Elə gözəl sökülmüşdü o gün dan (Hekayə) - Həmid PİRİYEV

 

Qarğa

 

–  Qarğa nənə, ay qarğa nənə...

Gözümü açıb ətrafa baxıram. Yenə o sırtıq sərçədi, gəlib qonub yanımdakı budağa.

–  Sabahın xeyir, qarğa nənə.

–  Azzar sabahın xeyir, çor sabahın xeyir. İmkan ver yataq da!

Gözümü necə ağardıramsa, sərçə qorxub uçur. Amma xasiyyətinə bələdəm, qorxusu keçənəcəndi, bir azdan yenə gəlib məni dəng eləyəcək. Qırx il yaşa, axırda da canın çıxsın, qal bir dənə başıboş sərçənin əlində. Onsuz da gözümə səhərə yaxın bir az yuxu getmişdi, onu da bu sırtıqbaş haram elədi. İstəyirəm bir az da yatım, amma çətin. Aləm dəyib bir-birinə. Sərçələr, torağaylar, şinəbublar burda cikkildəşir, qumrular orda quqquldayır. Hələ bu qarğalara bax, qar-qar salıblar səhərin gözü açılmamış. Nolub? Nə xəbərdi? Gəlin bir ağız da mən qarıldayım. Qar-qarr. Yaxşı oldunuz?

Sırtıq sərçə yenə gəlib yanımdakı budağa qonur.

–  Qarğa nənə, gör necə gözəl səhərdir! Bir ora bax...

Uzaqdakı dağlara işarə edir. İstər-istəməz ora baxıram. Günəş dağların dalından görünməyə başlayıb, zirvələrdəki qarı, buludları açıq bənövşəyi-çəhrayı rəngə boyayıb.

–  Hə, nolsun? – soruşuram.

–  Yaz gəlib e, qarğa nənə, sevinmirsən?

–  Sən hələ ikinci yazdı görürsən, mən yazın gəlməyini qırx dəfə görmüşəm. Nəyinə sevinim?

–  Dur da. Dur çıx yuvandan, uç, özünə gəl.

–  İtil burdan! Mənə ağıl öyrətməyinə bax quşbaşın!

Sərçə cikkildəyib uçur.

–  Bir də gözümə görsənmə! – dalınca qışqırıram.

Amma gələcək. Bir azdan yenə gələcək.

Yuvada yerimi rahatlayıb gözlərimi yumuram. Gecələr hələ də ayazlı keçir. Nə yaxşı payızda ağlıma gəldi, bu yuvanı düzəltdim. Yoxsa qışdan sağ çıxmazdım. Çox rahat yuvadı. Kəndin qırağındakı iri çinarın haçasında qurmuşam. Haçanın dibinə xəzəl döşədim, üstündən də saman səpdim. Girib otururam yuvada, samanları dimdiyimlə üstümə sərirəm. Canım qızışır. Elə rahatdı ki bura. Heç bayıra çıxmaq istəmirəm. Çıxıb neynəyəcəyəm ki guya? Uçmağa bir gilə həvəsim qalmayıb. Qanadlarım sızıldayır, hər tərəfim ağrıyır. Lələklərimin yarısı tökülüb. Başqa qarğalar lağ edir dalımca, elə bilirlər qoturluğa tutulmuşam. Qoturluqdan deyil e, qocalıqdandı, qocalıqdan! Siz də mənim kimi qırx il yaşayın, lələk nədi, heç dimdiyinizi saxlaya bilməyəcəksiniz.

İnadla gözlərimi yumub oturmuşam. Arada məni huş aparsa da, hər şeyi eşidirəm. Kənd oyanıb. Çobanlar qoyun-quzuları, mal-qaranı otarmağa aparır. Əkinçilər öküzləri qabağına qatıb sahələrə gedir. Gedin, gedin. Başımız dincəlsin əlinizdən!

Birdən qızın səsi bütün səsləri batırıb məni diksindirir. Kəndin ən axırıncı evində yaşayan ailənin qızıdı, yuva qurduğum çinar düz onların evinə baxır. İki uşaqdılar evdə. Böyüyü bu qızdı, kiçiyi oğlan. Hardasa dörd-beş yaşları olar. Gözümü açıb həyətə baxıram. Ataları sahəyə gedir, anaları təndir qalayır. Qız da qardaşını dalınca sürüdə-sürüdə həyətdə qaçır. Cingiltili səsi götürüb aləmi başına! Bu qızın sakit dayanmaqla heç arası yoxdu, bütün günü qaçır, tullanıb-düşür. Səsi beynimə işləyir. Bir budu, bir də o sırtıq sərçə. Bu ikisinin əlindən rahatlığım yoxdu. Bilmirəm başımı götürüb hara gedim?

De, adını çək, qulağını bur. Sərçə gəlib çinarın ətrafında fırlanmağa başlayır. Hər dəfə qabağımdan keçəndə məni səsləyir:

–  Qarğa nənə... Qarğa nənə...

–  Çox siyafur sərçəsən! – deyirəm.

Gülür. Vecinə də deyil.

Yaxşısı, durum gedim qoz yeməyə. Baş-qulağım dinc olar.

İki ildi xəlvət yerdə qoz ağacı tapmışam. Yerini heç kimə demirəm, özüm yeyirəm bütün bəhərini. Çox yağlı, doyumlu qozlardı.

Ağac çox uzaqdadı. Gərək əkin sahələrini, otlaqları keçəsən, uzaqdakı təpələri aşasan, sonra yenə də bir xeyli uçasan. Hər dəfə ora gedib-gəlməyim axşama çəkir. Özüm də çox yoruluram. Daha əvvəlki kimi uça bilmirəm axı. Bir az uçan kimi nəfəsim kəsilir. Oturub dincimi almasam olmur. Amma bu qızın cingiltisinə, sərçənin çərənçiliyinə qulaq asmaqdansa yorulmaq yaxşıdı.

Yerimin içində özümü dikəldirəm, üstümdəki samanlar dağılır. Yuvadan çıxıb özümü çırpıram. Budaqdan tullanıb qanadlarımı açıram. Qar-qarr! Uçduqca külək üzümə vurur. Peyinlikdə küllənən qarğaların üstündən keçirəm. Aşağıdan yuxarı mənə baxıb gülürlər. Yəqin fikirləşirlər ki, bu başdanxarab hara gedir. Məni dəli bilirlər axı. Nə var-nə var, onlara qoşulmuram, onlardan uzaq gəzirəm. Əşi, nə deyirlər desinlər. Cəhənnəmə ki!

Havada süzürəm. Uçduqca həvəsim artır, qanadlarımı sürətlə çırpıram. Ancaq taqətim kəndi çıxanacan bəs edir. Kəndi çıxandan sonra sürətim azalır. Görüm əkin sahələrinəcən gedə biləcəyəm, ya yox? Nəfəsim təngləşsə də, özümü sahələrə çatdıra bilirəm. Amma yox, bundan artıq gedə bilməyəcəyəm. Yerə qonub otururam, ürəyim bərk-bərk atır, elə bil, bu saat ağzımdan çıxıb qabağıma düşəcək. Gərək bir deyənə bu qədər uçmazdım, tez dayanaydım.

Dincəldiyim vaxt uçduğum vaxtdan çox çəkir. Yenə havaya qalxıb qanadlarımı çırpmağa başlayıram. Bu dəfə yavaş uçuram amma. Hara tələsirəm ki? Nə qədər tez qayıtsam, zəhləmgetmişlərin üzünü o qədər tez görəcəyəm.

İki dəfə dincələndən sonra əkin və otlaq sahələri dalda qalır. İndi təpələri aşmalıyam. Dərindən köks ötürüb yenə havalanıram. Bu birinci təpə... Bu ikinci təpə... Bu qədər təpə olar? Canım çıxsın az qala. Bu üçüncü... Bu da axırıncı...

Axırıncı təpəni aşan kimi özümü itirirəm, havada quruyub qalıram, az qalır qanadlarım yanıma düşsün, yerə çırpılım. Birtəhər özümə gəlib yaxınlıqdakı ağaca qonuram. Təpədən dağlara qədər olan düzənlikdə bir ordu düşərgə salıb. Alaçıqların sayı bilinmir. Əsgərlər qarışqalardan çoxdu, üzləri də bir qəribədi. İndiyəcən belə adamlar görməmişəm. Əyinlərində dəri paltarlar var. Heç eşitmədiyim dildə danışırlar. Durub düşərgənin üstündə uçub dövrə vururam. Atları düşərgədən qıraqda otlamağa buraxıblar. Alaçıqların arasında ocaqlar yanır, əsgərlərdən kimisi qoyun kəsib soyur, kimisi əti ocaqda bişirir. Uzun dəmirləri itiləyən, nazik uzun çubuqların ucuna nəsə parıldayan şeylər bağlayan əsgərlər də var. Düşərgə qaynaşır. Qoyun kəsilən yerin yaxınlığında bir dəstə quş oturub dağ kimi qalaqlanmış içalatı didişdirir. Bir az uzaqda yerə qonub onlara baxıram. Bu quşlardan da indiyəcən görməmişəm. Məndən xeyli böyükdülər, uzun boyunları tüksüzdü. Quşlardan biri üzümə baxır, uçub yanıma qonur.

–  Siz kimsiniz? – soruşuram.

–  Kərkəs quşlarıyıq, – deyir.

–  Bəs bunlar kimdir? – əsgərləri göstərirəm.

–  Moğollardı, – deyir.

–  Hardan gəlirsiniz? – soruşuram.

–  Uzaqdan. Çöllərdən, – deyir.

–  Siz həmişə ordunun dalınca uçursunuz? – soruşuram.

–  Hə, – deyir.

–  Nə üçün? – soruşuram.

–  Onlar keçən yerlərdə bizimçün çoxlu yem olur, – deyir.

–  Bura nə üçün gəliblər? – soruşuram.

–  Öldürməyə, – deyir.

 Sonra içalat qalağını göstərib soruşur.

–  Yeyirsən?

–  Yox, – deyirəm.

Durub yenə qalağın üstünə, o biri kərkəslərin yanına qonur. Mənə etina etmirlər, elə bil, heç burda yoxam.

Demək, öldürməyə gəliblər. Yaxşı oldu bu. Kaş o sırtıq sərçəylə qızı da öldürsünlər, canım dincəlsin, rahat yatım.

Durub yenə uçmağa başlayıram. Nəyimə lazım boş-boşuna vaxt itirim? Nə bu ordu, nə o kənd mənimçün bir qoz qədər də dəyərli deyil.

Bir-iki dəfə də dincəlib uçandan sonra qoz ağacının yanına çatıram.

Çox yağlı, doyumlu qozlardı. Amma mənim qozu yeməkdən çox sındırmaqdan xoşum gəlir. Qozu caynağına götürüb havalanırsan, hündürdən buraxırsan qayaların üstünə. Hündürlük vacibdi, bacardığın qədər yuxarı qalxmalısan, alçaqdan buraxsan, qoz sınmaya bilər. Olur ki, qoz puç çıxır, ya da ləpə gedib düşür qayaların arasına, nə caynağımla, nə dimdiyimlə çıxarta bilirəm. Onda heç vecimə də olmur. Amma bir də görürsən, qoz sınan kimi kəsəyəndən, siçandan biri çıxıb tez ləpəni qapır, qaçıb gizlənir. Onda üzümü görmə də! Cin vurur təpəmə! Elə zəhləm gedir o siçanlardan. Bir-iki dəfə siçan tutduğum olub, ləzzətlə parçalamışam. Yemək üçün yox, intiqam almaq üçün. Qələt eləyib qozlarımı yeməsinlər!

Qoz sındıranda balalarıma yem daşımağım yadıma düşür. İldə neçə balam çıxırdı yumurtadan, indi hardadılar? Bilmirəm. Yəqin, çoxusu qırılmış olar indiyə. Quşlar belədi də, qanad açan kimi uçub gedirlər. Bizdə yuvaya bağlılıq yoxdu. Guya mən öz anamın harda öldüyündən xəbər tutmuşdum? Yox əlbəttə ki. Çətini uçanacandı. Canın sulu, dünya böyük. Uç uça bildiyin qədər.

Balalarım da mənim harda öldüyümü bilməyəcək. Bunu fikirləşəndə kefim pozulur. Daha qoz sındırmaq istəmirəm. Qoz ağacının budağına qonub otururam. Ehh...

Gün əyilməyə başlayanda gözümü açıram. Demə, ağacda yuxu aparıb məni. Durum qayıdım kəndə, görüm hava qaralmamış çata bilirəm?

Yenə asta-asta, dincələ-dincələ uçmağa başlayıram. Düşərgəyə çatanda içalat qalağının üstündə dövrə vururam, amma kərkəslər gözə dəymir. Bir dənəsi də burda deyil. Uçmağa davam edirəm. Təpələri aşanda uzaqdan toz-tozanaq gözümə dəyir. Yaxınlaşdıqca mal-qara, qoyun-quzu sürülərini görürəm. Bir dəstə moğol əsgəri sürüləri düşərgəyə tərəf qovur. Bir az da yaxınlaşdan mal-heyvanı tanıyıram. Bunlar ki, bizim kəndin mal-qarasıdır. Görəsən moğollar bizim mal-qaranı neyləyir?

Otlaqları keçib əkin sahələrinə yaxınlaşıram. Uzaqdan gözümə adda-budda qaraltılar dəyir. Yaxınlaşanda əkinçiləri tanıyıram. Hamısı yerdə uzanıb qalıb, heç biri tərpənmir. Şumlanmış sahələrdə at ayaqlarının izi aydın seçilir. Deyəsən, əkinçilərin hamısı ölüb. Yavaş-yavaş başa düşməyə başlayıram, deyəsən, moğollar kəndə hücum edib. Gərək özümü tez kəndə çatdırım, görüm orda nə olub.

Sürətimi artırıb kəndə tərəf götürülürəm. Uzaqdan burnuma ocaq iyi gəlir, kəndə yaxınlaşdıqca iy kəskinləşir, tüstü-duman görünür. Kənddəki bütün evlər yanır. İtlərin hürüşməsi, quşların cikkiltisi bir-birinə qarışıb. Kəndin üstündə fırlanıram. Küçələr meyitlə doludu, gözümə bir nəfər də sağ adam dəymir. Meyitlərin arasında it cəmdəkləri də var. Kərkəs quşları burdadır. Meyitlərin üstünə qonub didişdirməyə başlayıblar.

Bəs görəsən mənim yuvamı dağıtmayıblar ki? Yuva qurduğum çinarın yanına uçuram. Yox, yuvam yerindədir. Yuvama qonmağa bənd imiş kimi, sırtıq sərçə hardansa peyda olub yanıma qonur. Ağlaya-ağlaya deyir:

–  Qarğa nənə, hamını öldürdülər. Bir nəfəri də sağ qoymadılar. Heç bilmədik necə oldu. Bir də gördük dolublar kəndə...

O danışdıqca ətrafa baxıram. Birdən gözüm yuva qurduğum ağacın yanındakı həyətə sataşır. O balaca qızın yaşadığı həyətə. Onları da öldürüblər. Ana oğlunu qucaqlayıb, qız da yanlarındadı. Üçü də qan içindədi.

Birdən-birə hamımıza yazığım gəlir. Özümə də, sərçəyə də, o balaca qıza da. Uçub qızın yanına qonuram, balaca əllərinə, yalın ayaqlarına, donmuş açıq gözlərinə baxıram. Daha səsin çıxmayacaq, balaca, daha məni narahat etməyəcəksən.

Kərkəs quşları hər meyitə bir-iki dimdik vura-vura gəlirlər. Artıq qarıltılarını yaxından eşidirəm.

Tullanıb qızın sinəsinə çıxıram. Üzünə, yarıaçıq ağzına, gözlərinə baxıram. Qapqara göz bəbəkləri şüşə kimi parıldayır, göydəki buludlar qızın göz bəbəklərində əks edir...

Balalarım yadıma düşür. Yuvadan başlarını çıxartıb yem gözləməklərini xatırlayıram. Birinci dəfə uçmaqlarını xatırlayıram. Onlara yem tapmağı öyrətməyimi xatırlayıram...

Kərkəs quşları artıq lap yaxındadır. Səhər mənimlə danışan kərkəs ananın üstünə qonur, bir-iki dimdik hərəkətiylə arvadın gözlərini oyur. Mənə baxıb qarıldayır, dimdiyinin ucundan bir damcı qan damıb arvadın çənəsinə düşür.

Qanadlarımı açıb qızın balaca üzünü tuturam. Yox, balaca. Səni onlara verməyəcəyəm...

 

 

Sərçə

 

Söyüd ağacının gövdəsində balaca tırtıl gördüm. Qıvrıla-qıvrıla yuxarı dırmaşırdı. Hər dəfə tırtıl yemək istəyəndə söyüdlərin yanına gəlirəm. Söyüd yarpaqları təzə pöhrələnib, yupyumşaqdı. Tırtıllar ruma söyüd yarpağını xoşlayır. Yarpaqların yanına çatanda tırtılları çətin seçmək olur, rəngləri yarpaq rənginə çalır deyə. Ancaq ağacın gövdəsində olanda rahat görünürlər. Çox məzəli həşəratlardı. Gəzməkləri aləmdi. Xırda əlləriylə ağacın gövdəsindən yapışır, bədəninin arxa hissəsini qabağa dartır, beli qabarır, sonra başını qabağa atır, beli açılıb düzləşir. Belə-belə gedir. Onlara baxanda uğunub gedirəm özümdən. Həm də şirəli olurlar, dadları xoşagələndi.

Bəsdi güldük, yemək də lazımdı. Tırtılın üstünə şığıyıb bir həmlədə dimdiyimə alıram. Ağzıma atan kimi tırtılın nazik dərisi üzülür, bədəni parçalanır, şirəsi ağzıma axır. Mmm! Ləzzət!

Kefim kökəlir, havalanıb kəndin üstündə süzürəm. Uzaqdan qarğa nənənin yuvası gözümə dəyir. Boşdu. Başım tırtıla qarışanda uçub gedib.

Gəlib qarğa nənənin yuvasında otururam. Xoşum gəlir burdan. Rahat yuva düzəldib qarğa nənə. Haçan gördüm yuvada yoxdu, gəlib otururam yerində. Kənd də burdan bir ayrı cür görünür.

Qarğa nənəni çox istəyirəm. Bir az dəymədüşərdi, xasiyyəti ağırdı, ətiacıdı, dilindən də xoş söz eşitməzsən. O da belədi də. Kənddə heç kimin ondan xoşu gəlmir. Heç o biri qarğaların da. Çünki hamını söyür, qarğışlayır. Məni də söyür söyməyinə, mən incimirəm. Nə olsun? Söysün də. Onun da dili belə öyrəşib. Bundan sonra dəyişən deyil ki.

Qarğa nənənin yuvasında oturan kimi məni yuxu basır. Yəqin, çox rahat olduğuna görədi. İndi də xumarlanmağa başlayıram. Qarğa nənə qayıdana qədər yatsam, yaxşı olar. Düzdü, gəlib məni yuvasında görsə söyəcək, deyinəcək. Eybi yox, deyərəm ki, sən gələnə qədər yerini isti saxlayırdım.

Gözlərim yumulur. Çoxlu tırtıl görürəm. Hamısı aramla söyüdün gövdəsinə dırmaşır. Bədənlərinin arxa tərəfini qabağa çəkirlər, belləri qabarır, baş tərəfi qabağa atırlar, bədənləri düzləşir. Bir də... Bir də... Çox ləzzətli görünürlər. Ağzım sulanır...

Birdən nəsə xışıltı eşidirəm. Gözlərimi açan kimi boz pişiyin üstümə tullanmağa hazırlaşdığını görürəm. Onun tullanmağı ilə mənim uçmağım bir olur. Tuta bilmir.

Yekəbaş pişik! Az qalsın, tuturdu. Çinarın ətrafında dövrə vurub pişiyin qabağına gəlirəm. Hirslə mənə baxıb mırıldayır. Səni görüm öləsən, yekəbaş! Ona dil çıxartıb uzaqlaşıram.

Günəş xeyli qalxıb. Kəndin üstündə uça-uça baxıram. Alan gözümə dəyir, yaxınlıqdakı ağaca qonub onu izləyirəm. Alan kəndin ən qoca itidi. Deyirlər, vaxtikən kəndin sürüsünü o qoruyurdu. İndi çox düşüb, gəzməyə halı yoxdu. Hərdən durub beş-altı addım atır, sonra yaşlı bədənini saxlaya bilməyib yerə çökür. İndi də kölgədə uzanıb quru çörək gəmirir. Çörəkdən xırda parçalar qopartdıqca dişlərinin arasında xırtıldayır. Alan çörəyi ağzının suyuyla isladıb yumşaldır, çeynəyib udur. Torbalanmış gözləri hər şeyə etinasızlıqla baxır. Elə bil, ətrafda baş verənlərin heç ona aidiyyatı yoxdu. Elə bil, vaxtikən bütün kəndi qoruyan bu olmayıb. Deyirlər, onun dişlərində neçə canavar, neçə tülkü, neçə çaqqal canını tapşırıb. Bütün itlər onun hörmətini saxlayır, tez-tez gəlib onunla məsləhətləşirlər, sürünü necə qorumaq lazımdı, canavar hücum eləyəndə neyləmək lazımdı, soruşub öyrənirlər. Hərdən cavan itlər öz paylarından gətirib ona da verir.

Alan çörəkdən bir-iki dişləm də yeyib yorulur. Çörəyi yerə buraxıb başını əllərinin üstünə qoyur, gözlərini yumur.

Durub uçmağa başlayıram. Bayaq mənə hücum eləyən pişik indi çəpərin dalında yatıb, peyinlikdə eşələnən cücələri marıtlayıb. Uça-uça yerdən balaca daş götürürəm, havalanıb hündürdən pişiyin üstünə buraxıram. Daş pişiyin belinə dəyir, pişik səksənib tüklərini qabardır, göyə baxır. Məni görəndə hirslə dişlərini qıcayır. Onun səsini eşidən cücələr hürküb analarının yanına qaçırlar. Pişik hirslə bir cücələrə, bir də mənə baxır. Bayaq əlindən qaçmağım azmış kimi, indi də cücələri duyuq salmağım onu cin atına mindirib. Əlinə düşsəm, lələklərimi bir-bir qopardar. Yenə ona dil çıxartıb uçuram.

Yenə çinarın yanına gedirəm. Qarğa nənə hələ qayıtmayıb. O, tez-tez səhərdən harasa uçur, bir də axşamtərəfi qayıdır. Gərək bir gün düşüm dalınca, görüm hara gedir.

Qarğa nənənin yuvasında otururam. Qayıdana qədər yatım bir az. Elə gözlərimi təzəcə yuman kimi uzaqdan tappıltı səsləri eşidirəm. Gözlərimi açıb baxıram. Hələ heç nə görünmür, amma tappıltı səsləri gəlir. Səslər getdikcə güclənir. Yuvadan çıxıb uçmağa başlayıram. Uzaqdan toz dumanı görünür. Toz dumanı kəndə tərəf gəlir. Bütün quşlar mənim kimi gözünü ora dikib baxır, itlər, pişiklər qulaqlarını şəkləyib dinləyir.

Toz dumanı getdikcə yaxınlaşır. Yaxınlaşdıqca tozun içində atlar görünür, atların belində oturan adamlar görünür. Atlar bir anda kəndin küçələrinə yayılır. Heç kim kəsdirə bilmir nə olub, nə baş verir. Biz özümüzə gəlməyə macal tapmamış qışqırıq səsləri eşidirik. Kənddə aləm bir-birinə dəyir. Arvad-uşaq qışqırır, itlər hürüşür, atlar kişnəyir, toyuq-cücə qaqqıldayır. Atlıların əllərində parıldayan uzun şeylər var. Onu kimə vursalar, həmin adam yerə yıxılır, bədənindən qan axır.

Alan elə bil canlanır, ayağa durub yorğun səsiylə bir ağız ulayır. Atlılardan biri əlindəki parıldayan şeyi Alanın başına vurur, Alanın başı parçalanır, yerə yıxılıb qalır, başından qan axır.

Atlılar kənddə kim varsa öldürürlər. Arvadlar, uşaqlar yerə yıxılıb can verir. Atlılara hücum edən itləri də öldürürlər. Atlılar atdan düşüb evlərə girir, evlərdə gizlənənləri də öldürürlər, toyuqları, qazları, ördəkləri tutub ayaqlarını bağlayırlar, atların yəhərindən asırlar. Tövlələrdə qalan, sürüyə qoşulmayan boğaz inəkləri, qoyunları, quzuları, danaları bir yerə yığırlar. Atlılardan bəziləri heyvanları qovub kənddən çıxartır, yerdə qalanlar kösövləri götürüb evlərə atır. Hamısı çıxıb gedirlər.

Evlər tüstülənməyə, yanmağa başlayır.

Dəhşətlə kəndin üstündə uçuram. Çox qorxunc mənzərədi, ürəyim sıxılır. Kənddə bir nəfər də sağ adam qalmayıb.

Sonra hardansa bir dəstə quş peyda olur. Qəribə quşlardı, çox iridilər, boğazları uzun, tüksüzdü. Quşlar meyitlərin üstünə qonub dimdikləməyə başlayırlar. Əsas da meyitlərin gözlərini oyurlar.

Qarğa nənə də hardansa peyda olur. O da kəndin üstündə uça-uça dəhşətlə bu mənzərəni izləyir. Çinar ağacına çatıb yuvasına qonur. Onun yanına gedirəm.

Ağzımı açan kimi özümü saxlaya bilmirəm, gözlərimdən yaş axır. Ağlaya-ağlaya deyirəm:

–  Qarğa nənə, hamını öldürdülər. Bir nəfəri də sağ qoymadılar. Heç bilmədik necə oldu. Bir də gördük dolublar kəndə...

Qarğa nənə bayaq gələn qəribə quşlara baxır. Sonra ağacın yanındakı həyətə qonur. Ana oğlunu qucaqlayıb yıxılıb. Qız isə onlardan bir az aralı düşüb. Üçünün də bədəni qan içindədi. Qarğa nənə qızın sinəsinə qonur, gözlərinə baxır.

Qəribə quşlar meyitləri dimdikləyə-dimdikləyə gəlir. Quşlardan biri ananın meyitinin üstünə qonur, gözlərini oyub qarğa nənəyə baxır. Dimdiyindən bir damcı qan arvadın çənəsinə damır. Qarğa nənə qanadlarını açıb qızın üzünü tutur.

– Balaca uşaqlar dadlı olur, – qəribə quş deyib gülür.

Qarğa nənə cavab vermir. Quş uçub gedir.

Mən də qızın meyitinin yanına qonub qarğa nənəyə baxıram...

 

 

Kərkəs

 

Çöllərdə həyat ağır idi. Çöldə yemək az olur, ya hansısa heyvan acından, susuzluqdan ölməlidi, ya da bir-birini öldürməlidilər, başqa heç cür yemək tapmaq mümkün deyil. Biz özümüz ovlamağa öyrəşməmişik, bizimki hazır yemdi. Bir-birini öldürən heyvanları deyəndə yırtıcı heyvanların ovundan danışmıram. O, onsuz da bizim deyil. Tutaq, hansısa yırtıcı başqa bir heyvanı öldürəndə öz yeməyi üçün öldürür. Çox vaxt bizə ondan pay düşmür. Əgər öldürülən heyvan çox böyükdüsə, məsələn, kəldisə, maraldısa, onda artıq qalanına göz dikə bilərdik. Amma onu da çox gözləməli olurduq. Gərək yırtıcı yeyib doyaydı, leşin qalanından əl çəkəydi, sonra biz daraşaydıq. Bəzən o qədər gözləməyimiz də əbəs gedirdi. Çünki qalan yeməyə də çaqqal, kaftar daraşırdı. Çöldü də, yemək azdı, rəqib çox. Qartallar, şahinlər də hərdən yemimizi caynağımızdan alırdı. Onlara da heç nə deyə bilmirdik. Nolsun onlar da quşdu? O yan-bu yan olsa, bizi də parçalaya bilərdilər. Düzdü, öz aramızda qartallara gülürük, boyunları tüklüdü axı. Başlarını leşin qarnına soxanda boyun tükləri qana batır, quruyub boğazlarına yapışır. Gülməli görünürlər. Bizdə elə olmur, boynumuzda tük yoxdu.

Olurdu ki, günlərlə uçub yeməyə bir şey axtarırdıq. Acından bilmirdik neyləyək, dimdiyimizi daş-qayaya sürtməkdən ucu yeyilmişdi.

Bir dəfə dəstəylə bir yerdə uçanda moğol ordusunu gördük. Heç vaxt bu qədər adamı bir yerdə görməmişdik. Ordunun dalınca bir sürü mal-qara da aparırdılar. Biz də dallarınca düşüb getdik. Dincəlməyə dayananda malları kəsib soydular, ocaqdan asıb bişirməyə başladılar. İçlalatları, dəriləri, kəllələri bir tərəfdə atılıb qalmışdı. Bir az gözlədik, gördük onlara tərəf heç baxan yoxdu. Ehtiyatla qalağın yanına qonduq. Qorxurduq ki, birdən bizi qovarlar, öldürərlər. Qorxa-qorxa dimdiyimi uzadıb içalatı dimdiklədim. Sonra yenə. Heç bizə tərəf baxan da yox idi. Hamımız ürəkləndik, daraşdıq içalatın üstünə. Qarnımız dolanacan yedik.

O biri kərkəslərə dedim ki, gərək ordudan əl çəkməyək. Onlara hara, biz də ora. Hamı razılaşdı.

Odur-budur ordu hara getdi, biz də gedirik. Yeməkdən korluğumuz yoxdu. Xeyli kökəlmişik, çox vaxt harınlıq edirik. Yemək o qədər çox olur ki, bilmirik harasını yeyək, nəyini dimdikləyək. Mən dəstə başçısı imtiyazımdan istifadə edib meyitlərin gözlərini oyuram. Məncə, meyitin ən ləzzətli yeri gözləridi. Dəstəmizdə biri var, o ancaq dil yeyir.

Elə axırıncı kənddə də bütün meyitlərin gözünü mən oyuram. Hələ günorta tanış olduğumuz qarğaya da rast gəlirəm. Demə, o da burda yaşayırmış. Balaca bir qızın sinəsinə qonub oturub. Deyirəm ki, gözlərini oysun, ən ləzzətli yeri oradı. Ancaq qarğa tərpənmir. Eləcə oturub qalıb. Yaman qəribə quşdu. Çiyinlərimi çəkib ordan uzaqlaşıram.

Hava qaralmağa başlayır. Yığışıb düşərgəyə qayıdırıq. Döyüşçülər kənddən gətirdikləri sürünün çoxunu kəsib soyub. Cəmdəklər ocaqların üstündə cızıldayır.

Təzə içalat qalağına baxıram. Çəpgöz kərkəs qalağın yanına qonur:

– Yemirsən? Gəl də, – mənə deyir.

– Kənddə az yemisən? – soruşuram.

– O ayrı, bu ayrı, – deyib irişir.

Başımı bulayıram. Yaman acgözdü, qarnı doysa da, çəp gözləri doymur.

Düşərgənin üstündə bir dövrə vurub atların yanına qonuram. Ən hörmətli at Cəbə Noyonun atıdı. Ordu başçısını gəzdirdiyi üçün başqa atlar da ona hörmət edir, adamlar da ona xüsusi qulluq göstərir. O at heç vaxt başqa atlar kimi saman, ot yemir. Onun üçün meyvə gətirirlər, suyu da qızıl vedrədə içizdirirlər.

– Yatın, dincəlin, – Cəbə Noyonun atı o biri atlara deyir. – Səhər yola düşəcəyik.

Aha, demək, sabah səhərdən yenə yollardayıq. Gərək, mən də dincəlim. Qayalığa qonub gözlərimi yumuram. Sabaha gümrah olmaq lazımdı.

 

Qarğa

 

Səhər açılmaq üzrədi. Yuvamda oturub kəndə baxıram. Evlər hamısı yanıb qurtarıb, alovları sönüb, qalan közlər yavaş-yavaş tüstülənir. Qəribə sükut çöküb ətrafa, az qalır qulaqlarım deşilsin. Hərdən bir-iki ağız ulayan itlər olmasa, elə bilərəm, burda məndən başqa sağ heç kim yoxdu.

Günəş uzaqdakı dağların üstündən boylanıb şəfəqlərini saçmağa başlayır. Oturmaqdan yoruluram, durub kəndin üstündə dövrə vurmağa başlayıram. Kənddə qoyun, keçi, inək, toyuq qalmayıb. Dünən hamısını yığıb aparıblar. Salamat qalan bir quşlardı, bir də bir neçə it-pişik. Sırtıq sərçə Alanın leşinin yanında oturub ağlayır. Alanın başından axan qan yerdə göllənib quruyub. Qanın üstünə, Alanın başına milçəklər daraşıb.

Ürəyim sıxılır. Uçub bir ağaca qonuram. Sərçə də gəlib yanımda oturur.

– Qarğa nənə... – deyir, amma sözünün dalını gətirə bilmir, səsi titrəyir, gözlərindən yaş axır.

– Nə var? – soruşuram.

– İndi neyləyəcəyik? – soruşur.

– Nə bilim, – deyirəm.

Uzaqdan çaqqal ulartısı eşidilir. Aha, iyi alıblar, bura gəlirlər.

– O nə səsdi? – sərçə soruşur.

– Çaqqallardı, – deyirəm.

– Bura gəlirlər? – soruşur.

– Hə, – deyirəm.

– Nə üçün? – soruşur.

– Necə nə üçün? Meyitləri yeməyə.

Sərçə doluxsunur.

– Bəsdi zırıldadın, – ona acıqlanıram. – Baş-beynimi aparma.

Sərçəyə acıqlansam da, öz ürəyim də sızıldayır. Balaca qız yadıma düşür. Onu kərkəslərdən qorudum, ancaq çaqqallardan qoruya bilməyəcəyəm. Durub uçmağa başlayıram.

– Hara gedirsən? – sərçə soruşur.

– Cəhənnəmə! – deyirəm.

Doğrudan, hara uçuram? Hara gedə bilərəm? Bəlkə gedim qoz yeməyə? Fikrim dağılar bir az.

Uçub kənddən çıxıram. Öz yolumla dincələ-dincələ, yavaş-yavaş qoz ağacı olan qayalığa uçuram. Düşərgənin olduğu yerə çatanda ağaca qonub otururam. Alaçıqları söküblər, hər şeyi arabalara yükləyiblər. Mal-heyvanları bir yerə yığıblar. Ordu yola düşür.

– Nə çoxdular, – daldan heyrətli səs eşidirəm.

Dönüb baxanda sırtıq sərçəni görürəm.

– Dalımca düşmüşdün? – acıqla soruşuram.

Sərçə mənə baxır, amma heç nə demir. İkimiz də sakit oturub çay kimi uzanan orduya baxırıq. Getdikcə ayaqlarının altından havaya toz buludu qalxır. Kərkəslər ən axırda uçur. Dünənki kərkəs məni görəndə dəstədən ayrılıb yanımıza gəlir, budağa qonur.

– Gedirsiniz? – soruşuram.

– Hə, – deyir.

– Hara? – soruşuram.

– Nə bilim? – deyir. – Bunlar hara, biz də ora. Bizimçün çox da fərqi yoxdu, təki çoxlu adam öldürsünlər, bizim də qarnımız doysun.

Kərkəs gülüb durur, uçub gedir.

Ağacda xeyli oturub qalırıq. Ordu gözdən itənəcən dallarınca baxırıq. Döyüşçülər, arabalar, mal-qara sürüləri, kərkəslər yavaş-yavaş təpələrin arasında gözdən itir, havada buraxdıqları toz dumanı da yatır.

– Qarğa nənə... – Sərçənin səsi məni fikirdən ayırır.

– Nə var?

– Bəlkə, biz də gedək?

– Hara?

– Dallarınca... Görək hara gedirlər.

Dönüb kəndə tərəfə baxıram. Sonra qoz ağacım olan tərəfə baxıram. Sonra ordunun getdiyi tərəfə baxıram.

– Gedək! – deyib havaya qalxıram.

Sərçə də dalımca düşür.

 

 

Sərçə

 

Ordu dincələ-dincələ iki gün yarım yol gedir. Üçüncü günün axşamına yaxın bir şəhərə çatırıq. Şəhəri təpələrin üstündə, hündür yerdə salıblar, ətrafına hündür qala divarları çəkiblər. Təpəliyin ətəklərində isə bir neçə kənd görünür.

– Bura haradı? – Qarğa nənədən soruşuram.

– Bura Şamaxı şəhəridi, – deyir. – Burda yaşamışam haçansa...

Kərkəs də gəlib yanımızda oturur. Bir müddət əsgərlərin yerbəyer olmağına baxırıq. Əsgərlərin əsas işi yeməkdi, hara çatdılar mal-qara kəsib bişirirlər. Bir də parıldayan uzun şeyləri daşa çəkib itiləyirlər, nazik çubuqların ucuna dəmir bağlayırlar. Ordunun axırında bir-birinə bağlı gətirdikləri adamların əllərini açırlar. Onlar alaçıqları qurmağa başlayır. Bu adamlar ordudakı əsgərlərə oxşamır, paltarları da bizim yerin paltarları kimidir.

– Onlar kimdi? – kərkəsdən soruşuram.

– Onlar əsirlərdi. Ordu işğal etdiyi yerin camaatından çoxlu əsir götürür. Əsirləri ağır işlərdə işlədirlər. Alaçıqları onlara qurdururlar, mancanaqları onlara daşıtdırırlar.

– Nə üçün elə? – soruşuram.

– Əsgərlər yorulmasın, döyüşməyə gücləri olsun.

– Bəs əgərlərin daşa sürtdükləri nədi?

– Onlar qılıncdı. Tiyəsini itiləyirlər ki, kəskin olsun, vuran kimi adamı öldürsün. O birisilər də, – nazik çubuqların ucuna dəmir keçirdənləri göstərir, – ox düzəldir.

Qarğa nənə durub uçmağa başlayır. Kərkəslə mən də ona qoşuluruq. Yaxınlıqdakı kəndə gəlirik. Kənd bomboşdu, heç kim yoxdu, heç it-pişik də gözə dəymir. Evlərin bacasından tüstü çıxmır.

– Camaat hanı? – soruşuram.

– Yəqin, şəhərə qaçıblar. – Kərkəs deyir. – Xəbər tutub qaçıblar.

Yaxınlıqda görünən başqa kəndlərə də baş çəkirik, hər yerdə eyni şey. Monqol əsgərləri də dəstə-dəstə kəndlərə soxulur, heç nə tapmayıb kəndləri yandırırlar.

Qaranlıq düşəndə ordugaha qayıdırıq. Kərkəs o biri kərkəslərə qoşulub içalat dimdikləyir. Bizi də çağırır, ancaq getmirik. Mən içalat yemirəm, Qarğa nənənin də iştahı yoxdu.

 

Qarğa

 

Olan-qalan tüklərimi qabardıb budaqda otururam. Sərçə də yanıma soxulur. Bu quşbaş məndən əl çəkmir də. Beyinsiz sərçəbaş!

Əsgərlər alaçıqların arasında böyük tonqallar qalayıblar. Yeyib doyandan sonra bəziləri alaçıqlara çəkilib yatır. Bəziləri isə meydançaya yığışır. Burda çalğıçılar təbillərə vurur, bir-ikisi də uzun taxtaların üstündəki nazik simləri dingildədir. Maraqlı səs çıxır, buna musiqi deyirlər. Böyük şəhərlərdə olanda eşitmişdim. Amma bunların musiqisi başqa cürdü, bizim tərəflərdəkilərə oxşamır. İki-üç adamı ortaya salıb oynadırlar. Əsgərlər də onlara qoşulur. Gecənin bir aləminə qədər oynayıb yorulurlar. Sonra hamı alaçıqlara çəkilib yatır.

Mən də gözlərimi yumuram ki, bəlkə çimir ala bildim.

– Qarğa nənə...

Ay sənin... İmkan verməz ki...

– Nə var? – soruşuram.

– Yatmışdın? – soruşur.

– İmkan versən, istəyirəm.

Bir az keçir. Yenə gözümü yuman kimi məni çağırır.

– Qarğa nənə, acmamısan?

– Acsam, durub yeyərəm də nəsə.

– Qarğa nənə...

– Kəs səsini! – qışqırıram. – Bir də səsini çıxartsan, səni boğub kərkəsin qabağına atacağam!

Sərçə qorxub səsini kəsir. Gözlərimi yumuram, heç bilmirəm məni haçan yuxu aparır.

Səhər atların səsinə oyanıram. Gözlərimi açıb baxanda görürəm ki, əsgərlər atları dünən yandırdıqları boş kəndə tərəf sürür. Sərçə yanımda yoxdu. Durub onu axtaranda görürəm ki, kərkəslə söhbət edir. Onların yanına qonuram.

– Atları hara apardılar? – kərkəsdən soruşuram.

– Kəndin arxında suvarmağa.

Sərçə üzünü çevirib oturub. Yəqin, gecəkinə görə məndən inciyib, indi də naz eləyir. Elə bilir, ondan üzr istəyəcəyəm. Nazlı quşbaş!

– Burda çox qalacaqlar? – kərkəsdən soruşuram.

– O asılıdı şəhərin hakimindən. Görək nə cavab verəcək.

– Nəyə nə cavab verəcək? – sərçə soruşur.

– Moğollar hansı şəhərə çatsalar, əvvəlcə elçi göndərib təslim olmağı tələb edirlər, – Kərkəs deyir. – Əgər yerli camaat təslim olub vergi verirsə, onda ordu şəhərə girmir, çıxıb gedir öz yoluna. Yox, əgər şəhər camaatı imtina eləsə, onda ordu hücum edib şəhəri dağıdır. Bir azdan elçiləri göndərəcəklər.

Fikirli-fikirli gözlərimi uzağa dikirəm. Əsgərlər atları suvarmaqdan gətirir...

 

 

Tavus

 

Hərəmxananın həyətində gəzişirəm. Hovuzun qırağına çıxıram. Rəngbərəng balıqlar quyruqlarını yellədə-yellədə üzür.

Dünənə qədər burada adam əlindən tərpənmək olmurdu, indi səssizlikdən qulaq tutulur. Hər şey bir-iki saatın içində oldu. Səhər təzə açılmışdı, şəhər hakimi həyəcanla gəldi. Xanımına dedi ki, düşmənlər qapını kəsdirib, getmək lazımdı. Xanım cariyələrinə əmr elədi, nə var, nə yox, hər şeyi sandıqlara doldurdular, nökərlər sandıqları arabalara yüklədi. Xanım özü də cariyələri ilə bir yerdə çıxıb getdi. Mən yaddan çıxdım.

Sonra Tuti dedi ki, şəhər hakimi özü burdadı, saraydadı. Təkcə xanımını Bakiyə göndərib. Soruşdum ki, xanım gedirdisə, bəs məni nə üçün aparmadı? Tuti çiyinlərini çəkdi.

Doğrudan, o nə bilsin? Bu adamların işlərindən baş açmaq olur ki? Dünənə qədər sarayın ən hörmətli quşu mən idim. Düzdü, şəhər hakimi sarayın həyətində xüsusi yer düzəltdirib, orda turac, kəklik saxlayırlar. Bir də dostum Tutidi, o sarayda yaşayır, hakimin yanında. Mən isə xanımın quşu idim, mənə xüsusi qulluq edirdilər. Bütün günü cariyələr başıma fırlanırdı, yedizdirirdilər, sığallayırdılar. Dünən gedəndə isə məni aparmadılar...

Şəhər hakiminin adamlarından da çoxusu gedib. Sarayda indi hakim özüdü, ordu rəisidi, şəhərin başbilənləridi, bir də mühafizəçilər. Qalan adamların hamısı ya xanımla bir yerdə gediblər, ya da öz ailələrinin yanına qayıdıblar. Tutidən soruşdum, dedi ki, nökər-qulluqçuları hakim özü buraxdı, dedi, çıxın gedin, salamat qalsaq, qayıdarsınız.

Quşlara baxan kişi gedəndə tutacları, kəklikləri açıb buraxdı. Hərəsi bir tərəfə uçdu. Sarayda bir Tuti qalıb, bir də mən. Mən də gedərdim, amma bilmirəm hara gedim. Məni öz ölkəmdən lap balaca olanda gətirmişdilər. Düzdü, çox balaca idim, amma bəzi şeylər yadımdadı. Əvvəlcə dənizdə üzmüşdük, xeyli üzmüşdük. Sonra qəfəsdə xeyli yol gəlmişdik. O vaxtdan bu saraydayam. Burdan başqa heç yerə çıxmamışam, heç yeri tanımıram. Tuti də mənim kimi.

Doğrudan e, bu Tuti harda qaldı görəsən? Bayaq dedi, gedim görüm sarayda nə danışırlar. Hələ qayıtmayıb...

 

 

Sərçə

 

Günortadan keçib. Bir az əvvəl üç nəfər atlanıb şəhərə getdi, şəhərin böyük qapılarını açıb onları içəri buraxdılar, təzədən qapıları bağladılar. Kərkəs dedi ki, bunlar Cəbə Noyonun elçiləridi. Hələ qayıtmayıblar.

Qarğa nənə bir küncdə oturub, heç bilmirəm yatıb, ya oyaqdı. Yanına uçuram.

– Qarğa nənə, nə fikirləşirsən? – soruşuram.

Çiyinlərini çəkir.

– Bəlkə şəhərə gedək? – deyirəm.

– Orda nə işimiz var?

– Nə bilim. Gedək görək şəhərdə nə var. Mən axı orda olmamışam.

– Şəhərdi də, – Qarğa nənə deyir. Amma durub özünü silkələyir.

Uçmağa başlayırıq. Qala divarlarına çatmağımız xeyli çəkir. Ordugah şəhərdən xeyli aralı imiş. Şəhər təpədə olduğu üçün ordugahdan baxanda bu qədər uzaq görünmürdü.

Qala divarına qonub otururuq. İçəri tərəfdən oxçu əsgərlər divar boyu düzülüblər, qılıncı olanlar aşağıdadılar. Yanlarında çoxlu çəlləklər, arabalarda daşlar var. Ocaqlar yanır.

Durub şəhərin üstündə uçuruq. Şəhərdə heç kim gözə dəymir. Meydançalar, küçələr bomboşdu, bütün evlərin qapı-pəncərəsi bağlıdı.

Cəbə Noyonun elçiləri saraydan çıxıb ata minirlər, sürətlə çapa-çapa şəhərdən çıxıb ordugaha üz tuturlar.

– Gəl biz də qayıdaq, – Qarğa nənə deyir.

Sarayın bağının üstündən keçəndə aşağıda əlvan lələkləri olan böyük quş görürəm.

– Qarğa nənə, Qarğa nənə...

– Nə var?

– Ora bax. O kimdi?

Qarğa nənə də aşağı baxıb əlvan lələkli quşu görür. Onun yanına qonuruq. Quş bizə təəccüblə, bir az yuxarıdan-aşağı baxır.

– Sən kimsən? – soruşuram.

Cavab vermir. Üzünü çevirib nazlana-nazlana uzaqlaşır.

– Gəl gedək, – Qarğa nənə deyir.

Yenə uçmağa başlayırıq.

 

 

Qarğa

 

Şəhərdə maraqlı heç nə yoxdu. Gərək sərçəyə qulaq asmazdım, nahaq yerə özümü yordum.

Ordugaha çatıb ağaca qonuram. Qanadlarım yanıma sallanır yorğunluqdan.

Birdən Cəbə Noyonun alaçığından bir nəfər çıxıb nəsə qışqırır. Əsgərlər arasında canlanma əmələ gəlir. Hamı hazırlaşmağa başlayır. Kərkəs gəlib yanımıza qonur.

– Şəhər hakimi vergi verməyə razılaşmayıb, – deyir. – Şəhərə hücum edirlər.

Əsgərlər əsirləri mancanaqlara tərəf qovur, əsirlər mancanaqları itələyib qabağa gətirir. Uyğun mövqe tutandan sonra mancanaqları bərkidib daşları daşıyırlar. Şəhəri əvvəlcə daş atəşinə tuturlar. Daşlar qurtarandan sonra qəribə yumru toplan gətirirlər. Topu mancanağın çömçəsinə qoyandan sonra yandırıb atırlar. Tezliklə şəhərdən tüstü qalxmağa başlayır. Xeyli top atırlar, daşlardan da çox. Toplar qurtarandan sonra oxçular qabağa keçir. Şəhəri ox yağışına tuturlar. Şəhərdəki əsgərlər də ox atır, amma onların oxları azdı, hədəfə də az dəyir. Oxçularla bərabər qılınclı əsgərlər hücuma keçir.

– Qarğa nənə, – sərçə məni çağırır.

Ona baxıram. Gözləri qorxudan böyüyüb.

– Qarğa nənə, o bayaqkı quş öləcək?

Sarayın bağında gördüyümüz bəzəkli lələkləri olan quşu deyir. Çiyinlərimi çəkirəm.

– Yəqin ki, – deyirəm.

Sərçə durub sürətlə şəhərə tərəf uçmağa başlayır.

– Dayan, ay quşbaş!

Qulaq asmır. Durub onu izləyirəm.

Monqol əsgərləri uzun nərdivanları qala divarlarına söykəyib yuxarı dırmaşır, şəhərdəki əsgərlər onlara yuxarıdan daş atır, yuxarı çatanları qılınclayır. Onların üstündən keçib şəhərə giririk. Evlərin çoxu yanır, yanan evlərdən arvad-uşaq çıxıb qışqıra-qışqıra qaçırlar. Bayaq bomboş gördüyümüz küçələrdə indi dəhşətli qarğaşa var. Aləm bir-birinə dəyib.

Sarayın bağına çatırıq. Yanan toplardan bura da düşüb, sarayın qapısı yanır. Əlvan lələkli quş gözə dəymir. Sərçə özünü ora-bura vurub axırda onu tapır. Quş kolların dibində gizlənibmiş.

– Tez çıx, – sərçə deyir.

Quş kolun içindən çıxır, bizə dəhşətlə baxır. Yaman qorxub.

– Gəlin! – qışqırıram.

– Hara? – quş soruşur.

– Burda qalsan ölərsən, bizimlə gəl, – sərçə deyir.

– Tuti gəlsin, sonra, – deyir.

– Tuti kimdi? – soruşuram.

– Dostumdu.

– Gözləmək vaxtı deyil, tez gəl! – qışqırıram.

Sarayın yanan qapısı çökür, içəridən alov püskürür. Quşla sərçə qorxu içində uçmağa başlayırlar. Bu əlvan lələkli quş yaman asta uçurmuş, biz də məcburən yavaş uçuruq ki, bizə çata bilsin. Uçduqca saray tərəfə baxır.

– Tez gəl! Vaxtımız yoxdu! – qışqırıram.

Yenə bir gözü saraydadı. Yəqin, dostunu axtarır.

Biz qala divarlarına çatmağa az qalmış möhkəm hay-həşir düşür. Qalanın qapısı çartıldayıb sınır, monqol əsgərləri hay çəkib şəhərə doluşur. Yerli əsgərlər qabaqlarını almaq istəsələr də, bacarmırlar. Onlar azdı, monqollar çox. Qarışqa sürüsü kimi şəhərin küçələrinə daraşırlar. Qabaqlarına çıxanı öldürürlər.

Sərçəylə quşa baxıram, onları tələsdirib özümdən qabağa buraxıram.

Birdən bədənimdə istilik hiss edirəm.

 

 

Tavus

 

Uçmaq mənimçün çətindi. Qala divarlarına baxanda gözlərim qaralır, yox, mən buranı aşa bilmərəm. Yaxşı ki, biz çatmağa az qalmış qapıları açırlar. Əsgərlər bir-birinə qarışır. İçəridəkilər bayırdan gələnləri buraxmamağa çalışır, bayırdan gələnlər içəridəkiləri öldürür. Sərçə qabaqda, mən dalınca qapıdan çıxırıq.

Bir az aralanandan sonra sərçə dala baxır.

– Qarğa nənə hanı? – soruşur.

Yəqin, bayaqkı qara quşu deyir. Başımı yellədirəm.

– Sən get, mən Qarğa nənəni tapım, – deyir.

Sərçə şəhərə qayıdır, mən özümü yaxınlıqdakı ağaclığa yetirirəm. Yaxşıdı burda hündür kolluq var. Kolun içinə girib otururam. Nəfəsim güclə gedib-gəlir, ürəyim elə bil ağzımda döyünür. Başımı qoyub uzanıram. Şəhərdəki qara-qışqırıq uzaqda qalıb. Ancaq uğultu eşidirəm – boş uğultu. Gözlərim yumulur...

Ayılanda görürəm gecədi. Zülmət qaranlıq çöküb. Amma hələ də şəhərdən səs-küy, qışqırıq gəlir. Kolluqdan çıxmağa qorxuram, bilmirəm çıxsam başıma nə gələr. Havanın açılmağını gözləyirəm. Səhərə yaxın səslər bir az azalır.

Hava tam açılandan sonra ağaclıqdan çıxıram. Şəhər başdan-başa tüstülənir, alaçıqlar tərəfdə isə adam qaynayır. Şəhərə gedirəm. Şəhərdə sağ adam yoxdu, küçələr meyitlə doludu, evlərin çoxusu yanıb qurtarıb, bəziləri isə hələ də yanır.

Tutini axtara-axtara saraya gedirəm. Saray da yanıb qurtarmaq üzrədi, yan-yörəsi meyitlə doludu. İstidən yaxınlaşmaq olmur, Tuti də gözə görünmür. Ya uçub harasa gedib, ya da içəridə qalıb yanıb.

Şəhəri dolaşıram. Meyit əlindən tərpənməyə yer yoxdu, qoca, cavan, arvad, uşaq – hamısı bir-birinə qarışıb.

Başımı itirmişəm. Bilmirəm nə edim, hara gedim. Gəzə-gəzə qapıya tərəf gedirəm. Qapıya az qalmış meyitlərin arasında qarğanın leşini görürəm. Ox sinəsindən girib kürəyindən çıxıb. Bir az aralıda isə sərçənin leşi yerə yaxılıb. Deyəsən, at ayağının altında qalıb əzilib.

Bir dəstə quş uçub gəlir. Böyük quşlardı, az qala, mənim boyda olarlar, boğazları tüksüzdü. Şəhərə girən kimi meyitlərin üstünə daraşıb dimdikləməyə başlayırlar. Quşlardan biri mənə baxır, qanlı dimdiyini aralayıb vaqqıldayır.

Qorxu içində şəhərdən çıxıb uzaqlaşıram. Bir dəstə əsgər şəhərə tərəf gəlir. Dayanıb baxıram. Mənə yaxınlaşırlar...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!