Romandan hissə (Əvvəli ötən saylarımızda)
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin əri
Yalçın - 34 yaşında, Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
Nemət
...Novxanı yolları ilə şütüyən avtomobilim məni sürətlə Gülçinin yaradıcılıq emalatxanasına doğru aparırdı. Qəlbim isə maşından da sürətli idi, artıq xəyalən Gülçinin yanına çatmışdım. Ürəyim yazın son günlərinin isti günəşi kimi sevimli qadının eşqi ilə alovlanırdı. Beynimdə ancaq Gülçin adı dolanırdı, yolüstü ona böyük bir qızılgül dəstəsi aldım. İri, parlaq qönçələri olan buket elə Gülçinin özü kimi gözəl idi.
Gülçin artıq mənim pasiyentim olmaqdan çıxıb düşüncəmin sərhədlərini darmadağın edən bir qadına çevrilmişdi. Onu düşündüyüm zamanlarda artıq həkim kimi yox, bir kişi kimi haqqında fikirlərə dalırdım. Gülçinin ünvanını dediyi emalatxanası Novxanının gözdən-könüldən uzaq bir məhəlləsində, dənizə yaxın yerdə idi. Çatan kimi gözümə emalatxananın qapısına vurulmuş "Eşqin rəngləri"adlı al-əlvan lövhə sataşdı. Oradaca düşündüm ki, Gülçinin yaradıcılıq dünyasının üfüqlərinin sərhədlərini müəyyənləşdirmək qətiyyən mümkün deyil və o, təpədən-dırnağa eşq qadınıdır. Qapını döyməyə gərək qalmadı, azca aralı idi. Yavaşca qapını itələyib xaotik görünsə də, qadın əlinin səliqəsi hiss olunan xudmani bir həyətə daxil oldum. Həyətdə səliqə ilə əkilmiş güllərin arasından keçib emalatxanaya daxil oldum. Həyətdə elə səssizlik vardı ki, hətta düşündüm ki, yəqin Gülçin burada deyil. Amma axı qapı da aralı olduğuna görə, məntiqlə burada olmalı idi... Bu səssizliyi yara-yara emalatxananın dəhlizində irəliləyib yavaşca otağa daxil oldum. Elə ağzımı doldurub "Gülçin" deyə səslənəcəkdim ki, qarşımdakı füsunkar mənzərənin gözəlliyi qarşısında donub qaldım. Gülçinin sevdiyim cəhətlərindən biri də bu idi ki, heç nə olmamış kimi qaldığımız yerdən davam edə bilirdik. Amma içimdə dərin bir məyusluq dalğası şahə qalxırdı. Bir az söhbətləşəndən sonra sağollaşıb çıxdım. Qapının ağzında dayanıb geri çevrildim, əlvan rənglərlə boyanmış "Eşqin rəngləri" lövhəciyinə baxdım, qeyri-ixtiyari gözümdən yaşlar süzüldü. Mənim içimdəki eşqin rənglərinin üzərindən sanki qara boya ilə keçmişdilər...
Böyükkişi
Hər kişinin içində susdurulmuş bir arzu yatır. Kimisi bunu illərlə basdırır, kimisi ona ad qoymur, kimisi isə mənim kimi - çox gec olsa da, nəhayət ki, adını dilinə gətirir. İlkanə ilə münasibətlərim elə başlanğıcdan qəribə bir sakitlik içində irəliləmişdi. O qadında nə hayqıran çılğın ehtiras vardı, nə də sevgi adına mənasız çırpınışlar. İlkanə, sadəcə, öz mövcudluğu ilə dinclik və sakitlik qaynağı idi. Günəş kimi üfüqdən doğulurdu, daxilimdə xoş bir hərarət yaradırdı.
O axşam İlkanə ilə görüşəndə qəti qərarımı vermişdim. Artıq bu ikili həyat, bu süni sabitlik məni bezdirmişdi. Gülçinlə evliliyimiz çoxdan formal bir sənədə çevrilmişdi. Heç nə olmamış kimi səhərlər eyni evdən çıxıb gedirdik, guya normal evli adamlar kimi...
Bu gün işdən sonra İlkanəni şəhər kənarındakı sakit bir restorana çağırdım. Onunla gələcəyimiz haqqında ciddi söhbət etməyi düşünürdüm. Həmişə olduğu kimi sadə geyinmişdi, saçlarını arxaya yığmışdı. Gözlərində həmişəki o diqqətli, qayğı dolu baxışlarla məni süzürdü. Bəzən baxışlarla danışan qadınlar olur, İlkanə onlardandır.
- İlkanə, - dedim, çaydan bir qurtum alıb, - Mən bu gün səninlə ciddi şəkildə danışmaq istəyirəm.
O, başını bir qədər əydi. Gözlərini çəkmədi məndən.
- Mən bundan sonrakı ömrümü səninlə yaşamaq arzusundayam. Səni həyat yoldaşım kimi görmək istəyirəm, ailə olmaq, səninlə birgə övlad sahibi olmaq istəyirəm.
İlkanənin gözləri bir anlıq dumanlandı. Sükut çökdü. O sükutun içində ikimizin nəfəsimiz, stəkanların cingiltisi, ofisiantın ayaq səsləri belə eşidilirdi.
- Böyükkişi, - nəhayət, dilləndi. - Normal, gözəl ailəyə sahib olmaq mənim də arzumdur, amma bu necə olacaq? Axı sən evlisən?!.
- Evliliyin ruhu çoxdan ölüb, sadəcə kağızda yazılan adlar qalıb. Mən Gülçinə bunu deməmişəm hələ, amma lap bu yaxınlarda ondan boşanacağımı deyəcəyəm. Sən mənə ikinci həyat verdin. Sənin yanında özümü kişi kimi hiss edirəm. İstəyirəm ki, birgə yaşayaq. Səninlə övlad böyüdək, birgə yaşlanaq.
İlkanə dodağını dişlədi. Baxışlarında çəkingən sevinc və qorxunun qarışığı vardı.
- Mən də istəyirəm, amma yaxşı olardı ki, bu söhbəti boşanmadan sonra edək. Yoldaşın buna necə reaksiya verəcək?
- O da hiss edir. Hər şeyin bitdiyini o da bilir. Sadəcə biz ikimiz hələ bu sonu dilə gətirməmişik.
Restorandan çıxanda İlkanə əlimdən möhkəm yapışmışdı. Bu məni həm qürurlandırır, həm də ürəyimi məsuliyyət hissi ilə doldururdu. Bu qadın mənə etibar edir, güvənirdi, həyatını mənimlə keçirmək istəyirdi... O gecə içimdə bir rahatlıq vardı. İlk dəfə idi ki, Gülçinlə qəti şəkildə danışıb bitirmək üçün qərar vermişdim.
...Evdə həmişəki kimi səssizlik idi. Gülçin yəqin yenə emalatxana bəhanəsi ilə evdən çıxıb sevgilisi Yalçınla görüşməyə getmişdi. Daha evdə də ayda-ildə bir dəfə olurdu, elə Novxanıdakı emalatxanasında yaşayırdı deyəsən... Gələndə isə evdəki iş otağından çıxmırdı. Amma qəfildən səs eşidib, döndüm. Bıy, Gülçin evdə imiş... Mətbəxdə özünə qəhvə dəmləyirdi. Mən də salamlaşıb özümə bir stəkan çay süzdüm. Üz-üzə oturduq. Xeyli susub dilləndim:
- Səninlə ciddi danışmaq istəyirəm... Bilirsən ki, biz artıq çoxdandır bir-birimizə aid deyilik.
O sakitcə üzümə baxıb gülümsədi və dedi:
- Mən də gözləyirdim ki, nəhayət, bu söhbəti nə vaxt açacaqsan?
Mən sözümə davam etdim:
- Bəlkə də artıq bir-birimizi sərbəst buraxmalıyıq. Hər kəs öz yoluna getsə, bəlkə daha çox xoşbəxt olar.
Gülümsədi sadəcə.
- Hə, düz deyirsən, biz əslində heç evlənməli deyildik, Böyükkişi...
Bu sözləri məni yaralasa da, dillənmədim. O sözünə davam etdi:
- Bu sevgisiz ev ikimizə də həbsxanadır. İkimiz də azad olmalıyıq bu məcburi evlilikdən...
- Mən başqa bir qadınla görüşməyə başlamışam, Gülçin, onunla evlənmək istəyirəm. Sən də boşanıb, könlüncə olan biri ilə rastlaşıb həyatına yenidən başlayarsan.
O təsdiq mənasında başını silkələyib dedi:
- Sadəcə mənə lap azca zaman ver, sonra istədiyin vaxtda boşanarıq. Mən etiraz etmirəm. Sonra nə vaxt istəsən, boşanarıq.
İlkanəyə verəcəyim gələcək - keçmişimi yavaş-yavaş həyatımdan çıxarmağa başlamışdı. Ya da mən özüm xoşbəxt gələcək naminə artıq keçmişimdən imtina etməyə hazır idim...
Yalçın
Bu gün nişan günüm idi. Nilufərgilin geniş və işıqlı evində günorta saat 12-də nişan mərasimimiz olacaqdı. İşə getməmişdim, Böyükkişiyə zəng edib zavodla bağlı əsas tapşırıqları verib evdə uzanmışdım, günortanı gözləyirdim. Bacım da Kanadadan gəlmişdi, üç yaşlı bacım qızı ortalıqda şirin ləhcəsi ilə danışa-danışa dolaşırdı. Evdə bir neçə yaxın qohum da vardı. Nişana gedəcəkdilər. Ağlımda - fikrimdə ancaq Gülçin vardı. Bu gün nişanım olacağını bilirdi, səsi titrəyə-tıtrəyə telefonda soruşdu ki, onda bu gün gələ bilməyəcəksən yəqin? Cavab verdim ki, bilmirəm. Evdəki səs-küy başıma düşürdü, bacım qızı Aydan qəfildən otağımın qapısını açıb balaca əsgər kimi üstümə şığıdı. Şirin-şirin "dayı, bu gün sənin toyundu?" - dedi. Güldüm, "yox" dedim, toyuma hələ var. Heç nə anlamadan üzümə baxdı, qucağıma alıb üzündən öpdüm, elə gəldiyi kimi hay-küylə də otağımdan çıxdı. Gülçinə yığdım, ona göstərmək istəyirdim ki, nişanım olsa da, fikrim onun yanındadır, qətiyyən onu yadımdan çıxarmıram. Telefonu açmadı. İçimi narahatlıq bürüdü. Az qaldım hər şeyə tüpürüb durub birbaşa Novxanıya gedəm. Cəhənnəm olsun Nilufər də, nişan da... Lənət şeytana... Elə bu dəmdə anam həmişəki kimi qapını tıqqıldatmadan otağıma girdi.
- Ay bala, dur, biz hazırıq, yavaş-yavaş yola düşək...
Üzümü turşudub ayağa qalxdım. Qohum qadınlar əllərində al-əlvan xonçalarla hazırlanmışdılar. Anam o darmacalda Nilufərlə birgə gedib aldığı brilyant üzüyü mənə göstərdi:
- Bax, Yalçın, gör necə qəşəngdir, Nilufər əlini nəyə uzatdısa, onu da almışıq...
Cavab vermədim. Nilufərgilin çilçıraqlarla işıqlanmış nəhəng zalında böyük stol açılmışdı. Nilufər çəhrayı rəngdə uzun don geyinmişdi, insafən, gözəl görünürdü, ancaq mənim üçün sanki yoldan ötən bir yad xanım idi... Nişan bitər-bitməz emalatxanaya - Gülçinin yanına getməyi düşünürdüm.
Axşam saat 5-də anama him elədim ki, daha yekunlaşdırıb çıxaq. Üzükləri taxmışdıq, yeyib-içmişdik, qohumlar da doyunca rəqs eləmişdilər. Barmağımda nişan üzüyüm Novxanıya gedirdim...
O üzük əslində mənim üçün nə sevgi, nə ailə, nə də gələcək demək idi. Sadəcə valideynlərimə görə verilmiş qərar idi. Emalatxananın qapısına çatanda üzüyü barmağımdan çıxarıb maşında - sükanın altındakı açıq yerə qoydum. Bir neçə dəqiqə sakit oturub o qızıldan olan halqaya tamaşa elədim. Bu gündən nişanlı kişi idim... Gözü, könlü başqasında olan nişanlı kişi...
Qapını açanda Gülçini pəncərə qarşısında oturan gördüm. Əynində keçən dəfə gələndə özümlə gətirib dəyişək lazım olanda istifadə eləmək üçün emalatxanada qoyduğum ağ köynəklərimdən biri vardı. İnanılmaz dərəcədə gözəl yaraşırdı. Saçları çiyinlərinə tökülmüşdü, əlindəki böyük qədəhdə qırmızı şərab vardı. Elə bil nəsə düşünürdü - ya da heç nə düşünmürdü. Amma o baxışlarda qəribə bir ehtiras vardı. Məni görəndə ayağa qalxdı, qədəhi əlindən masaya qoyub möhkəm qucaqladı. Üzündəki təbəssümdə qarışıq duyğular gizlənmişdi.
- Dənizə gedəkmi, əla hava var, elə buradan piyada düşək istəsən?- dedim. - Adam da yoxdur həndəvərdə, qəribə bir sakitlik var bu gün.
Gözləri ilə məni yoxladı. Sadəcə başını tərpətdi. Heç nə götürmədən, elə əynindəki bircə köynəklə emalatxanadan çıxdı...
- Bəs dəniz paltarı götürmürsən, Gülçin?
Güldü və cavabında:
- Dəniz məni çılpaq sevir, çimərlik dəsti ilə yox...
- Onda maşına oturaq, adam olmayan bir yerə gedək, - dedim...
Maşına minəndə gözüm ilk üzüyə sataşdı. Gülçinin də baxışları üzüyə zilləndi. Gözləri bir anlıq dondu. Elə bil onun bütün təlatümlü duyğuları o parlaq metal parçasına toplanmışdı. Bir neçə saniyəlik sükut oldu... Heç nə demədi. Sadəcə başını çevirib pəncərədən baxdı. Amma mən onun çənəsinin titrədiyini gördüm, bəlkə də ağlamağını güclə saxlayırdı. Bilsəydim, üzüyü avtomobilin kiçik saxlanc yerinə atardım. Amma onun yanında barmağıma da taxmaq istəmədim, elə qoyduğum yerdə qaldı.
Dənizin heç kim olmayan, sakit, bir tərəfi qayalıq olan yerinə getdik. Oraya çatanda üfüqlər artıq qürubun qızılı rənginə boyanmışdı. Günəş hələ batmamışdı, amma işığı sanki yumşalmışdı. Sahildə kimsə yox idi. Gülçin yay ayaqqabılarını çıxardı və əynindəki köynəyin düymələrini açıb bir göz qırpımında çılpaq soyundu.
Yüyürərək dənizə atıldı. Sanki sular çoxdan onun həsrətində idi, bir göz qırpımında vəhşi ehtirasla onu qucaqladı. Elə bildim dəniz mənə acıq verir. Gülçin sanki dəniz üçün doğulmuşdu. Nə utanır, nə də qorxurdu. Gözəlliyi və davranışı o qədər təbii idi ki, mən gözlərimi ondan çəkə bilmirdim. Sahildə dayanıb, nəfəsimi tutub sadəcə onu izləyirdim. Əynimi soyunub suya girməyə hazırlaşırdım. Bir anda dənizdə o yox oldu. Gözlərim onu itirdi. Suya tullandım, çabaladım, saga, sola baxdım, suyun üzərində heç nə yox idi.
- Gülçin?! - qışqırdım.
Qorxdum, elə bildim boğuldu. Dəlicəsinə çabalayır, saga-sola üzürdüm. Ürəyim çırpınırdı. Boğulmuşdumu? Haraya yox oldu bu qadın?
Sonra sahildən bir qədər aralıda qayanın üzərində çıxıb oturduğunu gördüm. Oraya doğru üzdüm. Qayaların üstündə gözəl su pərisi kimi yanpörtü oturmuşdu, yaş saçları kürəyinə yapışmışdı. Dizlərini qucaqlamışdı. Baxışları üfüqə zillənmişdi. Yavaşca yaxınlaşıb sudan çıxdım, qayalığa - oturduğu yerə dırmaşdım. Ərklə qışqırdım:
- Dəli oldum, Gülçin, bu nə hərəkətdi? Elə bildim boğulmusan?!
Qəhqəhə çəkib güldü, dedi:
- Uşaqlıqdan suyun altında üzməyi bilirəm, indi də suyun altı ilə üzüb bura gəldim.
Yanında oturdum. Çiyinlərimiz bir-birinə söykənmişdi. Susduq. Bizim əvəzimizə dənizin qayalara çırpılan ləpələri danışırdı...
- Bilirsən, - dedi asta səslə. - Bir əfsanə var, bir gözəl su pərisi kənddə yaşayan bir oğlana vurulubmuş. Su pərisi sevdiyi oğlana qovuşmaq üçün üzgəclərini bilərək qurban verir və Yaradan ona ayaq bağışlayır. Oğlanın kəndində yaşamağa başlayırlar, amma həmişə də həsrətlə dənizə - bir zamanlar azad şəkildə üzdüyü dənizə baxırmış. Üzgəclərini itirdiyinə görə daha heç vaxt üzə bilməzdi. Amma sonra oğlan onu tərk edib kəndlərindən olan başqa bir qızla evlənir. Su pərisi isə nə doğma dənizə qayıda bilir, nə də yaşadığı yad torpağa aid ola bilir. Beləcə, arada qalır, ondan sonra sürünə-sürünə yaşayır və bir gün yox olur... Heç kim də onun hara getdiyini bilmir... Bax, mən indi özümü o su pərisi kimi hiss edirəm, Yalçın...
Gülçinin səsi ləpələrə qarışmışdı, səssizcə ağlayırdı. Dəniz də sanki onun kədərini anlayıb sakitləşmişdi. Onu qucaqladım, "Mən bu su pərisini heç vaxt buraxmayacağam" dedim. O isə göz yaşları içində "Heç vaxt heç vaxt demə..." dedi. Sonra isə qəfildən güldü:
- Hətta Böyükkişi də məni tərk etmək qərarına gəlib, təsəvvür edirsən? O da heç vaxt deyirdi...
Gülçinin psixoloji vəziyyəti dəyişmişdi, gah ağlayırdı, gah gülürdü, gah gözlənilməz çılğınlıqlar edirdi. Narahat olmağa başlamışdım. Deyirdi ki, arabir Nemət adlı bir həkimin yanına terapiyaya gedir, yəqin ki, terapiyaların sayını artırmalı idi, çünki halı getdikcə pisləşməyə doğru gedirdi. Buna bir az da mən səbəb olduğum üçün vicdanım sızıldadı, amma tez özümü ələ alıb onu bərk-bərk qucaqladım:
- Gülçin, nə olursa-olsun, sənin yanında olacağam həmişə, imkan vermə ki, nə sən, nə də mən tərəfdən kimsə kənar adam sevgimizə kölgə salsın...
...Hava çoxdan qaralmışdı. Gecənin sakitliyinə bürünmüş dəniz öz dərin nəfəsi ilə sakitcə sahilə vurur, qayalıqların sinəsinə yavaş-yavaş, sanki ehtiyatla toxunurdu. Biz isə qayalığın üstündə yan-yana uzanmışdıq. İki kölgə kimi, ay işığında bir-birimizə bürünüb sükut içində əl-ələ tutub ulduzlara baxırdıq. Bu ulduzlar - sanki gecənin ürəyində səpələnmiş minlərlə dilək idi, bizim bu an içimizdə pıçıltı ilə çırpınan hisslərimiz kimi... Dalğalar qayalıqlara çırpılıb geri çəkildiyi kimi, biz də ehtirasın sərhədsiz sahilində bir-birimizə sarılmışdıq. Dənizin köpüklü ləpələri necə amansızcasına qayaların sinəsinə çırpılırsa, bizim bədənlərimiz də bir-birinə o cür təmas edirdi. Dəli külək dənizi silkələdiyi kimi, içimizdəki duyğular da bədənlərimizi titrədirdi. Gülçinin dodaqları ehtirasla titrəyib adımı pıçıldayanda sanki sahildəki dalğalar da öz sirrini qum dənəciklərinə danışırdı. Mən isə onun nəfəsini yanağımda hiss edirdim, isti bir cənub küləyi kimi bədənimi oxşayırdı. Külək dənizin səthində rəqs edən kiçik dalğaları qucaqlayır, onların üstündə pıçıltıyla sürüşürdü - elə bil bizim nəfəsimiz kimi, ehtirasla, titrək və isidici. Onun saçları küləklə oynayır, dənizin dalğaları kimi çırpınırdı. Hər dəfə saçlarının ipək telləri yanağıma toxunduqca, sanki qayalıqlara çırpılıb pıçıltı ilə geri çəkilən ləpələrin səsini eşidirdim.
Sonra isə dalğalar sakitləşdi, dəniz öz təlatümünü içində boğdu. Biz də yavaş-yavaş elə dəniz kimi sakitləşdik, tərləmiş bədənlərimizi həzin yorğunluq bürüdü. Bu sükutun qoynunda sanki bütün kainat bizimlə nəfəs alırdı.
Nəhayət, ehtiras ləpələrinin yorğunluğu ilə dalğalar sakitləşdi. Dəniz öz sükutuna qayıtdı. Biz də, sükutun o dərin, müqəddəs qucağında əl-ələ tutaraq ulduzlara baxırdıq. Ulduzlar gecənin səmasında titrəyən min bir arzular kimi parıldayırdı. Ay dənizin büllur səthində öz əksini tapıb, sanki bizi də o əbədi eşqin içinə çağırırdı.
Qayalıqlar isə yenə susqunluqla bizi qucaqlayır, dənizin pıçıltısına qulaq asırdı - sanki bu gecə onların yaddaşında əbədi qalacaqdı...
Ulduzlar göydə göz qırpırdı, sanki onların hər biri bizim bu gecədə yaşadığımız o sehrli anın şahidi olmuşdu. Dalğaların pıçıltısı isə yuxulu bir layla kimi qulaqlarımızda əks-səda verirdi. Gecə bizə öz sirrini vermişdi, biz də o sirri bədənlərimizdə, baxışlarımızda, barmaqlarımızın bir-birinə toxunuşunda saxlayırdıq...
Gülçin
Yalçının nişan üzüyünü ilk dəfə gördüyüm an... Elə bil qəlbimdəki bütün damarlardan eyni anda qan əvəzinə qaynar qurğuşun keçdi. Maşının kiçik taxçasında atılıb qalmış bu qızıl üzük sanki mənə "Yalçın artıq sənin deyil. Heç vaxt da sənin olmayacaq!" - deyə bağırırdı. Səssizcə başımı çevirdim və pəncərədən dənizə baxdım. İçimdə bir vulkan vardı. Nəfəsim daralırdı. Amma heç nə demədim. Çünki mənə uşaqlıqdan ağrımı da, sevincimi də, ehtirasımı da içimdə yaşamağı öyrətmişdilər. O an içimdə nəyinsə çat verdiyini hiss etdim. Mən Yalçını dəlicəsinə sevirdim. Bütün varlığımla ona aid idim, o isə indi gedib həm də başqasına aid olmağı gözə alırdı. Bilirdim ki, Yalçın indi "Nilufəri istəmirəm" desə də, getdikcə ailəsinə isinişəcək, bəlkə uşaqları da olacaq, ondan sonra mən tamamilə unudulacağam. İndi o üzük bu həqiqəti bir daha yadıma saldı.
Üzümü çevirəndə Yalçın şəfqətlə üzümü özünə tərəf çevirdi, əlimi tutub maşının saxlancından bir üzük çıxardı. Qara mirvari qaşlı qiymətli üzüyü barmağıma taxıb pıçıldadı:
- Bu üzüyü bura gələndə ona görə almışam ki, sənə sübut edim ki, mənim qəlbimin sahibi də, könlümün nişanlısı da sadəcə sənsən, o biri isə formal bir evlilikdir...
Dənizə çatanda tamamilə çılpaq soyunub suya atıldım. Soyunmaq mənim bu dünyaya, cəmiyyətə qarşı üsyanım idi. Yox oldum dənizdə, suyun altına dalıb yaxınlıqdakı qayalığa doğru üzdüm. Bilərək elədim. Qoy bir az qorxsun, məni itirməyin nə demək olduğunu hiss etsin. Amma o yenə məni tapdı. Qaya üstündə oturub su pərisi hekayəsini danışanda, əslində özümü nəql edirdim. Oğlan üçün üzgəclərini ayaqlarla dəyişən, amma sonra nə suya, nə yerə sığa bilən o su pərisi - mən idim...
Ağlım qarışırdı getdikcə, qəzəbim mənə üstün gəlirdi. Yalçının başqa qadına aid olduğunu düşündüyüm vaxt emalatxanada bəzən var səsimlə qışqırırdım, palitranı, molberti divara çırpırdım. Rəngləri bədənimə sürtürdüm. Güzgüyə baxanda özümü tanımırdım. Saçlarım dağınıq, üzüm-başım rəngli - əməlli-başlı dəliyə oxşayırdım onda... Mən Yalçını yalnız beynimlə yox, bədənimlə, hüceyrələrimlə yaşayırdım. İndi bəzən küçədə onun səsini eşidirəm. O səslər real olmur. Amma mən dönüb baxıram. Bəzən o yanımdadır - sanıram. Danışıram onunla, gülürəm, ağlayıram. Güclü hissiyyatımla bilirəm, bir gün o su pərisi kimi özümlə sadəcə Yalçınlı xatirələrimi götürərək gözdən itib yox olacağam...
Müəllif
Nemətlə hər dəfə görüşdükcə bu hekayəni qaldığı yerdən mənə danışırdı. Dostum həm öz hisslərini, həm də obrazların yaşadığı hadisələri anlatdıqca sanki böyük bir ekran qarşısında oturub maraqlı və dramatik psixoloji bir film izləyirdim. Hansısa keçmişdə olan bu hadisələr Nemətin mənə danışması ilə sanki yenidən yaşanır və qeyri-müəyyən indiki zamanda yenidən baş verirdi.
Mən bu romanda dostum Nemətin təlatümlü iç dünyasını görürəm. O, bir həkim olsa da, özü də daxilində sağalda bilmədiyi hisslərin əsiridir. Gülçinə olan ehtirası və qısqanclığı onu yalnız bir kişi kimi deyil, bir insan kimi də sarsıdır. Onun içindəki "kişilik"lə "peşəkarlıq" arasında gedən savaş sadəcə bir kişinin ehtirası deyil, həm də onun dəyərləri ilə instinkti arasındakı faciəvi qarşıdurmadır. Onun bu zəifliyi məhz insanın psixoloji durumunun çatlarını göstərir.
Böyükkişi laqeyd görünsə də, əslində ruhunda böyük iztirablar daşıyan bir adamdır. O, həyatın sakit sularında boğulur. İlkanəyə üz tutması - ehtiras deyil, dinclik axtarışıdır. Əslində onun içindəki arzu illərlə susdurulub. Onun üçün azadlıq yeni bir qadın deyil, başqasının gözlərində öz varlığını tanımaqdır.
Yalçın isə əslində iki qadının arasında sıxılıb qalmış bir kişi deyil, sevgisi ilə cəmiyyətin qınağı arasında qalıb. Bəzən həyat bizi seçim etməyə məcbur edir, amma heç bir seçimdə tam xoşbəxtlik vermir.
Gülçin qadın yox, həyatın özüdür, çılpaqlığı da onun haqqında olan yüksək düşüncəyə zərər vermir. Onun müəyyən etdiyi sərhədləri onun əxlaqının göstəricisidir. Bu qadında həm azadlıq, həm güc, həm gözəllik, həm əxlaq, həm də dərin bir kədər var. Və mən müəllif kimi bunları oxucuya çatdırmağa çalışıram.
Heç kim kamil insan deyil, çünki həyatın özü də mükəmməl deyil. Hər kəsin həyatında qırılma nöqtələri var. O nöqtəyə çatmamış heç kim heç kimi dərindən anlaya bilməz...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!