Darıxmağın anatomiyası - Aygün ƏZİZ

 

Adam darıxır arada. Amma darıxmaq da var, darıxmaq da...

Baxır günün hansı saatında, dünyanın harasında, hansı ölkəsində, hansı şəhərində darıxırsan. Öz şəhərinin hansı küçəsində, hansı bucağında darıxırsan. Evinin hansı küncündə, hansı tərəfində darıxırsan...

Hansı fəsildə darıxmağın da fərqi var. Ən ürəkdağlayanı qışda - yağışlı, qarlı havada darıxmaqdır. Həyat elə boz görünür ki, hətta boz bozluğundan çıxıb qara, bu dəqiqə boşalmağa hazır buludlara bənzəyir. Ömrünün bitməsinə aparan boz günlərə çatmış kimi hiss edirsən özünü. Varmı mənim kimi qarın ağlığını kəfən kimi görən?..

Təbiət oyanıb ağaclar tumurcuqlayanda, çəmənlər min rəngə çalanda darıxmaq necədir?

Yayda darıxmaq da bir başqa əzabdır. Axı adam necə darıxa bilər günəş şəfəqlərini səndən əsirgəmədikcə? Adam xəcalət çəkir xoşbəxt yay aylarında darıxanda... Ağaclar yaşıllaşıb, kollar gül açanda, Günəş sübh tezdən pəncərəndən süzülüb üzünü qıdıqlayanda, axşamlar qaranlıqda ağaclıq yerlərdən qulağı yormayan cırcırama səsləri gələndə, qanın qaynayıb, çöllərin gözəlliyi ürəyini fəth edəndə, təbiətin gözəllikləri gözünü-könlünü oxşayanda darıxmaq olarmı? Nankorluq olmazmı darıxmaq? Olar, amma darıxmamaq əldə olsaydı...

Payızda darıxmaq tamam fərqlidir. Bataqlığa düşmək kimidir. Qara dəlik kimi çəkir səni sonsuzluğa. Sanki həyatın dibinə düşürsən. Pilləkənsiz dibdir. Sonsuz dibsizlikdir...

Axı hansı dildə deyim darıxmağımı?

Darıxmağın yüz cür rəngi var, min cür çaları var.

Gözlər darıxır, burun darıxır, əllər darıxır, qucaq darıxır.

Üzü üçün darıxırsan, əlləri üçün darıxırsan, nəfəsi üçün, sözləri üçün, ağuşu üçün darıxırsan.

Səsi üçün, baxışı üçün darıxırsan. Səsindən tökülən eşq qoxulu cingiltili nidalar üçün darıxırsan.

Evdə darıxırsan, işdə darıxırsan, çöldə darıxırsan.

Yatanda darıxırsan, duranda darıxırsan.

Ürəyinin döyüntüsü üçün darıxırsan. Barmaqlarının saçlarında gəzməsi üçün darıxırsan.

Bir də var ki, yazmayanda, zəng etməyəndə darıxırsan.

Darıxmaq ecazkar hissdir.

Darıxmağın qəribsədən keçmiş mahnı səsi var.

Darıxmağın yüz cür forması, min cür şəkli var.

Yuxuların darıxır, yuxularında darıxırsan. Yuxuya gedəndə darıxırsan, yuxudan duranda darıxırsan.

Çayı tək içdiyin, loğmanı tək udduğun üçün darıxırsan.

Onun dünyasında olmaq üçün darıxırsan.

Damarında qanı olmaq üçün darıxırsan.

Sənə baxan gözlərinin bəbəyində öz şəklini görməyə can atırsan...

Darıxmaq yandıran soyuqluq, üşüdən hərarətdir. Darıxmaq sevginin haray şəklidir, səssiz bağırtıdır, beynin cəzası, qəlbin təntənəsidir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!