Nə yaxşı (hekayə) - Qərib MEHDİ

 

1

 

Xəzinədən - ana bətnindən duyulan sancı, dünyaya körpə gəldiyini xəbər verirdi. Təcili tibbi yardım maşını Şəfəq xanımı doğum evinə çatdırdı. Tədarük görüldü. Bir azdan Şəfəq xanımın qucağına bir bələk qoydular: "Gözün aydın olsun, dünyaya oğlan uşağı gətiribsən!" Körpə nəfəsini duyan ana balasının qulağına ilk sözünü pıçıldadı:

- Vəzifəni bil, arxa olacağını yadında saxla!

Adətən, ad insandan əvvəl doğulur. Körpə adına sahiblənməliydi:

- Adını Kamil qoyuram. Bundan sonra səni bu adla çağıracağam. Qarşında müxtəlif yönlü yollar açılacaq. Deyirlər, insan adına çəkir. Adını Kamil qoydum ki, bu çəlpəşik yollarda ayaqların büdrəməsin.

 

2

 

Şəfəq xanım oğlunu həm ruhən, həm də maddi olaraq südü ilə qidalandırırdı. Sağlam uşaq tez-tez yemək istəyirdi, hətta gecələr də. Hər dəfə Kamilin qida təmənnalı səsini eşitdikdə ana incimir, şirin yuxusundan olub körpəsini əmizdirirdi. Kamil halal südlə mayalanırdı. Ananın süd dolu döşləri onun ixtiyarındaydı. Şəfəq xanım istirahətinin qayğısına qalmaqdan yan durur, süni məmədən - aldadıcı rezin əmzikdən istifadə etmirdi. İnciklik törədən narahatlığını "başa" salırdı:

- Yalanın ilkin mənbəyi süni rezin əmzikdir. Ona meydan vermək olmaz. Qorxma, əziyyətinin mükafatını sonra alacaqsan.

 

3

 

Kamil kitabı, qələmi tanıdı, çantasını götürüb məktəbə yollandı. Evlə məktəbarası yol yeni marşrut idi. Həyat tədricən mürəkkəbləşirdi. Ana oğluna deyirdi:

- Şaxəli əxlaq ünsiyyətlərini evdən, elmə yiyələnmək yollarını isə məktəbdən öyrənəcəksən.

 

4

 

İlk xeyirxah addımı kim atırsa, kim nümunə göstərirsə, o qazanır. Böyük tənəffüsdə yemək üçün anası oğlunun çantasına ərzaq payı qoyurdu. O, bu payı bilərəkdən iki hissəyə ayırırdı - biri az, o birisi çox. Kamilin Rəşid adlı parta yoldaşı vardı. O da böyük tənəffüsə hazırlıqlı gəlirdi. Şəfəq xanım oğluna tapşırmışdı:

- Yemək payını xətlədiyim yerdən bölərsən. Payların kiçik hissəsini özünə götürər, böyük hissəsini dostun Rəşidə verərsən.

Kamil payı anasının göstərdiyi kimi bölürdü. Rəşid qənaətin bölgü fərqinə varmadan gözünə təpirdi. Bir gün anası Kamildən soruşdu:

- Rəşid də evdən yemək gətirirmi?

- Gətirir.

- Dostlar arasında onun pay bölgüsü necə olur?

Kamil gördüyünü, şahid olduğunu dedi:

- O, sovqatını məndən gizlədir. Fürsətə salıb gətirdiyini gizlincə, tək yeyir.

Bu hal Kamili təsirləndirə bilərdi. Şəfəq xanım nəvazişlə oğlunun telini tumarladı:

- Bacarırsa, qoy o səndən nümunə götürsün. Sən öz yolunla get. Vaxt gələr, parta yoldaşın səhvini başa düşər. Bölgünün azına qane olan mərifətin çoxuna sahiblənər.

- Anladım, ana, - deyə oğlu anasını əmin etdi.

 

5

 

Yuxarı sinif şagirdləri - parta dostları Kamil ilə Rəşid narahat bir gündə çantalarını yellədə-yellədə məktəbdən çıxıb evə gedirdilər. Hiyləgər külək kələyindən əl çəkmirdi. O, tərpənməz dəmirlərin, daşların üzünü sığallayır, gücü çatdığı toz-torpağı, kağız qırıntılarını isə fırladıb ora-bura çırpırdı.

Külək zəif yerişli qocalardan kimisə təntitmiş, portmanatını - pul qabını əlindən alıb yolun kənarına tolazlamışdı. Narahat havada adamların seyrək olması itiyin asan tapılmasına imkan vermirdi. Onun "kəşf" olunması üçün, ya təsadüf, ya da iti göz lazımıydı. Bu iki haldan biri Kamilə nəsib oldu. İrəli çıxıb yolun kənarındakı portmanatı götürdü və vəcd ilə dilləndi:

- Portmanat tapdım! Görəsən, kimindir?

Rəşid dərhal hadisəyə şərik oldu, yeganə çıxış yolunu səsləndirdi:

- Bəxtimiz gətirdi! Gedək restorana, yeyək-içək, şənlənək!

Kamil onun niyyətinə mane oldu:

- Yox, bu itiyi sahibinə qaytarmaq üçün anamla məsləhətləşməliyəm.

Kamil tapıntı barədə anasını məlumatlandırdı. Şəfəq xanım pulqabını nəzərdən keçirib dedi:

- Yaxşı ki sən Rəşidin təklifinə uymamısan. Portmanatın köhnəliyindən bilinir ki, onun sahibi pensiyaçıdı. Gözləyək, yəqin bu barədə itki sahibi televiziyada nəmiynən-nişanıynan məlumat verəcək.

Axşam televiziyanın "Xəbərlər" proqramında yaşlı bir qadın itki barədə həyəcanlı halda məlumat verdi. Hətta pulun qədərini də söylədi.

Tapıcılar pulun qədərini saydılar. Qədər qarının dediyi ilə düz gəlirdi. Sonra televiziyaya telefon açıb portmanatın etibarlı əllərdə - onlarda olduğunu bildirdilər. Ehtiyac içində olan pensiyaçı qadın Kamilin ünvanına təşəkkür əlaməti olaraq bu sözləri səsləndirdi:

- Halal olsun səni doğan anaya!

 

6

 

Hələ ki Kamil ilə Rəşidin yolları eyni istiqamətli idi. İkisi də Universitetin tarix fakültəsinə daxil olmuşdu. Bu fakültənin gələcək üçün vədləri məzunlar arasında maraq doğururdu. Kamil Rəşiddən artıq bal topladığına görə kurskom seçildi. Dekanlar, adətən ilk addımları ədalətli atırlar. Kimin kim olduğu bilinəndən sonra vəziyyət dəyişə bilir. Birinci yarım ilin imtahanlarına qədər dinc axının sakitliyi pozulmadı.

Nəhayət, təmənnalı niyyət göbələk kimi torpağı yarıb üzə çıxdı. Çərkəz adlı bir tələbə sosial şəbəkədə çıxış edərək müəllimin ondan rüşvət umduğunu dilə gətirdi. İnternet sirr saxlamağı bacarmır. Aləm bir-birinə qarışdı. Rektor dekanın, dekan da rüşvət istəyən (ya alan) müəllimin üstünə düşdü. Təmənnalı müəllim vaxt itirmədən araçıları hərəkətə gətirdi. Bu çalışma xeyli dərəcədə bəhrəsini verdi. Böyük əksəriyyət tələbənin şər atdığını deyərək müəllimi müdafiə edirdi. Bu gedişlə zərərdidə günahkar olacaqdı. Rəşid dərhal haqlı tələbə yoldaşına arxa çevirib rüşvətxor müəllimin sözünu tutmuşdu. Bəs kurskom - Kamil bu işə nə deyirdi?

Kamil hələlik qərar qəbul edə bilmirdi. Onun fikirli olması anasının diqqətini çəkdi. Oğlundan nə baş verdiyini soruşdu. Kamil baş verənləri olduğu kimi anasına söylədi. Şəfəq xanım:

- Sənin qərarın necə olacaq? Şərin üzərinə yeriyəcəksənmi, haqqı müdafiə edəcəksənmi?

Kamil:

- Elə o barədə fikirləşirəm. Onlar artıq birləşiblər. Haqqı dəstəkləsəm, vəzifəmi itirəcəyəm.

Şəfəq xanım:

- Mən sənə saf süd əmizdirmişəm. Haqlını müdafiə etsən, vəzifəni, haqsızı müdafiə etsən, vicdanını itirəcəksən. Mənim oğlum hansını seçir?

Kamil:

- İtki var ki, şərəf gətirir. Mən haqla bir yerdə olan vicdanı seçirəm.

 

7

 

İki halda adamın rəngi dəyişir, qızarır: bir yalan danışanda, bir də sevgi ilə bağlı sirlər açılanda.

Kamilin hərəkətləri Şəfəq xanımın gözündən yayınmırdı. Oğlu özündə deyildi. Ya deyiləni eşitmir, ya nə dediyinin fərqinə varmırdı. Ana hiss elədi ki, oğlunun qəlbində gizli bir sevgi ocağı közərir. Oxşarlıqlar çoxdur, xüsusilə, ağacla insan arasında. Ağac vaxtı çatanda meyvələnir. İnsan yaşı çatanda sevdalanır.

Sevginin əzabı da şirindir. Sevgi qarşılıqlı olanda sevinc gətirdiyi kimi, savaş da doğurur. Əslində, sevgi iki vurğunun bir-birinə can atması, iki könülün savaşıdır. Sevgini idarə edən hakim, iradədir. İradəsi zəif olanlar mütləq qarşı tərəfə "əsir" düşür. Tərəflər ehtiyatlı olmalıdırlar. Həmişə yadda saxlamalıdırlar ki, onlar "minalanmış" sevgi sahəsində gəzirlər. Sevgi həm yaradıcı, həm də dağıdıcı qüvvəyə malikdir.

Bu barədə danışmaq oğula çətindən-çətin görünürdü. Əlbəttə, ilkin sözü ana açmalıydı. Dedi:

- Deyəsən, başında sevda havası var?..

Oğul cavab vermək əvəzinə qızardı. Dili bəndə düşmüşdü. Sevgi işıqforunun "yox" işarəsində qırmızı yanırdı. "Hə" işarəsində isə utancaq bir yaşıl rəng göz oxşayırdı. Mətləbi anlamaq üçün bu sözlü-lal vəziyyət anaya hər şeyi dedi. İşıqforun danışığından sonra Şəfəq xanım açıq sözə başladı:

- Başa düşdüm, oğlum. Evlənmək də bir quruculuq işidir. Bu evi elə tikməlisən ki, hər zəlzələyə uçmaya. 

Kamil dilinin deyəcəyini üzündəki işıqlı təbəssümə verdi. Danışmamaq razılıq - şifahi sazişi "paraflamaq" əlaməti idi.

 

8

 

Qarabağın Şuşa, Xankəndi, Xocalı qarışıq mühüm bir hissəsi 30 il idi ki, rusların arxa durduğu erməni işğalında inləyirdi... Nəhayət, biz elliklə ayağa qalxdıq. Ordumuz erməni tapdağında olan torpaqlarımızı qanı-canı bahasına azad etməyə başladı. Əli silah tuta biləcək cavanlar da könüllü surətdə azadlıq müharibəsinə qoşulmağa can atdılar. Bu hərəkətlənmədə Kamil və Rəşid də vardı. Anasının fikri Kamili düşündürürdü.

İnanırdı ki, anasının fikri, qərarı onu məyus etməyəcək. O, anasına bildirdi ki, ali təhsilini yarımçıq qoyub könüllü surətdə cəbhəyə qatılmaq istəyir. Ana üçüncü adam sarıdan nigaranlığını gizlətmədi:

- Bəs sevdalın nə fikirdədir?

Qəhər Kamilin boğazına dirəndi:

- O, mənimlə həmrəylik etmədi.

Ana fikirli halda "Aydındır" dedi. Sonra təmkinini toplayaraq Kamili qərarında ürəkləndirdi:

- Hər gün qapısını açdığın, masasında çörək yediyin, çarpayısında yatdığın tikili bizim kiçik, Vətən isə böyük evimizdir. Böyük evimizi qoruya bilməsək, düşmən bizi kiçik evimizdən də didərgin salacaq. Get! Silahı sənə, səni də Vətənə tapşırıram. - Sonra nə fikirləşdisə soruşdu: - Rəşid də səninlə gedir?

- Yox, Rəşid xaricə əkildi. O üzüdönmüş də ona könüllü qoşulub aradan çıxdı.

Ana köksünü ötürüb inamla dilləndi:

- Seçmirəm, əsgərli-zabitli bütün döyüşçülərimizi Allaha ismarlayıram. Azərbaycanın torpaq yarasını sağaltmaq sizə nəsib olacaq.

 

9

 

Könüllü Kamil, şair demişkən: "geyib əsgər paltarını" düşmənə qarşı 44 günlük savaş aparan igidlərimizin sıralarına qoşuldu... 

Qələbəyə bir gün qalmış Kamilin sinəsi əli qurumuş düşmənin gülləsinə tuş gəldi. Hadisədən silahdaşları pərt oldular. Qələbə atəşfəşanlığını onunla birlikdə keçirmək istəyirdilər...

İki gün idi ki, Şəfəq xanım oğlunun başının üstündə idi. Ana balasını ayrılmaq fikrindən qorumaq istəyirdi. Oğul özündə deyildi. Ürəyi danışsa da, dili söz tutmurdu. Ananın göz yaşları içinə axırdı. O, oğlunu danışdırmaq, Şuşanın alınmasından, Xocalının azad olunmasından söz açmaq istəyirdi. Bilirdi ki, o, belə şad xəbərlərin həsrətini çəkir. Oğul anasının arzusunu gerçəkləşdirə bilmir, susur, sözlü baxışlarını anasının üzünə dikirdi.

Nəhayət, xəstə dirçəldi. Baxışları ilə anasını aradı. Bu anda ananın qanadları olsaydı, uçardı. Həyəcanla astadan oğlunu səslədi:

- Kamil!..

Kamil özünü toplamağa çalışdı. Dili ürəyinə gələn sözü geri qaytarmadı. Ömrü boyu anasının yaddaşında yaşayacaq sözləri qibləgahına əmanət etdi:

- Nə yaxşı, mənim Anam Sən olubsan!..

Bu cümlə son nöqtə kimi Kamilin gözünü qapadı. Ana illərlə zəhmət çəkib oğul böyütmüşdü. Oğul isə son sözləri ilə anasını ömürlük böyütdü...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!