Unutmağa kimsə var... (Əvvəli ötən saylarımızda)
Biz bakılı gənclərdə çayxanalara məhəbbət hələ orta məktəbdən başlayırdı. Bunun obyektiv səbəbi vardı. Yuxarı siniflərdə dərsdən sonra bir-birimizlə görüşmək həvəsini biz, əsas etibarilə, çayxanalarda yaşayırdıq. Bura çox əlverişli yer idi. Evdən müxtəlif vaxtlarda çıxan bizlər gəlib, burada oturub çay içə-içə bir-birimizi gözlərdik. Yasaq söhbətlər də bu zaman yavaş-yavaş çayxana mizlərinə hopur və bizi ahənrubə kimi özünə cəlb edirdi. Bəzən biz orta məktəb dostlarının görüşü çayxanada başlayıb elə çayxanada da bitirdi. Evə saat 11-də, 12-də ancaq gedib çıxırdıq. Əsas görüş yerimiz Bulvara keçidin bulvar tərəfdəki çayxanası idi. Bu çayxanada məktəblər, hətta siniflər adətən ayrı-ayrı stollarda oturar, amma hərdən stollar birləşərdi. Və biz bir stolun ətrafında birlikdə, mehribanlıqla oturub söhbət edərdik. Əlbəttə ki, o dövrün çayxana söhbətləri ilə sonrakı çayxana söhbətləri eyni deyildi. Əvvəlki çayxana söhbətləri "kim kimi sevir"dən "kim kimi sevmir"ə qədər yol gəlib yorulardı. Bu biri müstəvilərə zorla çıxa bilərdi. Sonrakı çayxana söhbətləri isə andeqraund söhbətləri idi. Qəbuledilməzlərin - bunlar yazıçı ola bilərdi, şair ola bilərdi, siyasətçi ola bilərdi, müstəqillik fədailəri ola bilərdi, qarşısına əngəllər çəkilən alim ola bilərdi - bir sözlə, rəsmi mühitdə qəbuledilməzlərin müzakirəsindən ibarət idi. Arabir də elmi və ictimai motivlər əsas mövzulara çevrilirdi.
Ricət. Bu çayxanalara sonralar çox məşhurlaşan adamlar gəlirdi. Onlardan biri, xalqın hüsn-rəğbətini qazanmış, Prezidentliyə qədər yüksəlmiş Əbülfəz bəy idi. Onu şəxsən tanıyan da, şəxsən tanımayan da "bəy" deyə müraciət edirdi. "Bəy" yalnız o idi. O, siyasi düşüncələrinə görə həbs çəkib qayıtmışdı. Əlyazmalar İnstitutunda işləyirdi. Bəy çayxanada görünəndə artıq bilirdik ki, bizi maraqlı tarixi intellektual söhbət gözləyir. O, gözəl bələd olduğu ərəb tarixindən, osmanlı dönəminin müxtəlif dövrlərindən, ölkələr arasında orta əsrlərdə baş vermiş təlatümlü ictimai-siyasi münasibətlərdən həvəslə danışar, suallardan qətiyyən yorulmaz, bizimlə mehriban münasibət qurardı. O zaman hələ nə xalq cəbhəsi vardı, nə də siyasi-ictimai hərəkat özünü aşkar şəkildə büruzə verirdi. Amma Bəy öz rəftarı, vətənsevərliyi, türkçülüyə məhəbbəti ilə könülləri hələ o zaman fəth eləmişdi. Əsl müəllim idi. Və o Prezident olmaqdan daha çox, mənəvi istiqamətdəki boşluqları dolduran bir lider olmağa hazır ictimai (!) xadim idi. Təəssüf ki, belə olmadı. Ricətin sonu.
Çayxanalarda bu cür son dərəcə yüksək intellektual mühitin havasını mən universitetdə artıq müəllim işləyən İsmayıl Məmmədov, Cəlil Nağıyev, Firidun Cəlilov kimi, müxtəlif qəzet redaksiyalarında, radio-televiziya sahəsində çalışan Vidadi Məmmədov, Natiq Səfərov, Qara Tağızadə kimi, Yazıçılar Birliyində və onun redaksiyalarında ədəbiyyatla "yatıb-duran" Abbas Abdulla, Sabir Rüstəmxanlı, Vaqif Cəbrayılzadə, Nüsrət Kəsəmənli, Seyran Səxavət, Çingiz Əlioğlu kimi və bir də işsizliyin pəncəsindən hələlik heç cür qurtula bilməyən Aydın Məmmədov kimi köhnə və yeni dostlarım olan elm, ədəbiyyat, mədəniyyət, müstəqillik fədailərindən alırdım. Heç bir kəs üçün gizli deyildi ki, o dövrün Bakısında intellektual həyat məhz çayxanalarda yaşanırdı. Çayxana siyasi-ictimai, mədəni-filoloji ixtisasları həvəslə yayan və verən bir məktəb idi. Çayxana öz-özlüyündə bir qaynayan, coşan məktəb idi - hamının əsəbini tarıma çəkən bir məktəb... Amma bizim - bu çayxana məktəbinin iştirakçılarının bundan xəbərimiz yox idi. Biz, sadəcə, öz həyatımızı yaşayırdıq. Bir çayxanadan o birinə keçirdik. Bizim çayxana Odisseyamız bitirdimi, bitmirdi. Ürəyimizdəkiləri bir-birimizə boşaltmaq, gündəlik ictimai-siyasi durumu müzakirə etmək, yeni yazılan bədii yazılara qiymət vermək ehtiyacı bizi qəribə bir mənəvi gərginlik rejimində saxlayırdı.
Çayxanalar, deməliyəm ki, mənim həyatımda xüsusi rol oynayıb. Çayxana, mən indi bunu anlayıram, mənim üçün əsl məktəbə dönmüşdü. Vidadi və Natiq, eləcə də bu qəbildən olan digər dostlarla - universitet müəllimləri, gənc şairlər, yazıçılar, tənqidçilər, jurnalistlərlə görüş yerimiz çayxanalar olurdu. Çayxanaların da yeri, bir qədər əvvəldə dediyim kimi, tez-tez dəyişirdi. Əvvəlcə, "Baksovet" metrosunun böyründəki çayxanada toplaşırdıq. Bura bizim o zaman oxuduğumuz filoloji fakültəyə çox yaxında yerləşirdi. Ya ehtiyacında olmadığımız dərslərdən qaçıb bura gəlirdik, bir-iki stəkan çay içib, qayıdıb gedirdik növbəti dərsə, ya da sadəcə, dərslərdən sonra daha uzun zaman içində gəlirdik. Həmişə də dostlardan kimsə burda olardı. Vidadi deyirdi ki, bu çayxanaya nə zaman gəlirsən, gəl, arxayın ola bilərsən ki, səni orada Aqil Abbas qarşılayacaq. Jurnalistikanın tələbəsi olan Aqil Abbasın sanki bütün günü bu çayxanada keçirdi. Aqil o vaxtdan xeyli mülayim, dostcanlı, mehriban biri idi. Çayxananın dostlar birliyinə çevrilməsi onu xüsusilə sevindirirdi. Özü də Aqil çayxanaya hər gələni ayaq üstə qarşılayıb gülərüzlə elə ürəkdən "xoş gəlmisən" deyirdi ki, elə bil, bu çayxana, Vidadinin sözü olmasın, onun şəxsi mülkü idi və gələnlər onun evinə qonaq gəlirdilər.
Sonra nə oldu, nə olmadı, deyə bilmərəm, amma çayxana görüşləri "Goburnat" bağının ortasında qala divarına yapışıq koğuş kimi bir yerə köçdü. Çayxana az qala, qala divarına yapışdı. "Aqilin çayxanası" unuduldu. Zülfünün çayxanası moda mindi. Çayxana sahibinin adı Zülfü idi. Onun çayxanasına, hətta Səttar Bəhlulzadənin özü gəlirdi. Nə qədər rəsmini Zülfüyə bağışlamışdı - Allah bilirdi.
Bir müddət sonra çayxanadakı görüş yeri bir qədər də aşağı endi - "Azneft" meydanına, "Goburnat" bağının "Azneft"ə çıxdığı yerə. Deyə bilərəm ki, ən rahat çayxana elə bura idi. Yaz və yay aylarında açıq havada qoyulmuş stullarda oturub sənə doğma adamlarla söhbətlər eləmək həyatın ən ləzzətli çağları imiş. Bunu mən indi daha aydın şəkildə hiss edirəm. Amma nə oldu, nə olmadı, görüş yeri burada da davam gətirmədi.
Sonrakı görüşlərimiz başqa bir çayxanada davam etdi. Bu çayxana əvvəlkilərdən kifayət qədər uzaqda idi. Bulvarın o biri başındakı məşhur "Sahil" restoranının çayxanası idi. Buraya gələnlər təkcə filfakın tələbə və müəllimləri deyildi. Bura ən müxtəlif sahənin adamları da gəlirdi. Yavaş-yavaş söhbətlər ümumiləşib bir məcraya düşürdü. Ədəbi mübahisələr öz yerini ictimai-siyasi müzakirələrə verirdi. Bu sahə isə, aydındır ki, təkcə filoloqların inhisara aldığı sahə ola bilməzdi. Meydan hərəkatının hənirtisi gəlməyə başlamışdı.
Bu saydıqlarım çayxanalardan başqa digərlərinə məqsədli şəkildə toplaşmağımız yadıma gəlmir. Bir tələbə dostumuz vardı - Oqtay Məmmədov. Filologiyada məndən yuxarı kurs tələbəsi idi. Deyirdi ki, mən hansı çayxanaya gedib otursam, görüş yeri ora olar. Yəni, özünə o qədər inamlı idi. Bəlkə də çayxanaların yeri Oqtayın getdiyi çayxanaları dəyişməsilə dəyişirdi. Bəlkə də belə idi. Deyə bilmərəm. Amma orası da var ki, biz çayxanaya gedib təkcə Oqtayı görmək istəmirdik. Hər gün görə bilmədiyimiz, amma darıxdığımız dostlar, tanışlar var idi. Qərəz, bu çayxana "etnopsixologiyası" xüsusi bir söhbətin, bəlkə də araşdırmanın mövzusudur. Burda isə onu demək vacibdir ki, çayxana kultu kənddən, rayondan şəhərə gələnlər üçün xüsusi əhəmiyyət daşıyırdı. Şəhər məktəbindən çıxıb Universitetdə oxuyanlar üçün isə çayxana kultu yox idi. Çayxana vardı, amma kultu yox idi. Çünki bizim bir başqa da görüş yerimiz, ünsiyyət məkanımız vardı. Bu, məhlə idi. Mənim kimilər "ya çayxana, ya da məhlə" seçimindən uzaq idilər. Mənim kimilər bir istisna idilər. Mənim kimilər üçün onların hər ikisi - həm məhlə var idi, həm də çayxana.
Tələbə dövrünün çayxanaları orada toplaşan intellektualların məskəni idi. Onlardan əsaslarının adını çəkmək istərdim. Vidadi Məmmədov, Natiq Səfərov, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Cəbrayılzadə, Vaqif Nəsib, Əhəd Muxtar, Tahir Aslan, Seyran Səxavət, Niyazi Mehdi, Zeynal Məmmədli, Aydın Məmmədov, İsmayıl Məmmədov, Cəlil Nağıyev, Əsgər Məmmədov, Oqtay Məmmədov, Firidun Cəlilov, Kamil Vəliyev, Qara Tağızadə, Aqil Abbas, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, İsfəndiyar (İsbi), Ramiz (Roma) və daha kimlər, daha kimlər çayxanaya, sadəcə, vaxt keçirmək üçün gəlmirdilər. Bu adamlar hər biri sonralar öz arxalarınca onlarla, yüzlərlə əqidədaş (sonralar bu adamlara fanatlar deməyə başladılar) toplamağa imkanı olan adamlar idi. Çayxanalar o dövrdə bizim daxili ehtiyacımızın ödəndiyi bir məskənə dönmüşdü. Bizim bir-birimizə mənəvi bağlılığımız məhz bu məkanda yaranırdı. Bizim bir-birimizlə söhbətimiz mübahisəyə çevrilə bilərdi, anlaşılmaz diskussiyaya dönə bilərdi, biz bir-birimizlə razılaşmaya bilərdik. Hansısa bir ədəbi məhsulu bəyənənlərlə bəyənməyənlər amansız qarşıdurma yarada bilərdilər. Biz bir-birimizi qəbul etməyə bilərdik. Hətta çayxanadan kənarda bir-birimizə badalaq da vura bilərdik. Gizlətmək düz olmazdı, belə hallar da olurdu. Həyat hər bir halında həyatdır. Amma onu da demək çox çətindir ki, bizi o çay içdiyimiz yerdə birləşdirən nə idi?! Hansı qüvvə idi ki, bir-birimizi çayxanada görəndə daxilən xoş, ilıq bir hiss bizi bürüyür və biz sanki doğma bir əhatəni, auranı, münasibəti hələ çay içməzdən əvvəl hiss edirdik?! İçki içmək xətrinə ora yığışmırdıq, yemək yeməyə toplaşmırdıq. Sadəcə, söhbət. Sadəcə, özünü hansısa bir prosesin ayrılmaz bir üzvü hiss etmək bizim üçün çox önəmli idi. Biz özümüz özümüzü ölkədə gedən və bizdən uzaqda olan proseslərin içinə salmağa çalışırdıq.
Çayxanalara gəlib-gedən ayrı-ayrı adamlar kiminsə gözündə ayrıca hörmətə sahib ola bilirdi. Çayxananın qəbuledilmiş daimi üzvünə digər həmkarlar arasında, çalışdığı təşkilatlarda əlavə hörmət bəsləyə bilərdilər. Bunu bizlər o zaman hiss etmirdik, bunu indi mən düşünərək belə bir qənaətə gəlirəm. Çayxananın daimi üzvləri bir yerdə oturub şirin söhbət etdikləri zaman digər masalardan biz tərəfə gizli həsədlə baxanlar da az olmurdu.
Çayxana zamansız bir məkan idi. Ora nə vaxt gəlirdinsə, gec deyildi. Sabah tezdən, yaxud axşamdan xeyli keçmiş gəlib burada daimi üzvlərdən kimisə görə bilirdin. İki, yaxud bir nəfər buldunsa, oturub dünənki, yaxud başqa bir günkü söhbəti rahatca davam edə bilərdin. Ya da hansısa günü müzakirə edə bilərdin. Qərəz, çayxana ev qədər məhrəm bir yerə dönmüşdü. İnsanlar burada bir-birinə hansısa tellərlə başqa bir yerdəkindən daha sıx birləşirdilər. Bu birləşmə dönəmli məqamlara - 20 Yanvara, sistem dəyişməsinə qədər davam etdi və günlərin bir günündə Azərbaycanın önəmli ictimai-siyasi həyatında çayxanadakı münasibətlər daşa dəyib parça-parça oldular. Bu zaman çayxanalar öz yerini Böyük Meydana verdi. Meydan hərəkatından sonra isə artıq qafalarda başqa dumanlar fırlanmağa başladı. Kim kimi bəyənirdisə, onunla da birləşir, onun yanında yer alırdı. Bu o zaman idi ki, vahid, sarsılmaz çayxana həyatı bəzən bir-birinə aşkar şəkildə qarşı-qarşıya duran birliklərə çevrilirdi. Yağışdan sonrakı göbələklər kimi yeni birlik və qurumlar yaranırdı. Daha konkret danışmağa lüzum görmürəm. Ol zamanların çayxana həyatını yaşayanlar, sanıram, məni yaxşı anladılar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!