Hekayələr - Xeyrəddin QOCA

 

Bakının dərdi sizə qalıb?

 

Allah xatirinə, əl çəkin bu Bakının "yaxasından!" Deyirsiniz, heç bilmirik bura şəhərdir, yoxsa kənd? Hündür, yaraşıqlı binaları görmürsünüz bəyəm, kənddə belə binalar olur? Əlbəttə, Bakı şəhərdir.

Durub-oturub deyirsiniz dünyada belə əyri-üyrü küçələri, çala-çuxur asfalt yolları, hər tərəfində zibilxana olan şəhər görməmisiniz. Sizin kimilərinin peşəsidir, həmişə başqa ölkələrin şəhərlərini tərifləyirsiniz, özümüzünküləri pisləyirsiniz. Təzə yollar çəkilib, onları da görmürsünüz?

Guya burada özbaşınalıqdır, aləm qarışıb bir-birinə. Hara baxırsan, tikirlər. Guya yekə-yekə ağacları baltalayıb yıxırlar böyrü üstə ki, mağaza tiksinlər, nə bilim, restoran tiksinlər. Ay bala, qoyun tiksinlər də, tikilən qalacaq. Ağacları kəsəndə nə olar, ey? Təzələrini əkərlər.

İnsafınız olsun, sizin sözlərinizə görə, az qala hamı satır, heç alan yoxdur. Guya camaat kasıblaşıb. Görürsünüz, düz danışmırsınız. Alan yoxdursa, satanlar malları kimə satırlar, hə? Özünüz çox yaxşı bilirsiniz ki, bu millətdə alverə, alış-verişə yaranışdan sevgi-məhəbbət var. Qoymazsınız camaat çörəyini qazansın? Mərdiməzarlıq etməsəniz olmaz?

Çoxlarının pul-para dalınca qaçdığını, var-dövlət yığdıqlarını, nəsilbənəsillərinə "gün ağladıqlarını", amma gözlərinin doymadığını söyləyib, bütün bunları başqa yerə yozursunuz. A kişilər, bunun Bakıya nə dəxli var? Dünyada hamı pul dalınca qaçır, hamı varlanmağa çalışır. Təkcə Bakıda deyil ki, dünyanın hər yerində varlılar getdikcə varlanır, kasıblar getdikcə kasıblaşırlar.

Nə olub, indi ayılmısınız, guya çoxları ana dilində danışmır, öz musiqimizə qulaq asmır, adam kimi geyinmir. Guya, belələri əcnəbilərə bənzəmək istəyirlər. Əlbəttə, ana dilini bilməyənlər başqa dillərdə danışacaqlar. Hamı muğamata qulaq assın? Qaldı geyimə, hamı eyni cür geyinə bilməz ki! Televiziyaya baxmırsınız? Görmürsünüz ki, dünyanın çox ölkəsində camaat qədim insanlar kimi geyinir? Ayıb da olsa, eyibli yerlərini bir balaca örtürlər, vəssalam! Burada nə var ki? Fikirləşirsiniz ki, çoxları ələbaxım olub, elə hey istəyirlər haradansa, nəsə qoparsınlar, çırpışdırsınlar. Sizə nə var? Birinin "Moskviç" almağa pulu var, amma baxır qonşusuna, görür onun "Mersedes"i var, deyir, "ondan əskiyəm, gərək mən də "Mersedes" alam". Və yaxud birinin ev almağa pulu çatmır, dənizin sahilində villa tikdirmək istəyir. Bir başqasının adi dolanışığı yoxdur, mənzilini "yevroremont" elətdirməyə can atır. Və sair və ilaxır. Bilirsiniz, belələri hər yerdə var, Bakını niyə qaralamısınız? Bakıdan danışırsınız, amma aləmi qarışdırırsınız. Yaxşısı budur, bir balaca sözünüzə diqqət edəsiniz!

Deyirsiniz, Bakı neft şəhəridir. Nə bilim, "nefti bol olan ölkə basılmaz". Bakıda adam var, gecə-gündüz neftin içərisində üzmək istəyir. Elə üzür də. Bacarırsınız, siz də gedin, neftdə üzün. Belə ironiyalara ehtiyac yoxdur! Guya kim vəzifədədir, eninə də, uzununa da rüşvət alır. Rüşvət ala bilməyənlərin işi-peşəsi də onlara lağ eləməkdir, ya da onların qazancını "saymaq"dır. Adama deyərlər, başqa işiniz-peşəniz yoxdur? İndi lağ elədiyiniz, ələ saldığınız, qısqandığınız o pullular var ha, zavodları, fabrikləri, müəssisələri özəlləşdirib, sabah səni də, balalarını da, yeddi arxa dönənlərini də əllərinin altında işlədəcəklər. Sən ha de, ha yaz. Nə olsun? "Dəyirman öz işindədir, çax-çax baş ağrıdır".

Sizin sözlərinizə qulaq asanın gərək ağlı olmaya! Guya Bakıda bir qarış torpaq yeri tapmaq mümkün deyil, hamısı satılıb. Guya haranı göstərsən, deyəcəklər, "buranı filankəs alıb". Sonra da durub sual verirsiniz ki, bazardan varlı da, kasıb da hər şey ala bilir, bəs torpaq bazarından qara camaata niyə pay düşmür? Bir məntiqiniz olsun, söz deyəndə fikirləşin, götür-qoy edin, sonra dillənin. Hamıya torpaq vermək olar?

Siz havayı yerə narahat olmayın, Bakı həmişə necə olub, indi də elədir. Bakı elə həmin Bakıdır. Bu boyda şəhərin dərdini çəkmək sizə qalıb?

 

 

Adamın gərək ağlı olsun...

 

Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayammazsan. Gərək ağlın olsun, düşünəsən ki, ayə, necə olur, sənin də iki əlin-ayağın, bir başın, iki qulağın və s. var, o birilərinin də. Necə olur, o birilər cah-cəlal içində yaşayır, sən həmişə lüt-üryansan, qəpiyə güllə atırsan? Belə çıxır ki, o birilərinin ağlı var, yəni sənin kimi ağılsız deyillər. A kişilər, heç ola bilməz ki, ağıllı adamın pulu-parası olmasın! Ağıl deyilən şey ki, var, gərək o mütləq adamda olsun. Olmadı ha, batdın!

Lap uşaqlıqdan əlimə pul düşən kimi, gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə pis fikirlər gəlməsin, uşaq siz düşündüyünüz şeylərə pul xərcləməz. Deməyim odur ki, gedib xırda-xuruş alırdım, o biri gün də xoşuma gəlmirdi, atırdım bir kənara. Bu xasiyyətlə böyüdüm, gözümə yaxşı nə göründüsə, lazım oldu-olmadı, aldım. Yekə kişi oldum, ağlım başıma gəlmədi ki, gəlmədi. Nəyə görə?

Deyin görüm, adam da nəğd pulunu əlindən verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik! Amma mən nəğd pulumu aparıb qoymuşam özəl bir banka. Özü də nə qədər olsa yaxşıdır? Altmış min manat! İllər keçib, oturub sevinə-sevinə gözləmişəm ki, başqa ölkələrdə olduğu kimi, banka qoyduğum pulun faizi də üstünə gələcək, gedib maşın alacağam, villa tikdirəcəyəm, dünyanı gəzəcəyəm. "Sən saydığını say, gör fələk nə sayır".

Bir gün xəbər çıxdı ki, pullar dəyişir. Getdim banka ki, altmış min manatı, üstəlik, faizini də alım. Götürüb mənə nə versələr yaxşıdır: altı min manat! Elə orada iki əlimi ilişdirdim təpəmə, öz-özümə dedim: "Kül sənin ağılsız başına, adam da banka pul qoyar?! Pulun var, qoy evə, yavaş-yavaş xərclə də!"

Elə bilirsiniz, bu əhvalatdan sonra ağlım başıma gəldi? Ay gəldi ha! "Quyuya su tökməklə sulu olmaz ki!" Zəmanə dəyişdi, özəl banklar çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin özəl banklardan birinə. Mənim hesabımla bir neçə ildən sonra milyoner olmalıydım. Bir də eşitdim bankı bağladılar, bankiri də tutdular basdılar içəri. Heç demə, fırıldaqçının biri imiş. "İt də getdi, ip də". Qaldım "lüt-madərzad".

İndi özünüz deyin, ağıllı adam da nəğd pulunu əlindən verər?

 

 

Nə oldu bəs?

 

Polisdə işləyən bir tanışıma rast gəldim, peşman oldum soruşdum ki, nə var, nə yox, necə yaşayırsan? Elə bil, bu sualı gözləyirmiş, ağzını açdı, gözlərini yumdu, başladı, nə başladı:

- Sən öl, əsl kişi peşəsidir bizimki. Tapança böyrümüzdə, zopa əlimizdə. Ağzı var, bir kəs, bizə söz desin. Ölənəcən döyərik, üstəlik, dövlət nümayəndəsini təhqir etməyin üstündə tutub basarıq içəri. Paqon yoldaşlarımız da ki, heç ayağımızı basmazlar, necə ki, ".. ....ayağını basmaz". Odur ki, hamı bizdən qorxur. Pul-para cəhətdən də heç korluq çəkmərik. Pul bir bizdə, bir də ingilisdə!

Sözünü yarımçıq kəsib dedim ki, belə sözlər danışma, ayıbdır! O:

- Bizlər ayıb-zad bilmərik. Kefimiz istəyəndə birinin cibinə narkotik maddə basıb, beş-on min alırıq, yaşayırıq özümüzçün. Beşgünlük dünyadır, nədən çəkinəcəyik?! Nə istəyirik, onu da edirik! - deyə dilləndi.

Yenə sözünü yarımçıq kəsib başa salmağa çalışdım kı, belə sözlər danışma, ayıbdır! Nə desə yaxşıdır?

- Elə bilirsən elə-belə götürüblər bizi vəzifəyə? Vermişik, indi də alırıq də!

Dedim: "adə, danışma!"

Dedi:

- Danışaram, hələ o tərəfə də keçərəm! Guya bilmirsən al-ver dünyasıdır?! Mən ölüm, özünü avamlığa qoyma!

Dedim: "adə, danışma!"

Dedi: "danışacağam!"

Mən dedim, o eşitmədi.  Bu günlərdə on iki il aldı, getdi. İndi qalıb paqon yoldaşlarının əlində.

Ey gidi dünya! Deyirdi ki, paqon yoldaşlarım ayağımı basmaz...

 

 

Xasiyyəti idi

 

Bir gün tülkü çaqqala deyir:

- Çaqqal qardaş, bu nə gün-güzərandır keçiririk? Gəlsənə, elə bir tədbir görək ki, biz də əsl heyvan kimi ömür sürək...

Çaqqal xeyli fikirləşəndən sonra dillənir:

- Doğru deyirsən, tülkü lələ! Elə həmişə, əl-ayaqda qalan biz oluruq. Bir yol tapmaq lazımdır... Bəlkə səni heyvanlara başçı seçək, mən də olum müavin?..

Tülkü onun sözünü kəsir:

- Mənim namizədliyim keçməz, çünki bütün heyvanlar "cikimə" də bələddirlər, "bikimə" də! Elə gəl, başçımız sən ol, mən də sənin sayəndə baş dolandırım özüm üçün!

Çaqqal tərəddüd edir:

- Şirin qabağında mən nə karəyəm ki, böyüklük edim?

- Onun üçün gərək mütləq çaqqalıqdan çıxıb, olasan qəribə heyvan. Məsələn, alabəzək, rəngli bir məxluq... Özü də gərək vaqqıldamağından əl çəkəsən ki, çaqqal olduğunu bilməsinlər.

Çaqqal təəccüblənir:

- Necə?

Tülkü onu müxtəlif rənglərlə bəzəyib deyir:

- Bax belə! İndi mən gedirəm heyvanların yanına. Sən də bir azdan gələrsən. Qalanı ilə işin olmasın...

Çaqqal tülkünün dediyi kimi edir. Heyvanlar onu görəndə heyrətlənib soruşurlar:

- Bu nə qəribə heyvandır belə?! Biz heç beləsini görməmişik...

Tülkü kələyinin baş tutduğunu görüb, şələ quyruğunu yellədir, ancaq özünü o yerə qoymur:

- Mənim heyvan dostlarım, yəqin bu qəribə məxluq hamımızdan ağıllı və güclüdür. Gəlin, onu seçək özümüzə başçı...

Heyvanlar birağızdan tülkünün səsinə səs verirlər. Beləliklə, çaqqal başlayır onlara başçılıq etməyə. Gah şiri söyüb rüsvay edir, gah pələngin ixtiyarını pişiyə verir, gah da fili qul kimi işlədib çöpə döndərir. Bir sözlə, əsl çaqqallıq eləyir, o kəsən başın sorğu-sualı olmur. Gündə bir yığıncaq çağırır. Heyvanlara dişinin dibindən çıxanı deyir. Çaqqalın adı gələndə heyvanlar tir-tir əsir, tük salırlar, bircə tülküdən başqa. Tülkü şən, firavan həyat keçirir.

Yazıq heyvanlar da qorxularından cınqırlarını çıxarmırlar ki, çaqqal onları meşədən qovar...

Günlərin bir günü çaqqal tülkünün qulağına pıçıldayır:

- Tülkü lələ, daha dözə bilmirəm, vaqqıldamağım gəlir...

Tülkü ayağını onun ağzına basıb deyir:

- Sss... Kəs səsini! Bizi biabır eləmə!

Çaqqal yalvarır:

- Yox, tülkü lələ, xasiyyətim belədir, gərək vaqqıldayam! Yoxsa, ürəyim partlayacaq!

Tülkü ürəyində fikirləşir:

- Əşi, cəhənnəmə! Çaqqal çaqqallığından əl çəkən deyil! Onsuz da aldığımı almışam, verdiyimi vermişəm. Boğazını üzüb üst-üstə yığdığım toyuq-cücələrin sayı-hesabı yoxdur, ölənə kimi yesəm, bəsimdir.

Odur ki, çaqqala deyir:

- İndi ki, vaqqıldamağın gəlir, get, uzaqda vaqqılda, heyvanlar bilməsinlər bu sənsən.

Çaqqal qaça-qaça gedib dağın başına çıxır, o tərəf-bu tərəfə boylanır, bircə heyvan gözünə dəymir. Elə ürəkdən vaqqıldayır ki, səsi bütün meşəyə yayılır. Heyvanlardan bir neçəsi bunu eşidib dağa tərəf qaçanda nə görsələr yaxşıdır? Alabəzək heyvan - bunların başçısı çaqqal imiş!!!

Çaqqalı parça-parça edirlər. Tülkü isə dostuna bir-iki gün yas saxlayıb gedir öz tülkülüyünün dalınca...

 

1990

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!