa nənənin yuvasında otururam. Xoşum gəlir burdan. Rahat yuva düzəldib qarğa nənə. Haçan gördüm yuvada yoxdu, gəlib otururam yerində. Kənd də burdan bir ayrı cür görünür.
Qarğa nənəni çox istəyirəm. Bir az dəymədüşərdi, xasiyyəti ağırdı, ətiacıdı, dilindən də xoş söz eşitməzsən. O da belədi də. Kənddə heç kimin ondan xoşu gəlmir. Heç o biri qarğaların da. Çünki hamını söyür, qarğışlayır. Məni də söyür söyməyinə, mən incimirəm. Nə olsun?! Söysün də. Onun da dili belə öyrəşib. Bundan sonra dəyişən deyil ki?!
Qarğa nənənin yuvasında oturan kimi məni yuxu basır. Yəqin, çox rahat olduğuna görədi. İndi də xumarlanmağa başlayıram. Qarğa nənə qayıdana qədər yatsam, yaxşı olar. Düzdü, gəlib məni yuvasında görsə söyəcək, deyinəcək. Eybi yox, deyərəm ki, sən gələnə qədər yerini isti saxlayırdım.
Gözlərim yumulur. Çoxlu tırtıl görürəm. Hamısı aramla söyüdün gövdəsinə dırmaşır. Bədənlərinin arxa tərəfini qabağa çəkirlər, belləri qabarır, baş tərəfi qabağa atırlar, bədənləri düzləşir. Bir də... Bir də... Çox ləzzətli görünürlər. Ağzım sulanır...
Birdən nəsə xışıltı eşidirəm. Gözlərimi açan kimi boz pişiyin üstümə tullanmağa hazırlaşdığını görürəm. Onun tullanmağı ilə mənim uçmağım bir olur. Tuta bilmir.
Yekəbaş pişik! Az qalsın, tuturdu. Çinarın ətrafında dövrə vurub pişiyin qabağına gəlirəm. Hirslə mənə baxıb mırıldayır. Səni görüm, öləsən, yekəbaş! Ona dil çıxardıb uzaqlaşıram.
Günəş xeyli qalxıb. Kəndin üstündə uça-uça baxıram. Alan gözümə dəyir, yaxınlıqdakı ağaca qonub onu izləyirəm. Alan kəndin ən qoca itidi. Deyirlər, vaxtikən kəndin sürüsünü o qoruyurdu. İndi çox düşüb, gəzməyə halı yoxdu. Hərdən durub beş-altı addım atır, sonra yaşlı bədənini saxlaya bilməyib yerə çökür. İndi də kölgədə uzanıb quru çörək gəmirir. Çörəkdən xırda parçalar qopartdıqca dişlərinin arasında xırtıldayır. Alan çörəyi ağzının suyuyla isladıb yumşaldır, çeynəyib udur. Torbalanmış gözləri hər şeyə etinasızlıqla baxır. Elə bil, ətrafda baş verənlərin heç ona aidiyyatı yoxdu. Elə bil, vaxtikən bütün kəndi qoruyan bu olmayıb. Deyirlər, onun dişlərində neçə canavar, neçə tülkü, neçə çaqqal canını tapşırıb. Bütün itlər onun hörmətini saxlayır, tez-tez gəlib onunla məsləhətləşirlər, sürünü necə qorumaq lazımdı, canavar hücum eləyəndə neyləmək lazımdı, soruşub öyrənirlər. Hərdən cavan itlər öz paylarından gətirib ona da verir.
Alan çörəkdən bir-iki dişləm də yeyib yorulur. Çörəyi yerə buraxıb başını əllərinin üstünə qoyur, gözlərini yumur.
Durub uçmağa başlayıram. Bayaq mənə hücum eləyən pişik indi çəpərin dalında yatıb, peyinlikdə eşələnən cücələri marıtlayıb. Uça-uça yerdən balaca daş götürürəm, havalanıb hündürdən pişiyin üstünə buraxıram. Daş pişiyin belinə dəyir, pişik səksənib tüklərini qabardır, göyə baxır. Məni görəndə hirslə dişlərini qıcayır. Onun səsini eşidən cücələr hürküb analarının yanına qaçırlar. Pişik hirslə bir cücələrə, bir də mənə baxır. Bayaq əlindən qaçmağım azmış kimi, indi də cücələri duyuq salmağım onu cin atına mindirib. Əlinə düşsəm, lələklərimi bir-bir qopardar. Yenə ona dil çıxardıb uçuram.
Yenə çinarın yanına gedirəm. Qarğa nənə hələ qayıtmayıb. O, tez-tez səhərdən harasa uçur, bir də axşamtərəfi qayıdır. Gərək bir gün düşüm dalınca, görüm hara gedir?!
Qarğa nənənin yuvasında otururam. Qayıdana qədər yatım bir az. Elə gözlərimi təzəcə yuman kimi uzaqdan tappıltı səsləri eşidirəm. Gözlərimi açıb baxıram. Hələ heç nə görünmür, amma tappıltı səsləri gəlir. Səslər getdikcə güclənir. Yuvadan çıxıb uçmağa başlayıram. Uzaqdan toz dumanı görünür. Toz dumanı kəndə tərəf gəlir. Bütün quşlar mənim kimi gözünü ora dikib baxır, itlər, pişiklər qulaqlarını şəkləyib dinləyir.
Toz dumanı getdikcə yaxınlaşır. Yaxınlaşdıqca tozun içində atlar görünür, atların belində oturan adamlar görünür. Atlar bir anda kəndin küçələrinə yayılır. Heç kim kəsdirə bilmir nə olub, nə baş verir. Biz özümüzə gəlməyə macal tapmamış qışqırıq səsləri eşidirik. Kənddə aləm bir-birinə dəyir. Arvad-uşaq qışqırır, itlər hürüşür, atlar kişnəyir, toyuq-cücə qaqqıldayır. Atlıların əllərində parıldayan uzun şeylər var. Onu kimə vursalar, həmin adam yerə yıxılır, bədənindən qan axır.
Alan elə bil canlanır, ayağa durub yorğun səsiylə bir ağız ulayır. Atlılardan biri əlindəki parıldayan şeyi Alanın başına vurur, Alanın başı parçalanır, yerə yıxılıb qalır, başından qan axır.
Atlılar kənddə kim varsa, öldürürlər. Arvadlar, uşaqlar yerə yıxılıb can verir. Atlılara hücum edən itləri də öldürürlər. Atlılar atdan düşüb evlərə girir, evlərdə gizlənənləri də öldürürlər, toyuqları, qazları, ördəkləri tutub ayaqlarını bağlayırlar, atların yəhərindən asırlar. Tövlələrdə qalan, sürüyə qoşulmayan boğaz inəkləri, qoyunları, quzuları, danaları bir yerə yığırlar. Atlılardan bəziləri heyvanları qovub kənddən çıxarır, yerdə qalanlar kösövləri götürüb evlərə atır. Hamısı çıxıb gedirlər.
Evlər tüstülənməyə, yanmağa başlayır.
Dəhşətlə kəndin üstündə uçuram. Çox qorxunc mənzərədi, ürəyim sıxılır. Kənddə bir nəfər də sağ adam qalmayıb.
Sonra hardansa bir dəstə quş peyda olur. Qəribə quşlardı, indiyəcən heç belələrini görməmişəm. Çox iridilər, boğazları uzun, tüksüzdü. Quşlar meyitlərin üstünə qonub dimdikləməyə başlayırlar. Əsas da meyitlərin gözlərini oyurlar.
Qarğa nənə də hardansa peyda olur. O da kəndin üstündə uça-uça dəhşətlə bu mənzərəni izləyir. Çinar ağacına çatıb yuvasına qonur. Onun yanına gedirəm.
Ağzımı açan kimi özümü saxlaya bilmirəm, gözlərimdən yaş axır. Ağlaya-ağlaya deyirəm:
- Qarğa nənə, hamını öldürdülər. Bir nəfəri də sağ qoymadılar. Heç bilmədik necə oldu. Bir də gördük dolublar kəndə...
Qarğa nənə bayaq gələn qəribə quşlara baxır. Sonra ağacın yanındakı həyətə qonur. Ana oğlunu qucaqlayıb yıxılıb. Qız isə onlardan bir az aralı düşüb. Üçünün də bədəni qan içindədi. Qarğa nənə qızın sinəsinə qonur, gözlərinə baxır.
Qəribə quşlar meyitləri dimdikləyə-dimdikləyə gəlir. Quşlardan biri ananın meyitinin üstünə qonur, gözlərini oyub qarğa nənəyə baxır. Dimdiyindən bir damcı qan arvadın çənəsinə damır. Qarğa nənə qanadlarını açıb qızın üzünü tutur.
- Balaca uşaqlar dadlı olur, - qəribə quş deyib gülür.
Qarğa nənə cavab vermir. Quş uçub gedir.
Mən də qızın meyitinin yanına qonub qarğa nənəyə baxıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!