Qarğanın hekayəsi - Həmid PİRİYEV

"Elə gözəl sökülmüşdü o gün dan" romanından parça

 

- Qarğa nənə, ay qarğa nənə...

Gözümü açıb ətrafa baxıram. Yenə o sırtıq sərçədi, gəlib qonub yanımdakı budağa.

- Sabahın xeyir, qarğa nənə.

- Azzar sabahın xeyir, çor sabahın xeyir. İmkan ver, yataq da!

Gözümü necə ağardıramsa sərçə qorxub uçur. Amma xasiyyətinə bələdəm, qorxusu keçənəcəndi, bir azdan yenə gəlib məni dəng eləyəcək. Qırx il yaşa, axırda da canın çıxsın, qal bir dənə başıboş sərçənin əlində. Onsuz da gözümə səhərə yaxın bir az yuxu getmişdi, onu da bu sırtıqbaş haram elədi. İstəyirəm bir az da yatım, amma çətin. Aləm dəyib bir-birinə. Sərçələr, torağaylar, şinəbublar burda cikkildəşir, qumrular orda quqquldayır. Hələ bu qarğalara bax, "qar-qar" salıblar səhərin gözü açılmamış. Nolub? Nə xəbərdi? Gəlin, bir ağız da mən qarıldayım. Qar-qarr. Yaxşı oldunuz?

Sırtıq sərçə yenə gəlib yanımdakı budağa qonur.

- Qarğa nənə, gör necə gözəl səhərdir! Bir ora bax...

Uzaqdakı dağlara işarə edir. İstər-istəməz ora baxıram. Günəş dağların dalından görünməyə başlayıb, zirvələrdəki qarı, buludları açıq bənövşəyi-çəhrayı rəngə boyayıb.

- Hə, nolsun? - soruşuram.

- Yaz gəlib e, qarğa nənə, sevinmirsən?

- Sən hələ ikinci yazdı görürsən, mən yazın gəlməyini qırx dəfə görmüşəm. Nəyinə sevinim?

- Dur da. Dur çıx yuvandan, uç, özünə gəl.

- İtil burdan! Mənə ağıl öyrətməyinə bax quşbaşın!

Sərçə cikkildəyib uçur.

- Bir də gözümə görsənmə! - dalınca qışqırıram.

Amma gələcək. Bir azdan yenə gələcək.

Yuvada yerimi rahatlayıb gözlərimi yumuram. Gecələr hələ də ayazlı keçir. Nə yaxşı payızda ağlıma gəldi, bu yuvanı düzəltdim. Yoxsa qışdan sağ çıxmazdım. Çox rahat yuvadı. Kəndin qırağındakı iri çinarın haçasında qurmuşam. Haçanın dibinə xəzəl döşədim, üstündən də saman səpdim. Girib otururam yuvada, samanları dimdiyimlə üstümə sərirəm. Canım qızışır. Elə rahatdı ki bura. Heç bayıra çıxmaq istəmirəm. Çıxıb neynəyəcəyəm ki guya?! Uçmağa bir gilə həvəsim qalmayıb. Qanadlarım sızıldayır, hər tərəfim ağrıyır. Lələklərimin yarısı tökülüb. Başqa qarğalar lağ edir dalımca, elə bilirlər qoturluğa tutulmuşam. Qoturluqdan deyil e, qocalıqandı, qocalıqdan! Siz də mənim kimi qırx il yaşayın, lələk nədi, heç dimdiyinizi saxlaya bilməyəcəksiniz.

İnadla gözlərimi yumub oturmuşam. Arada məni huş aparsa da, hər şeyi eşidirəm. Kənd oyanıb. Çobanlar qoyun-quzuları, mal-qaranı otarmağa aparır. Əkinçilər öküzləri qabağına qatıb sahələrə gedir. Gedin, gedin. Başımız dincəlsin əlinizdən!

Birdən qızın səsi bütün səsləri batırıb məni diksindirir. Kəndin ən axırıncı evində yaşayan ailənin qızıdı, yuva qurduğum çinar düz onların evinə baxır. İki uşaqdılar evdə. Böyüyü bu qızdı, kiçiyi oğlan. Hardasa dörd-beş yaşları olar. Gözümü açıb həyətə baxıram. Ataları sahəyə gedir, anaları təndir qalayır. Qız da qardaşını dalınca sürüdə-sürüdə həyətdə qaçır. Cingiltili səsi götürüb aləmi başına! Bu qızın sakit dayanmaqla heç arası yoxdu, bütün günü qaçır, tullanıb-düşür. Səsi beynimə işləyir. Bir budu, bir də o sırtıq sərçə. Bu ikisinin əlindən rahatlığım yoxdu. Bilmirəm, başımı götürüb hara gedim?

De, adını çək, qulağını bur. Sərçə gəlib çinarın ətrafında fırlanmağa başlayır. Hər dəfə qabağımdan keçəndə məni səsləyir:

- Qarğa nənə... Qarğa nənə...

- Çox siyafur sərçəsən! - deyirəm.

Gülür. Vecinə də deyil.

Yaxşısı, durum gedim qoz yeməyə. Baş-qulağım dinc olar.

İki ildi xəlvət yerdə qoz ağacı tapmışam. Yerini heç kimə demirəm, özüm yeyirəm bütün bəhərini. Çox yağlı, doyumlu qozlardı.

Ağac çox uzaqdadı. Gərək əkin sahələrini, otlaqları keçəsən, uzaqdakı təpələri aşasan, sonra yenə də bir xeyli uçasan. Hər dəfə ora gedib-gəlməyim axşama çəkir. Özüm də çox yoruluram. Daha əvvəlki kimi uça bilmirəm axı. Bir az uçan kimi nəfəsim kəsilir. Oturub dincimi almasam olmur. Amma bu qızın cingiltisinə, sərçənin çərənçiliyinə qulaq asmaqdansa yorulmaq yaxşıdı.

Yerimin içində özümü dikəldirəm, üstümdəki samanlar dağılır. Yuvadan çıxıb özümü çırpıram. Budaqdan tullanıb qanadlarımı açıram. Qar-qarr! Uçduqca külək üzümə vurur. Peyinlikdə küllənən qarğaların üstündən keçirəm. Aşağıdan yuxarı mənə baxıb gülürlər. Yəqin fikirləşirlər ki, bu başdanxarab hara gedir?! Məni dəli bilirlər axı. Nə var-nə, var onlara qoşulmuram, onlardan uzaq gəzirəm. Əşi, nə deyirlər, desinlər. Cəhənnəmə ki!

Havada süzürəm. Uçduqca həvəsim artır, qanadlarımı sürətlə çırpıram. Ancaq taqətim kəndi çıxanacan bəs edir. Kəndi çıxandan sonra sürətim azalır. Görüm əkin sahələrinəcən gedə biləcəyəm, ya yox? Nəfəsim təngləşsə də, özümü sahələrə çatdıra bilirəm. Amma yox, bundan artıq gedə bilməyəcəyəm. Yerə qonub otururam, ürəyim bərk-bərk atır, elə bil, bu saat ağzımdan çıxıb qabağıma düşəcək. Gərək bir deyənə bu qədər uçmazdım, tez dayanaydım.

Dincəldiyim vaxt uçduğum vaxtdan çox çəkir. Yenə havaya qalxıb qanadlarımı çırpmağa başlayıram. Bu dəfə yavaş uçuram amma. Hara tələsirəm ki?! Nə qədər tez qayıtsam, zəhləmgetmişlərin üzünü o qədər tez görəcəyəm.

İki dəfə dincələndən sonra əkin və otlaq sahələri dalda qalır. İndi təpələri aşmalıyam. Dərindən köks ötürüb yenə havalanıram. Bu birinci təpə... Bu ikinci təpə... Bu qədər təpə olar? Canım çıxsın az qala. Bu üçüncü... Bu da axırıncı...

Axırıncı təpəni aşan kimi özümü itirirəm, havada quruyub qalıram, az qalır qanadlarım yanıma düşsün, yerə çırpılım. Birtəhər özümə gəlib yaxınlıqdakı ağaca qonuram. Təpədən dağlara qədər olan düzənlikdə bir ordu düşərgə salıb. Alaçıqların sayı bilinmir. Əsgərlər qarışqalardan çoxdu, üzləri də bir qəribədi. İndiyəcən belə adamlar görməmişəm. Əyinlərində dəri paltarlar var. Heç eşitmədiyim dildə danışırlar. Durub düşərgənin üstündə uçub dövrə vururam. Atları düşərgədən qıraqda otlamağa buraxıblar. Alaçıqların arasında ocaqlar yanır, əsgərlərdən kimisi qoyun kəsib soyur, kimisi əti ocaqda bişirir. Uzun dəmirləri itiləyən, nazik uzun çubuqların ucuna nəsə parıldayan şeylər bağlayan əsgərlər də var. Düşərgə qaynaşır. Qoyun kəsilən yerin yaxınlığında bir dəstə quş oturub dağ kimi qalaqlanmış içalatı didişdirir. Bir az uzaqda yerə qonub onlara baxıram. Bu quşlardan da indiyəcən görməmişəm. Məndən xeyli böyükdülər, uzun boyunları tüksüzdü. Quşlardan biri üzümə baxır, uçub yanıma qonur.

- Siz kimsiniz? - soruşuram.

- Kərkəs quşlarıyıq, - deyir.

- Bəs bunlar kimdir? - əsgərləri göstərirəm.

- Moğollardı, - deyir.

- Hardan gəlirsiniz? - soruşuram.

- Uzaqdan. Çöllərdən, - deyir.

- Siz həmişə ordunun dalınca uçursunuz? - soruşuram.

- Hə, - deyir.

- Nə üçün? - soruşuram.

- Onlar keçən yerlərdə bizimçün çoxlu yem olur, - deyir.

- Bura nə üçün gəliblər? - soruşuram.

- Öldürməyə, - deyir.

 Sonra içalat qalağını göstərib soruşur.

- Yeyirsən?

- Yox, - deyirəm.

Durub yenə qalağın üstünə, o biri kərkəslərin yanına qonur. Mənə etina etmirlər, elə bil, heç burda yoxam.

Demək, öldürməyə gəliblər. Yaxşı oldu bu. Kaş o sırtıq sərçəylə qızı da öldürsünlər, canım dincəlsin, rahat yatım.

Durub yenə uçmağa başlayıram. Nəyimə lazım boş-boşuna vaxt itirim? Nə bu ordu, nə o kənd mənimçün bir qoz qədər də dəyərli deyil.

Bir-iki dəfə də dincəlib uçandan sonra qoz ağacının yanına çatıram.

Çox yağlı, doyumlu qozlardı. Amma mənim qozu yeməkdən çox, sındırmaqdan xoşum gəlir. Qozu caynağına götürüb havalanırsan, hündürdən buraxırsan qayaların üstünə. Hündürlük vacibdi, bacardığın qədər yuxarı qalxmalısan, alçaqdan buraxsan, qoz sınmaya bilər. Olur ki, qoz puç çıxır, ya da ləpə gedib düşür qayaların arasına, nə caynağımla, nə dimdiyimlə çıxarda bilirəm. Onda heç vecimə də olmur. Amma bir də görürsən, qoz sınan kimi kəsəyəndən, siçandan biri çıxıb tez ləpəni qapır, qaçıb gizlənir. Onda üzümü görmə də! Cin vurur təpəmə! Elə zəhləm gedir o siçanlardan. Bir-iki dəfə siçan tutduğum olub, ləzzətlə parçalamışam. Yemək üçün yox, intiqam almaq üçün. Qələt eləyib qozlarımı yeməsinlər!

Qoz sındıranda balalarıma yem daşımağım yadıma düşür. İldə neçə balam çıxırdı yumurtadan, indi hardadılar? Bilmirəm. Yəqin, çoxusu qırılmış olar indiyə. Quşlar belədi də, qanad açan kimi uçub gedirlər. Bizdə yuvaya bağlılıq yoxdu. Guya mən öz anamın harda öldüyündən xəbər tutmuşdum? Yox, əlbəttə ki. Çətini uçanacandı. Canın sulu, dünya böyük. Uç, uça bildiyin qədər.

Balalarım da mənim harda öldüyümü bilməyəcək. Bunu fikirləşəndə kefim pozulur. Daha qoz sındırmaq istəmirəm. Qoz ağacının budağına qonub otururam. Ehh...

Gün əyilməyə başlayanda gözümü açıram. Demə, ağacda yuxu aparıb məni. Durum qayıdım kəndə, görüm hava qaralmamış çata bilirəm?

Yenə asta-asta, dincələ-dincələ uçmağa başlayıram. Düşərgəyə çatanda içalat qalağının üstündə dövrə vururam, amma kərkəslər gözə dəymir. Bir dənəsi də burda deyil. Uçmağa davam edirəm. Təpələri aşanda uzaqdan toz-tozanaq gözümə dəyir. Yaxınlaşdıqca mal-qara, qoyun-quzu sürülərini görürəm. Bir dəstə moğol əsgəri sürüləri düşərgəyə tərəf qovur. Bir az da yaxınlaşanda mal-heyvanı tanıyıram. Bunlar ki bizim kəndin mal-qarasıdır?! Görəsən, moğollar bizim mal-qaranı neyləyir?

Otlaqları keçib əkin sahələrinə yaxınlaşıram. Uzaqdan gözümə adda-budda qaraltılar dəyir. Yaxınlaşanda əkinçiləri tanıyıram. Hamısı yerdə uzanıb qalıb, heç biri tərpənmir. Şumlanmış sahələrdə at ayaqlarının izi aydın seçilir. Deyəsən, əkinçilərin hamısı ölüb. Yavaş-yavaş başa düşməyə başlayıram, deyəsən, moğollar kəndə hücum edib. Gərək özümü tez kəndə çatdırım, görüm orda nə olub.

Sürətimi artırıb kəndə tərəf götürülürəm. Uzaqdan burnuma ocaq iyi gəlir, kəndə yaxınlaşdıqca iy kəskinləşir, tüstü-duman görünür. Kənddəki bütün evlər yanır. İtlərin hürüşməsi, quşların cikkiltisi bir-birinə qarışıb. Kəndin üstündə fırlanıram. Küçələr meyitlə doludu, gözümə bir nəfər də sağ adam dəymir. Meyitlərin arasında it cəmdəkləri də var. Kərkəs quşları burdadır. Meyitlərin üstünə qonub didişdirməyə başlayıblar.

Bəs görəsən, mənim yuvamı dağıtmayıblar ki?! Yuva qurduğum çinarın yanına uçuram. Yox, yuvam yerindədir. Yuvama qonmağa bənd imiş kimi, sırtıq sərçə hardansa peyda olub yanıma qonur. Ağlaya-ağlaya deyir:

- Qarğa nənə, hamını öldürdülər. Bir nəfəri də sağ qoymadılar. Heç bilmədik necə oldu. Bir də gördük dolublar kəndə...

O danışdıqca ətrafa baxıram. Birdən gözüm yuva qurduğum ağacın yanındakı həyətə sataşır. O balaca qızın yaşadığı həyətə. Onları da öldürüblər. Ana oğlunu qucaqlayıb, qız da yanlarındadı. Üçü də qan içindədi.

Birdən-birə hamımıza yazığım gəlir. Özümə də, sərçəyə də, o balaca qıza da. Uçub qızın yanına qonuram, balaca əllərinə, yalın ayaqlarına, donmuş açıq gözlərinə baxıram. Daha səsin çıxmayacaq, balaca, daha məni narahat etməyəcəksən.

Kərkəs quşları hər meyitə bir-iki dimdik vura-vura gəlirlər. Artıq qarıltılarını yaxından eşidirəm.

Tullanıb qızın sinəsinə çıxıram. Üzünə, yarıaçıq ağzına, gözlərinə baxıram. Qapqara göz bəbəkləri şüşə kimi parıldayır, göydəki buludlar qızın göz bəbəklərində əks edir...

Balalarım yadıma düşür. Yuvadan başlarını çıxarıb yem gözləməklərini xatırlayıram. Birinci dəfə uçmaqlarını xatırlayıram. Onlara yem tapmağı öyrətməyimi xatırlayıram...

Kərkəs quşları artıq lap yaxındadır. Səhər mənimlə danışan kərkəs ananın üstünə qonur, bir-iki dimdik hərəkətiylə arvadın gözlərini oyur. Mənə baxıb qarıldayır, dimdiyinin ucundan bir damcı qan damıb arvadın çənəsinə düşür.

Qanadlarımı açıb qızın balaca üzünü tuturam. Yox, balaca, səni onlara verməyəcəyəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!