İrəvanda bir sinif var idi... - Fəridə SƏFİYEVA

Əməkdar jurnalist Svetlana Nəcəfovanın və onun məktəb yoldaşlarının əziz xatirəsinə

 

İrəvanda bir sinif var idi...

Uşaqları mehriban, səmimi, ürəyiaçıq.

Səhər açılanda məhəllələrdən bir-birini səsləyərdilər. Küçənin o başından:

- Süsən, gəlmirsən?

- Əfşan, tez ol, gecikirik!

- Baboş, tələs, müəllim danlayacaq!

Ayaq səsləri bir-birinə qarışar, yolboyu danışa-danışa, gülə-gülə məktəbə üz tutardılar. O məsum səslər bütün məhəlləni oyadardı. Küçənin tinində əsən külək də o səslərə qulaq kəsilərdi sanki. Səslər doğma idi, əziz idi. Azərbaycan türkcəsində səslənirdi. O səslər bu torpağın, bu şəhərin nəfəsi, ruhu idi...

Müharibə təzə bitmişdi. Qıtlıq vardı, aclıq vardı. Bəzən meyvə qurusundan başqa yeməyə heç nə tapılmazdı. Ailələrdə müharibədən dönməyənlərin ağrısı, axıdılan göz yaşları vardı. Amma qədim İrəvanın dar küçələrində böyük arzularla yaşayan kiçik insanlar - uşaqlar vardı.

Nə ayağına uyğun gəlməyən ayaqqabı, nə dizi süzülmüş şalvar, nə də anasının köhnə ətəyindən tikilmiş paltar onların xoşbəxtliyinə mane ola bilmirdi. Onlar ürəklərində məktəbə getməyin, parta arxasında dərs oxumağın, dostluğun saf sevincini daşıyırdılar.

Sinfin ən balacası idi Svetlana. Məktəbə altı yaşında getmişdi. Ona görə boyca hamıdan kiçik, çəlimsiz görünürdü. Sibirdən bəraət alaraq qayıtmış "xalq düşməni" Hacı Nəcəfovun və əmisinin himayəsində böyümüş Kubra xanımın yeganə qızı, üç uşağın sonbeşiyi idi. Gözünü dünyaya açandan həyatın sərt üzü ilə qarşılaşmışdı. Məktəbə xüsusi həvəslə gedirdi. Müəllimlərinin tərifi, vaxtilə Qori seminariyasını bitirmiş atasının öyüd-nəsihətləri onu daha da ruhlandırırdı.

Müəllimlər zəif oxuyan şagirdlərlə məşğul olmağı Svetlanaya tapşırar, ona  etibar edərdilər. Evə qayıdanda isə bu balaca qızcığazı başqa bir vəzifə gözləyirdi - anasının bağda əkib becərdiyi göyərti dəstələrini götürüb bazara aparmaq. Orada gözəl geyimli həmyaşıdlarını görəndə həsədlə baxardı. Balaca qəlbində bir sual doğardı: "Görəsən, mən də bir gün belə gözəl geyinə biləcəyəmmi?" Amma  ruhdan düşməzdi, daha səylə çalışar, dərslərini böyük əzmlə oxuyardı.

İstirahət günlərinin birində Svetlana bibisi oğlu Maratla arx qırağına oynamağa getmişdi. Suda üzüb dolaşan balaca balıqlar onların diqqətini çəkdi. Qərara gəldilər ki, vedrə gətirib onları tutsunlar,  həyətlərindəki arxa buraxsınlar. Elə də etdilər... O "balıqlar"ın əslində çömçəquyruq olduğunu isə yalnız yayda - həyəti qurbağa səsi başına götürəndə bildilər...

Svetlananın sinifdə yaxın rəfiqələri vardı. Onlardan birinin atası azərbaycanlı, anası erməni idi. Rəfiqəsi özü danışırdı ki, anası ilə sözü çəp gələndə qadın qızının damarında axan "azərbaycanlı qan"ını lənətləyərdi.

Bu söhbət balaca Svetlana üçün hələ anlaşılmaz idi. Çünki onların yaşadığı məhəllədə, İrəvanın mərkəzində qonşularının hamısı azərbaycanlı - mehriban, yardımsevər insanlar idi. Tək-tük ermənilər var idisə, onlar da bağda-bağatda fəhləlik edər, azərbaycanlıların verdiyi pulla dolanardı.

Hətta müharibədən sonra İrəvana ermənilərin kütləvi axını da qızcığazı qorxutmurdu. Amma anasının danışdığı o dəhşətli xatirələri də unutmurdu. Anası deyərdi: "1918-ci ildə mən uşaq idim. Erməni-müsəlman davası başlamışdı. Hər gecə pəncərələrimizə güllələr yağırdı. Bizim yerimizi pəncərə altında salırdılar ki, güllə dəyməsin. Həyəcanla hər gecə Allaha yalvarırdım: Ay Allah, kaş dünən öləydim, bu gün bu qorxunu yaşamayaydım."

Hərdən içinə dolan qorxuya baxmayaraq, Svetlana da digər uşaqlar kimi qəlbində bir sevinc daşıyır, dostları ilə əylənir, gələcək üçün planlar qururdu. İçi həyat eşqi, oxumaq arzusu, insanlara sevgi ilə dolu idi.

Axundov məktəbi kökləri, ənənələri yaşadan Azərbaycan ruhunun məktəbi idi. Svetlananın sinif yoldaşları - Süsən, Əfşan, Fəxrəddin, Yaşar, Akif, Ceyran, Tərifə... - hər biri mehriban idi, sadiq idi, doğma idi. Özləri böyüdükcə arzuları da böyüyür, qurub-yaratmaq həvəsi artırdı.

Svetlana məktəbi medalla bitirdi. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Ancaq hər yay doğma şəhərinə qayıtdı. Hər gəlişində bir-birindən daha dəhşətli, qanqaraldan hadisələr barədə eşitdi: qonşuluqda yaşayan cavan oğlan, eyni iş müqabilində ermənidən az maaş aldığından şikayət etdiyinə görə döyülmüş, aldığı zədələrdən dünyasını dəyişmişdi. Qoca Matan xala bazara gedərkən erməni məktəbinin yanından keçmiş, "balaca cəlladlar" - erməni uşaqları tərəfindən təhqir olunmuş, yıxılmış və ölmüşdü.

Bu hadisələr, bu faktlar gənc jurnalist Svetlana Nəcəfovanın içini etiraz hissi ilə doldurur, qələmi ilə üsyan etmək istəyini doğururdu.

Zaman dəyişirdi... Əvvəlcə yavaş-yavaş... sonra qəfil. İrəvanın küçələrində tanımadıqları adamlar dolaşmağa başladı. Əvvəllər qonaq kimi gələn ermənilər artıq ev yiyəsi olurdu. Yerli əhali zorla şəhərdən köçürülürdü. Məktəblərin, küçələrin adları dəyişdirilirdi. O sinfin uşaqları da - kimisi gecə yarısı, kimisi gündüz doğma şəhəri tərk edirdi. İrəvanıın uşaq səsləri ilə dolu küçələri səssizləşdi... Şəhər ana dilində səslənən kəlmələr üçün darıxırdı.

SSRİ-nin dağılması ilə baş verən hadisələr, yaşadığımız dəhşətli olaylar heç zaman yaddaşımızdan silinməyəcək. Belə bir məqamda Əməkdar jurnalist Svetlana Nəcəfova haqq səsimizi dünyaya çatdırmaq yolunu seçdi: kəskin çıxışları, tutarlı yazıları, ermənipərəst Storovoytovaya yazdığı ağrı və nifrət dolu məktubu, 20 Yanvar hadisələrində nümayiş etdirdiyi vətəndaş mövqeyi ilə seçildi.

Həyatının hər bir dönəmində doğulduğu İrəvanın məhəbbətini, nisgilini ürəyində, yazılarında yaşatdı. Göz yaşına boğulmadan oxunması mümkün olmayan "Yaralı məhəbbətim - İrəvanım mənim" adlı məqaləsini yazdı. Sevimli sinfini, doğma dostlarını heç zaman yaddan çıxarmadı.

Zamanla Axundov məktəbinin 1953-1954-cü il məzunları Bakıda bir-birini tapmağa başladı. Sonra qərara aldılar: ara-sıra görüşmək lazımdır. Mayın 9-u görüş günləri oldu. Hər il həmin günü səbirsizliklə gözlədilər. Doğma şəhərin, doğma məktəbin ətrini bu ünsiyyətdən aldılar. Bəzən zarafatlarla, bəzən göz yaşları ilə o günləri yenidən canlandırdılar:

- Yadındadır, dərsdən qaçıb meyvə oğurluğuna getmişdik, müəllim bizi necə danladı?

- Akif, yadındadır, dərsə gecikmişdin, sinfə pəncərədən girmək istədin. Şalvarın ağacın budağına ilişib cırıldı...

Şaqraq gülüşlər, uşaqlaşan çöhrələr, işıqla, nurla parlayan gözlər...

Zaman keçdi... Dünyanı ağuşuna alan ağır pandemiya dövrü gəldi... Dünya birdən-birə səssizliyə büründü... Sonra isə - yarpaq tökümü başladı... Görüş yerinə gələnlərin sayı azaldı. Vaxtilə səs-küylə uşaqlıq xatirələri danışanların sırası seyrəldi. Şaqraq səslər hüznlü söhbətlərlə əvəz olundu. Sonra... sonra bu görüşlər də bitdi...

Qəribədir, elə bil sözləşmişdilər... Sanki bir-birinin ardınca getməyə söz vermişdilər. Kim bilir, bəlkə də...

2021-ci ildə də Svetlana xanım da haqq dünyasına qovuşdu. Əgər sağ olsaydı, iyulun 8-də 87 yaşı olacaqdı. Təsəllim bircə ondadır ki, Svetlana Nəcəfova yazılarında, çıxışlarında, insanların xatirələrində, yaddaşlarında ləyaqətli bir insan, işinin peşəkarı kimi qaldı.

Taleyin hökmü ilə bu gün Axundov məktəbinin 1953-1954-cü il məzunlarının çoxunun məzarı burada - Bakıdadır. Tanrıdan böyük bir arzum var... İrəvan torpağına ayaq basım, əyilib o müqəddəs torpağı öpüm, ovcuma doldurub Bakıya gətirim, əzizlərimin qəbrinə səpim! Axı bu, sadəcə torpaq deyil - nəsillərin səsi, anamın nəfəsi, doğma yurdumun ruhudur!

İrəvanda bir sinif var idi...

Xatirələrdə, fotolarda yaşayacaq bir sinif...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!