Patiryat - Racu ŞIXLI

Hekayə

 

Məhləmizdə o qədər it var ki, bizə kimsə qonaq gələndə zooparkın yaxınlığında qaldığımızı zənn edir. Dəfələrlə "Toplan" heyvanların mühafizə xidmətindən gəlib sahibsiz itləri yığsalar da, səhər durub görürdün ki, yağışdan sonra yerdən göbələk çıxan kimi yeni-yeni itlər peyda olub. Bu peydakarların arasında bir it diqqətimi yaman çəkmişdi. Məhlədə hamı o itə xüsusi qayğı göstərirdi. İtin məharətindən danışım. Elə ki məhləmizə yad maşın və ya adam gələrdi, o dəqiqə həmin it quyruğunu dikəldib hürər, tanımadığı obyektə sarı cumub, yad subyektin dərhal məhləni tərk etməsini istəyərdi. Birdən məhlədə balaca uşaqlar oynayanda başqa məhlələrin itləri bizim məhlə uşaqlarının üstlərinə cumub, hürüşməyə başlayardılar. Dərhal hamının diqqət marağı olan bu gözünə döndüyüm özünü olay yerinə yetirib, yad itləri qovar, balacaları qoruyardı. Artıq mən də həmin itlə dostlaşmışdım. Hətta onun bu qədər həssas, məhləmizin asayişini qoruması məni heyrətə gətirmişdi. Bu münasibətlə itə ad da qoymuşdum: "Patiryat". Məhlədə hər kəsin sevimlisi olan Patiryat sakinlər tərəfindən qayğı görür, evlərdə bişən yeməklərdən Patiryat üçün xüsusi olaraq ayrılırdı. Bir gün də biz - məhlə uşaqları yığışıb, Patiryata yuva düzəltmişdik. Öz aramızda sözləşmişdik ki, balaları olan kimi hərəmiz bir balanı götürüb Patiryat kimi böyüdəcəyik.

Bilmirəm, niyə, amma təbiətdən çox, onun dilsiz canlılarını daha çox sevirəm. "Dilsiz" deyəndə ki, bəzilərindəki hissiyyat düşünən, danışan canlılardan aktivdir. Bizim məhlənin Patiryatı da danışa bilməsə də, hissiyyatı o qədər aktiv idi ki, çox vaxtlar zamanımı onunla keçirir, hətta söhbət də edirdik. Təbiətdəki bütün canlılar ilahi düstur üzrə özləri gedərkən mütləq yerlərinə digərlərini əvəzlədər. Necə deyərlər, qadınlar uşaq gətirər dünyaya, dişi çiçəklər tozlanma nəticəsində yeni tumurcuqlarını pöhrələdər, dişi heyvan və quşlar da, ya yumurta üstə yatıb, ətcəbala çıxarar, ya da bəşər övladı kimi, əzabla güc edib doğarlar...

Bizim Patiryatın da halı ağırlaşmışdı. Gözlədiyimiz gün yaxında idi. Dördgözlə gözləyirdik ki, itimizin balaları gəlir dünyaya. Patiryat yuvadan bayıra çıxmırdı. Gecələr yuvasında özünəməxsus hürməyi olan Patiryatın səs-küyü gəlmirdi. Səbəb isə qarnındakı sancılar idi. Doğuşa hazırlaşırdı. Hətta məhləmizin ağsaqqalları bir-iki dəfə baytarlıqdan həkim də çağırmışdılar ki, Patiryatın doğuş gününü təyin etsinlər. Mən də hər dəfəsində orada olardım. Öyrənmişdim ki, həftəsonu doğacaq. İndi məhləmizin gəncləri - hamımız həyəcan və sevinc dolu nəzərlərlə bir-birimizə baxıb, baxışlarımızla "Balaca Patiryatlar gəlir!" - deyirdik. Həmin həftə, demək olar ki, bir saatdan bir yuvaya baş çəkib, Patiryata süd, sümük parçaları aparırdım.

Səbirsizliklə doğuşunu gözləyirdim. Hətta bir gün qardaşım işdən gələndə kağız sellofanda xeyli sosiska da almışdı ki, Patiryata aparım. O günü də həvəslə aparmışdım. Nədənsə həmin gün Patiryatın sancıları azalmışdı və sosisləri ləzzətlə yemişdi.

Həftəsonu yetişdi. Bütün məhlə həyəcanla Patiryatın doğuşunu gözləyirdi. Deyəsən, baytarın diaqnozu düz çıxmamışdı. Hələ doğuş baş tutmadı. Mən yarıbikef, yarısevincli evə gəldim. Ümidlə sabahı gözləməli oldum. Patiryatın səsinə elə öyrəşmişdim ki, hər səhər onun özünəməxsus səsinə oyanırdım yuxudan. Hər səhər üfüqdən gün yarı boylananda hürüşünə diksinib oyandığım Patiryatın, son vaxtlar halı ağır olduğu üçün həvəssiz idi, hürmürdü və mən də diksinib yuxudan oyana bilmirdim. Günortaya yaxın yuxudan oyandım. Paltarımı geyinib, cəld məhləyə - Patiryatın yuvasına qaçdım. Gördüyüm mənzərə heç də ürəkaçan deyildi. Məhlə uşaqları məndən cəld tərpənmişdilər. Gecədən dünyaya gələn balaları seçib hərəsi birini götürmüşdülər. Yuvada bircə ətcəbala qalmışdı. Patiryat eləcə həmin balasını yalayır, çənəsini balasının başına söykəyib, zingildəyirdi. Arabir də qabaq ayaqları ilə balasını ehmalca sağa-sola çevirirdi. Heyrətdən gözlərim böyümüşdü. Zavallı ətcəbala doğuşdan əngəlli doğulmuşdu. Arxa ayağının biri, bir də sol gözü yox idi. Astaca əlimi yuvaya uzadıb bu şikəst doğulan balaya toxunmaq istədim. Lakin Patiryat həvəssiz, çox da ucadan olmayan səslə havladı. Və mənə imkan vermədi ki, balasına toxunam. Bir müddət kənardan durub, yuvaya tamaşa etdim.

İndi bir başqa aləm məni əhatə etmişdi. Bir ananın şikəst balasına olan həssas duyğularla yanaşması və əgər dili olsaydı: "Tanrım, axı əzab çəkirəm bu balam üçün", - deyərdi. Patiryat o qədər üzgün görünürdü ki, hətta gözlərindən burnuna uzun iz salmış xətləri aydın görmək mümkün idi. Bu Patiryatın göz yaşları idi. Bikef evə qayıtdım. Məhləmizdə də qəribə bir durğunluq var idi. Hamı Patiryatın 7 baladan bircə əlil doğulan bu balasına heyfsilənir, acıyırdı. Şər qarışmışdı. Mən hələ də eyvanda durub, həyətdə - söyüdün dibindəki yuvaya boylanırdım. Sanki ümid gözləyirdim. Amma heç cürə təkrar yuvaya getmək istəmirdim. Patiryatı o vəziyyətdə, aciz, şikəst balasını qolları arasına sıxıb, zingildəyən görmək istəmirdim. O gecəni birtəhər başa vurub, sübh tezdən Patiryata baş çəkməyə getdim. Həyətə düşəndə gördüm ki, söyüdün ətrafı məhlə sakinləri ilə doludur. Addımlarımı itilədib yuvaya yaxınlaşdım. Qapı qonşumuzun oğlu burnunu çəkə-çəkə mənə sarı gəldi. Əlinin dalı ilə üzünə süzülən göz yaşını silib, boğunuq səslə dedi:

- "Patiryat artıq yoxdur!"

"Ola bilməz ki, Patiryat şikəst doğduğu balasını özbaşına yuvada tərk edib getsin". Bu fikirləri öz-özümə mızıldandım. Adamların arasından cəld yuvaya soxuldum. Gördüyüm mənzərə mənə aylarla psixoloji təsir bağışladı. Patiryat yumurlanmış, ətcə balasını sinəsinə sıxmış, bir qolunu balasının boynu ardına, o biri qolunu qarnına qoyub, burnunu balasının burnuna dirəyib hər ikisi uzun bir yuxuya getmişdi... Məhləmizin ağsaqqallarının kövrək səsi məni sükutda boğulmuş halımdan ayırdı:

- "Elə bu söyüdün dibi münasibdir. Bel gətirin! Burada qazın yerlərini!.."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!