Göy qurşağının ardınca... - Orxan SAFFARİ

 

Biri var idi, biri yox idi. Hündür bir dağın başında balaca bir kənd, o kənddə də yaşayan Kənan adlı balaca, ağıllı, amma hər şeylə maraqlanan bir dəcəl oğlan var idi.

Kənan ailəsinə hər işdə kömək etsə, hər gün dağdan enib məktəbə getsə də, dərslərini yaxşı oxusa da, bəzən böyüklərin sözünə qulaq asmırdı. Onun bu nadincliyi isə bəzən başına bəlalar gətirirdi.

Əvvəllər Kənanın başına bir neçə dəfə pis hadisələr də gəlmişdi. O, sonuncu dəfə maraqlı gəldiyi üçün dağın o biri tərəfinə gəzməyə getmişdi. Kənana ailəsi dağın o tərəfinə getməyin təhlükəli olduğunu desə də, onlara qulaq asmamışdı, nəticədə isə dağın o biri tərəfində vəhşi heyvanlarla qarşılaşmışdı. Kənan çox qorxsa da, canını qurtara bilsə də, onun hər şeyə olan marağı itməmişdi.

Ağıllı oğlan olduğu üçün, bəzən etdiyi səhvləri ona bağışlayırdılar, amma onun bu nadincliyindən yaranan hadisələr yaxşı olmaya bilərdi.

Az keçmişdi, çox keçmişdi, günlərin bir günü dağa güclü yağış yağmışdı. Yağış o qədər güclü yağırdı ki, həmin gün evdən çölə çıxmaq da mümkün deyildi. Nə həyətdə-bacada iş görmək olurdu, nə məktəbə getmək. Kənan saatlarla evlərinin pəncərəsindən şiddətli yağışa tamaşa etmişdi.

Cəmi bir neçə saat sonra aramsız yağan yağış kəsməyə başlamışdı. Yağış tam dayananda isə Kənan həyatında ilk dəfə göy qurşağının çıxdığını görmüşdü. O, həyəcanından nə edəcəyini bilməmişdi. Valideynlərinə belə, demədən çölə çıxıb qərara almışdı ki, göy qurşağının ardınca getsin.

Az getmişdi, çox getmişdi, Kənan təbii olaraq göy qurşağına çata bilməmişdi. Amma o, bunu o vaxt bilmişdi ki, artıq çox gec idi və Kənan azmışdı.

Kənan göy qurşağının ardınca düşəndə qaranlıq düşməmişdi, lakin o birdən göy qurşağının itdiyini də görmüşdü.

Valideynləri də hər yerdə Kənanı axtarırdı. Onlar Kənanı yaxşı tanıdıqları üçün göy qurşağının ardınca getdiyini bilmişdilər. Beləcə, bir neçə saatlıq axtarışdan sonra Kənan tapılmışdı. Amma necə?

Kənan dağlı-dərəli, daşlı yollarda yıxılıb ayağını əzmişdi. Ailəsi onu ağlamaq səsindən tapa bilmişdi. Çünki qorxmuşdu Kənan, bir küncə qısılıb xısın-xısın ağlayır, içini çəkirdi.

Ata-anasını görəndə isə sevincindən daha möhkəm ağlamışdı. Ailəsi onu bu halda görüb çox qorxmuşdular. Nəhayət, evə qayıdandan sonra Kənan başa düşmüşdü ki, maraqlanmaq yaxşıdır, amma hər şeylə vaxtından əvvəl maraqlanmaq bədbəxt hadisələrə yol aça bilər.

Beləcə, Kənan ailəsinə söz verdi və bir daha icazəsiz heç yerə getmədi. Kənan həm də başa düşdü ki, göy qurşağına çatmaq olmasa da, onu hiss etmək olar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!