Hekayə
Gənc ikən (indi də qocalmamışam) öz arzularımın və meyillərimin əsirinə çevrilmişdim. Bunlarısa şəhər həyatının vüsətində reallaşdırmaq daha asandır, nəinki kənddə. Etiraf edirəm ki, yay tətillərində kəndə gedəndə dözülməz dərəcədə darıxırdım. Əslində, kəndə sevinə-sevinə gedirdim, amma bir müddətdən sonra oranın yeknəsək həyatı məni yorur, cizgiləri gözlərimə boz və tutqun görünürdü. Kənd camaatı da - qonşularım, qohumlarım - nə isə xüsusi, inadcıl, adamayovuşmaz idilər; onlarla olan münasibətim qısa və quru dialoqlarla məhdudlaşırdı. Onlar (cod saqqallı, arıq üzlü kişilər) mənimlə təşnələşəndə qaşqabaqlı halda: "Bir işin qulpundan yapış", "Tez oyan" deyirdilər. Özümlə apardığım kitabların hamısını tezliklə oxuyub qurtarırdım. Mənim üçün orada artıq bircə məşğələ qalırdı: balıq tutmaq. Deyim ki, balıq tutmaq olduqca orijinal bir işdir. Səni sakitləşdirir də, əsəbiləşdirir də. Çəmənin kənarında boy verən qarağacın altında oturub həm qırmağına balıq düşməsini gözləyirsən, həm də ot-ələfin, gəncliyin, həyatla bağlı olan qorxularının rayihəsi ilə ciyərlərini doldurursan. Düşünürsən, düşünürsən, sakit-sakit düşünürsən. Bəzənsə qarmağına suyun üzüylə axıb-gedən şax-şəvəldən, zir-zibildən savayı heç nə düşmür və bu anlarda balıqçılığa olan münasibətində qərəz yaranır; bu qərəz elə həddə çatır ki, ümidsizlikdən tamam başını itirirsən.
Mən qəlbimi də tez-tez bəxş edirdim. Adətən qısaömürlü olan məhəbbət macəralarından əlahiddə zövq alırdım. Qızlara bəslədiyim münasibət isə kübar mühitdə qəbul olunmuş qaydalardan, zahiri utancaqlıq pərdəsinə bürünmüş əlamətlərdən uzaq idi; mən dəniz qamışı kimi tez alışır, adətən istəyimə tez çatır və tez də sönürdüm.
Lakin mən kənddə bir dəfə ciddi aşiq olmuşdum. Ürəyimi çalan həmin qızı toyda görmüşdüm. Bu əhvalat belə olmuşdu: birinci kursu bitirib yay tətilində kəndə qayıtmışdım. Qonşuluqda toy vardı, yollandım ora. Kürəyimi stulun söykənəcəyinə dayayıb yenicə oturmuşdum ki, birdən gözüm dikdaban tuflilərdə üzərinə xalça sərilmiş uzun pilləkənin pillələriylə gümrah addımlarla enən tünd qara saçlı, qonur gözlü, gülümsər çöhrəli, qədd-qamətli qıza sataşdı. Bu, qonşumun nəvəsi - Səbinə idi, uşaqkən birlikdə o qədər cırcırama tutmuşuq ki... Heyranlıq və utancaqlıq ifadə edən baxışlarla bir xeyli süzdüm onu, başımda saysız-hesabsız fikirlər cilvələndi.
Evə gələn kimi oturdum, üzümü tutub elə hey onun barəsində fikirləşdim. Onunla elə burada, bu kənddə uzun və xoşbəxt bir insan ömrü yaşaya bilərdim. Bir çox adamların yaşadığı kimi... Evimizdəki hər kəsi öz inadımla dalana dirədim. Dedim, ya universitetdən imtina edib əsgərliyə gedəcəyəm, ya da o qızı mənə alın. Bu düşüncə canıma-qanıma işlədi, beynimdə bunun üçün onlarla vadaredici səbəb kök saldı. İnadkar və usandırıcı təkidlərimə baxmayaraq, razılıq vermədilər. İki-üç gün ac qaldım. Qayıtdım Bakıya. Zəng vurdum evə ki, bəs, universitetin qabağındayam, qızgilə getməsəniz, ərizəmi yazıb çıxacağam. Məndən bir az vaxt istədilər, razılaşdım.
Aylar keçdi, dərs başlandı. Öz təbiətim və vərdişim etibarilə unutqan olmağım həsədimin bütün hüdudları aşmasına əngəl törədir və bunun nəticəsi olaraq mən zamanla qızı tamam unutdum.
Şəhərdəsə başqa bir qız mənə aşiq olmuşdu. Buna tam əmin idim. O, dolu bədənli, mehriban baxışlı bir qız idi, adı Zərintacdı, uzun hörüklərlə əhatələnmiş xoş cizgili sifəti vardı; hər məni görəndə qızarırdı, nə vaxt əlindən tutsam, əli əsirdi, baxışlarımız çarpazlaşanda gözlərini yerə dikirdi, bəzən isə nazlanaraq dodağımdan ona qarşı xoş sözlər qopmasını gözləyirdi. Mən isə özümdənrazı halda onun qulağına "Səni sevirəm" deyə pıçıldamışdım. İstəyirdim ki, o, mənə tez isinişsin, heç nədən çəkinməsin, mənim onu oxşayıb-sığalladığım kimi, o da sıxılıb-utanmadan mənə cavab versin. Ancaq o, utancaq idi, mənim çox da irəli getməyimə mane olurdu. Hiss edirdim ki, o, məndən yalnız pak, təmiz nəvazişlər, mehriban, amma şəhvətsiz oxşamalar istəyir, istəyir ki, bu yaxınlığın sonu izdivacla nəticələnsin, əvvəl ruhumuz, sonra da taleyimiz birləşsin. Hətta mənə elə gəlirdi ki, qız səbirsizliklə bizim toyumuzu gözləyir, mənim isti nəvazişlərimdən daha çox bu təhər şeyləri xəyal etməkdən zövq alır. Qız məni əməlli-başlı çıxılmaz vəziyyətə salmışdı. Bu, həqiqətən də, çıxılmaz vəziyyət idi və ola bilsin ki, məhz buna görə mən laqeydlik göstərərək bu məsələnin dərinliyinə getmədim. Mən öz ehtirasımı cilovlamaqdan yorulmuşdum, anlaşılmaz taqətsizlik əldən salmışdı məni. Elə hey dərindən köks ötürürdüm. Nəhayət, başa düşdüm ki, bu yorğunluğun, köks ötürmələrin səbəbi - mənim səbirsizliyimdir. Bundan sonra da istəyimə çatmaq üçün səbir təşnəsinə çevrilə bilməzdim, ona görə də, ən yaxşısı ondan qaçmaq, bacardıqca uzaqlaşmaq idi. Bunu isə ona yadlaşdığımı göstərə-göstərə, qəlbində özümə yer tuta bilmədiyimi anlada-anlada, axmaq davranışlarımla onun rəğbətini qazana bilmədiyimi sübut etməyə çalışa-çalışa etdim. Amma mən heç də uzun, hüznlü və tənha günlər keçirmədim, yeni münasibətlərə can atdım, yeni başlanğıclara həvəsləndim. Bəli, məni bu baxımdan tam mənasilə bəxti gətirən adam adlandırmaq olardı. Lakin bununla bərabər, mən, həmişə həyatımda nəyinsə çatmadığını hiss edirdim. Nədənsə elə zənn edirdim ki, təkəm, bir kimsəm yoxdur. Bilaixtiyar tez-tez düşünürdüm ki, yanımda mənə həyan olacaq, əzizləyəcək heç kəsim yoxdur. İstəyirdim ki, həyatımda elə bir adam olsun ki, onunla daha sadə və daha dostcasına əlaqələr quraq. Birlikdə olanda özünün, şəxsən özünün nə istədiyi, nəyin xəyalı ilə yaşadığı haqda müfəssəl sorğu-suala tutam onu. O isə hər şeyi açıqdan-açığa danışa, nəyisə etiraf etməyə çəkinməyə.
Mənimlə münasibət quran qızlar çox qısa müddətdə xarakterimin sabitsizliyinin nə demək olduğunu öyrənirdilər. İkicə həftəlik yox olanda və bundan sonrakı ilk görüşdə bizim söhbətimiz çox uğursuz olurdu. Qızlar açıq və kobudcasına mənim məsuliyyətsiz olduğumu deyir, bu münasibətin ömrünün uzun olacağına inanmadıqlarını bəyan edirdilər. Mən bununla razılaşmağa məcbur qalsam da, nə heyrətlənir, nə də kədərlənirdim. Əksinə, bir andaca onlar üçün yad və uzaq bir adama çevrilirdim. Çünki mən qızlarla adətim üzrə, sadəcə, öz başımı qarışdırmaq, əylənmək üçün söhbət edir, "sevgi-sevgi oynayırdım". Ayrıldığım qızlar isə məni unuda bilmirdi. Məndən hər nə qədər uzaq olurdularsa da, bir o qədər məni görmək arzusu ilə yanırdılar.
Amma bir gün elə bir şey oldu ki, bu, həyatımın bundan sonrakı dəqiqələrini zəhərləmək gücündəydi. Bu hadisə bir payız günü, günorta baş verdi.
Elmlər Akademiyasının qarşısındakı insan qaraltılarıyla dolu parkda veyil-veyil dolaşırdım. Hava həm sərin, eyni zamanda qar havası kimi təmiz idi. Günəş şəhərin qərb qurtaracağı üzərində dayanmışdı, yerdə uzun kölgələr sürünürdü. Oturacaqlarda oturan bir dəstə bekar adam ötüb keçənlərə göz qoymaqda idi. Bir də baxdım ki, incə, zərif boyunlu, qəşəng, qonur gözlü bir qız yumşaq addımlarla, quş kimi süzən yerişlə parkda gəzinir. Başladım quzu güdən canavar kimi ona göz qoymağa. Amma bir neçə addım atıb onu daha yaxından görəndə heyrətimdən çaşıb qaldım. O, mənim kənddə aşiq olduğum qız - Səbinə idi. Mən onu tamam yadımdan çıxarmışdım və bir də görəcəyimi (özü də şəhərdə) güman etmirdim. Geridə qalan illər ərzində heç dəyişməmişdi, hətta saçlarının daranışı da o vaxtkı kimi idi. O, nəhayət, boş skamya tapıb əyləşdi. Əyləşən kimi də başladı telefonuyla əlləşməyə. Ürəyimdə dedim: "Görəsən, o məni tanıyacaq? Əgər tanımasa, kim olduğumu mütləq ona deməliyəm. Hətta bir neçə il bundan qabaq ona bir andaca dəli kimi aşiq olduğumu da bildirməli, fürsət tapıb bunu ona deyə bilmədiyim üçün üzr də istəməliyəm". Bu fikir canıma-qanıma işlədi və onun nə dərəcədə uğurlu olacağını indi, məhz indi yoxlamaq istədim. Yeriyib düz Səbinənin yanında oturdum və oturan kimi də nəzərlərimi ona yeritdim. Onun parıltılı qara saçları səliqə ilə arxaya daranıb hamarlanmışdı (sonuncu dəfə görəndə də belə idi). Göyümtül sviteri sinəsini şux tuturdu. Sol biləyində zərif əl işi olan bilərzik, üzərində isə kiçicik, dairəvi saat vardı. Zərif barmaqlarının yüngül hərəkətiylə telefonda qurdalanır, gözünün ucuyla da mənə baxmırdı. Özümü itirdim, bilmədim nə edim, başladım əsnəməyə. O qədər əsnədim ki, lap ağzım aralı qaldı. Gördüm yox, onun diqqətini cəlb edə bilmirəm, bəm səslə yanıqlı-yanıqlı fit çaldım. Yenə bir nəticəsi olmadı. Bu dəfə başladım öskürməyə, boğazımdan ard-arda quru, xışıltılı öskürək qopdu. Bu da yetkin sifəti ehtiraslı və gözəl olan Səbinənin eyninə olmadı. Nəhayət, əzabverici utancaqlıqla "Deyəsən, tələbəsiniz?" - deyə soruşdum. Gözlərini telefondan ayırmadan həvəssizcəsinə "Aha" - dedi. Dilim açıldı. Dedim, mən də tələbəyəm. Səbinə dinmədi, iri, qara gözlərini yuxarı qaldırıb gülümsündü və təzədən başını aşağı saldı. Yox, o, məni tanımamışdı. Mən özümdə güc tapıb adımın Orxan olduğunu deyəndə də bu ad ona xüsusi gəlmədi və o, sükutunu pozmadı. Artıq başa düşdüm: o, ümumiyyətlə məni görməzdən gəlirdi! Birdən telefonunda nəsə oxudu və bu zaman onun gözlərinin parıltısı ən qiymətli ləl-cəvahirat parıltısını üstələdi, yanaqları çiçək kimi açıldı və o, cəld ayağa qalxdı. Titrəyən səsimlə "M-mən, bilirsiniz, h-hansı Orrxanam..." dedikdə isə arxasını mənə tərəf çevirib sözümü ağzımda qoydu. Tələsik və vüqarlı addımlarla üzü metroya yol tutdu. Damağıma bir siqaret qoyub tərəddüdsüz onu təqib etdim. O yeridikcə arxadan onun yaraşıqlı vücudunu seyr edirdim. Səki boyu irəliləyib metronun xəyalət kimi ucalan ön fasadının qarşısında dayandı. Burada oynaq gözlü, cılız, kəkilli, seyrək sarışın saqqalı uzunsov sifətinə bir az da eybəcərlik qatan bir oğlan onu qarşıladı. Hərarətlə qucaqlaşıb görüşdülər. Oğlan boz paltosunun döş cibindən rəngli kağız bükülüsü çıxarıb Səbinəyə uzatdı. Sevincindən çılğına dönən qız yerindən sıçrayaraq oğlanın əlləri arasına aldığı eybəcər sifətini öpüşlərə qərq etdi. Onlar bəxtiyar halda qol-qola girib yolun o biri tərəfinə keçdilər və burada nəyisə gözlədilər. İki-üç dəqiqədən sonra əl-ələ tutub gələn oğlanla qız onlara yanaşdı. Qızlar öpüşərək, oğlanlar isə əllə görüşdülər. Yeni gələn qızın cizgilərini tam görəndə məni elə bil ildırım vurdu. Yerimdə quruyub qaldım. O, bir vaxtlar məni sarsılmaz məhəbbətlə sevən qız - Zərintac idi. Onun əlindən tutan oğlanın görünüşü isə əsl gicbəsər görünüşü idi. O, uğultulu-cingiltili səsiylə "Tələsməliyik, yoxsa gecikəcəyik", dedi və bir neçə addım atıb yolun kənarında dayanmış taksiyə yaxınlaşdı. Başını sürücü tərəfdəki açıq pəncərədən içəri doğru uzadıb nəsə danışdı, yəqin gedəcəkləri yeri söylədi və qiyməti öyrəndi. Ardından əl işarəsiylə yoldaşlarını çağırdı. Özü qabaqda oturdu, Zərintac, Səbinə və kəkilli oğlan isə arxada əyləşdilər. Maşın tərpəndi.
Ah, nə böyük məyusluq! Bir anlıq sinəmdə kəskin ağrı duydum, sanki ürəyimə iynələr sancıldı. "Sən bir işə bax!" deyə mızıldandım. Sarsılmış, ruhdan düşmüş mən, labüd fəlakəti dəhşətlə gözləyən adamlarsayaq yerimdə vurnuxdum. Ya taleyin bu oyununa inana bilmədiyim, ya da pərt olduğum üçün bir anlığa qorxudulmuş küçük kimi inildədim. Üzümü çevirəndə gözlərim dayanacağın yanında qoyulmuş zibilqabına sataşdı. Nədənsə elə hiss etdim ki, zibilqabı ağzını geniş açıb mənə gülür, göz vurur, "zavallı" deyir. Özümü saxlaya bilmədim, yaxınlaşıb tutarlı bir təpik ilişdirdim ona. Baxmayaraq ki, ayağım ağrıdı, birdən-birə içimdəki qəzəb soyudu və sakitliklə əvəz olundu. Sanki zibilqabına vurduğum zərbə güclü bir sakitləşdirici kimi dərhal öz təsirini göstərdi. Damağımda yanıb qurtaran siqaretin kötüyünü yerə tullayıb, qranit pilləkənlərlə qalxdım, metroya girdim.
Aprel, 2025-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!