Venesiya respublikası və onun müttəfiqləri 1463-cü ildə Osmanlı imperiyasına qarşı amansız bir müharibəyə başladılar. Osmanlı imperiyası Egey dənizindəki adalarda Venesiya hakimiyyətindən narahatlıq keçirirdisə, Venesiya da Osmanlı imperiyasının adalarda üstünlük qazanmasını qəbul edə bilmirdi. 15 il davam edən müharibənin nəticəsində Venesiya sülh istəmək məcburiyyətində qaldı. Sülh müqaviləsinin ən qəribə maddələrindən biri olan 72-ci maddəsi Venesiya hersoqu Covanni Mocenigonun saray rəssamını Fateh Sultan Mehmetin rəsmini çəkmək üçün İstanbula göndərməsinə aid idi.
Marin Sanudoya görə, bu maddə İstanbula göndərmək üçün bir heykəltəraş, bir bürünc ustası və yaxşı bir rəssamı (un bon pytor) nəzərdə tuturdu. Həmin məqsədlə Qentile Bellininin istedadlı bir rəssam olduğü üçün seçildiyi, yaxud da İstanbuldakı sülh danışıqlarını həyata keçirən dostu Covanni Darionun tövsiyəsi ilə bu görəvə layiq bilindiyi məlum deyil. Digər bir ehtimal isə Venesiyaya gələn türk səfirinin Bellininin Dojlar sarayındakı rəsmlərindən təsirlənməsi ilə bağlıdır.
Bellini Venesiya aristokratlarının diqqət mərkəzində olan rəssam idi. Portretlərində hekayə ilmələri işləyən Bellini mənzərə çəkən Venesiya rəssamlığına kiçik detallarına qədər işlənmiş və böyük izdihamlı səhnələri təsvir edən üslub gətirmişdi.
Sçepersin verdiyi məlumata görə, Qentile Bellini 3 sentyabr 1479-cu ildə iki köməkçisi ilə birlikdə Venesiyadan İstanbula gəlmişdir. Fateh Sultan Mehmet Venesiya rəssamının məharətini sınamaq üçün onu müxtəlif sınaqlardan keçirmiş, bu səbəbdən də İstanbulda yaşadığı ilk aylarda Bellini sarayda müxtəlif tablolar çəkmişdir. Sultan Mehmet portretinin çəkilməsinə razılıq vermədən öncə rəssamın qabiliyyətinə bələd olmaq istəyirdi.
Bellininin hal-hazırda Bostondakı İsabella Gardner muzeyində saxlanılan "Oturan katib", Fogg Museum of Art - Harvard Universitetində mühafizə edilən "Oturan qadın" və Britaniya muzeyində olan "Bir türk mehtəri" adlı tablolarının da İstanbulda yaşadığı dövrdə çəkdiyi güman edilməkdədir. Britaniya muzeyində təqdim olunan "Səkkiz şərqli kişi və iki at" tablosu da, çox ehtimal ki, sözügedən dövrə aiddir.
Bellini təxminən 15 yanvar 1481-ci ilə qədər İstanbulda sarayda qalmışdır. Rəssamın İstanbulda qaldığı 16 ay müddətində yaratdığı əsərlər içərisində Fateh Sultan Mehmetin məşhur portreti rəssamın ən önəmli əsərlərindən biridir.
Qentile Bellininin çəkdiyi Fateh Sultan Mehmet tablosu Qərb rəssamlığında türklərin rəsm və naxışlarla həqiqi olaraq tanıdılması ənənəsinin başlanğıcını qoymuşdur. Türk xalça sənətinin incəliyini anlayan Qentile Bellininin hal-hazırda Londondakı Milli Qalereyada (National Gallery) sərgilənən "Məryəm və seçilmiş uşaq" (The Virgin and Child Enthroned) adlı rəsmində rəssam Məryəmin ayaqları altında türk xalısı çəkmişdir.
Bu tablonun Belliniyə aid olması şübhə doğurmur. Lakin rəsmin Venesiya və ya Avropa dövlətlərinə hansı formada aparılması məsələsi dəqiq məlum deyil. Əslində rəsm pis vəziyyətdə deyil, lakin Bellininin İstanbulda qaldığı müddət ərzində buna bənzər bir tablosunun olmaması dəqiq bir nəticəyə gəlməyi çətinləşdirir.
Eğriboz mühasirəsi (1470) zamanında qardaşı Françesko ilə birlikdə türklərə əsir düşən, uzun müddət Osmanlı dövlətində yaşayan, Şərq aləmi haqqında müxtəlif əsərlər yazan və 1488-ci ildə Venesiyaya dönən Covanni Maria Angiolellonun verdiyi məlumatlara görə, Bellini İstanbulda "bir çox gözəl rəsmlər" yaratmışdır. Hələlik sözügedən əsərlə bağlı türk sarayında qeydə təsadüf edilməməsi saray qeydiyyatlarının tamamilə əldə olmaması və ya hələ araşdırılmamış olması ilə izah edilə bilər. Hamfreyin iddiasına görə, bu rəsmin ilk qeydi Venesiya dövləti arxivindədir və rəsm diplomatik bir hədiyyə olaraq Venesiyaya gəlmişdir.
Angiolellonun yazdıqlarına əsasən, 1481-ci ildə Sultan Mehmetin ölümündən sonra taxta çıxan Sultan Bəyazid qatı bir dindar olduğu üçün italyanlara aid əsərlərin bir çoxunu İstanbuldakı Qapalıçarşıda satdırdı. Bu iddia mübahisəli bir Nobel mükafatı verilən Orxan Pamuk tərəfindən, təəssüf ki, həqiqətmiş kimi səsləndirilmişdir. Bizi qane etməyən bir iddia olsa da, elmi disiplinə görə, başqa bir dəlil tapana kimi məcburən qəbul edəcəyimiz bu hadisələrdən sonra Bellininin portreti Venesiyaya geri qayıda bilərdi.
Rogers Sultan Bəyazidin İstanbulda yeni bir cami tikdirməyi düşündüyü zaman caminin inşasına diqqət məqsədi ilə bir çox Avropa mənbəli əsərləri satışa çıxardığını yazır. Rogers bu iddiasını 1505-ci ilə aid bir saray inventor siyahısı ilə dəstəkləyir. Bu siyahıda Avropa mənbəli bəzi əsərlərin satıldığını göstərən faktlar olsa da, Belliniyə aid tablo mövcüd deyil. Satılacaq əsərlərin siyahısından da Bellininin portretinin həmin siyahıda olub-olmadığını anlamağa yardım edən detallar yoxdur. Bəlkə də əsər o zaman türk sarayında olmuş, yaxud da daha sonrakı tarixlərdə satılmışdır. Ümumiyyətlə, satıldığı da məlum deyil.
Kətan üzərində yağlı boya ilə çəkilən bu tablo 69,9 x 52,1 sm ölçülərində olub 1480-ci ildə yaradıldığı güman edilməkdədir. Londondakı Milli Qalereyada (National Gallery) "The Sultan II Mehmet" adı ilə qeydiyyatda olan bu tablonun (Gentile Bellini, Portrait of Sultan Mehmed II, 1480, oil on canvas, 70 x 52 sm, National Gallery London, NG 3099) sağ tərəfinin aşagısında 25 noyabr 1480-ci il yazılmışdır. Sol tərəfin aşağısında isə Mehmet və Qentile Bellini adları yazılmışdır.
Qalereyada rəsmlə bağlı verilən məlumatlarda yazılır: "Belliniyə aid olması sübut olunmayıb, lakin görüş baş tutduğu üçün II Mehmet (1432-1481) olaraq bilinir. Qentile Bellini sultanın İstanbuldakı (Constantinople) sarayına getdi. Bu rəsm çox zədələnmiş orijinal əsər, yoxsa surətdir? Bu məsələlərdə kəskin qərar vermək üçün sübutlar kifayət qədər deyil".
II Sultan Mehmetin portreti, böyük ehtimalla, 1460-cı illərdən qalma incə bir ulduzlu tökmə çərçivəyə alınmışdır. Bu cür çərçivə sənətkarın kompozisiyasını xüsusi vurğulamaq üçün seçilmişdir.
Fateh Sultan Mehmetin tablosunda Bellini digər XV əsr Venesiya portretlərinə bənzər şəkildə, izləyicilərin marağını tamamilə portretin özəlliklərinə və ifadəsinə istiqamətlənməsinə yardımçı olan düz bir arxa plan istifadə etmişdir. Sultan Mehmet zəngin, lakin sadə geyimi ilə qaranlıq bir arxa planda, bəzəkli bir kəmər altından önə çıxarılmışdır. Roma İmperatorluğu zamanından bəri rəssamların imperatorları kəmər altında təsvir etməsi Qərbdə güc anlayışı ilə bağlı idi. Bellini padşahı yaxın profil olaraq təsvir edən rəsmində də bu ənənəyə uyğun davranmışdır.
Tabloda diqqəti çəkən kəmərlər bəzilərinə görə heç bir elmi təməli olmadan "zəfər tağı" adlandırılmış, bu zəfər tağının San Zaccaria Venesiya kilsəsinin qapısını rəmzləşdirdiyi kimi iddialar ortaya atılmışdır. Lakin sözügedən qapı 1480-ci ildə tikilmişdir və həmin tarixdə Bellini İstanbulda idi. Bellininin sözügedən zamanda görmədiyi bir qapını belə bir tabloya simvol olaraq yerləşdirməsi, təbii ki, düşünülə bilməz.
Bellininin türklərin nəsildən-nəslə ötürdüyü və "Qızıl alma" adlandırdıqları milli, dini və fəlsəfi inancı öyrənməməsi mümkün deyil. Sultanın zehnində "Qızıl alma idealı" olduğunu düşündüyündəndir ki, rəssam portreti iki Roma sütununun arasına yerləşdirmiş, bununla da Avropa və türk mədəniyyətinin ünsürlərini birləşdirmişdir. Gedik Ahmet paşa idarəsindəki türk ordusunun 1480-ci ildə İtaliyanın cənubundakı sahil şəhəri Otrantonu mühasirəyə alması rəssamın türk sarayındakı çalışma zamanında gerçəkləşdiyinə görə rəssam bu insanın Bizansı əldə etdikdən sonrakı ən böyük hədəfinin San Pietro kilsəsini də ələ keçirmək olduğunu əlbəttə, bilir və ya təxmin edə bilərdi.
Osmanlı türklərində padşah qiyafətlərinin çoxu saray üçün çalışan sənətkərlar birliyi Ehl-i Hiref nəqqaşları tərəfindən hazırlanırdı. Padşah qiyafətlərini sərasərlə yanaşı, məxmər, çatma və kemha kimi bahalı, ipək parçalardan tikirdilər.
Fateh Sultan Mehmet Bursa, Manisa, Ankara və Diyarbəkir qumaşlarından hazırlanan qiyafətlərə üstünlük verərdi: sadə, lakin zövqlü geyinirdi. Padşahlar qiyafətini tamamlayan başlığa çox önəm verirdi. Padşahlar müxtəlif dönəmlərdə dəyişməklə yanaşı, mərasim və qəbul günlərində "xorasani", "mücevveze", "səlimi" və "katibi" deyilən başlıqlar geyərdilər.
Bellininin tablosunda padşah qısa və qolsuz bir qəhvə rəngli kürk manto altından solundan sağ tərəfinə doğru bağlanan ənənəvi bir qırmızı cübbə geymişdir. Sultan Mehmet zəngin, lakin sadə geyimi ilə, qaranlıq arxa planla, bəzəkli bir kəmər altından önə çıxarılmışdır.
Fateh Sultan Mehmet tabloda kürk bir yaxalıq ilə təsvir edilmişdir. Fatehin rəsmi olaraq samur və kakum kürkü istifadə etdiyi məlumdur. Halbuki bu tabloda qurd kürkü çəkilmişdir. XV əsr yazıçılarından Spanquqninoya görə, bu dövrdə İstanbulda geniş şəkildə qurd kürkü istifadə olunurdu. Səfərə çıxan paşalara və elçilərə daha çox kürk geyindirildiyi məlumdur. Lakin heç bir Osmanlı mənbəyində qurd kürkündən bəhs edilməmişdir. Bu halda Fatehin qurd kürkü içində rəsm edilməsi türklərin tarixi simvolu olan Bozqurd ilə əlaqədar olmalıdır.
Türklərin Bozqurd inancı Göy Tanrı dövründən qalmış kimi göstərilsə də, Osmanlı türkləri də düşmənlərini qorxutmaq üçün tez-tez qurd səsi istifadə edirdilər. Bu məsələni Hammerin verdiyi aşağıdakı məlumatlardan daha aydın anlaya bilərik: "Macarlar türkləri daha uzaqdan görüncə "Qurd gəlir" - deyə hayqırmağa başlayırdılar". Osmanlı ordusunun düşmən əsgərləri arasında Bozqurd qorxusu yaratmaq istədiyinə dair Hammerin verdiyi məlumatlar Fateh Sultan Mehmetin tablosunda nədən qurd kürkü istifadə etdiyini izah etməkdədir.
Fatehin tablosunun sağında və solunda hər biri üç olan kral tacları vardır. Bir digər tac da ön plandakı təsvirinin üzərindədir. Bu kral taclarının nələri ifadə etdiyi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür.
Qərb araşdırmaçılarının demək olar ki, hamısı Fatehin kral taclarını dəyərləndirərkən "Kətanın üst künclərindəki iki qrup üç tac - Bizans, Asiya və Trabzon üzərindəki Osmanlı qüdrətini rəmzləşdirməkdədir" fikrini müdafiə etmişlər. Bu təqdimata görə, ikinci üçlü qrup tacların və ön plandakı görünüşü üzərində olan tacın nələri simvolizə etdiyi izah oluna bilmir.
Bəzi araşdırmaçılar Sultan Mehmetin sağ və sol tərəfində yer alan altı tac haqqında "Bunların üçü Osman Qazi, Orhan Qazi və I Murad olmaqla "Əmir" ünvanına sahib üç atasını; digər üçü isə Abbasi xanədanından olan və Misirdəki Məmlük sultanlığı himayəsində yaşayan xəlifə I Mütəvəkkil tərəfindən 1395-ci ildə İldırım Bəyazidə verilən "Sultan-ı İqlim-i Rum" ünvanını daşıyan atalarını ifadə etməkdədir" iddiasını irəli sürürlər. Halbuki Osmanlı imperatorları digər krallara yazdıqları məktublarda atalarından danışmaq əvəzinə fəth etdikləri və sahib olduqları krallıqları sayaraq sözə başlayardılar. Bu məsələ xatırlandığında kral taclarının atalarla bağlı olduğunu müdafiə etmək məntiqli deyil.
Fateh Sultan Mehmet 1453-cü ildə Bizans imperatorluğunu, 1454-cü ildə Serbiya krallığını, 1459-cu ildə Mora despotluğunu, 1461-ci ildə Trabzon imperatorluğunu, 1463-cü ildə Bosniyanı, 1464-cü ildə Karaman dövlətini, 1473-cü ildə Krımdakı Cenova müstəmləkəsi ilə Krım xanlığını və 1478-ci ildə Albaniya krallığını fəth etmişdir. Buna görə Fateh Sultan Mehmet Bizans, Serbiya, Mora, Trabzon, Bosniya, Albaniya kimi bir imperatorluq və beş krallıq olmaqla krallıq tacı daşıyan altı kralı məğlub etmiş və ölkələrini fəth etmişdir. Aydın olduğu kimi, Fatehin portretində yer alan altı tac bu altı krallığı təmsil etməkdədir.
Pəncərə önünə sərilmiş qumaşın ortasında incilərdən hazırlanmış kiçik tac, "dünya malı" olan digər mücəvərlərin içində rəsm edilməklə padşahlar üçün tacın keçici olduğu vurğulanmışdır. Bu islam təsəvvüfünə aid bir simvoldur. Əslində, bu kompozisiya Sultan Mehmetin rəsmdə verilən mənəvi dünyasını tamamlamışdır.
Portretlərini sakit, lakin əzəmətli bir formada təsvir etməsi rəssamın digər rəsmlərində də görülən bir özəllikdir. Bellini bizə orta yaşlı bir insanın ruhunu ifadə edən gerçək bir psixoloji görüntü təqdim etməkdədir. Hələ də canlılıq yaşadan cizgilərin portretə ustalıqla köçürülməsi ilə rəsmdəki insanın adi bir insan deyil, "Dünyanın Fatehi (Viktor Orbis)" olduğu rəsmin dili ilə izləyiciyə xatırladılmışdır.
Qentile Bellini rəsmin sol tərəfinin aşağısında olan və hal-hazırda çox pozulmuş yazıda Fateh Sultan Mehmeti "Viktor Orbis", yəni "Dünyanın Fatehi" kimi təqdim etmişdir. Bellininin tabloya atdığı imzasının yanına, çox güman ki, Fatehin ona verdiyi, "bəy" ünvanının qarşılığı olan "Eques Aureatus" sözü də əlavə olunmuşdur.
Muhsin Kadıoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!