Qara skripka - Romandan parça - Fermin MAKSANS

Ən müasir fransız yazıçısı Fermin Maksansın "Qar" romanı oxuculara tanışdır. Onun dahi skripkaçı İohann Karelskinin həyatından bəhs edən "Qara skripka" miniatür romanı müasir nəsrin gözəl nümunələrindən biridir. Hər iki roman tərcüməçinin geniş ön sözüylə ayrıca kitab kimi nəşr ediləcəkdir. Romanın maraqlı və müasir texnikayla yazıldığını nəzərə alıb onun bir fraqmentini təqdim edirik.

 

Fermin MAKSANS

Qara skripka

Romandan parça

Həqiqi musiqi notlar arasında gizlənir. \ Volfqanq Amadey Motsart

I

1

Arabir dəliliyin sərhədinə çatan qəribə həvəslə İohann Karelski özünü bütünlüklə bir məqsədə həsr etmişdi və bu məqsəd həyatını musiqiyə çevirməkdən ibarət idi. Başqa sözlə desək, qəlbi tamamlanmamış partitura idi, hə, elə bu həvəslə hər gün ora, daha dərinliklərə baş vururdu.

İohann Karelski skripkaçıydı. Musiqi əsərlərini virtuoz ustalıqla ifa edirdi, hamı bütün varlığıyla qulaq assa da, heç kəs heç nə anlamazdı.

Otuz bir yaşı tamam olan ili, yəni 1795-ci ildə sənətin zivəsindəydi artıq. Hələ otuz bir il də qalırdı ömründən.

Fransada, Paris adlı şəhərdə yaşayırdı, şəhər deyildi ki, səs və işığın simfoniyasıydı.

Musiqiçi kimi ona pərəstiş edirdilər. Ancaq o, musiqiçidən bir az böyük idi. İohann Karelski ilahi zirvəyə yüksələ bilmiş bir dahi idi. Gizlində, özüylə təkbətək qalanda opera bəstələməyi arzulardı, elə bir misli görünməmiş opera ki, yüksəlib çatdığı fəzanın zirvəsində Tanrıyla danışa bilsin. Heç olmasa, bircə kəlmə.

 

2

Virtuoz skripkaçı olmaq üçün iki keyfiyyətin olması tələb edilirdi: dinləməyi bacarmaq və hiss etməyi bacarmaq.

İohannda bu keyfiyyətlərin hər ikisi vardı. İfa etdiyi aləti qəlbdən dinləyərdi. Onun necə titrəməsini qəlbinin içində duyardı.

Günəş doğandan batana qədər bütün gününü musiqiyə həsr edərdi. Bəzən bütün günü gözlərini yumub yorulmadan çalar və şəxsi yaşantılarını dinlərdi. Özünə və musiqiyə dalmaqla başqalarından tam fərqli olaraq dünyanı daha dərindən duyardı, çünki bu zaman ürəyi taybatay dünyaya açılardı.

 

3

Beş yaşının tamamında təsadüfi bir görüş İohann Karelskinin ürəyində musiqiyə məhəbbət oyatdı və taleyini müəyyənləşdirdi.

Bir yay səhərində Tyulri bağında qaraçı skripkaçı ona həzzin dilini anlatdı.

İohann göl kənarında oynayırdı, birdən xiyaban tərəfdən bir nəfərin - qarasaç, qarasqqal kişinin burulub ona tərəf gəldiyini gördü. Bir kəlmə də demədən dayandı və futlyardan skripkasını çıxardı. Adam elə zorba, nəhəng idi ki, skripka əlində oyuncağa bənzəyirdi. O tərəflərdə nə qədər avara, veyil-veyil gəzən adam vardısa skripkaçını dövrəyə aldılar. Ovsunlanmış kimi İohann da ona yaxınlaşdı.

Bir ayağıyla ritmə uyğun yerə döyəcləyərək qaraçı elə bir cəlbedici melodiya səsləndirdi ki, uşaq ağzı açıq halda donub qaldı, gəzəri musiqiçiyə xəyaldan gəlmiş varlıq kimi tamaşa edirdi. Beləcə ovsunlanmış halda İohann uzun müddət dayandı, çünki ömründə belə musiqi dinləməmişdi.

Ehtimal ki, bu qaraçı ən yaxşı skripkaçı-filan da deyildi, açıqca görünürdü ki, çalmağı hafizəylə öyrənmişdi, ancaq bu ifada elə bir qəlb atəşi vardı ki, skripkanın canından qopardığı hər bir notu qəlbinin içindən keçirib ifa edirdi. Skripkanın iniltisində musiqiçinin səsi eşidilirdi, elə bir ürək dağlayan qüssə və elə bir sevinc və xoşbəxtlik sədası ki, bunları dünyanın bütün qaraçılarından eşidə bilərdin. İohann bunu bilirdi. Bunu o, açıqca eşidirdi. Skripkanın səsini anlayırdı.

Qaraçı da bilməmiş deyildi, bilirdi ki, İohannla birlikdə eyni tayfanın adamıdı, hər ikisi qəlbində musiqi olan dünyaya aiddir. Uşağa baxdı və polonezi, sonsuza qədər lirik və ağıl çaşdırıcı qədər gözəl, ancaq təkəmseyrək adamların, bu melodiyanı dinləməyə haqqı çatan insanların anlayacağı qeyri-adi musiqini təkcə onun üçün ifa edirdi. İohann qəfildən anladı: bu elə onun dilidir, bu dünyada malik olduğu yeganə, onu dünyayla birləşdirən bir dil. Dinləyə-dinləyə musiqiylə ona göndərilən mesajı anladı. Qaraçı sadəcə hansısa musiqi parçasını ifa etmirdi, həyatını danışırdı. Uşaqsa gözlərini yumub özünü bu fantaziya bulağında itirmişdi.

Gözlərinin içiylə Bohemiyanın yollarını görürdü, üstü qara bələnmiş küknarları, gecənin bir aləmində tonqal başında oturmuş qaraçını, qaraçı qadınların rəqsini görürdü. Kəndbəkənd dolanmağın, iztirab və aclıq çəkib, şaxtada donmağın, təhqirə tuş gəlməyin nə demək olduğunu anlayırdı. Bunu da başa düşürdü ki, qapının üzünə çırpılmamağı, ocağın yanması, təbəssüm, sadə bir kəndlinin ona bir dilim çörək uzatmağı, ürəkləri qızdıran musiqi, gülüş, bəzən də məhəbbət nə böyük sevinc gətirərmiş.

İohann bütün bunları görürdü. Gözlərindən bilinirdi ki, görür.

Çalğısını bitirdikdən sonra qaraçı əlində nimçə dinləyicilərə yaxınlaşdı, sədəqələri yığdı. Bir neçə gümüş pul nimçənin dibinə dəyib cingildədi. Qaraçı uşağa yaxınlaşıb diz üstə çökdü, saçını sığalladı:

- Sənsə balaca, bu alışan gözlərinlə bax, bütün bu adamların verdiyinin yüz dəfə artığını bağışladın mənə.

Və necə gəlmişdisə eləcə də getdi.

O gündən etibarən İohann anladı ki, musiqiçidir.

İki il keçməmiş skripkaçı oldu.

 

4

Sözün hərfi mənasında İohannın müəllimi yox idi, sadəcə skripkanı öyrənməkdə bir neçə insan ona yardım etmişdi. Lap uşaqlıqdan özbaşına, hətta notsuz-filansız, ancaq zövq xatirinə çalmağı öyrənmişdi. Bəli, bu uşaq musiqi öyrənən digər uşaqlara heç bənzəməzdi. Tanıyıb-bildiyi müəllimləri təqlid edər, ifa texnikalarını eynilə tətbiq edərdi, ancaq daxildən, ürəyində artıq çox böyük skripkaçıydı. Musiqi alətiylə əli yox, barmaqları yox, üəyi birləşmişdi. 

Müəllimlər çox tezliklə anladılar ki, onun üçün artıq öyrənməli bir şey qalmayıb.

- Daha dərs keçməyin bir mənası qalmadı, - onlardan biri İohannın anasına belə demişdi. - Bildikərini öyrətməyin nə faydası? 

Xanım Karelskinin musiqidən başı çıxmazdı, ancaq musiqiçinin bu sözlərinə inandı. Onsuz heç imkanları da yoxdu, yaxında ərini itirmişdi. Pul qazanmalıydı.

Hə, beləliklə İohann Karelski yeddi yaşında ilk konsertini Parisdə Sən-Luizan İl kilsəsində verdi.

O axşam kilsədə iynə atsan, yerə düşməzdi. Ustadlarını sürətlə ötüb keçən uşaq haqqında söz-söhbət ildırım sürətiylə ölkəni dolaşmışdı, hamı bu möcüzəni öz gözləriylə görmək istəyirdi.

Əvvəlcə orkestr simfoniya çaldı, sonda növbə İohanna çatdı. Səhnəyə bərli-bəzəkli donda çıxdı - uzun qara saçları çiyinlərinə tökülmüşdü, iri, mavi gözləri dalmış vəziyyətdə, - bir anlığa zaldan yüngülcə gurultu keçdi. İnsanların üzündən heyrət oxunurdu: İohann çox yüngül və zərif görünürdü, kəpənək kimi. Bu balaca uşaq nə çalacaqdı ki?!  

Əlində skripka, səs-küydən qorxub-hürkmüş İohann səhnəyə qalxdı. Skripkanı çiyninə qoydu, onu çənəsinin altına sıxdı və çalmağa başladı. İlk notlardan hamı anladı ki, qarşılarındakı böyük skripkaçıdır.

Uşaq gözləri yumulu halda, yırğalana-yırğalana çalırdı. Skripkanın qolu boyunca barmağının hər bir hərəkəti, bədəninin buna uyar hər bir ləngəri içində gizli qalmış enerjinin çölə çıxmasına şərait yaradırdı. İohannla skripka bir bütöv idilər.

Skripkanın kristal qədər təmiz səsi uçub gedir və buludlara çataçatda əriyirdi. Balaca virtuoz dinləyiciləri özünün mükəmməl texnikasıyla ovsunlamışdı. İnsanlar yerlərində donmuş halda qulaq kəsilmişdilər. Bu hal bir neçə dəqiqə davam etdi və bu müddətdə sarsıntıdan xilas ola bilmədilər. Sonuncu nota qədər belə davam elədi.

İohann ifasını bitirsə də, zalda bir neçə dəqiqə sükut hökm sürdü. Sonra, sevinc dalğaları, alqışlardan zal sökülürdü.

Konsertdən sonra təbrik üçün hamı balaca uşağın üstünə yürüdü. Xoşbəxtlikdən pərəstişkarların arasında bir neçə tanınmış musiqiçi də vardı. Onlardan biri, möcüzə uşağın talantından heyrətə gəlmiş musiqiçi dərhal bəyan elədi ki, xanım Karelski etiraz etməzsə, oğlunun karyerası ilə məşğul olmaq istərdi. Qadın əvvəlcə elə baxdı ki, sanki etraz edəcəkdi, sonra üzündəki bu tərs cizgilər tərəddüdə çevrildi, fikrindən hansısa ağıl başdan çıxaran qiymət keçdi, ancaq sonda razılıq verdi.

O vaxtdan etibarən uşağın konsertləri eyni templə bir-birini əvəz etdi, hamısı da uğurlu keçdi.

Bir neçə ay da keçdi, Paris salonlarında hamı bir-birinə bu sualı verməkdən usanmırdı:

- Kimdir bu uşaq, hardan peyda oldu, bu ilahi çalğı nə olan şeydi?!

Vunderkind... Bu İohann Karelski nə möcüzədir belə? Bir azdan Fransa İohann Karelskinin talantına dar gəldi. Onu Vyanaya, Madridə, bütün Avropa saraylarına dəvət elədilər. İohann kölgə kimi onu izləyən anasıyla birgə bütün Avropanı gəzib-dolaşdı. 

İngiltərəyə gedib çıxdığı ilk ölkəydi ki, burada onu çox böyük, təsəvvürəgəlməz uğur gözləyirdi. Deyildiyi kimi, musiqi sərhəd tanımır, o, insanlara istənilən siyasi çaxnaşmanı unutmağa vadar eləyir. Londondakı konserti elə bir təəssürat yaratdı ki, düz yeddi dəfə çıxış eləməli oldu və hər bir çıxışında bütün biletlər əvvəlcədən satılıb qurtardı.

İohannın şərəfinə verilən şam vaxtı hansısa qadın vəcdlə xanım Karelskiyə yaxınlaşdı:

- Qeyri-adi oğlunuz var! Dostları yəqin ki, onunla fəxr edirlər.

Xanım Karelski lütfkar təbəssümüylə qadına xoş sözünə görə təşəkkür elədi:

- Bildiyimə görə, İohannın dostu yoxdur.

Qadın çox təəccübləndi:

- Bu yaşda uşağınızın dostu yoxdu?

- Yox. Ancaq yeri gəlmişkən, özündən niyə soruşmursunuz?

Qadın İohanna tərəf döndü, İohann hansısa gənc lordla yanaşı oturmuşdu, bu dəqiqə ürəyi sıxılır, darıxırdı. Qadın soruşdu:

- Mənim balam, ən yaxın dostun kimdi?

İohann düşünmədən cavab verdi:

- Skripkam.

Hər axşam konsertdən sonra İohann özünün uşaq tənhalığına qayıdırdı. İndi olduğu qədər özünü heç zaman tək, tənha hiss eləməmişdi. Yəni şöhrət gələndən sonra.

 

5

Uğurlarla dolu həyat on il sürdü. Ta xanım Karelskinin ölümünə qədər. Anasını itirdikdən sonra İohann onu dünya və insanlarla birləşdirən yeganə  bağdan məhrum oldu və buna görə də dərin kədərə, yasa batdı və bu hiss onu bir daha tərk eləmədi. 

Bütün Avropa saraylarında nümayiş etdirilən elm meymunlarndan biri olmaqdan yorulmuş İohann qastrollara son qoymaq və qəti olaraq Parisdə yaşamaq qərarına gəldi, burda o, yalnız xeyriyyə məqsədləri ilə konsertlər verirdi. On yeddisindəydi, əvvəlki kimi mükəmməl ifa edirdi, ancaq bu artıq möcüzə deyildi.

Daha sonra hamı Avropanın monarxlarının riqqətə gəldiyi uşağı unutdu. Həyəcanlı illər gəldi, kralın hakimiyyəti laxlamağa başladı. İnsanlar çox çətinliklə çörək tapırdılar və tezliklə musiqiylə də maraqlanmamağa başladılar.

İllər keçdi.

Gündəlik çörəyini qazanmaq üçün İohann bir neçə uşağa skripka dərsi keçirdi. Həyatına məna aşılamaq üçünsə musiqilər bəstələməyə başladı.

Bu gündən sonra opera yazmaq ehtirası bütün varlığına hakim kəsildi. 

 

6

Ancaq sən saydığını say... İohann Karelski yeni həyat yoluna çıxa bilmədi. Müharibə onun əvəzində bütün qərarları verir, hər şeyi həll edirdi, bu, 1796-cı il, yazın ilk günlərinin birində baş vermişdi.

Lap yaxında otuz bir yaşı tamam olmuşdu.

Mart ayı. Sübh tezdən yaşadığı Monmart mansardına  çağırış vərəqi gəldi. Meydana gecikmiş qar yağırdı, sakitcə. Elə bil vaxtı dayandırmışdılar.

Poçtalyon yeddinci mərtəbəyə qalxdı və ağır-ağır nəfəs alaraq musiqiçinin qapısının ağzında ayaq saxladı. Ürəkdən gələn təəssüf hissiylə qapını döydü. İohann açdı və gələn adamın baxışlarından oxudu ki, xəbər yaxşı deyil.

- Görünür, indi də Fransanın sizə ehtiyacı var, - poçtalyon dedi.

Bir az tərəddüdlə çağırış vərəqini ona uzatdı. İohann onun baxışlarını sakit qarşıladı, məktubu götürüb açdı. Oxuya-oxuya rəngi ağardı, gözlərini qaldırıb xəbər gətirənə baxdı:

- Elədir, haqlısınız. Ölkənin mənə ehtiyacı varmış. Ancaq həyatımdan başqa ona nə təklif eləyə bilərəm ki?

Poçtalyon şəfqətli təbəssümüylə ona cavab verdi, İohannsa onun gözlərində iztiraba bənzər şeylər oxudu. Və buna görə də azca pərt oldu.

İohann bir neçə dəqiqədən sonra kafeyə endi, əsgərliyə yenicə çağrılan digər uşaqlar artıq burdaydı və onların bir çoxu Barrasın hərbi əməliyyat aparmaq üçün yolladığı iyirmi səkkiz yaşlı generalla birlikdə yola düşə bilməmişdi. Gecikmişdilər. Əvvəlcə adama bir stəkan yovşan arağı vurmuşdular, sonra ikinci, üçüncü.. stəkanı gillətmişdilər, xumar gözləriylə kafe sahibəsinin mərmər sinəsini sığallayır, yalayıb keçirdilər. Qadın da bəlkə ilk dəfəydi bu uşaqlara kişi kimi baxırdı.   

- Bonapartın sağlığına!

- Bonapartın sağlığına!

- İtalyan ordusunun sağlığına!

İohann tost demədi. Hamıyla birlikdə stəkanını qaldırıb içdi, sonra aralandı və evinə qalxdı.

Otağın ortasına tərəf addımlayıb dayandı, anasından qalma bəzi şeylərə baxdı, xatirələrini çözələməyə çalışdı, ancaq kədər birdən boğazına elə tıxandı ki, özünü çarpayısına saldı, ancaq tezliklə yorğunluq və içkinin xumarı onu üstələdi, yuxuya getdi.

Oyandıqda, hava qaralmaq üzrəydi. Paris toranlığa batmışdı, pəncərələrdə lampalar közərirdi. Hər çey sakit idi.

İohann futlyardan skripkasını çıxardı, kanifolla alətin qolunu təmizlədi və çalmağa başladı. Möcüzəli musiqi ona keçmişin uğurlarını və dəbdəbəsini xatırlatdı.

Həyatının başa çatdığını anlayırdı. Müharibədə duyğularının dalınca düşüb ehtirasını soyudacaq asudə vaxtı olmayacaqdı. Və yazmağı qəsd elədiyi operanı da heç zaman yaza bilməyəcəkdi. Otuz bir yaşı vardı, bütün varlığı arzu və ehtirasla doluydu. Ancaq seçimi o yox, müharibə eləmişdi.

 

7

Bonapartın ordusu üçün toplanış məntəqəsi elan etdiyi Nissada İohann Karelski musiqi, şöhrət və uğurlara vida elədi. Belə bir həyəcanlı zamanda musiqi onu müharibədən uzaqlaşdırmağı bacarırıdı. Ancaq indi belə deyildi. 

Sərkərdənin planına görə müharibə Vena üzərinə sürətli yürüşlə başlamalıydı. İlk vəzifələri Alp dağlarını aşmaq idi.

2 aprel 1976-cı ildə ordu yürüşə başladı. İtaliya əməliyyatına start verildi. 

Ancaq İtaliya adi təsadüf ola bilməzdi.

Opera bu ölkədə dünyaya gəlmişdi. Ancaq belə bir şirin, melodik dil ifanın bütün gözəlliyini ifadə edə bilərdi. İohann bu barədə kədərqarışıq sevinclə düşündü.

- Bu torpaqlarda yaşamaq nə böyük xoşbəxtlik olardı!

Ancaq indi İtaliyaya o, yaşamaq üçün yox, ölməyə gəlmişdi. Burda onu tam başqa bir musiqi gözləyirdi. Atəş səsləriylə, top atəşləriylə, qan və ölümlə  müşayiət olunan hərbi marş.

 

8

Demək, buymuş müharibə? Qan-qada, qırğın, hər tərəfdə yaralılar və öldürülmüş adamlar, ağzında daim palçıq və qan tamı qalır. Üst-başından cin hürkən, üfunət qoxuyan və günlərlə yeməyə bir tikə çörək tapmayan əsgərlər.... Və bu qulaq batıran, az qala qulaq pərdəsini cıran gurultu... özünü ağrıdan bağırmaqdan güclə saxlayırsan.

Lap yaxınlarda, elə dünən ona layla çalan skripkanın ecazı hara getdi bəs? Doğrudanmı bu, hər şeyi udub dərhal həzm-rabedən keçirən və heç zaman doymayan müharibənin cəngiydi? Ancaq onun müharibəsi cəmi on dörd gün çəkdi. 16 aprel tarixində Montenottedə döyüşün lap başlanğıcında İohann ağır yaralandı. Birinci xəttə doğru irəlilədiyi vaxt Avstriya ordusunun qusarı qılıncı İohannın sağ böyrünə soxdu. Elə həmin anda təsadfüfi güllə qusarı yaxaladı, qılıncın tiyəsi əlindən çıxdı, eləcə İohannın böyründən sallana qaldı. İndi bu dəqiqə, kimi öldürdüyünü bilmək istəyən avstriyalı əsgər karıxmış halda, donuq gözləriylə çevrilib baxdı, ixtiyarsız İohanna söykəndi,  dəhşətlə xırıldadı və yavaş-yavaş atdan yerə yıxıldı. Onun dalınca İohann da yerə yıxıldı, o saat da huşunu itirdi.

Tezliklə döyüş qurtardı, atışma, piyadaların yaylım atəşləri və silahların gurultusu sakitliklə əvəz edildi.

İohann bir də gecəyarısı özünə gəldi. Döyüş meydanı duman içindəydi, hərdən Ay bu dumanın içindən görünür, qorxunc kölgələr yaradırdı. İohann ayağa qalxmaq istədi, ancaq hər dəfə bu cəhdi dözülməz ağrıyla əvəz edilir, yerə yıxılırdı. Bir tərəfindən girib o biri tərəfindən çıxmış qılıncın qəbzəsi ölünün üstünə çəkilən xaç kimi qarnı üstündəydi. Ani hərəkət, hətta bədənin ani titrəyişində belə qılıncın tiyəsi daha dərin yara açırdı. İliyə işləyən soyuqdan qan donmuşdu və buna görə qanaxma da dayanmışdı. Ancaq tərpənməyə cəhd eləyən kimi yara açılır, bu isə ölümcül qan itkisinə səbəb ola bilərdi.

İohann anlayırdı: ölüm saatı yetişib. Müqavimət göstərmək faydasızdır. Son dəfə böyür-başına baxdı, ətrafda ölülər tərpənmədən matəm rəqsi oynayırdılar. Avstriyalı əsgər böyründə uzanmışdı, əli ümidsizcəsinə qılınca doğru uzalıydı, dişləri ağarırdı, bu halda ölümünə gülürdü.  Sağ tərəfdə qaya parçasının üzərində nizəli süvari əsgər uzanmışdı, qarnı deşilmişdi, ondan bir neçə addım aralıda atı yerə sərələnmişdi, dəli sıçramadan sonra burun deşiyindən hələ də köpük gəlirdi.  Sol tərəfdə isə piyada döyüşçünün cəsədinin yarısı ağac budaqlarından sallana qalmışdı, top atəşi onu yarı bölmüşdü. Və bütün bunlar küllə, tüstü burumlarıyla, çevrilmiş arabalarla, orda-burda atılmış silahlarla, insan bədənindən qopmuş hissələrlə müşayiət edilirdi. 

Uzaqda sanitarlar lazaretə aparmaq üçün yaralıları axtarırdılar. Ancaq döyüş meydanına sərilən əsgərlərin çoxunda həyat əlaməti yox idi.

İohann sanitarların ondan bir neçə addım aralıda gəzdiklərini gördü. Onları çağırmaq istədi, ancaq səsi çıxmadı. Boğazı elə qurumuşdu, ağzında sanardın dil yerinə qan iyi verən daş parçası vardı. Sanitarlar yanından ötüşüb keçdilər və yenə hər yan sakitliyə büründü.

İohann son dəfə Aya baxdı, qarnında parıldayan qılıncın qəbzəsinə baxdı və gözlərini yumdu.

Birdən, bəlkə də lap yaxında bir xışıltı eşitdi, külək dəyən parça xışıltısı kimi. Bəlkə bu, döyüşdə güllələnmiş qrenaderin mundirinin titrəməsiydi? Ya bəlkə ölümün nəfəs dərməsi?

Gözlərini açdı.

Ona baxan bir qadın idi. Uzun qara plaşda bir atlı qadın. Qara madyanın yüyənindən tutub tərpənməz şəkildə ona baxırdı. İohann bu baxışları bayaqdan hiss etmişdi. Qaranlıqda gözləri işıldayırdı, iki köz kimi.

Səs salmadan ona tərəf necə gələ bilmişdi? Həmin o yüngül xışıltı olmasaydı, deyərdi ki, bu hansısa sirli, möcüzənin təsiriylə əsən küləyin təsiridir.

Qadınsa tərpənmirdi. Görünür onun can verməsinə baxmağa gəlmişdi.

İohann səksəndi, ancaq dərhal da ağlına gəldi ki, artıq qorxmağın da faydası olmaz, gec idi, çox gec.

Tanımadığı qadınsa atı ağaca bağladı, su qabını götürdü, İohanna yaxınlaşdı, başını qaldırdı və su qabını ağzına tutdu.

Sonra qadın belə bir apokaliptik çevrədə, dəhşət və ölümlərin tən ortasında oxumağa başladı. Və elə təmiz, elə şirin səslə oxmağa başladı ki, İohann bir anlığa yarasını, onun verdiyi işgəncəni unutdu. Qadın oxudu, bütün gecəni, dayanmadan və yalnız onun üçün.

Oxuyub quratrdı, əyilib öpdü onu. Bu an, yəni dodaqları İohannın dodaqlarına toxunduqda yenidən huşunu itirdi.

Fransız dilindən tərümə edən: Cavanşir YUSİFLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!