Sübh namazımın duası - Alpay AZƏR

"Sübhanallah" silsiləsindən

 

Həyətdə mən, atam, Sevil bibim ağrılardan inildəyən, oturaq halda bədənini qabağa-geri çəkən, töyşüyən Məçi (Məhluqə) nənəmə ümidsiz, çarəsiz baxırdıq. Xəstəliyi qaraciyəriylə bağlıydı, su yığılmışdı qarnına, qolları, ayaqları şişmişdi. Artıq iynə-dərman kömək etmirdi. Son iki gündə namazlarını heç otura-otura qıla bilməmişdi.

Yeri gəlmişkən, ilk dəfə Mığrı rayonunun Lök kəndində, namazı 3-cü sinifdə oxuyanda mənə öyrətməyə cəhd edən Məçi nənəm olmuşdu. SSRİ-də ateizmin asıb-kəsən vaxtında buna görə nənəmlə bərk mübahisə edən Çimnaz bibim ("Uşağın gələcəyini məhv eliyirsən, xəbərin var?") indi namaz qılır, oruc tutur.

O günlər Allaha yalvarırdım, nənəmin ölməyi Sankt-Peterburqa qayıtmaq günümə düşməsin. Namizədlik işimlə bağlı on gün sonra ora uçub elmi ezamiyyə, yataqxana məsələlərini həll etməliydim. Artıq təyyarə biletimi alıb pasportumun arasına qoymuşdum.

Qəfil atam dilləndi: "Nənə, kənddə Seyid Əhmədin marallarla zəmini şumlaması yadındadı?" Uşaqlıqdan atam öz anasına "nənə" deyirdi. "Hə", - nənəm könülsüz cavab verdi. "Onu Alpaya danış". Nənəm, hardasa XIX əsrin ortalarında Lök kəndində baş vermiş, kəramətiylə (ilanların dilini bilməyi, yaylaqda su olmayanda, dua oxuyub daşın altından su çıxarmağı) tanınan kəndin axundu  - ulu babamız Seyid Əhmədin əhvalatını qırıq-qırıq cümlələrlə, fasilələrlə, inildəyə-inildəyə başdan-ayağa danışdı.

Atamı ürəyimdə qınamışdım: "Axı, nə məcburdu, ağır xəstə ola-ola yüz dəfə bizə danışdığı hadisəni ona danışdırasan?" Nənəm o vaxt atama desəydi: "A bala, o hayda deyiləm", heç kim ondan inciməyəcəkdi. Düzü, heç mənim də ağlıma gəlməmişdi "Ay nənə, inşallah, başqa vaxt danışarsan", deyəm.

İllər sonra, artıq atam da bu həyatda olmayanda, hər şey mənə aydın oldu: atam elə bilirmiş, o hadisəni mənə - sevimli nəvəsinə danışanda, anası az da olsa yüngülləşəcək.

Hadisənin qısa məzmunu belədir: Seyid Əhməd neçə il imiş yaz günləri sübh namazından sonra zəmiyə gedib iki dəfə öskürürmüş, bu vaxt yaxınlıqdakı meşədən iki maral çıxıb onun yanına gəlir, ulu babamız onları xışa qoşub, torpağı şumlayırmış. Kənd camaatı baş açammırmış, öküzü olmayan bu kişinin zəmisi necə hər il bol taxıl gətirir. Bir gün kənddə cadugər kimi tanınan qarı başlayır Seyid Əhmədi güdməyə. Seyid maralları səsləyib xışa qoşanda, qarı qəfil onun qarşısında peyda olub deyir: "Ağa, indi bildik kələyin nə imiş". Hürkən marallar xışla bir yerdə meşəyə qaçırlar. Sonrakı günlər Seyid Əhməd zəmiyə gedib maralları nə qədər səsləsə də, onlar bir də onun yanına gəlmir.

Nənəmin üzündən öpdüm, sağollaşıb evimizə getməkçün ayağa durmaq istəyəndə, atam çiynimdən basıb qulağıma pıçıldadı: "Bəlkə, bu gecə burda qalasan. Peterburqdan qayıdanda, nənən bu həyatda olmaya bilər". Nəyisə bəhanə gətirib evə getdim, atam onunla qalası oldu.

Sübh namazının dəstəmazına başlayanda anladım ki, dualarım ancaq nənəmlə bağlı olacaq. 86 yaşlı nənəmin sağalacağına ümidim yox idi. Hər səcdədə alnımı xalçanın üstündə xeyli saxlayıb pıçıldadım: "Ey Allah, nənəmin əzabları davam eliyəcəksə, onu ən tez zamanda öldür". Duanın enerjisini bütün bədənimdə hiss etdim, başımı səcdədən qaldıranda bədənim yüngülcə titrədi. Namazın salamlarını deyəndən sonra, eyni duanı edib masanın üstündəki saata baxdım. Əqrəb düz 6:00-ın üstündəydi. Az sonra Sevil bibim  nənəmin rəhmətə getdiyini telefonla xəbər verdi. Tez əynimi geyinib tramvay dayanacağına düşdüm.

Dünən ağrılar içində maralların əhvalatını danışan yumru nənəm indi hərəkətsiz, qara örtüyə bükülmüş halda xalçanın üstündəydi - fanilik səhnəsi. Sevil, Çimnaz bibim cənazənin ətrafında oturub ağı deyib ağlayırdılar, Solmaz bibim Qurandan ayələr oxuyurdu. Ürəyimdə Allaha nənəmin ağrılarına son qoyduğuna görə şükür etdim, əzablarının o dünyada kəffarəsi olmasıyçün dua etdim. Sonra pasportumun arasına qoyduğum Bakı-Sankt-Peterburq təyyarə bileti yadıma düşdü. Özümdən asılı olmayaraq gizlincə sevindim.

Atamın danışdığına görə, gecə saat birdən başlayaraq nənəm çarpayıda gah o tərəf-bu tərəfə çevrilir, gah da oturub tez-tez ayaqlarını yerə çırpır, ağır-ağır nəfəs alır, dili tutulduğundan atamın "Nənə, nə lazımdı? Nə istiyirsən?" suallarına cavab verə bilmirmiş. Canvermə səhərə qədər davam edibmiş (atam bunları "Son döyüş" povestində ətraflı, nasir ustalığıyla təsvir edib). Nənəm son nəfəsini alıb-verəndə, atam divar saatına baxır. Əqrəb düz 6:00-ı göstərirmiş. Saat məsələsini eşidəndə, sağ dizim titrədi, sanki nənəm ikinci dəfə öldü. Ürəyimdə "Sübhanallah", deyib yüngülləşdim.

Atam son illər doğma kəndindən ötrü çox darıxırdı, ata-anası, ana nənəsi tez-tez yuxusuna girirdi, bəzən yuxularını bizə danışıb kövrəlirdi. Vətən müharibəsindən, Zəngəzur dəhlizi məsələsindən sonra doğma yerləri gedib görəcəyinə çox ümidliydi.

Xırdalan qəbiristanlığında atamla nənəm yanaşıdırlar. Onlara baş çəkməyə gedəndə, bəzən bir səhnə canlanır xəyalımda. Ana-bala sübh tezdən Lök kəndində zəmiyə gedirlər, başında ağ araqçın üzü nurlu ulu babamızın marallarla torpağı həvəslə şumlamasına tamaşa edə-edə ona deyirlər: "Yorulmayasan, ay baba. Allah qollarına qüvvət versin". Seyid Əhmədsə, "Amin!" deyib həvəslə öz işinə davam edir.

 

20 aprel-16 iyun 2025

Bakı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!