Hekayə
Sən aldanmamısan... Sənin, bəlkə də ən böyük günahın məni tanımamağın oldu. Sən məni tanısaydın, xəyallarımı və arzularımı da sevəcəkdin... Sən məni tanımadın və eləcə də qaçdın... Amma bəlkə də...
"Bəlkə"lərlə dolu dünyada yaşamaq çox çətindir. Bəs xəyal və arzular? Bu, insanlar üçün sadəcə sevincli, kədərli bir duyğudur, amma onun üçün tamamilə fərqlidir. Mən o qızı tanıyıram. Bəzən dənizin kənarında çılpaq ayaqlarını quma basaraq hayqırar, bəzən isə kiçik ovucları ilə gözlərini qapadıb gülümsəyər. Gözləri qəhvəyidir, günəşdə göz bəbəklərində sanki bir çılğın balaca qız rəqs edir, amma yağış yağanda elə kövrək olur ki, bu qumlu sahil belə onun göz yaşlarını dindirməyi bacarmır. Saçları uzundur. Rüzgar kimi sərtdir, amma qartopu qədər həssas. Toxunsan, qopar əllərindən. O qız saçlarına toxunduğundan qumlu sahilə hədiyyə vermək istədi, amma sonra ayaqlarının qumda titrədiyini görüb geri çəkildi. Məhz o an dedi ki, "bəlkə..." Bu qızın taleyində yazılan o "bəlkə" əslində, bütün alın yazısının cavabı idi...
Göy guruldadı. Şimşək çaxdığında göylərdən bir balaca, xəfif bir bulud parçası yerə qondu və çırpınmağa başladı. O, parçalanan, yaralı bulud parçasına toxunduğunda bulud parçası qışqırdı.
- Toxunma!
Araya möhkəm bir sükut çökdü. Necə ola bilərdi ki, bir bulud parçası ağlayaraq çırpınsın?
Bəlkə də mən dəli olmuşam, insanların "şizofrenik" adlandırdığı dəlilik... Bəlkə də arzular və xəyallar yaratmaq da bir dəlilikdir...
Qız bulud parçasından yavaş-yavaş uzaqlaşmağa başladı. Ayaqları qumlu sahildən uzaqlaşdıqca üşüyürdü. Bədəninin hər zərrəsi tir-tir titrədikcə, ayaq barmaqları da onu getdikcə qaçmağa vadar edirdi.
- Getmə! Sənə sözüm var! Səni biri ilə tanış edəcəm!
- Sən?
- Mənim adım yoxdur. Mən dünyaya gəldikdən sonra belə, bir neçə dəqiqə içində ruhumu göylərə təslim etmişəm. İndi sənə vacib deyiləsi sözüm var. Məni diqqətlə dinlə.
O, donub qalmışdı. Simasındakı cizgilərin münasibəti belə dəyişmişdi. Ovuclarını sıxıb, yerində tullanaraq dinləyirdi.
- Sən... Sən axı buludsan!
- Bulud... Bax, sən məni bulud olaraq görürsən. Mən sənə Tanrıdan mesaj gətirmişəm, amma sən hələ də xəyallarda yaşayırsan.
- Məgər xəyallarda yaşamaq bu qədər yanlışdır?
- Yox... Ancaq sənin bağışlamadığın insanlar çoxdur.
- Mən bağışlamağı bacarmıram.
- Bəlkə də sən onları unutmamaq üçün bağışlamırsan. Bəlkə də qorxursan ki, bağışlasan, yenidən həyatına qayıdacaqlar. Bəlkə də sən özün-özünü sevmədiyin üçün bu tozlu quma ayaqlarını basıb, ruhunu qorxaq böyütmək istəyirsən?!
- Axı...
- Sus! Bax, görürsənmi ki, sənin həyatında nə qədər "bəlkə"lər var? Arzuların və xəyalların da səndən yavaş-yavaş qaçır, çünki sən onları bir qutucuğun içində boğub öldürmək istəyirsən!
- Mən qatil deyiləm!
- Qatil... Qatil - sən və insanlar üçün silahla öldürən adamdır, amma sən ruhundakı arzularını gizlədib, torpağa basdırdıqca ən böyük qatil olacaqsan. Sənin bir arzun vardı. Yox, yox, hətta iki arzun...
- Sən hardan bilirsən axı?
Bu an arxadan kimsə onun çiyinlərinə toxunaraq adını səslədi:
- Yasəmən...
- Qətiyyən arxaya çevrilmə, - deyə bulud qışqırdı.
- Mən... Yasəmən? Adımı hardan bilirsiniz?
- Sənə dedim sual vermə! Tez ol, diz çök, tez ol!
İllər sonra adı ilə ona kiminsə səsləndiyini eşitmişdi. O, həyatda nə xoşbəxt, nə də bədbəxt idi, amma arzuları yarım qalan bir insanın bir parçası necə yarımçıqdırsa, o da elə idi. Yerə baxdığında balaca bulud artıq qeyb olmuşdu. Arxasına çevrildiyində yanmış bir məktub parçası gördü. Titrəyən bədənini xəfif rüzgarın səsi bir az sakitləşdirdi. Xatırladı ki, o hələ buradadır, kainatda. Yanmış məktubun parçaları ovuclarına töküldü. Bir neçə dəqiqə ovuclarına baxıb, parçalanan hissələri dənizə atdı və əlində yarımçıq qalan parçanı oxumağa başladı:
Bax, sənin arzuların da bu yarımçıq, yanmış məktub kimidir. Sənin qolların çox genişdir, Yasəmən. Açdıqca, balaca körpələr sənə sığınmaq istəyir. Saçlarına xəfif toxunan rüzgar sənə heyranlıqla baxır. Göz bəbəklərinlə danışmaq istəyən Ay gecənin hüznlü vaxtını gözləyir. Bəzən şimşək o qədər güclü qışqırır ki, yağış damlaları tələsir ki, simandan süzülüb getsinlər. Bax, səni danışıram... İndi ayaqların qumdadır, amma qum torpaq deyil axı?!.
Sən bu dəniz sahilinə arzularını danışmaq üçün gəlmisən, amma düşünmürsən ki, torpaq sadəcə ölüm və kəfən deyil. Bəlkə də sənin üçün elədir. Görürsən, artıq sənin kimi "bəlkə"lərlə danışıram, amma hələ də arzularından söz aça bilməmişəm. Sənin bağışlamadığın bir insan vardı. Xatırlayırsan onu? Onu xatırlamaq üçün sən bu qumlu sahildən çıxıb, ayaqlarını dənizə atmalısan. Sən azad deyilsən, Yasəmən. Sənin ürəyindəki arzularını qəbul etmədikləri və sən o arzunun pilləkənlərini hələ qalxmadığın üçün azad deyilsən!
Bayaq balaca bulud parçası sənə arxaya baxmamağını söylədi, çünki bilirdi ki, sən hələ də küskünsən... Uşaqlığını xatırla, Yasəmən. Uzun saçlarınla danış, ona hər şeyi izah et. Axı sənin balaca barmaqların pianonun üstündə gəzirdi... Bir gün o pianodan əllərin qopdu, amma səni ən çox o səhnədə görmək istəyən bir şəxs vardı. Sən onu unutmusan... Bilirəm, həyatında ona çox qırılmısan, amma qırılan parçaları tapmağa çalış! Biri bu gün qarşında idi. Bax, bulud...
İndi səninlə sağollaşıram, amma bu məktubu dənizə təslim et, görəcəksən, parçaları qumun üstünə çıxıb və səni gözləyir.
Yasəmən əlindəki məktub parçasını qatlayıb dənizə təslim etdi. Birdən barmaq uclarına kiçik yanmış kağız parçalarının yapışdığını gördü, amma yanmış kağız parçalar suda ovulmamışdı. Onları titrək əlləri ilə ovuclarına alıb diqqətlə baxdı. Qəribədir, kağız parçalarının yanmış hissəsindəki yazılar suda silinməmişdi. Bu, Tanrının lütfü idi! Parçaları birləşdirib qumun üstünə qoydu:
Məni bağışla, bəbəşkam. Sən bağışla ki, göylər də məni bağışlasın. İrəlidə səni gözləyən bir hədiyyə var. O hədiyyəyə yaxınlaş, xatırlayacaqsan. Atan...
Yasəmənin titrəyən bədəni və hıçqırıqla tökülən göz yaşları məktub parçasının üstünə töküldü. Yasəmənin göz yaşları ilə məktubdakı sözlər yavaş-yavaş silindi...
Ovcundakı parçaları sıxıb irəliyə doğru qaçdı. O qədər sürətlə qaçırdı ki, qəfildən balaca daş parçasına dəyib yıxıldı. Dizlərindən axan qanlı göz yaşları daha da incidirdi. Birdən kiminsə onun çiyninə toxunduğunu hiss etdi. Arxasına çevrilib baxmaq istədiyində, yenə də kimsə ona çevrilməməsini söylədi, amma bu dəfə Yasəmən bunu düşünmədən arxaya baxdı:
- Ata!
- Yasəmən, sakit ol, qızım.
- Sən məni 11 il öncə tərk etdin, ata. Tək məni deyil, hamımızı...
- Bilirəm, qızım, sizin yanınızda ola bilmədim, amma bax, yenə yanındayam.
- İndi səni görmək istəmirəm.
- Məni, sadəcə, bir neçə dəqiqə dinlə. Dizin yaralanıb, gəl həkimə gedək.
- Sən axı bu dünyada deyilsən.
- Deyəsən, göy üzünə heç baxmırsan. Düzdür, mənim göy üzünə gəlməyim çox gec oldu, amma indi də göylər məni rahat buraxmır. Məni bağışla, qızım, bağışla ki, qarşıdakı arzularına da çata biləsən.
- Bəlkə də bağışlamaq heç vaxt olmayacaq, ata?
- Yasəmənim, sən bağışlamadığın müddətcə arzu və xəyalların səndən uzaqlaşacaq. Onlar sənin bir parçandır, amma unutma, insan deyillər və insan olmayanlar üçün nifrət və kin sadəcə bir boşluqdur.
- Axı...
- Həyatındakı "bəlkə"ləri çıxart. Sən "bəlkə"lərlə yaşadıqca, gecikirsən. Əlindəki məktubun sənə kim tərəfindən göndərildiyini hələ anlamamısan?
- Sən göndərmisən.
- Yox, mənim göndərmək icazəm yoxdur. Bir başını qaldırıb diqqətlə buludlara bax, biləcəksən ki, o kimdir.
Yasəmən yavaşca başını qaldırıb göy üzünə baxdı. Bu gün göy üzündəki buludları elə bil rəssam çəkmişdi. Yasəmən əllərini göyə qaldırıb dedi:
- Ata, bu gün ulduzlara daha çox yaxınam. Onlara toxunmağıma lap az qalıb, amma dizim çox ağrıyır.
- Bilirəm, qızım, amma zamanımız azdır. İrəliyə doğru yavaşca addımla.
- Axı çox ağrıyıram!
- Səbirli ol, mən sənə kömək edəcəm. İndi addımlamağa başla. Əllərini göyə qaldır, hiss et ki, yavaşca göy üzünə yaxınlaşacaqsan.
Yasəmən bir qolunu yuxarı qaldırıb göy üzünü seyr etməyə başladı. Kiçik addımlarla addımlamağa başladı. Bir neçə addımdan sonra qarşısında böyük bir qutu ilə rastlaşdı. Qutunun üstündə "Yasəmən, birinci arzun gerçəkləşdi" yazılmışdı.
O, qutunu açdığında içində balaca, ağ rəngli piano ilə qarşılaşdı. Göz yaşlarına hakim ola bilməyən Yasəmən atasını həyəcanla səslədi:
- Ata!
- Burdayam, qızım.
- Axı mən pianonu yarımçıq qoydum.
- İndi qoymayacaqsan. Əllərinə al, bağrına bas və onu hiss et.
Yasəmən həyəcanla pianonu əllərinə alıb, ona xeyli baxdı. Qutunun içində əlavə məktub da vardı. Qatlanmış kağız parçasını açıb oxudu:
Bir arzunu tapmaq üçün lap az yolun qalıb, amma mənim bu kağız parçalarını sənə göndərməyimin səbəbi sənin özünsən. Sən özündən qorxursan, Yasəmən. O vaxt bir müəllimin sənə olan nifrətimə görə ən böyük xəyalından vaz keçdin. İndi isə o biri xəyalını, arzunu bu fırtınalı dənizə təslim etmək istəyirsən. Sən bunun üçün çabalayırsan. Bəlkə də sənin arzuların çoxdur, amma sən onlara qovuşmaq üçün savaşmırsan. Bayaq dizin yaralandı, elə bilirsən ki, o indi baş verdi? Yox. Xatırlayırsanmı, məktəbdə oxuyan vaxt həyətdə qaçaraq yıxılmağını? Atan bəs? Yanında idi. İndi sən onu etdiyi səhvlərə görə bağışlamaq istəmirsən, amma unutma, atanın da dediyi kimi, qəlbində qırıq parçalar az olsa da, kin, nifrət duyğusu arzularına yetməyə izn verməyəcək. Sənin ən böyük arzun nədir, Yasəmən? Rejissor olmaq, yoxsa pianist? Cavabında hər ikisini deyəcəksən. Bilirsən, niyə? Çünki rejissor sənin arzun, pianist isə xəyalındır. Xəyal və arzu bir-birindən ayrılmayan parçalardır. Atan bayaq göy üzünə baxmağını dedi. Görürsənmi, göy üzündəki buludları sanki rəssam çəkmişdi. Əslində o buludlar həmişə elədir, amma sənin göz bəbəklərində o ulduzlar məhz ağ lentə bənzəyir. Bu, bir saçlarına bağladığın bant, bəlkə boynunu isidəcək şərf, ya da göy üzünə qaçmağın üçün bir nərdivandır. Yenə də bunların seçimini sən edəcəksən, Yasəmən. Atanı bağışla. Zamanımız azdır, bağışla ki, arzu və xəyalların qərib diyardan sənə qovuşa bilsin. Axı bizim dünyada sevgililəri belə ayırmaq günahdır. Bunu ən yaxşı sən bilirsən.
Yasəmən qışqıraraq, ətrafda atasını axtarırdı. Sürətlə qaçanda ayaqlarını torpağa basdığını hiss etdi. Diz çöküb dedi:
- Ata! Ata, hardasan, ata!
- Qızım! Gəl, irəliyə gəl!
- Ata, dizlərim çox ağrıyır, ata!
- Gəl, qızım, gəl!
Yasəmən alnından axan qan-tər, dolaşıq saçları, çatlamış dizləri ilə torpaqdan yapışdı. Dırnaqları ilə torpaqdan yapışıb irəliyə atıldı:
- Ata! Ata, gəldim!
- Qızım, əllərini tuta bilmirəm.
Bu an göy üzündən balaca bulud parçası Yasəmənin saçlarından yapışdı. "Qəlbini dinlə, Yasəmən, artıq vaxtdır", deyən bulud parçası saçlarından sürüklənib torpaqda son nəfəsini təslim etdi.
- Ata, bağışladım. İndi azadam?
- Sən həmişə azad idin, qızım. Mənim ruhum azaddır.
- Bəs bulud parçası? O.
- Ölmədi. O bulud parçası sizi incitdiyim illərin kabusları idi. O quru torpağa, mən isə göylərə təslim oldum.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!