Matsoni - Əli NOVRUZOV

 

1

 

Zauri dayı bazardan əliboş qayıtmışdı. Tutqun rəngli paketi stolun üstünə qoyanda içindəki bankalar bir-birinə dəyib cingildədi. Natella xalaya uzun-uzadı izahat verdikcə o da, "vayme" deyirdi. Söhbətdən ancaq "Axalsıx" və "matsoni" sözlərini başa düşə bilirdim. Zauri dayı danışıb qurtarandan sonra ayaqqabılarını çıxarıb evə keçdi. Natella xala üzünü mənə tutub rusca dedi:

- Yol bağlı imiş. Yanğına görə. Axalsıxdan heç kim gələ bilməyib.

Axalsıxla bizim aramızdakı meşə yanğınlarını hələ də söndürə bilmirdilər. Həm dünən axşam, həm bu gün səhər internetdə xəbər saytlarında oxumuşdum. Yolları bağlamışdılar, kəndləri təxliyə edirdilər. Yanğının bizə çatıb-çatmayacağının müzakirəsi gedirdi.

Natella xala boş bankaları götürüb içəri keçdi. Yüksəkdən uçan yanğınsöndürən vertolyotun uğultusu səngimək istəmirdi. Əlimi cibimə atıb siqaret paçkasını çıxartdım, amma çəkmək fikrindən daşındım. Natella xala külqabını yumağa aparmışdı.

Bir azdan mən də bazara gedəcəkdim. Kaxetiya qovunu almaq istəyirdim. 90-cı illərin əvvəllərində açılanda ilk sahibi erməni olduğuna görə Natella xalanın hələ də "Armentorq" dediyi dükanın qabağında köhnə RAF-dan meyvə-tərəvəz satan kişi bu gün qovun gətirməmişdi. Səhər dükana siqaret almağa gedəndə baxmışdım. Tərs kimi, Zauri dayı artıq bazara getmişdi, yoxsa mən də ona qoşulardım.

Ayağa qalxıb qapının kandarına gəldim. Zauri dayı qonaq otağında televizora baxırdı. Natella xala mətbəxə çevirdikləri koridorda onun üçün qəhvə dəmləyirdi.

- Natella xala, mən günortadan sonra bazara gedəcəm. Bir də baxaram. Bəlkə, o vaxtacan Axalsıxdan kimsə gəldi. Olsa, matsoni də alaram.

- Çox sağ ol, oğlum, özünü əziyyətə salma. İnanmıram kimsə gələ bilsin.

- Mən yenə də baxaram. Məndən nə gedir ki?!

Qəhvə daşmağa başladı.

- Deyəsən, yenə aşağıdakı köşkdən almalı olacam, - Natella xala cəzvəni plitənin gözündən götürüb qəhvəni fincana süzə-süzə cavab verdi.

Burada qatığı, ya da yerlilərin dediyi kimi, matsonini ancaq bazardan, Axalsıxdan gəlmiş kəndlilərdən tapmaq olurdu, bir də mən qaldığım məhəllədən aşağıda, dayanacağın yanındakı xırdavat köşkündən. Köşkün həm sahibi, həm də satıcısı olan gürcü qadın bu məhəllənin ən köhnə sakinlərindən idi, qonşulara nisyə mal da verirdi, amma bircə onun tutduğu qatığı bu məhəllədə qəbul etmək istəmirdilər. Natella xala heç bu gün də köşkə gedib qatıq almayacaqdı.

Stulun başına atdığım yaz gödəkçəmi götürüb həyətdən çıxdım. Çörəkçi Avtandil dayı dükanının qabağında dayanıb siqaret çəkirdi. Məni görən kimi qışqırdı:

- Oho, Zaurinin qonağı gəlib ki!

- Salam, Avtandil dayı, necəsiz?

- Salam, yaxşıyam. Haçan gəlmisən?

- İki gün olar.

- Vayme, - Avtandil dayı siqaret tutduğu əlini alnına apardı, - Keteni görürsən, heç mənə deməyib!

Kete xala Avtandil dayının həyat yoldaşı idi. Beşmərtəbəli binadakı eyvanları mən qaldığım evin həyətinə açılırdı. Səhər yeməyindən sonra Kete xala eyvana çıxıb düz nahara kimi hər tərəfi müşahidə edirdi. Dünən məni görmüşdü. Amma nəsə bu gün eyvana çıxmamışdı.

- Hə, dünən Kete xalanı gördüm. Məndən yenə salam deyərsiz.

- Mütləq, oğlum, sən də yolundan qalma, get. Xoş istirahətlər!

Avtandil dayı ilə sağollaşıb əsas prospektə çıxdım. Əvvəlcə çayı keçib mineral su parkına gedəcəkdim. Bir-iki saat gəzişəndən sonra köhnə poliklinikanın yanı ilə geri qayıdıb o biri başdakı piyada körpüsünə, oradan da yenə çayın bu üzünə, birbaşa bazara çıxa bilərdim. Amma mineral su parkına getmək üçün şəhər parkının içindən keçməli idim. Bir az tərəddüddən sonra yolumu uzadıb köhnə vağzalın qabağından getmək qərarına gəldim. Şəhər parkının düz ortasında mövqe tutmuş Yehova şahidlərinin çənəsinin altına düşmək istəmirdim.

Vağzalın qarşısında dünən təsadüfən parkda tanış olduğum avstriyalı turistlərə rast gəldim. Əslən türkiyəli Mert və əkiz bacı-qardaş Lena ilə Leo bu gün burada olmalı deyildilər. Qatarla yuxarıdakı qış kurortuna qalxacaqlarını demişdilər. Hərçənd indi turist mövsümü deyildi, sakinlər mal-qaranı parklara otlamağa buraxırdılar. Bəlkə, osetin xaçapurisi yeyə bilərdilər, onun da sirri həddən artıq banal idi. Pendirə qənaət etmək üçün içliyin yarısını kartofdan qoyurdular.

- Siz nə əcəb burada? Qatara çata bilmədiz?

- Bu gün qatar olmayıb, - Lena dedi, - yanğına görə reysi ləğv ediblər.

- Axı yanğın Axalsıx tərəfdədir...

- Bilmirik, biz buranı tanımırıq, - Mert çiyinlərini çəkdi, - Bizə elə dedilər.

Qatar yanğın olan yerlərin tərs istiqamətinə gedirdi. Reysi ləğv etməyin bir mənası yox idi. Bəlkə də, hər ehtimala qarşı əlavə təhlükəsizlik tədbirləri görürdülər. Mert, Lena və Leo günortadan sonra Tbilisiyə çıxacaqdılar. Dediklərinə görə daha burada bir işləri qalmamışdı. Şəhərciyi tam gəzib dolaşmışdılar, hətta yerli diyarşünaslıq muzeyinə də baş çəkmişdilər. Onlara yaxşı yol arzulayıb mineral su parkına getdim. Həftəsonu olsa da, parkda seyrəklik idi. Deyəsən, hər şənbə və bazar günləri paytaxtdan birgünlük səfərə gələnlər bu dəfə yanğınlara görə başqa planlar qurmuşdular.

 

2

 

Piyada körpüsünün üstündə telefonum zəng çaldı. Saburtaloda yaşayan dostum Orxan idi.

- Sən hələ oradasan? Çıxmamısan?

- Buradayam. Nə olub ki?

- Bəs xəbərlərdə deyirlər, orada hər yer yanır?

Xəbərlərdə elə şey demirdilər. Parkda olanda internetdə xəbərlərə bir də göz atmışdım. Orxan səhv salırdı.

- Yox, sakitçilikdir. Heç nə yoxdur. Yanğın Axalsıx tərəfdədir.

- Yollar açıqdır? - Orxan soruşdu.

- Tbilisiyə gedən açıqdır, Axalsıxa gedən yox.

Vertolyot düz başımın üstündən keçirdi, gurultusundan Orxanın dediyini eşidə bilmədim.

- Başa düşmədim, nə deyirdin?

- Bax da, bir şey olsa, bizə gələrsən. Səndən xəbər gözləyəcəm.

Orxanla sağollaşıb telefonu söndürəndə bazara gəlib çatmışdım. Əvvəlcə furqonlara və baqaj yerinə meyvə-tərəvəz yığılmış maşınlara baxıb Kaxetiyadan qovun gətirənləri axtarırdım. Sırada ən axırda birini tapa bildim. Qiyməti soruşanda karıxdım:

- Belə ucuz? Nə əcəb?

- Tez satıb getmək istəyirəm. Deyirlər, yol bağlanacaq, - qarayanız kaxetiyalı qovun seçmək üçün ayağa qalxdı.

- Kim deyir?

- Marşrutka şoferləri. Dedilər, axırıncı reys saat 6-da çıxır, sonra yolu bağlayacaqlar, yanğına görə.

Özümü gülməkdən güclə saxladım. Buradan axırıncı minik onsuz da həmişə saat 6-da çıxırdı. Şoferlər yanğını bəhanə gətirib müştəri yığırdılar. Kaxetiyalıya heç nə demədim. Bəlkə də, deməliydim ki, şayiələrə aldanıb, malını dəyər-dəyməzinə satmasın. Ən iri qovunlardan birini çəkdirib aldım. Sonra da bazarı dolaşıb Axalsıx kəndlilərini axtarmağa başladım. Heç kimi tapa bilmədim. Kimdən soruşurdumsa, hamı yanğına görə yolların bağlandığını deyirdi. Qatıq üçün köşkə getməli olacaqdım.

Bazardan çıxıb supermarketin yanına çatanda bir qoca qadın qolumdan tutub məni saxladı. "Genatsvale! Genatsvale!" Sonra da gürcü dilində danışmağa başladı. Rusca "mən gürcü dilini bilmirəm" deyəndə qadın bir anlıq duruxdu:

- Vayme, kaxetiyalıya necə oxşayırsan... Oğlum, kömək elə, mənə maşın tutaq, şeylərimi də maşına apararsan, ağırdır, mən qaldıra bilmirəm...

Qadının bazarlıq torbalarını görəndə gülümsədim. Dünən pensiyalar verilmişdi. Natella xala demişdi. Zauri dayı ilə Natella xala bu ayın pensiyalarını çaxır üzümü almaq üçün saxlayırdılar. Üzümüzə gələn həftə köhnə tanışları Kaxetiyadan üzüm gətirməli idi. Onu da dünən Zauri dayı telefonla danışıb həll eləmişdi. Bütün qohum-əqrəbası üçün çaxırı Zauri dayı çəkirdi, hələ mənə də hər il iki litr qırmızı, iki litr ağ çaxır verirdi. Builki üzümdən çaxır payımı da gələn il bu vaxt qonaq gələndə alacaqdım.

Taksistlə bir yerdə bazarlıq torbalarını maşının baqajına yığanda qəfil gözüm səmaya sataşdı. Döşündə qədim qalanın xarabalıqları görünən dağın arxasından qalxan qatı tüstü üfüqə yayılırdı.

- Ora Dabadır?

Taksist dayanıb səmaya baxdı, sonra da çəpəki duran o biri dağı əli ilə göstərib dedi:

- Yox, Daba bu dağın arxasındadır. Ora, yəqin, Axalsıx olacaq. Deyirlər, Axalsıx yanır.

- Axalsıx bu qədər yaxındır ki?

- Eh, nə deyim, maşınla gedəndə dağları o qədər fırlanırsan, heç bilmirsən yaxındır, yoxsa uzaq.

Torbaları maşına yığıb qurtarandan sonra qadın mənə iki mandarin verdi. Mən də "çox sağ olun" deyib mandarinləri yeyə-yeyə qaldığım məhəlləyə tərəf addımlamağa başladım. Bircə köşkə dəyib qatıq almaq qalırdı.

Köşkün sahibəsi, həm də satıcısı qonşu qadınla söhbət edirdi. Bu qadını tanıyırdım, Tabidze küçəsinin sonundakı köhnə geniş evdə əri ilə tək yaşayırdı, amma turistlərə otaq kirayə vermirdilər. Söhbətdən ancaq "Axalsıx" və "matsoni" sözlərini başa düşə bilirdim. Qonşu qadın evdə hazırlanmış xinkali ilə dolu sellofan paketi götürüb gedəndən sonra köşkün pəncərəsinə yaxınlaşıb soruşdum:

- Sizdə matsoni var?

Satıcı məni diqqətlə süzüb dedi:

- Var.

- Axalsıxdandır? - özüm də bilmədən dilimdən sürüşüb çıxdı.

Satıcı qaşlarını çatdı. Bir az da incikliklə:

- Bəyəm, biz matsonini onlardan pis tuturuq ki?

- Elə-belə soruşdum, səhv başa düşməyin...

- İnanıram, sizə inanıram. Amma bu camaat... Sizə nə qədər lazımdır?

- İki banka. Amma boş bankalar yadımdan çıxıb evdə qalıb.

- Olar, sizin üçün iki banka tapılar, - satıcı soyuducunu açıb qatıq bankaları ilə dolu gözdən ikisini götürdü, - amma bu camaat... Ayrı vaxt heç kim Marinanın matsonisini bəyənmir, indi yanğına görə yol bağlanıb, Axalsıxdan heç kim gələ bilməyib, hamı matsoni üçün qaçır Marinanın üstünə. Sizdən ancaq matsoninin pulunu alacam, bankaların pulu qalsın. Qonaqsız.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!