Yaşıl bülbül... - Orxan FİKRƏTOĞLU

Kinossenari

1-ci epizod

Mərmər pillələrə zəif işıq düşüb.

Səssizliyin arxasından batıq küy duyulur.

Artırma və pillələr zil qaranlıqdır.

Yuxarı mərtəbələrdən birində "şakka-şurukla" qapı açılır.

Bir müddət qaranlıq içində ancaq ayaq səsləri eşidilir.

Kamera statikdir.

Çox keçmir pillələri düşənin yaşlı qadın olduğu görünür.

Yaşlı qadın işığın düşdüyü yerə çatanda dayanıb nəfəsini dərir.

Qadın ağır-ağır nəfəsini alır.

O, bir qədər dincələndən sonra yenə aşağı enir.

Nəhayət, qadın pillələrə düşən zəif işığı adlayıb  görünməz olur.

Bir qədər sonra biz onun ancaq ayaq səslərini eşidirik.

 

2-ci epizod

Dolu bədənli, iri, qorxaq gözlü bibi telefonla danışır.

O, güzgünün önündə dayanıb.

Pırtlaşıq saçları, o qədər də gözəl olmayan üzü gözlərinin ifadəsinə tən deyil.

Bibinin gözlərində qəribə bir qorxu var.

Bibi: - Bibi ad gününə sənin üçün nə alsın, göyçək qızım? Nə alım? Necə quş olsun? Yaşıl bülbül? Yaşıl bülbül olmur axı? Yaxşı, yaxşı ağlama. Tapıb alaram!

Bibi telefonun qapağını qapayır.

Bibi güzgüdə bir müddət dinməzcə özünə baxır.

Sonra bibi qollarını quş qanadları kimi kənarlara açıb uçurmuş kimi yelləyir.

Bibinin gözlərindəki qorxu yerindədir, tərpənməzdir.

 

3-cü epizod

Bibi "Zoo dükan"dadır.

O, sıra ilə düzülmüş bülbül qəfəslərinin önündən keçir.

Nəhayət, sıranın sonundakı qapısı açıq dar qəfəsdə ayaq üstə dayanmış  "yaşıl bülbül"ü görür.

Bülbülün görkəmi o qədər də ürəkaçan deyil.

Yaşıla çalan tükləri tökülmüş bülbülün gözləri də qapalıdır.

Bibi satıcını əliylə yanına çağırır.

Bibi: - Bu yaşıl əllamə bülbüldür?

Satıcı: - Görmürsən ki, qarğa deyil?

Bibi: - Yaşıl bülbül olur ki?

Satıcı: - Nə rəng desən bülbül olur, ay bacı!

Bibi: - Bu quş niyə belə əldən düşmüş görünür? Nədən belə yorulub?

Satıcı: - Yorğun deyil, yeməyini də pis yemir. Tipi belədir. Qanı həmişə qaradır. Dişilərlə cütləşmir, erkəklərlə də vuruşur!  Qəfəsin qapısı bağlı olanda da boğulur! Səndən pul zad istəmirəm. Ondan xoşun gəlirsə götür havayı apar!

Bibi: - Bəlkə xiffət eləyir?

Satıcı: - Vallah bilmirəm ay bacı, bülbül dilini bilsəm, özüm ona o qədər sual verərəm ki!

 

4-cü epizod

Bibi şəhərin mərkəzindəki açıq kafedə tənhaca  oturub.

Miz üstündə üç-dörd adamlıq yemək var.

Bibi kofe içə-içə əlindəki telefonun "tanış nömrələr siyahısına" baxır.

Siyahıda cəmi bir nömrə var.

Bibi həmin nömrəni yığır.

Xəttin o tayında onun zənginə cavab verən yoxdur.

Bibi cavabı səbirlə gözləyir.

Nəhəyət,  onun zənginə cavab verirlər.

Bibi danışdığı adamın uzun monoloqunu dinləyəndən sonra: - Olar sənə sabah zəng vurum? - deyir.

Bibi telefonu mizin üstünə atıb ətrafına boylanır.

Kafedə ondan savayı müştəri yoxdur.

Bibi başını aşağı əyib mizin üstündəki qamburgerləri acgözlüklə yeməyə başlayır.

Qəfil Bibinin gözü qəfəsdə sıxılan yaşıl bülbülə sataşır.

Yaşıl bülbülün qəfəsi bibinin qarşısındakı mizin üstündədir.

Bibi əlindəki qamburgeri tikələyib qəfəsin içinə atır.

Yaşıl bülbül yeməyə gözünün ucuyla belə baxmır. Dar qəfəsdə var-gəl edir.

 

5-ci epizod

Bibi qəfəs satılan dükanın içindədir.

Bibi yaşıl bülbül üçün yeni daha iri bir qəfəs seçib alır.

Bibi əlində qəfəs dükandan çölə çıxır.

Bibi əlindəki pult ilə maşınının qapısını açıb arxa oturacağa oturur.

Bibi arxa oturacaqda yaşıl bülbülü balaca qəfəsdən əli ilə götürüb iri, təzə qəfəsin içinə buraxır.

Təzə və geniş qəfəs yaşıl bülbülün xoşuna gəlir.

Yaşıl bülbül qəfəsdə qanadlarını gərir.

Yaşıl bülbül yeni və geniş qəfəsində cəh-cəhə yaxın səslər çıxarır.

Bibinin  üzü gülür...

 

6-cı epizod

Bibi maşını idarə edir.

Artıq qaranlıq düşüb.

İri qəfəs maşının arxa oturacağı üstündədir.

Yaşıl bülbül iri qəfəs içində sağa-sola uçur.

 

7-ci epizod

Bibi hündür binanın qapıları ağzında dayanıb.

İçində yaşıl bülbül olan iri qəfəsi qucağında tutub. O, qəfəsin arxasından görünmür.

O, əlində yük olduğu üçün binanın qapısını aça bilmir.

Nə əlindəki qəfəsi yerə qoya bilir, nə də qapını aça bilir.

O qəfəsi qarnı ilə divar arasında sıxıb. Əli qapının qarşısındakı düyməyə çatmır.

Ona bir cavan oğlan yaxınlaşır.

O, əlindəki xüsusi keçid kartı ilə qapını açır.

Oğlan bibiyə içəri keçməyə kömək edir.

Onun üçün liftin düyməsini basır.

Oğlan bibidən: - Neçənci mərtəbəyə qalxacaqsız? - soruşur.

Bibi: - On altıncı!

Oğlan: - Sizə kömək edim?

Bibi: - Zəhmət olmasa!

Oğlan qəfəsi əlinə götürən kimi yaşıl bülbül çığırmağa başlayır. Bibi yaşıl bülbülün bu qəribə çığırtılarından qorxan kimi olur.

Liftin qapıları açılır.

Bibi qorxa-qorxa liftə baxıb qəfəsi oğlanın əlindən zorla dartıb alır.

Bibinin bu hərəkətindən şaşırmış oğlan çaşqın halda liftin içinə keçir.

Oğlan: - Gəlirsiz, xanım?

Bibi: - Mən liftə minmirəm!

Oğlan: - Sizin üçün çətin olacaq axı!

Bibi: - Sənə dedim ki, get!

Liftin qapıları bağlanır.

Liftin qapılarına düşən zəif işıq altında bibi keçmişi əks elətdirən ağ-qara görüntülərlə on beş il geriyə dönür.

Onun altı yaşı var.

Kök, yaşıl bantlı qızcığazdır.

Liftin qapıları qarşısında dayanıb düyməciyi basır.

Liftin qapıları açılır.

Liftin içində yaşlı bir kişi dayanıb.

O, şəhvətlə qızcığıza baxır.

Heç nə başa düşməyən qızcığaz sevinə-sevinə liftə daxil olub arxasını kişiyə çevirir.

Liftin qapıları bağlanır.

Liftin aralı qapıları arasından içəri düşən zəif işığa həsrətlə baxan qızcığaz bibi.

Arxadan yaşlı kişinin iyrənc nəfəsi duyulur. 

Qızcığaz qapıların açılmasını səbirsizliklə gözləyir.

Kişinin arxadan ona nə etdiyini anlamır.

Nəhayət, qapı açılan kimi qızcığaz qışqıra-qışqıra çıxışa doğru qaçır.

Qızcığazın qorxu dolu gözlərindən pillələri qaça-qaça yuxarı çıxan bibinin gözlərinə keçirik.

Qəfəs Bibinin əllərindən pillələrin üstünə düşür.

Bibi qəfəsi qaldırıb bağrına basır.

Qəfəsdəki yaşıl bülbül də susub. Bir küncə qısılıb dayanıb.

Bibi ağır-ağır nəfəs alır.

Bibi filmin əvvəlindən artıq bizə tanış olan zəif işıq altında gördüyümüz pillələrə çatıb. Filmin əvvəlində gördüyümüz yaşlı qadın yenidən kadrda görünür.

İşıq qadının üzünə düşüb.

Yaşlı qadın: - Nə gözəl quşdur? - deyir.

Bibi: - Gözəl gününüz olsun, ay xala!

Yaşlı qadın: - Ürəyi qəfəsdə sıxılmır?

Bibi: - Çox sıxılır!

Bibi qəfəsi yerə qoyub dincini almaq üçün pillələrin üstünə oturur.

Yaşlı qadın aşağı enir.

Bibi yaşlı qadının get-gedə uzaqlaşan ayaq səslərinə qulaq asır.

Çox keçmir ayaq səsləri kəsilir.

Bibi yenə keçmiş görüntülərlə xatirələrə dalır.

Onu liftə zorlamış yaşlı kişi qaranlıq dəhliz boyu arxasıyca qaçır.

Onu qovan polislər kişiyə doğru atəş açırlar.

Bibinin anası həyətdə dizlərini döyə-döyə ağlayır.

Bibinin bu xatirələrdən gözləri dolub.

 

8-ci epizod

 Bibi növbəti mərtəbəyə çatanda liftin qapılarına doğru gedir.

O, çətinliklə nəfəs alır. Artıq yorulub.

Bibi liftin düyməsini basır.

Liftin qapıları açılır.

Bibi istəsə də içəri keçməyə cürət etmir.

Liftin qapıları yenidən bağlanır.

Bibi düyməni bir də basır.

Qapılar yenidən açılır.

Bibi yenə içəri keçə bilmir.

Liftin qapıları yenə bağlanır.

 

9-cu epizod

Bibi pillələrin üstündə oturub.

Qəfəs yanındadır.

Bibinin mobil telefonunun səsi eşidilir.

Bibi uzun müddət telefona cavab vermir.

Nəhayət, bibi telefonu qulağına tutur.

Bibi: - Gəlirəm də! Harda olacam, pilləkənlərdə! Əlbəttə almışam! Yamyaşıldır!

Bibi danışan zaman yuxarıdan açılan qapı səsi eşidilir.

Qardaşının evindən aşağı enən uşaqların səs-küyü qaranlıq pilləkənləri  işıqlandırır. Kadrın işığı da artıq rəngli olaraq görüntülənir.

Qardaşının uşaqları qəfəsi dövrəyə alıblar.

Bibi ayağa qalxır.

Bibi: - Bu da sənin yaşıl bülbülün, Səmra!

Uşaqlar qəfəsi qucaqlarına götürüb sevinə-sevinə liftə minirlər.

Liftin qapıları bibinin üzünə bağlanır.

Bibi pilləkənlərdə təkcənə qalıb, bilmir hara getsin. O, qorxa-qopxa ətrafa boylanır.

Hardansa bizə tanış olan yaşlı qadının ayaq səsləri eşidilir.

Qəfil yuxarıda qışqırıq qopur...

Çox keçmir qışqıra-qışqıra aşağı enən uşaqların sözlərini seçə bilməyən bibi  qarşısından uçub keçən yaşıl bülbülü görür.

Yaşıl bülbül qəfəsdən qurtulub çıxışa doğru uçur.

Uşaqlar da bülbülün arxasınca qışqırışa- qışqırışa aşağı enirlər.

Uşaqlardan biri əlində tutduğu iri qəfəsi bibinin dayandığı daş pillələrin üstünə qoyur.

Quşun qəfəsdən xilas olması bibini də ürəkləndirib.

Bibi qorxa-qorxa liftə yaxınlaşıb düyməsini bir dəfə də basır.

Liftin qapıları həmin dəqiqə açılır.

Bibi yenə tərəddüd edir.

Liftin qapıları ağzında dayanıb nə edəcəyini bilmir.

Həyatını dəyişmək istəsə də, buna gücü çatmır.

Liftin qapıları yenidən bağlanır.

Bibi qorxa-qorxa geri qayıdıb iri qəfəsin içinə girir.

Bibi qəfəsin içində dayanıb yuxarı qalxan pillələrə doğru baxır.

O, uzaqdan yaşıl bülbülə oxşayır.

Bibinin qorxu dolu gözləri üstündə filmin son titrləri görünür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!