(“Sənət haqqında hekayələr” silsiləsindən maestro Niyazinin unudulmaz xatirəsinə)
Axşamın alaqaranlığında dənizin kənarında yaşlı bir kişi ağır addımlarla qayalığa doğru gedirdi. Nəzərləri uzaqlara dikilmişdi – üfüqdən də uzaqlara. Saçları küləkdə oynaşır, uzun qara plaşı gah ayaqlarına, gah qayaların sərt üzünə toxunurdu. Əllərində heç nə yox idi, amma barmaqları nə isə axtarırmış kimi arada qəribə bir tərzdə titrəyirdi.
Zamanında böyük səhnələrdə konsertlər vermiş, gurultulu alqışların sahibi olmuşdu. Əlləri, barmaqları ilə orkestrə həyat verər, musiqiyə ruh qatardı. İndi isə səssizliklə dostlaşmısdı. Qocalmışdı, illərdir dirijorluq etmirdi. Amma arxada qalan illərin musiqi dolu havası ruhuna hopmuşdu. Beləcə, musiqi onu, o da musiqini yaşadırdı. Nisgilini tez-tez ürəyində təkrarladığı bir cümlə ilə ovundurdu: “Qulaq eşidər, amma ruh duymasa, musiqi ölər.”
Qayaların üstünə qalxdı. Hər axşam buraya gələrdi. Dənizin daim dəyişən səsi elə bil onun üçün itirdiyi orkestrin səsini əvəz edirdi. Dalğaların çırpıntısında, quşların sükutunda nəsə bir sehr duyurdu…
Oturdu. Ətrafa göz gəzdirdi. Qaranlıq ağır-ağır sahili örtürdü. Günəş batmaq üzrəydi. Uzaqda bir göyərçin qanad çaldı. Və o an – sükutu pozan yüngül addım səsləri eşidildi.
Qoca yavaşca arxaya çevrildi.
Qayanın o biri başında gənc bir qız dayanmışdı. Cavan, lakin qəribə dərəcədə sadə görkəmi vardı. Əlində dəftər tutmuşdu, nəzərlərləri dənizə dikilmişdi, saçları küləklə oynayıdı.
-Salam, - qız dedi. Səsi nə incəydi, nə də qətiyyətli. Sadəcə səmimi idi.
- Salam, - qoca başını tərpədərək cavab verdi.
Qısa sükutdan sonra ilk dillənən qız oldu:
-Sizi burda bir neçə dəfə görmüşəm. Hər dəfə eyni saatda, eyni yerdə. Elə bil kimisə gözləyirsiniz. Bəlkə gələcəyinizi, qarşıdakı günləri?
Qoca gülümsədi. Dodaqlarına acı bir təbəssüm qondu.
- Yox, səssizlikdən, sükutdan başqa gözləyəsi bir şey qalmayıb. Nə keçmişi, nə də gələcəyi dartıb indiyə gətirməzsən. Amma bəzən insan keçmişin səsini eşidib təskinlik tapa bilir...
Qız bir az yaxınlaşdı. O da qayanın üstündə oturdu. Susdu. Sonra birdən içinin lap dərinliyindən gələn sözləri sanki boğazında sıxa- sıxa soruşdu:
- Siz... bir vaxtlar dirijor olmusunuz... elə deyilmi?
Qoca ona baxdı. Dənizdən gələn meh sanki bir anlıq kəsildi.
-Bunu haradan bildiniz?
-Bilmirəm... Bəlkə əllərinizdən və baxışlarınızdan. Onlardan musiqi axır sanki. Musiqi dinləyən yox, musiqini danışdıran, dirildən birinə oxşayırsınız.
Qoca bu dəfə səmimi güldü. Bir damla yaş gözünə doldu, amma aşağı axmadı
Qız başını aşağı salıb bir anlıq susdu. Dəftərini qucağında sıxdı. Sanki içində saxladığı sözləri indicə deməsə, onlar birdəfəlik küsüb gedəcəkdilər.
-Bilirsiniz, - dedi, - məncə, bəzi insanlar bu dünyaya musiqi yaratmaq üçün gəlirlər. Amma yalnız notlarla yox... Əlləri ilə küləyi, baxışları ilə günəşi, nəfəsi ilə dənizi səsləndirən insanlar da var.
Qoca dirijor gözlərini ona zillədi. Qızın dedikləri onu qətiyyən təəcübləndirmədi Bu ifadələrdə səmimi bir ruh duyulurdu.
-Siz də, deyəsən, şairəsinin - qoca dedi. - Səhv etmirəm ki?
Qız gülümsədi:
-Şair, şairə çox gurultulu səslənir. Mən özümün ən vacib, ən gözəl şeirimi yazmaq istəyirdim. Amma alınmadı…
-Niyə ki? - qoca soruşdu.
Qız qəribə cavab verdi:
-Çünki bu dünyaňın ən gözəl şeiri elə sükutun özü, onun səsi imiş….
Araya sükut çökdü. Və qəribədir ki, bu sükutu hər ikisinin eyni vaxtda çəkdiyi yüngül “ah” pozdu.
- Bəlkə bir az qəribə səslənəcək... - qız dilləndi. - Siz mənim bir xahişimi yerinə yetirə bilərsinizmi?
Qoca başını azca yana əydi. Qız gözlərini üfüqə dikdi.
-Baxın, bu axşam nə qədər gözəldir. Günəş batır, külək dənizin saçlarını darayır. Az sonra Ay çıxacaq. Dalğalar sanki insan kimi nəfəs alır. Mən istəyirəm... istəyirəm ki, siz bütün bu səslərə dirijorluq edəsiniz.
Qoca bir anlıq donub qaldı. Sanki zaman dayandı. Sonra astaca nəfəs aldı. Əllərini dizlərinin üstünə qoydu. Barmaqları azacıq titrədi.
- Mən... uzun zamandır heç nəyə dirijorluq etməmişəm. Nə orkestr var, nə səhnə, nə də dinləyici...
Qız gülümsədi.
- Əvəzində təbiət var. Və mən varam.
Qoca baxışlarını dənizə çevirdi. Bir neçə an düşündü. Sonra birdən ayağa qalxdı. Plaşını sığalladı. Əllərini arxada çarpazlayıb bir neçə addım atdı və qayaların başına çıxdı. Gözləri batan günəşdə, qolları havada idi. Sanki gözə ğorünməyan böyük bir orkestrin önündə dayanmışdı.
Qız dəftərini örtdü. Gözlərini qocanın siluetinə dikdi.
Qoca yavaş-yavaş əllərini qaldırdı. Batmaqda olan Günəşin son şüaları bir andaca onun barmaqları ilə oynadı. O, əllərini aşağı endirdikcə dəniz sakitləşdi. Sonra kəskin bir hərəkətlə sağ əlini havada yellədi – dalğalar daşlara daha güclü çırpıldı. Sol əli ilə bir yaylıq kimi küləyə işarə etdi – külək dənizin səthində dalğacıq yaratdı. Elə bil ətrafdakı hər şey onun əmrində idi. Və ya o, onların içində itib, onların dilini danışmağa başlamışdı...
Qız göz yaşlarını gizlətmədi. Əlini ürəyinə qoydu. Bu sükutun içində sanki musiqi var idi – dinləmək üçün təkcə qulaq yox, qəlb gərək idi.
Sonra... göydə Ay göründü. Qoca barmaqları ilə Ayın çıxışını yavaş-yavaş müşayiət etdi. Əlləri onun rəqsini idarə edirdi. Və... bu, təkcə gözəl bir tamaşa deyildi. Bu – bir vidalaşma, bir doğuluş, bir möcüzə idi...
Qoca dirijorun əlləri getdikcə daha geniş hərəkət etməyə başladı. Bəzən havada görünməz xətlər çəkir, bəzən barmaqları ilə sanki səmanı cilalayırdı. Onun hər jestində bir əmr yox, bir yalvarış vardı – sanki musiqiyə çevrilmək istəyən dünyanın ruhu ilə dərdləşirdi.
Qız ayağa qalxdı. Bir neçə addım irəlilədi, qayaların yanına gəldi. Artıq nə sükut, nə də rüzgar onu qorxudurdu. Gözləri parlayırdı – ilk dəfə bu qədər canlı, bu qədər işıqlı.
-Siz... siz bu axşam həqiqətən də möcüzəli musiqi yaratdınız, - pıçiltı ilə dedi. - Mən bunu duydum... ürəyimlə.
Qoca asta-asta başını çevirdi. Gülümsədi. Gözlərində qəribə bir dərinlik vardı – illərin yaratdığı hüzün, anidən tapılan azadlıq kimi.
-Musiqi həmişə’ hər yerdə var, -dedi. -Sadəcə onu duya biləcək ürək lazımdır...
Qız bir addım da yaxınlaşdı. Əlini uzatdı. Qoca tərəddüdsüz onun əlini tutdu.
Və o an...
...bir yüngüllük gəldi. Elə bil qayalar artıq sərt, ayaqlar artıq yerə bağlı deyildi, hava isə su kimi çalxalanırdı. Əvvəlcə plaşın ətəyi yüngülcə yelləndi. Sonra saçlar, sonra barmaqlar... və sonra – onların özləri.
Dənizin, Ayın və həzin küləyin müşayiəti ilə onlar səssizcə, yavaş-yavaş qalxmağa başladılar. Sanki qəribə bir musiqi onları öz qanadlarına alıb səmaya qaldırırdı. Dirijor əllərini son dəfə yellədi – havada səsssiz bir musiqi səsləndi. Qız baxışlarını göydən ayırmadı.
Və... bir an sonra onlar Ay işığının içində əridilər.
Arxada dəniz yenidən çırpıldı. Ay daha parlaq oldu. Külək qızın dəftərini kimi uçurub qayaların üstünə qoydu. Və susdu.
Qayaların başında, qaranlığın içində, dənizdən bir qədər yuxarıda – artıq heç kim yox idi.
Yalnız bir köhnə dirijor çubuğu sakitcə daşın üstünə düşdü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!