Piano (hekayə) - Kənan HACI

Xalq artisti, unudulmaz diktorumuz Yusif Muxtarovun əziz xatirəsinə

 

Qızın incə, zərif barmaqları pianonun dilləri üzərində axıb gedirdi, musiqi isə nədənsə qəfəsdəki quş kimi çırpınırdı, boğulurdu.

Onlar ayaq saxladılar. Bu nə qəribə səs idi belə? Ucqar dağ kəndində, tozlu-torpaqlı yolda hansı vaxtlarınsa dumanlı xatirəsinə bənzəyən bu səsə, elə bil narın qüssə də qarışmışdı; görünən mənzərəyə tamamilə yad olsa da, ətrafa, soyuq havaya, lap elə insan qəlbinə azca istilik, doğmalıq gətirirdi. Şəhərdən gələnləri ayaq saxlamağa məcbur edən də bu məhrəm cazibə idi.

Səs gələn səmtə doğru irəlilədilər. Amma ağıllarına heç cür sığışdıra bilmirdilər ki, piano səsi gördükləri qazmadan gələ bilər. Dağıdılmış məzarı andıran oyuğa yalnız sükunət yaraşırdı. Başlarını qaldırıb tutqun səmaya baxdılar, zəncirlənmiş səsi əbəs yerə orda axtardılar. Harasa tələsən buludlardan başqa gözlərinə heç nə dəymədi. Mübhəm anlaşılmazlıq duyğusu onları qazmaya doğru çəkib apardı.

Havadan çürüntü qoxusu gəlirdi. Onlar öz aralarında mübahisə edirdilər. Qadın bu səsin heç də piano səsi olmadığını, hansısa uşağın məlahətli səslə nəğmə oxuduğunu israrla bildirirdi, kişi isə inadından əl çəkmirdi: hardasa piano çalınırdı, vəssalam!

Qazma ilə üzbəüz dayanmışdılar. Adamın sümüyünə işləyən rütubət çölə vururdu. Baxışdılar, qadının baxışlarından haqlı olduğuna əminlik hissi oxunurdu, kişininsə üzündə tərəddüdün şəkli həkk olunmuşdu. Nəğmənin bir addımlığında idilər. Yox, nəmişlik qoxuyan bu qazmada piano ola bilməzdi. Kişi arvadının zənnində yanılmadığını ürəyində etiraf etdi.

Qızın səsi kökdən düşmüş pianonu andırırdı. Burda yaşayan insanların həyatı da kökdən düşmüşdü - kişinin beynindən bu fikir keçdi, qəhər boğazında düyünləndi. Qazmaya yaxınlaşmağa ürək eləmədi. Qadın qabağa düşüb hər an qopmağa hazır olan köhnə, taxta qapını astaca döyəclədi. Sınıq şüşəsini kapron əvəz edən çürük pəncərə arxasından insan kölgələri gözə dəydi. Sanki səsin "ipi"ni kəsdilər, quyuya düşüb "gummmb" elədi. Handan-hana qapı cırıltı ilə aralandı, içəridən saç-saqqal içində itib-batmış orta yaşlı bir kişinin başı göründü. Təəccüb heykəlinə bənzəyirdi.

- Sizə kim lazımdır? - deyə soruşdu.

Qadın kişinin narahatlığını sovuşdurmaq üçün gülümsədi və onu intizardan qurtarmaq üçün tez mətləbə keçdi:

- Hər vaxtınız xeyir. Narahat olmayın, biz Xeyriyyə Cəmiyyətindənik. İmkansız ailələrin vəziyyəti ilə maraqlanırıq və məqsədimiz sizə kömək etməkdir.

Kişi azca toxtadı, lakin tərəddüd içində hələ də nəsə fikirləşirdi.

- Həə? Nə yaxşı... İndiyəcən heç bizi itirib-axtaran olmayıb axı. Ancaq... Sizi içəri dəvət edə bilmirəm. Məni düzgün başa düşün. Elə vəziyyətdə yaşayırıq ki... Arvad-uşaqla hamımız bir otaqda qalırıq.

Qadının əri mülayimcəsinə gülümsəyib irəli yeridi:

- Heç narahat olmayın. Həmişə belə vəziyyətdə yaşamayacaqsınız ki. Hökumətimiz çalışır ki, sizin sosial durumunuz yaxşılaşsın. Sizə hər cür şərait yaradılacaq.

- Allah bədnam qonşularımızın bəlasını versin! Kənddə topdağıtmaz evim vardı. Həyət-bacamda nə ağac desən, əkmişdim. Gələn, görən heyran olurdu. Bir gecədə bizi yurdumuzdan-yuvamızdan elədilər. - Beli dərd yükündən əyilmiş kişi qəhərləndi, sözünün ardını gətirə bilmədi.

İçəri keçdilər. Gördükləri mənzərə qarşısında hər ikisi donub qaldı. Bura həm mətbəx idi, həm yataq otağı, həm qonaq otağı... Amma heç biri deyildi. Səkkiz-doqquz yaşlarında bir qız uşağı uzunsov karton qutusunun üzərinə karandaşla piano dilləri çəkmişdi və onun üzərində musiqi aləti kimi "ifa" edirdi. Bu zərif, çəlimsiz qızcığazın içində cilovlanmaz bir güc vardı ki, onu rütubət qoxulu qazmada öz əlvan, musiqili dünyasını yaratmağa sövq edirdi. Bu dibsiz qaranlıqda qızcığaz o işığı, görəsən, hardan tapmışdı? Kişi bu suala cavab axtara-axtara qızın başına sığal çəkdi.

- Sən musiqini çox sevirsən?

Qız gülümsədi:

- Hə...

- Böyüyəndə kim olacaqsan?

- Mahnılar qoşmaq istəyirəm, - qız sadəlövhcəsinə cavab verdi.

- Həə, demək, bəstəkar olacaqsan, - kişi inam hissiylə dedi.

Qız, bəlkə də "bəstəkar" sözünü ilk dəfə idi eşidirdi. Başını qaldırıb qəfil gələn qonağın üzünə baxdı, dinmədi.

Qızın anası soyuqdan yun şala bürünüb küncdə büzüşmüş vəziyyətdə dayanmışdı. Bayaqdan heç onun səsini eşitməmişdilər. Qadın onu sorğu-suala tutdu. Məlum oldu ki, ailədə iki övlad var: bir oğlan, bir qız. Oğlanın on beş yaşı var, dərsdən sonra atası ilə birlikdə hardasa fəhləlik edib evə pul gətirirlər. Qız isə məktəbdə əlaçıdır, evdə olanda bütün günü mahnı "bəstələmək"lə məşğuldur. Müharibə onların dincliyini pozmuş, yuvalarını dağıtmışdı. İndi bu qazmaya sığınmışdılar.

Xeyriyyə Cəmiyyətindən gəlmiş kişi dərindən ah çəkib ailənin başı üstündəki kədər dumanını dağıtmaq istədi:

- Ürəyinizi sıxmayın, pis günün ömrü az olar. Lap yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq, siz də öz yurd-yuvanıza qayıdacaqsınız. Buna inanın, uşaqlarınıza da bu hissi aşılayın. Sən isə dərslərini yaxşı oxu, qızım. Mahnılar qoşmağa da davam elə. Əmin sənə bir piano borclu! Danışdıq?

Qızın üzündə sevinc çiçəklədi. Başını təsdiq mənasında tərpətdi. Kişi onu qucaqlayıb bağrına basdı və çalışdı ki, boğazında düyünlənmiş qəhəri qız hiss etməsin. Qızın üzünün qarşısıalınmaz həyəcan doğuran cizgiləri indi daha aydın göründü. Həyəcanla utancaqlıq hissi qızın sifətinə qəribə bir ifadə həkk etmişdi.

Qonaqlar gedəndən iki gün sonra Vətən müharibəsi başlandı. 44 gün çəkən bu savaş günlərində o qazma, karton qutusu üzərində "piano" ifa edən qızcığazın baxışları kişinin gözləri önündən çəkilmədi. Hər gün onu xatırlayırdı. Kəndlər, şəhərlər işğaldan azad olunduqca kişi qızın da əvəzinə sevinirdi. Bir dəfə qız onun yuxusuna gəldi. Gördü ki, geniş bir salondur, qız səhnədə piano arxasında Qələbə simfoniyasını ifa edir. Son akkordları vurduqdan sonra zalda gurultulu alqışlar qopur, xoşbəxt təbəssümü ilə tamaşaçılara təzim edən qız gül-çiçəklər arxasında görünməz olur.

Səhər yuxusunu arvadına danışdı. Qadının yanaqlarında yaş gilələndi. "Yuxun çin olsun", - deyə pıçıldadı.

***

Dəmir yumruq düşmənin başını əzmişdi. Məmləkətimizin ərazi bütövlüyü bərpa olunmuşdu. Şuşada, Cıdır düzündə şənliklər keçirilirdi. Yurdun xiffətdən saralıb solmuş ağacları, meşələri cana gəlmişdi, öz doğma sahiblərini görüncə sevincdən yaşıl yarpaqlarını bir-birinə vurub bu doğma adamları salamlayırdı.

Qızın doğulduğu kənddə yaraşıqlı, göz oxşayan evlər tikilmişdi. O evlərdən biri də onların idi. Xeyriyyəçi əminin aldığı ağ piano qonaq otağında göz oxşayırdı. Qızın gözlərindəki sevinc və bəxtiyarlıq hissi bir cüt yaşa dönüb yanaqlarında muncuqlandı.

Kişinin yuxusu çin olmuşdu...

 

14-23 iyun, 2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!