Arabadakı adam - Zemfira MƏHƏRRƏMLİ

Romandan parça

 

Oyanmışdım. Amma gözlərim yumuluydu. Yenidən yuxuya getmək, yatmaq istəyirdim. Alınmırdı. Dizlərimi yığıb sol böyrüm üstə divara tərəf çevrildim və köhnə dəmir çarpayının əsəblərimi tərpədən xırıltılı səsi yuxumu bir az da qaçırdı. Və mən tam əmin oldum ki, artıq səhərə qədər yata bilməyəcəm. Gözlərimi açanda qaranlığı yarıb pəncərədən içəri süzülən ayın parlaq işığına sevindim. Otaq xeyli işıqlanmışdı. Ətrafa göz gəzdirdim. Cırılıb sallanmış, avazımış, rəngi qaçmış divar kağızları xoşagəlməz görüntü yaradırdı. Yenidən əks tərəfə - sağa çevriləndə çarpayının əttökən səsinə dözməyib ayağa qalxdım. Köhnə dolabın üstünə qoyduğum qol saatımı qaldırıb baxdım. Saat 3:37-ni göstərirdi. Şüşələrinin hər an qırılıb tökülmək təhlükəsi olan pəncərəyə yaxınlaşdım. Dəstəyini hər iki əlimlə ehtiyatla tutub sıxdım və özümə tərəf çəkdim. Pəncərənin sağ tərəfi tam açıldı. Başımı çıxarıb ulduzlarla dolu göyə baxdım. Hər tərəf süd kimi ağappaq idi. Aylı-ulduzlu göylər gecəyə meydan oxuyurdu.

Acmışdım. Evdə yeməyə ərzaq-filan yoxuydu. Mətbəxə keçib, dünəndən masanın üstündə quruyub qalmış çörək parçasını götürüb çeynəyə-çeynəyə yataq otağına qayıtdım. Çörəyin artığını dolabın üstünə qoyub şalvarımı, köynəyimi geyindim, hamam otağına keçib əl-üzümü yudum. Quru çörəyi hələ də çeynəyirdim, amma uda bilmirdim. Yenidən mətbəxə qayıtdım. Neçə gündən bəri yığılıb qalmış zibil paketini götürüb otaqdan çıxdım. Qapını açarla bağlayıb, kirayədə qaldığım bu beşmərtəbəli evin beşinci mərtəbəsindən iti sürətlə aşağı endim. Bir anlıq dayandım, bayaqdan çeynədiyim quru çörəyi axır ki uda bildim. Elə bu anda yadıma düşdü ki, sabah, günorta saat ikinin yarısında mənzilin sahibi ilə görüşməli, bir həftədir gecikdirdiyim kirayə pulunu ona verməliyəm. Amma pulum yoxuydu.

Pilləkənləri enəndə ürəyimin döyüntüsünü açıqca eşidirdim. Əlimdəki paketi məhəllənin bir küncünə qoyulmuş, aşıb-daşan iri zibil qabına atdım və yoluma davam elədim. Addımlarımın səsi, bir də hərdən gözə dəyən maşınların hərəkəti gecənin sükutunu, rahatlığını pozurdu. Şəhərlə dənizkənarı parkı bir-birindən ayıran prospekti keçib uzun pilləkənlərlə üzü enişə, dənizə doğru yönəldim.

 

***

Qulağı birkalı küçə itləri şonquyub mənə baxırdılar. İtlərin yanından ehmalca keçib getdim. Dənizin səsini artıq eşidirdim. Sahilə çatmağa lap az qalmışdı. Burada dolaşan itlərin hənirtisi gəlirdi. Addımlarımı dayandırmadan dönüb geriyə baxdım. Əlil arabasında bir nəfərin ardımca gəldiyini gördüm. Ayağı sağ dizindən aşağı kəsilmiş bu adam əlləri ilə arabanı idarə edir, hərəkətdən qalmağa qoymurdu. İtlər quyruqlarını bulaya-bulaya onu müşayiət edirdi. Bir az sonra itlər yorulub yarı yolda qaldı. Arabadakı adam hələ də böyük həvəslə sahilə yaxınlaşırdı.

- Necə gözəl bir səhərdir, - dedi arabadakı adam və "mindiyi at"ın sürətini bir az da artırdı. Tələsirdi, elə bil dəniz qaçıb gedəcəkdi yerindən. Saçları təmiz vurulmuş, sinəsi qabarıq, təxminən, 25-28 yaşlarında olan bu şəxs qara rəngli qısaqol yay köynəyində idi.

- Adam yaşamaq istəyir... Ləpələrin səsi elə bil gecəyə həzin nəğmə oxuyur. Göy üzü aylı-ulduzlu, dənizin havası da can dərmanı. Bir az keçəcək, dan yeri qızaracaq. Bapbalaca nöqtə boyda Günəş dənizdən çıxacaq, sonra yavaş-yavaş böyüyəcək. Mən yay aylarında hər gün gəlib bu mənzərəni seyr eləyirəm... Hə... Hə... Hər gün… Amma doymuram. Yazıq bu vaxt evdə yatanların halına, gəlib bu ilahi gözəlliyi görmürlər. Təmiz havanı ciyərlərinə çəkib, zövq-səfasını duymurlar.

Əlil arabasında şəstlə oturub füsunkar təbiətin seyrinə dalan, mavi dalğalara bu qədər heyranlıqla tamaşa edən bu adamın tanımadığı bir kəslə, yəni mənimlə söhbəti, doğrudan da, çox maraqlı və təsirli idi.

- Sənin adın nədir? - deyə o, məndən soruşdu.

- Seymur, - mən cavab verdim.

- Yaxşı adın var. Amma bura adamına heç oxşamırsan, - deyib məni başdan-ayağa süzdü.

- Rayondan gəlmişəm. Burdan uzaqlarda Yaşıllı deyilən bir kənd var, ordan. Şahdağa yaxın, gözəl mənzərəsi olan bir kənddir.

- Yəqin işləməyə gəlmisən?

- Həə, işləməyə gəlmişəm. Bir marketdə iki ay fəhlə işlədim. Çox yorulurdum. Axırda dedilər, bilirsən, bu iş sənlik deyil, get özünə ayrı iş tap. Düz deyirdilər. Doğrudan da, o iş mənlik deyildi.

Fiziki imkanları məhdud olan, amma həyat eşqini itirməyən bu gənc məni hələ də sınayıcı nəzərlərlə süzürdü. Bir müddət danışmadı. Mən də fikrə getmişdim. Sabah günorta mənzilin sahibi ilə görüşün xofu heç vəchlə canımdan çıxmırdı. Vəziyyəti düzəltmək üçün bir yol tapa bilmirdim.

- Həə, qardaş.

Mən səsə diksindim. Susub durmuşdum, onun nə deyəcəyini gözləyirdim.

- Böyük şəhərlərdə hər adam gün-güzərandan baş çıxara bilmir. Kənddə ev-eşiyin var?

- Həə, varımızdı.

- Kim qalır indi orda?

- Anam.

- Atan yoxdur?

- Yox! Rəhmətə gedib. Onda mənim on dörd yaşım vardı.

- İndi neçə yaşın var?

- İyirmi dörd. Mən istəyirdim işləyəm, pul qazanam. Anamı da gətirəm yanıma. Şəhərdə bir yerdə yaşayaq, amma alınmadı.

- Sən evdə elə tək uşaq olmusan? - deyə o, maraqla soruşdu.

Tanımadığım bir adamla söhbətə girişməyim özümə də qəribə gəlirdi.

- Yox, bir bacım da var - Ləman, - deyə mən ağır-ağır cavab verdim.

- Bəs, o hardadır?

Mən arabadakı adamın sonuncu sualını cavablandırmadım və üzümü dənizə tutub qızaran dan yerinə uzun-uzadı baxdım, sonra:

- Yaxşı, sağ olun, - deyib ondan aralandım.

- Nə oldu, hara gedirsən? - deyə o, səsləndi.

- Evə gedirəm, işim var.

- Saat beşdir. Bu vaxt nə iş? Əziyyət çəkib bu qədər yol gəlmisən, doyunca hava al, gedərsən.

- Yox, mən gedim. Görüşərik haçansa, - dedim.

- De görüm, pulun var? - deyə o soruşdu.

Mən fikirləşdim ki, bu adam, yəqin dilənçidir. Baxdım ona, yazığım gəldi. Pulum nə gəzirdi, yoxsa verərdim.

- Yox, pulum yoxdur.

- Lap az da olsa, yoxdur?

Mən donub qalmışdım. Heç nə deyə bilmirdim.

- Ciblərini çıxart çölə görüm, - deyib mənə yaxınlaşdı.

Mən şalvarımın ciblərini çıxarıb çevirdim. Kirayə qaldığım mənzilin açarı qumun üstünə düşdü. Ondan gözlərimi çəkmədən əyilib açarı götürdüm. O, beləcə bir müddət qəribə baxışlarıyla gözlərini məndən çəkmədi. Sonra köynəyinin cibindən bir əllilik çıxardıb mənə uzatdı. Lakin onun əli uzanılı qaldı.

- Al, götür. Vaxt olar, sən də kiminsə əlindən tutarsan. Bu sənin həyatında olacaq, mütləq olacaq... Hər bir adamın həyatında belə bir gün olur. Bir gün kiminsə əlindən tutur, kiməsə dəstək olarsan.

- Yox... yox, siz elə bilin ki, mənim əlimdən tutdunuz, - deyib geri çəkildim.

O, əliylə arabanın təkərini cəld işə salıb sürətlə mənə yaxınlaşdı.

- Al, götür, yoxsa bu pulu sənin gözünün qabağında cırıb dənizə ataram, - dedi.

Mən çıxılmaz vəziyyətdə qalmışdım. Əslində pula ehtiyacım vardı. Amma ilk dəfə gördüyüm adamdan - özü də dizindən aşağı ayağı olmayan bir əlildən pul götürmək çox ağır gəlirdi mənə. O, elə bil mənim fikrimi oxudu və ağır-ağır:

- Mən hər səhər bura gəlirəm. İmkanın olanda gətirib qaytararsan. Tələsmə, yenə deyirəm, nə vaxt imkanın olarsa... Olmasa, heç qaytarma. Canın sağ olsun. O pulu sənə borc vermirəm. Amma ürəyin rahat olsun deyə, pulun çox olanda qaytararsan.

- Axı, siz məni tanımırsız, - dedim. Səsim kallaşmışdı, nitqim qurumuşdu.

- Biz artıq tanışıq. Adımı bilmək istəyirsənsə, deyim? Kənandır mənim adım, Kənan. Deməli, danışdıq, belə edirsən, gedirsən kəndə, toyuqdan-cücədən saxlayıb başını qatırsan. İş də olacaq, darıxma. Ananı da heç vaxt tək qoyma, yaşlı adamdı, həmişə yanında ol. Bu sözlərimi isə böyük qardaş nəsihəti hesab edərsən yəqin.

Kənan bunları deyib arabasını işə saldı. Sürətlə məndən aralanmaq istəyirdi. Yəqin fikirləşirdi ki, birdən mən pulu qaytara bilərəm. Sarı əllilik barmaqlarımın ucunda titrəyirdi. Dənizdən əsən meh az qalırdı pulu əlimdən qoparıb aparsın. Kənan məndən uzaqlaşdıqca həyəcanım bir az da artırdı. Nəhayət, özümü saxlaya bilməyib qışqırdım:

- Kəndə gedə bilməyəcəm, - dedim.

Kənan arabanı saxladı. Yolun ortasında hərəkətsiz donub qalmışdı. Heç mənə tərəf çönmədi də. Səsi də gəlmirdi. Başa düşdüm ki, o, kəndə gedə bilməməyimin səbəbini məndən eşitmək istəyir. Mən ona yaxınlaşıb əlimi çiyninə qoydum. Başını dikəldib gözlərimə baxdı, anladım ki, sözümün ardını gözləyir. Mən isə danışa bilmirdim, dilim tutulmuşdu. Kənan mənim halımı, ovqatımı, təbii ki, görürdü, hiss eləyirdi. Elə yəqin ona görə də, məni həyəcandan qurtarmaq üçün özü dilləndi:

- Niyə? Nəyə görə gedə bilmirsən kəndə?

Gözlərini məndən çəkmirdi Kənan.

Hiss edirdim ki, bu durum onu əsəbiləşdirir. Onu da hiss edirdim ki, Kənan əsəblərini güclə ram eləyir, mənim cavabımı gözləyir. Artıq qırmızı xətti keçdiyimi bilirdim və mütləq danışmalıydım. Özümü toparlayıb qırıq səslə dedim:

- Bacım. Bacım türmədədi. Adamların üzünə baxa bilmirəm. Hər baxışda bir kinayə, etinasızlıq görürəm. Az qalıram ölüb yerə girim, kənddə olanda.

- Bacın nə üstündə tutulub? - deyə Kənan təəccüblə soruşdu.

O, susduğumu görüb, əsəbi halda, bir az da ucadan xəbər aldı:

- Nə üstündə soruşuram tutulub bacın?

- Kəndimizdə bir oğlan aldadıb onu. Söz verib ki, evlənəcəklər. Amma sözündən qaçıb, yalan danışıb. Bacım da onu öldürüb.

Kənan gözlərini yumub, qaşlarını yuxarı qaldırdı. Başını sağa-sola tərpətdi. Danışmırdı. Mən də sakit durmuşdum. Aramızda gərgin pauza yaranmışdı. Ürəyim od tutub yanırdı. Özümü qınayırdım. Axı, niyə, niyə mən bütün bunları azca əvvəl tanıdığım bir adama danışdım. Lap tutaq ki, doğrudan da, o, yaxşı adamdır. Pulum olmadığını bilib, mənə pul da verdi. Ağıllı məsləhətləri də öz yerındə. Amma bütün bunlar mənə əsas vermir ki, ailəmizə başağrısı, əskiklik gətirən bir hadisəni danışım ona. Axı, o özgədir, yad adamdır. İndi onun mənə münasibəti də yəqin dəyişəcək.

Kənan yerində qurcalanıb dikəldi. Öz-özüylə danışırmış kimi, astadan pıçıldadı:

- Belə hadisələr həyatda çox olub, amma buna görə adam öldürmək... Bilmirəm... Mənə nədənsə çatmır belə şeylər. Bəlkə çox geri qalmışam?! O da ola bilər.

- Yox, - deyə mən sövq-təbii dilləndim. - Məsələ siz düşündüyünüz qədər də sadə deyil...

Mən danışa bilmir, çətinlik çəkirdim. Bilmirdim fikrimi ona necə çatdırım ki, məni başa düşsün. İnsan ömrünün ən çətin anlarında belə özünü qorumağı, müşkülü asan eləməyi bacarmalıdır. Mənim bacımsa bunu bacarmadı, öz qisasını onun həyatını alt-üst eləyən, bədbəxt günə qoyan bir adamı, həm də sevdiyi adamı öldürməkdə gördü, özünü də bədbəxt elədi.

Fikirləşirdim ki, bütün bunları Kənana danışsam, o, birdən məni düzgün anlamaz. Ləpələrin şaqraq səsi məni bir an düşüncələrimdən ayırdı. Mən sübh tezdən üfüqün yavaş-yavaş qırmızı rəngə boyandığını görürdüm. Təbiətin bu qəribə halətinə, bu bənzərsiz anlarına "dan yeri sökülür" deyirlər. Doğrudan da, gözümüzün qabağında ecazkar bir mənzərə "doğulurdu".

Dodaqları bir-birindən azca aralanmış, qarşımızdakı cazibədar təbiət lövhəsinə təəccüblə baxan Kənanın əsrarəngiz gözəlliyə bu qədər heyranlığı məndə qəti bir fikir yaratdı: o, pis adam ola bilməz. Əlbəttə, ideal adam yoxdur bu gidi dünyada. Hərənin nə isə çatışmayan cəhəti var. O cümlədən, yəqin ki, Kənanın da.

Mən Kənana gözaltı baxırdım. Elə bilirdim yeni bir insan kəşf edirəm. Sanki bütün qayğılarım unudulmuş, mənə rahatlıq verməyən fikirlərim buxarlanıb yoxa çıxmışdı. Canımda çoxdan, lap çoxdan duymadığım bir ürək, qəlb rahatlığı tapmışdım. Mən indi, bax, burda, romantik gecəylə sübh çağının qovşağında Kənanı bu dənizlə, yeni bir səhərin açıldığı ülvi gözəlliklə tək qoyub getmək istəyirdim. Amma gedə bilmirdim. Hansısa bir qüvvə məni tutub saxlayır, getməyə, uzaqlaşmağa qoymurdu. Beləcə, dan yerinin sökülməsinə və Kənanın bu mənzərəni necə ləzzətlə izləməsinə maraqla baxır, rahatlığım bir az da artırdı. Artıq günorta saatlarında mənzil sahibi ilə baş tutacaq görüş də məni narahat etmirdi.

- Əşi, cəhənnəm olsun, nə olacaq, olacaq. Bir pencəyim var, atıb çiynimə çıxıb gedəcəm. "Mən adam kimi yaşamaq istəyirəm, kimlər nə deyəcək" prinsipi ilə yox.

...Aclıq da bir yandan məni üzürdü. Ayaq üstə güclə dayanırdım. Evə getmək, cibimə qoyduğum əlli manatla evimizin yanındakı iyirmi dörd saat işləyən marketdən nəsə alıb yemək istəyirdim. Ürəyim çəkilirdi.

Kənana bacımın adam öldürməyinin səbəbini deməmişdim. Ona görə yerimdən tərpənə bilmirdim. O da soruşmurdu, görünür bu onun içindəki yüksək mədəniyyətindən, böyük insanlığından irəli gəlirdi. O, gözlərini dənizdən çəkmədən dedi:

- Deyəsən, getmək istəyirsən? Görürsən, dənizin havası adamı necə acdırır. Get, mağazadan yeməyə bir şey al, at ağzına. Özünü ac qoyma. Mənim telefon nömrəmi yaz...

O, nömrəni demək istəyirdi, mən onu qabaqladım:

- Mobil telefonum yoxdu. Satmışam, - dedim.

Kənan gözlərimin düz içinə baxdı. Bir müddət danışmadı. Sonra yenidən baxışlarını dənizə dikib dedi:

- Yaxşı, get. Sabah bu vaxtlar burda olacam. İstəsən, gələrsən.

 

***

Kənanla sağollaşıb, ayrıldım. Sahildən uzaqlaşdıqca dənizin səsi aram-aram çəkilirdi qulaqlarımdan. Prospektə qalxan pillələrə yaxınlaşanda qulağı birkalı itlər quyruqlarını bulaya-bulaya mənə tərəf qaçdılar. Görünür, acmışdılar, amma onlara veriləsi heç nə yox idi məndə.

Mən marketdən bir az pendir, kərə yağı, şəkər tozu və çörək götürüb ödəniş etmək üçün kassaya yaxınlaşdım. Əlini ağzına tutub əsnəyən sarışın qız aldığım ərzaqları hesablayıb satış çekini mənə uzatdı.

- Neçə gündür görünmürsən, hardasan? - deyə soruşdu.

- İşim var idi, buralarda yox idim, - deyib çeki ondan aldım.

Nə edim ki yalan danışa bilmirəm. O da hiss etdi ki, yalan deyirəm.

Satıcı qızın uzun barmaqları var idi. Bu barmaqlar onun qırmızı paltarının fonunda daha gözəl görünürdü. Sarışın qız gözlərini süzdürüb mənə elə qəribə baxdı ki, yalan danışdığıma xəcalət çəkdim. Sağollaşıb qapıdan çıxanda:

- Bir problem olsa, yaxınlaş, utanma, - dedi.

Mən başımı yelləməklə təşəkkürümü bildirib, marketdən çıxdım.

Kirayə qaldığım evin bloku qarşısında sahibsiz pişiklər boy-boya vermişdi. Görünür, onlar da mənim kimi ac idi. Yenidən marketə qayıtdım. Satıcı qız yenə əllərini ağzına aparıb əsnəyərək:

- Nə oldu, niyə qayıtdın?

Mən gülümsünüb dedim:

- Demirdiniz problem olsa gəl, utanma? Mən də gəlmişəm...

O da gülümsədi və məni bir də qəribə baxışlarla süzdü.

Bir neçə sosis götürüb ona yaxınlaşdım:

- Bunları pişiklər üçün alıram. Blokun qabağında oturub məni gözləyirlər, - dedim və üç manat verib, çıxışa yaxınlaşdım. Satıcı qız ucadan:

- Dördayaqlıları pis öyrətmə, - dedi.

Mən sosisləri pişiklərə yedizdirib otağıma qalxdım.

 

***

Səhər yeməyindən sonra çarpayıda uzandım. Hər gün eşitdiyim, zəhləmi aparan cırıltı indi nədənsə əsəblərimə toxunmurdu. Əllərimi başımın altında çarpazlayıb siqaret tüstüsündən avazımış tavana baxırdım. Əhvalım yaxşıydı. Dənizin saf havasını hələ də canımda hiss eləyirdim. Kənanla söhbətim, daim sahilə can atan ləpələrin pıçıltısı, aylı-ulduzlu səma, nəhayətsiz mavi ənginlik... kino lenti kimi gözümün önündən gəlib keçirdi. Beləcə, yuxuya getdim.

...Taqqıltıya oyanıb gözlərimi açdım. Qapını döyürdülər. Kim ola bilər, xeyir ola?! Saata baxdım. On birin yarısı idi. Mənzilin sahibi günortadan sonra gəlməli idi axı. Mən ucadan:

- Gəlin, - dedim və tez də gedib qapını açdım. Qarşımda bəstəboy bir gənc xanım dayanmışdı. Əynində qara rəngdə uzun donu, çiynində iri çantası var idi. Uzaq yol qət eləyib gələn adamlara oxşayırdı. Mən onu içəri dəvət elədim. O, dəhlizə keçib çantasını köhnə, sınıq-salxaq şkafın üstünə qoydu. Divardakı çoxdan silinməyən oval güzgüdə saçlarını səliqəyə saldı.

- Sizin bu beşmərətəbə lap ürəyimi üzdü, - dedi, sonra:

- Siz Seymursuz, düz bilmişəm? - deyə soruşdu.

- Həə, Seymuram, - dedim.

O, çantasını götürüb otağa keçdi. Mən onu masaya dəvət elədim:

- Əyləşin, indi sizə çay gətirəcəm.

O isə:

- Üzümə bir az sərin su vurmaq istəyirəm, istidir, - dedi.

- Buyurun, - dedim və mətbəxə keçdim.

Çaydanı qazın üstünə qoydum, soyuducudan pendir, yağ çıxardıb masaya gətirdim. O, əl-üzünü dəsmalla silə-silə:

- Siz Allah əziyyət çəkməyin, mən yemək yeməyəcəm, amma bir stəkan çay içərəm, - dedi. Nəfəsini dərib, otağa gözucu nəzər saldı. Sonra çaydan bir qurtum alıb:

- Niyə ayaqüstə durmusuz? Əyləşin, - dedi və gülümsədi.

- Siz də ananız kimi, həm istiqanlı, həm də qonaqpərvərsiniz. Kim olduğumu bilmədən içəri buraxdınız, indi də mənə qulluq göstərirsiniz, amma heç soruşmursunuz kiməm?

Üzünə xoş bir təbəssüm yayıldı. Baməzə danışığı vardı. O ərklə:

- Diliniz yoxdur? Danışın da...

- Hər kimsiniz, qonağımsız. Nə deyim? Xoş gəlmisiz.

Bəstəboy xanımın gəlişi məni çox maraqlandırsa da, heç nə soruşmurdum ondan. Gözləyirdim özü danışsın. O, çaydan bir qurtum da içib, çantasını açdı, bir bükülü çıxarıb masanın üstünə qoydu.

- Bu pullar sizə çatacaq, - dedi və çantanın ağzını bağlayıb söhbətinə davam elədi. - Mən ixtisasca jurnalistəm. Adım Ayşəndir. "İnsan hüquqları" jurnalında müxbir işləyirəm. İndi isə sizin kənddən gəlirəm, Yaşıllıdan. Ananız göndərdi bu pulları. İki gün əvvəl isə qadın türməsində olmuşam. Cəza çəkən, islah olunan qadınların həyatından kitab yazıram axı. Orda sizin bacınızla görüşdüm - Ləmanla. Onunla ikinci dəfə idi görüşürdüm. İki ay əvvəl tanış olmuşduq. Cəzaçəkmə müəssisəsində onu ilk dəfə görəndə diqqətimi çəkmişdi. Dedilər, yeganə dustaq qadındır ki, on ildir onunla görüşə bircə nəfər də gəlməyib. Keçən dəfə mənə demişdi ki, növbəti gəlişinizdə bir dəftər verəcəm sizə. Onu çatdırın Seymura. Axırıncı səfərimdə verdi bu dəftəri mənə.

Ayşən çantasının qabaq gözünü açdı, boz rəngli, on iki vərəqli dəftəri çıxardıb, - dedi:

- Buyurun, həmin dəftərdir. Ləman xahiş edib ki, şəxsən sizin özünüzə çatdırım.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!