Qadın hiyləsi - Qəşəm İSABƏYLİ

 

Dini inanclı insanları bəzən geridəqalmış sayırıq.

 

1

 

Hər həftə azından 2-3 dəfə bibim oğlu Kərbəlayi Ehtibar zəng eləyirdi mənə. Dost-tanış telefonuma düşə bilməyəndə, bilirdilər ki, bibim oğluyla danışıram. Danışmaq da var, danışmaq da, azı 45 dəqiqə, çoxu 2 saat - o ordan asılıb qalırdı dəstəkdən, mən burdan. Bezib-eləyirdik?! Əstəğfürullah! Bir dəfə söhbətin şirin yerində məzəmmət elədi məni:

- Hamıdan yazırsan, o boyda baban yadından çıxıb!

- Hansı babamı deyirsən?!

- Hansı nədi, əsl babanı - Hacmayıl bəyi.

Mən də borclu qalmadım:

- Gərək ki, Hacmayıl bəy sənin də baban olmalıdı?!

- Xeyr!

- Xeyr nədi, Kəbleyi, anan İngilis bəyim məgər Hacmayıl bəyin qızı deyildi?!

- Nə olsun ki, qızıydı?! Yəhudilər milli mənsubluğu anayla götürürlər, biz türklər atayla. Mənim əsl babam Cavadlı Abuş kişi olub.

- Seyidlərin qızlarından olan nəvələrinə də həftədə bir dəfə seyidlik gəlir.

- Qoy sən deyən olsun. Bizi də qat Hacmayıl bəyin dəstəsinə.

- Onda bir fotoşəklini də göndər mənə.

- Fotoşəklimi neynirsən?!

- Hacmayıl bəyin nəsil-nəcabətinin də şəklini verəcəm yazdığım kitabda.

- Eləsə, mən çıxdım ordan.

- Nə demək istəyirsən?!

- Şəkil çəkdirməkdən xoşum gəlmir.

- Elə niyə?

- Şəklə cansız əşya kimi baxma, şəkil insanın özü deməkdi. İndi də ölkəmizdə hər şey sürətdən qaldığı halda falabaxanlıq, cindarlıq, öncəgörənlik, cadugərlik güclü şəkildə inkişaf eləyib. Şəklimi götürüb, ruhuma əl uzadarlar, sədəmə toxunar mənə.

- Oyunun olsun, Kəbleyi! - Gülmüşdüm.

O da arif adam idi, əlüstü tutmuşdu fikrimi:

- Nə olar, qoy mənim ehtimalım sənə gülməli gəlsin!

 

2

 

Tələbə yoldaşım Vəfa xanıma zəng eləmişdim. Ağzımı açmağa qoymadı:

- Qızdan xəbərin var? - həyəcanla soruşdu.

- Nə qızdan?

- Çiçəyi deyirəm.

- Nə olub ki?!

- Başlarına bəla gəlib, - bacısı qızı, 3 uşaq anasını maşın vurub.

- Nə danışırsan?!

- Allahın işini nə bilmək olar?! Dünya gözəliydi, bir qan üzünə baxmaq olmurdu. Zəng elə, başsağlığı ver.

- Zəng eləyə bilmərəm.

- Niyə?!

- Bir ildi aramız dəyib.

- Onun başsağlığına nə dəxli?!

- Zəng eləsəm, barışarıq.

- Onsuz da qeyrətinə bələdəm.

- Nə mənada?

- Geci-tezi var, - barışacaqsan.

- Yox, ayağımı bərk dirəmişəm yerə.

- Mesaj yaz!

- Baxaram.

O günü ürəyim istəmədi aramızda olan qəzalı körpüləri yenidən bərpa eləyim. Səhəri günü Vatsapı açıb, Çiçəyin səhifəsinə girdim: "Dünyada ən ağır kəlmə "ölüm"dü. Bacın qızının faciəli surətdə həyatdan getməyi məni məyus elədi. Cavan bir xanımın qəfil yox olması qohumlarının, xüsusən də uşaqlarının mənən şikəst olması deməkdi. Başsağlığımı qəbul edin. Ruhu şad, məkanı cənnət olsun!"

Elə bil məni gözləyirmiş, o dəqiqə təşəkkürünü bildirdi.

Çox keçmədi nəvələrimin ali məktəbə girmələrinə görə təbrik yazdı.

Bu dəfə də mən təşəkkür elədim.

Atalar demişkən, söz sözü çəkdi, iynə bezi... köhnələrin diliylə desək - pişiyimiz barışdı.

- Nə oldu bu yazığa? - Soruşdum.

- 9 ilin sözüdü. Bacım indi danışır - qızımla Corat qəsəbəsinə getmişdik, - deyir. - Yolda geyim-kecimindən qaraçıya oxşayan bir qadın rast gəldi bizə.

- Ay qaraçı xala, gəl, sənə pul verim! - Qızım əl çantasından pulqabını çıxartdı.

Qaraçı dayanıb diqqətlə ona baxdı:

- Mən axı səndən pul istəmədim?!

- Ürəyim dedi ki, sənə pul verim.

- İndi ki, belə nəcib ürəyin var, onda gəl, mən də sənin falına baxım, olsun əvəz-əvəz.

Qızım başını dala atıb güldü:

- Ay qaraçı xala, onsuz da mən fala-mala inanan deyiləm, əziyyət çəkmə.

Qaraçı qızımın sağ əlini tutub, qoydu sol ovcuna. Baxdı... baxdı...

Qızım yenidən güldü:

- Nə oldu, bir şey oxuya bildin?!

Qaraçı əvvəlcə başını bulayıb, sonra gözünü qaldırıb qızımın üzünə baxdı və yenidən diqqətini cəmləyib nəzərlərini dikdi onun ovcuna.

- Nə oxudun, sən Allah, qaraçı xala?!

Qaraçı bu dəfə qızımın əlini buraxıb, gözlərini zillədi üzünə:

- Sənin qızın olacaq, amma sən onun heç nəyini görməyəcəksən.

- Qoy oturmuşuq! - Qızım şaqqıldayıb güldü.

- Nəyə gülürsən?

- İndi həkimə gedirəm, səndən ayıb olmasın, elə tədbir gördürəcəyəm, bir də uşağa qalmayım, iki oğlum var, Allah saxlasın, bəsimdi!

- Mən gördüyümü dedim, qalanı Allahlıqdı - Qaraçı az qala incik halda çıxıb getdi.

- Ay qaraçı, ay qaraçı... - nə qədər çağırdım, çevrilib dala da baxmadı.

Həkimə getdik, məlum oldu ki, qızım ay yarımlıq hamilədi.

Yadıma qaraçının sözləri düşdü - ürəyim titrədi.

- Ay ana, - qızım bu dəfə də gülməyə saldı, - qaraçılar insan taleyini oxuya bilsəydilər, özlərinin ölümünü görüb, qabağını alardılar. Avam olma.

Təxminən, 7 ay yarımdan sonra qızımın bir qızı oldu.

 

3

 

- Bacım qızı həyatsevər bir gəlin idi. - Çiçək növbəti dəfə mənə zəng eləyəndə, yarımçıq söhbətini tamamlamaq istədi. - Yaxşı geyinər, yaxşı yeməklərin dalıyca ailəvi restoranlara gedər, deyib-gülüb, əylənərdi. Özü də elə səxavətliydi, deyərdin ki, bu qız, vallah, pulundan bezib. Tanıdı-tanımadı, yetim-yesirə, kasıb-kusuba əl tutardı. Qəsəbədə bir qadınla oğluna hər ay məvacib vaxtı gələndə, dönər alarmış, pul verərmiş. Onlar da bilirmiş ki, Gözəl ayın hansı vaxtı onlara kömək əlini uzadır. Odur ki, gəlib qəsəbənin mərkəzində onu gözləyərmiş. Amma belə şən əhvallı gəlin işçilərinə qarşı çox tələbkar imiş. Deyərmiş, öz işinizi elə görün ki, özgənin zəhmətinin bəhrəsini yeməyəsiniz. Müftəxorluq elədiyinə görə iki qadını işdən qovdurmuşdu. Həmin qadınlardan biri, deyirlər, göz yaşları içində boğula-boğula nalə çəkirmiş: "Bəs indi üç uşaqla mən necə dolanacağam?! Dilənməyi də bacarmıram! Ya Allah, bu zülmü götürmə! Bu zülmü götürmə, ya Allah".

Gözəl alqışdan-qarğışdan qorxan deyildi. Amma son aylar başağrısı tapmışdı. Özü də başlamışdı caduya inanmağa:

- Heç rahat olmuram. Görünür, mənə nəsə eləyiblər ki, başımın ağrısı ara vermir! Vallah, deyəsən, mən öləcəm.

İki ay yarım bundan əvvəl ad günüydü. Səhər açılandan qolunu çirməyib, başlayır biş-düşə. Təzə aldığı allı-güllü süfrəni salır, üstünə də min cürə naz-nemət düzür. Bir qıraqda dayanıb bu yar-yaraşığa tamaşa eləyir. Nə çatmır? Nəəə... əlini vurur alnına. Tez durub paltarını dəyişir, evdən çıxıb, gedir qəsəbənin mərkəzinə. 3 kiloqramlıq tort alır. "Bəlkə taksi çağırım?!... Yoox, piyada getsəm yaxşıdı, beş addımlıq yoldu, ayaqlarım açılar heç olmasa, bir az da çəkimdən ataram". Demə, əcəl hərləyirmiş yazığı. Bizim qəsəbənin də ortasında yolların kəsişdiyi basdırıq bir yer var, adamlarla maşınlar bir-birinə sürtünə-sürtünə keçib gedir. Bacım qızı əlində tort girir yola. Birdən yandan TIR maşını çıxır. Sürücü sonralar danışırmış ki, yola yox, yana baxırdım... Maşın qızı alır təkərinin altına. - Sağ yanağını götürüb aparır...

 

4

 

Bir həftəydi ki, bu hadisə fikrimdən çıxmırdı. Bir gün Vəfa xanım zəng elədi:

- Həəə... qardaş, necəsən?!

- Yaxşı olasan, xəstəliklə mübarizə apara bilirsən?!

- Həm "hə", həm "yox!"

- Bacı, qarğadili dərsi keçməyiblər ey, bizə!

- Başa düşmədin?! Demək istəyirəm ki, xeyri olan yeməkləri də yeyirəm, ziyanı olanı da.

- Nahaq!

- O dünyada yemək verəcəklər bizə, qardaş?

- O dünyada sanuzeldi-zaddı, deyirlər, yoxdu axı. - Birdən Çiçəyin telefon nömrəsi ekrana gəldi. - Bacı, bağışla, qapımı döyən var, bir azdan səni yığaram. Olar?

- Niyə də olmur, əlbəttə olar?!

Tez Çiçəyi yığdım.

O dəqiqə xəbər aldı:

- Kimlə danışırdın?

- Vəfa xanımla.

- Tik-toka baxmısan?

- Nədi ki?

- Qəbiristanlıqda təzə bir qəbrin ayaq altından bacım qızının foto-şəkli tapılıb. Videonu göndərirəm, bax, sonra zəngləşərik.

Vatsapı açdım, - bir qadın danışırdı: "Qayınanamın qəbrini ziyarətə getmişdik. Qəbrin ətrafını ot-alaqdan təmizləyəndə sinə daşının ayaq ucundan torpağa basdırılmış bir şəkil çıxdı. Qardaşım şəkli əlinə alıb, baxmağa başladı:

- Bacı, bu kimin şəkli olar, tanımadım?!

- Baxım. - Şəkli əlimə alanda elə bil ildırım vurdu məni! Ay Allah, bu ki, Solmaz bacının qızı Gözəlin şəklidi.

- Qəribədi, bu şəkil necə gəlib düşüb bura?! - Yoldaşım dedi.

- Allah sirridi!

- Maşın vurmamışdı bu qızı?!

- Bura baxın, bura baxın, - dedim, - maşının təkəri yazıq qızın başının bir hissəsini necə götürüb aparmışdısa, bu şəkildə də o hissə şam qarasıyla qaraldılıb.

- Bəs bu şəkil necə gəlib düşə bilər bura?! - Yoldaşım diqqətlə üzümə baxdı.

- Görünür, kimsə qızın fotosunu aparıb cadugərəmi, qaraçıyamı verib, bəddua elətdirib, sonra da gətirib qəbrin ayağı altında basdırıb.

- Deməli, kimdisə qızın ölümünü istəyirmiş! - Qardaşım dedi.

- Eşitdiyimə görə, qızın işdən qovdurduğu iki qadından biri ona qarğış eləyibmiş,- dedim, - bəlkə də həmin qadındı şəkli falabaxana verib, bəddua yazdırıb, sifətini də bu günə saldırıb, sonra da gətirib burda basdırıb ki, duası həyata yetsin?!

- Buna deyərlər - qadın hiyləsi! - Yoldaşım başını yellədi.

- Deməli, Allahın da yanında keçərlidi bu hiylə! - Qardaşım dedi.

- Əstəğfürulla de, qardaş!..

Yadıma bibim oğlu, mərhum Kərbəlayi Ehtibarın sözləri düşdü: "Şəklə cansız əşya kimi baxma, şəkil insanın özü deməkdi".

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!