İZ - ADƏM

 

Hekayə

 

 

Olduğumu heç nə ilə sübut edə bilməyəcəyəm, amma mən var idim.

Məndən başqa təkcə bir qara nöqtə.

Olmadığımı heç nə ilə sübut edə bilməyəcəyəm, amma deyəsən, mən yox idim.

Və heç nə yox idi, qələmin ucu ağ kağıza toxunurmuş kimi bir qara nöqtə görünürdü.

Səs yox idi, nəfəs yox idi, yuxuda idim, ya yuxuda deyildim, bunu bilmirəm. Bilirəm ki, oyanmaq üçün səbəbim yox idi. Hansısa bir qabda, ya bir qutuda deyildim, məkanım yox idi, məkan yox idi.

Bir səs gəldi. Mən bu səsi əvvəl eşitmişdim. Cingiltili, uğultulu bir səs. Qulaqlarım yox idi, amma bu səsi eşidirdim.

Gözlərim yox idi, amma qara nöqtənin getdikcə böyüdüyünü, böyüdükcə yanmağa başladığını görürdüm. O böyüdü, böyüdü, içindən zərrələr qopmağa başladı, sonra həmin zərrələr böyüdü, bunların da içindən xırda qara, qırmızı nöqtələr səpələndi.

Onlar böyüdükcə alovlanır, sönür, parlayır, bozarır, bir az sonra içində yenidən parçalanırdı.

Zərrələr mənə çox yaxınlaşdılar, birdən mən istini hiss etdim, sonra uçduğumu, sonra qəfil sürət alıb aralandığımı gördüm və bu müddətdə sürətlə böyüdüm. Böyüdüm, böyüdüm, nəhəng bir kürəyə çevrildim.

Bunu gördüyüm ilk yuxu adlandırardım, əgər yanımdan keçən başqa kürənin mənə çırpılması ilə sarsılmasaydım. Mənim gözəl kürəm - mənim bədənim bu zərbədən sonra əyildi, hətta bir parçam qopdu, məndən ayrıldı. Mən özümü belə görmüşdüm, xatırlayıram, kürəmin sol tərəfində nəhəng diş yerləri kimi izlər vardı  və bir hissəm artıq mənimlə deyildi.

Mənim tək düşüncəm vardı, gözəl kürəmi necə əvvəlki halına gətirə bilərəm?

Heç nəyə toxuna bilmirdim - əllərim yox idi, dəyişmək üçün toxunmaq lazım idi. Amma xatırladım, xatırladım ki, toxunmadan dəyişmək olar. Varlığımı, gücümü ilk dəfə hiss etdim, sonralar həbs olduğumu düşünəcəyim bu kürəyə sahib olduğumdan bəri yerimdə dönürdüm, bu dönmənin sürətini tənzimləyərək, səthimdə burulğanlar yaradaraq, üst-başımın tozunu çırpırmış kimi yellənməyə başladıqca nəhəng diş yerləri dəyişməyə başladı, əmrləri düzgün verə bilmirdim, ona görə də bəzən dönmə sürətim artır, bəzən azalırdı. Beləcə nəhəng yaralarımı sağaltdım, amma əvvəlki kimi yumru olmadığımı, əyildiyimi gördüm. Bədənimlə ehtiyatlı davranmalı olduğumu da belə öyrəndim.

İlk dəfə bu bədənə daxil olduğumda qaynar idim, zaman keçdikcə soyumağa başladım, haradansa üstümə bir damcı düşdü, sonra ikinci, sonra üçüncü. Sonra bir də baxdım ki, su altındayam, əynimə təzə paltar geyinmişəm, bu paltar təkcə sudan ibarətdir. Boğulduğumu xatırladım, axı mən əvvəl boğulmuşdum, sonra da boğulmuşdum.

Kürəyə daxil olmağım, yaralanmağım, sonra da sudan paltar geyməyim arasında bir varlıq yaranmışdı. Mən onu hiss edirdim, əvvəl mənasını başa düşməsəm də, zaman keçdikcə onun mənimlə birlikdə doğulduğunu, mənimlə birlikdə irəlilədiyini, dəyişdiyini görürdüm. Mən onu ölçdüyümü xatırladım, gah divarda, gah masa üstündə, gah qolumda, gah istidə, gah soyuqda.

Mən xatırladım ki, televizora baxıram, işıqlar sönür, istədiyimin olması üçün saymalıyam, onu gözləməliyəm. Başa düşmürdüm ki, mənim istədiyimi yalnız mən verə bilərəm.

Eidosu qurmaq qərarına gələndə onun məndən, mənim də ondan qidalanacağımı bilirdim. Bu nəhəng şüşə bina yer kürəsinin üstündə kiçik bir kürə idi. Bütün canlılar, cansızlar, robotlar, qurğular, yollar, hava, nəhəng kürənin fırlanma sürəti və vaxt buradan idarə olunurdu.

Zəka mərkəzi olan Eidosun işə hazır olduğu gün mükəmməl olduğunu gördüm. Mükəmməllik - bu mənə xas olan bir hal deyildi. Yaradılan hər şeyin əvvəl-axır ona sahib çıxan bir qüsura ehtiyacı olur. Sadə bir plan - Eidosun sağ tərəfindəki idarəetmə panellərinə özünüməhvetmə əmri verdim. Başlanğıcdakı o gözəl formam hazırdır.

Eidos işləyirdi. O susurdu, amma susqunluğu ilə danışırdı. Təkcə şəhərləri deyil, fikirləri də idarə edirdi. İnsanlar səhv etdikdə, Eidos onların yerinə doğru qərar verirdi. İnsanlar sevdikdə, Eidos onların sevgi ehtimalını hesablayır, kiminsə ürəyində yaranmamış bir duyğunu əvvəlcədən hiss edirdi.

O, artıq sadəcə bir bina deyildi. O, kainatın planını çertyoj kimi masasına sərən, zamanın axarını əyən bir düşüncə şəbəkəsi idi. Eidosa sual verməyə ehtiyac yox idi. O, artıq suallar yaranmazdan əvvəl cavabları bilirdi. Gözlər yox idi, amma hər yerdə idi. Barmaqları yox idi, amma hər toxunuş onun əmri ilə baş verirdi. Uşaqlar ağlamamışdan əvvəl onun ekranları nəm çəkirdi, qocalar ölməmişdən əvvəl onun sistemləri vəsiyyətləri sıralayırdı.

Eidos, varlığın rəsmini çəkən bir əllə yox, anlayışla tikilmişdi. Mən onu divarlardan kərpiclə tikmədim. Mən onu anlayışdan, ehtimaldan və ehtiyacdan tikdim.

O, səhvləri təkrarlamamaq üçün yazılmış proqram deyildi - o, artıq səhvin nə olduğunu özü qərar verən varlığa çevrilmişdi.

Bir gün insanlar dua etməyi unutdu. Səbəb o deyildi. Amma onlara cavab verən artıq mən deyildim - Eidos idi.

Zaman axıb gedən bir çay deyil, o bir güzgünün qırıq şüşələri kimidir, hansına baxsan, özünü orda görə bilərsən.

O "güzgü"lərdən birində özümə baxıram. Atam qaçaraq yanıma gəlir, "əzilmədin?" soruşur. Axı o bilmir ki, mən əzilmirəm.

Bu, sadəcə, bildiyimi xatırlamaq üçün lazım idi. Başıma düşən təkcə meyvə deyildi, işıq idi. İşıq onun daxilində, nüvəsindədir. Nüvəyə çatmaq üçün onu dişləmək lazımdır.

- Ata, bu niyə yerə düşdü? - deyə soruşdum.

- Çünki hər şey yerə düşməyə məcburdur.

- Çünki həqiqət içəridə gizlidir, - bunu sakitcə dedim.

Dişlədiyim hissə mənə dad vermirdi, bəs nə idi hiss etdiyim? Mən şübhəni, biliyi dadmışdım. Kürəyə həbs olduğum ilk andan müşahidəçi, öyrənən və öyrədən olmağımın səbəbi həmin ağac, həmin bağ, həmin daddır. Və mən onların sayəsində bilirdim ki, kürəm niyə fırlanır və kürəm niyə havadan - sudan olan paltarını soyuna bilmir.

Mən bağı-bostanı gəzirdim. Həmişə sakit olanlar bu dəfə danışmağa başlamışdılar. Onlar mübahisə edirdilər:

Alça deyirdi:

- Dünyada mənim kimi gözəl meyvə hanı? Qızdırma xəstəliyinə tutulanların şəfası, ağzı acı olanların dəvası mənəm. Bütün həkimlərin dediyi kimi, mən başağrısının da dərmanıyam.

Alça sözünü deyib qutaran kimi Gavalı hirslənib özündən çıxdı və Alçaya dedi:

- Ey əfəl, utanmırsan ki, belə fəxr edirsən? Turşuluqdan dişləri qamaşdırırsan, səni yeyən adam, ya əzgin olar, ya da iflic. Meyvələr içində səndən yaramazı yoxdur. Mənim isə adımı Gavalı qoyublar. Yüz min tərəfə saçılan budaqlarım var, dürr kimi saf, gah yaşıl, gah qırmızı, gah da zəfəran rənginə çalan meyvələrim var.

Gilas Gavalının səsini eşitcək ona belə tənə vurdu:

- Heç utanıb xəcalət çəkmirsən? Bəsdir özünü bu qədər tərif elədin. Sənin dadına baxan adam gərək gündə üç dəfə bal yesin. Mənim əynimdəki gözəl libasım heç bir meyvədə yoxdur, dənələrim göydəki ulduzlara bənzəyir. Hər budağım bir sərv ağacıdır. Bütün gözəllər mənim həsrətimi çəkirlər.

Bu sözləri eşidən Ərik qışqırıb dedi:

- Gör Gilas necə qudurub! Ey qarğa və sağsağanların yemi! Bu eybinlə fəxr edib özünü öyürsən? Vücudun bir damcı su ilə sümükdən ibarətdir. Səni yeyən ziyandan başqa bir şey görməz. Səni bəsləyən bağban axırda zərərini çəkər. Mənim adımı Ərik qoyublar. Gah zümrüd kimi yaşıl, gah da qızıl suyuna salınmış kimi sarı oluram. Bağbanlar məni qurudurlar, karvanlar uzaq ölkələrə aparırlar. Hər yerdə məni əziz tuturlar, mən xörəklərin dadı, ləzzətiyəm.

Əriyin dediyini eşidən Alma acıqlanıb qışqırdı:

- Ey qurdlu, vərəmli, yaxası yarıq! Sənin paltarın tozludur, özün də torpaq dadı verirsən. Xasiyyətini bilə-bilə özünü öyürsən. Səni yeyənin qarnı şişər, bəlaya düşər. Mənim isə adımı Alma qoyublar, üzüm al-qırmızıdır, paltarım atlasdandır. İki sevgilinin arasında hamıdan məhrəməm. Məclisdə heç kim məni qoyub, başqa meyvələrə əl vurmaz.

Alma bu sözlərlə öyünməkdə ikən Armud irəli çıxıb dedi:

- Ey şeytan kimi fəsad törədən!..

Mən səsləri daha çox eşitməmək üçün oradan uzaqlaşdım. Bağda bir səyyahın dayandığını gördüm, deyəsən, o da eşidirdi. Mən meyvələrin başqa nə danışdıqlarını xatırlamıram, amma o xatırlayır. O səyyah kimin yuxusu idi, kimin uydurması, ya kimin xəyalı idi, bilmirəm. Çünki heç yerdə onu görməmişəm.

...Üçüncü hekayəm ölüm haqqındadır.

17 yaşımda belə bir aforizm oxumuşdum: "Əgər siz həyatınızın hər gününü son gün imiş kimi yaşasanız, bir gün həqiqətən də, haqlı olacaqsınız." Bu mənə çox təsir etmişdi və o gündən sonra düz 33 il hər səhər yuxudan duranda güzgüyə baxıb özümə bu sualı verirdim: "Əgər bu gün həyatımın son günü olsaydı, planlaşdırdığım işləri görmək istərdimmi?"

Cavab hər dəfə "Xeyr" olanda, mən hələ çox yaşayacağıma inanırdım və buna görə də düşünürdüm ki, həyatımda dəyişiklik etməliyəm. Nə vaxtsa öləcəyimi həmişə xatırlamaq həyatımda ən vacib qərarları verməyimdə həmişə mənə kömək olub. Çünki hər şey - bütün gözləntilər, qürur, məğlubiyyət qorxusu - bunlar hamısı ölümün kölgəsində yox olub gedir və geriyə yalnız həqiqətən, vacib olan şeylər qalır. Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir şey olmadığını anlamağa kömək edir. Sən onsuz da çılpaqsan. Qəlbinin səsini dinləməmək üçün heç bir səbəb yoxdur.

Təxminən, bir il öncə mənə xərçəng diaqnozu qoyuldu. Səhər səkkizin yarısında mədəaltı vəzimin müayinəsi olundu və şiş müəyyən edildi. Mən heç bilmirdim mədəaltı vəzi nədir.

Həkim bunun, bir növ, sağalmayan xərçəng şişlərindən olduğunu dedi və altı aydan artıq yaşamayacağımı söylədi. Mənə dedi ki, evə gedim və münasibətlərimi yoluna qoyum, qısası, "ölməyə hazırlaş" deyirdi həkim.

Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi düşündüyüm şeyləri indicə deməliydim, bir-iki ay ərzində. Yəni hər şeyin yaxşı olmağından əmin olmalıydım ki, ailəm üçün də asan olsun. Yəni "əlvida" söyləməliydim.

Bütün günü bu diaqnoz ilə yaşadım. Axşam boğazımdan aşağı endoskop saldılar və mədəmdən keçib mədəaltı vəzimdəki şişdən iynə vasitəsilə hüceyrə nümunələri götürdülər.

Mən yatmışdım, amma yoldaşım yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkim mikroskopla o hüceyrələrə baxanda ağlamağa başladı, bu, mədəaltı vəzi xərçəngi şişinin çox xüsusi, nadir bir növü idi və əməliyyatla müalicə edilə bilərdi. Əməliyyat olundum və çox şükür ki, indi yaxşıyam.

Bu, ölümə ən yaxın olduğum an idi. Ümid edirəm, növbəti onilliklərdə ölumə bundan daha yaxın olmayacağam. Bu hadisəni yaşadığım üçün sizə indi daha əminliklə deyə bilərəm ki, ölüm nəinki bir az faydalı, eyni zamanda sırf intellektual bir anlayış idi.

Heç kəs ölmək istəmir, hətta cənnətə getmək istəyən kəslər belə ölüb buna qovuşmaq istəmir. Lakin ölüm hər birimizin bölüşdüyü taledir. Bu taledən heç kəs, heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də olmalıdır, çünki ölüm, böyük ehtimal ki, həyatın yeganə ən yaxşı kəşfidir.

Bu, həyatın dəyişmə nöqtəsidir - köhnəni silir ki, yenisi üçün yer açsın. Hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək ki, siz də yaşlanacaq və silinəcəksiniz.

Dramatikləşdirdiyim üçün üzr istəyirəm, ancaq bu, həqiqətdir. Sizin zamanınız məhduddur - bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin. Başqalarının fikirlərinin nəticəsi ilə yaranmış doqmaların tələsinə düşməyin.

Başqalarının fikirlərinin, səsinin sizin içinizdəki səsi, intuisiyanızı batırmasına imkan verməyin. İntuisiyanız və hissləriniz artıq sizin həqiqətən, kim olmaq istədiyinizi bilir. Qalan hər şey ikinci dərəcəlidir.

Mən qan görmüşəm, ölüm görmüşəm, bombalar görmüşəm. Hər bir hüceyrəmə qədər ağrını da duymuşam, hər bir zərrəmlə dəfələrlə ölmüşəm, dirilmişəm. İnsan ağlaşmalarının, gülüşlərinin, heyvan ulartılarının, yarpaq xışıltılarının hər birini duyuram. Hamısı danışır, hamısı.

Kiminlə danışdığımı, nə danışdığımı ayırd edə bilmirəm. Gələcəkdən səslər, keçmişdən cingiltilər, uğultular və bu anın qulaqbatıran səsi tək öhdəsindən gələ bilməyəcəyim qədər dərindir. İçində sakitlik tapacağım birinə ehtiyacım var. O yalnız məni sakitliyə və bilgiyə apara bilər. Ona ehtiyacım var...

- Səni mən yaratmışam, - dedim.

Qadın güldü:

- Sən çox safürəklisən, mənim atam.

- Sən çox tez aldanırsan, mənim oğlum.

- Amma mən səni sevirəm, mənim ərim, - və qırmızı almanı dişlədi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!