Gözləntilər və görülənlər - Kamal ABDULLA

Unutmağa kimsə var... (Əvvəli ötən saylarımızda)

 

2000-ci ildə Xarici Dillər İnstitutunun kafedra müdirliyindən Rus dili və Ədəbiyyatı İnstitutuna rektor təyin olunmağım mənim üçün gözlənilməz olmadı. Mən bu İnstitutda vaxtilə işləmişdim. 1992-ci ildə Azərbaycan Mədəniyyət Fondunun sədri seçilərkən sədr vəzifəsi ictimai olduğundan mən maaşlı bir yerdə fəaliyyət göstərməliydim. Məsləhət belə oldu ki, Rus dili və Ədəbiyyatı İnstitutunda kafedra müdiri vəzifəsini icra edim, sonra da seçkidən keçim. Deməli, iki vəzifə daşıyacaqdım. Bir, Rus dili və Ədəbiyyatı İnstitutunda kafedra müdiri, bir də Azərbaycan Mədəniyyət Fondunun sədri. İnstitutun kollektivini pis tanımırdım. Burda dəyərli alimlər az deyildi. Kafedra da mənim Xarici Dillərdə işlədiyim kafedra kimi "Ümumi dilçilik" kafedrası adlanırdı. İki il burda çalışdıqdan sonra mən yenidən Xarici Dillərə, öz köhnə kafedrama müdir kimi qayıtdım. Bu qayıtma da maraqlı oldu. Zemfira Verdiyeva yenidən Xarici Dillərə rektor təyin edilmişdi. Mən o zaman orada kafedra müdiri idim və yenidən ərizə yazıb işdən çıxdım. Qısa müddətdən sonra Zemfira Verdiyevanın əsl mahiyyəti barədə məlumatlandırılan rəhbərlik onu rektorluqdan kənarlaşdırdı. Xarici dillərə rektor dəyərli ziyalı, alim Qorxmaz Quliyev təyin edildi. Onun da ikinci əmri mənim İnstituta kafedra müdiri qayıtmağımla bağlı oldu.

Bilirdim ki, mənim Rus dili İnstitutuna rektor olaraq təyinatım üzərində Fraserər xeyli vaxt idi ki, düşünür. Sadəcə, mənə səbirlə gözləmək qalırdı. Nəhayət, vaxt gəlib yetişdi və Prezident Aparatının Humanitar şöbəsinin müdir müavini, şərqşünas alim, dostum Tariyel müəllim mənə zəng edib dərin bir sevinclə dedi ki, sabah ən qəşəng kostyumunu geyin, ən qəşəng qalstukunu tax və Aparata gəl. Prezident səni qəbul edəcək.

Mən Ulu Öndərlə ilk dəfə o, Naxçıvanda işləyəndə görüşmüşdüm. O zaman Azərbaycan Mədəniyyət Fondunun Naxçıvan filialının seçki konfransını keçirmək üçün mən Fondun sədri kimi Naxçıvana getmişdim. Mədəniyyət Fondunun sədrinin müavini Güllü xanım Əbilova da Naxçıvanda idi. Biz onunla Naxçıvan teatrının baş rejissorunun (Naxçıvan Mədəniyyət Fondunun sədrinin) evində oturub çay içirdik. Darıxdırıcı bir gün idi. Naxçıvan televiziyası ilə Naxçıvan Milli Məclisindən canlı reportaj yayımlanırdı. İclası Milli Məclisin sədri Heydər Əliyev aparırdı. Mənə buradakı söhbətlər, əhval-ruhiyyə çox maraqlı gəlirdi. İclas yenicə başlamışdı. Birdən gördüm ki, zalda, arxa sıralarda Akademiyanın müxbir üzvü, kimyaçı alim, atəşin əliyevçi Ramiz Rizayev əyləşib. Biz onunla çox yaxın idik. Həsənağa Turabovla bir yerdə çox məclislərdə bir yerdə olmuşduq. Siyasi baxışlarımız üst-üstə düşürdü.

Mən ayağa qalxıb dedim ki, Milli Məclisin binasına gedirəm. Ramiz Rizayevi görməliyəm. Məni Milli Məclisin binasının önünə qədər ötürdülər. Orada mən başqa bir tanışımı gördüm. Bu, polis zabiti Həsən Şirinov idi. O zaman Həsən Ulu Öndərin mühafizə dəstəsində işləyirdi. Məni görüb sevindi. Sorğu-sualsız məni Milli Məclisin qapısından içəri keçirdilər. İclas zalının açıq qapısından özümü Ramiz Rizayevə göstərdim. Məni görcək yanıma - vestübilə çıxdı. Artıq söz demədən məni də özü ilə qaytarıb iclas zalına apardı.

İclasın şirin yeri idi. Müzakirənin mövzusu da mənim üçün çox maraqlı idi. Ulu Öndər çıxış edib zaldakılara başa salmağa çalışırdı ki, türk dili ilə Azərbaycan dili arasında qohumluq əlaqələri olsa da, bu dillər bir-birindən kifayət qədər fərqli cəhətlərə malikdirlər. Bu yaxınlarda Naxçıvan televiziyası ilə bir türk filmi nümayiş etdirirmişlər, o filmi tərcümə ilə efirə buraxıblar. İndi də buradakı müxalifət sübut eləməyə çalışırdı ki, bu, artıq işdir, tərcüməyə ehtiyac yoxdur. Heç yadımdan çıxmaz, Ulu Öndər bu adamlara sual verdi ki, "istiqrar" nə deməkdir? Heç biri cavab verə bilmədi. Mübahisə uzanıb getdi.

Ulu Öndər sanki uzaqdan, iclası apara-apara görmüşdü ki, zala kimsə kənar adam daxil olub və bu adamı zala Ramiz Rizayev gətirib. İclasda fasilə elan ediləndə biz öz tərəfimizdəki qapıdan vestibülə çıxdıq və o biri qapıdan eyni vestibülə çıxıb yavaş-yavaş bizə tərəf gələn Məclis sədrini gözlədik. O bizim yanımızdan ötüb pilləkənlərlə ikinci mərtəbəyə, öz otağına qalxmalı idi.

Sədr bizə yaxınlaşıb dayandı və Ramiz Rizayevlə görüşdü. Sonra diqqətli baxışlarını mənim üzümə yönəltdi. Ramiz müəllim məni təqdim eləmək istədi:

- Heydər Əliyeviç, bu, Kamal...

Ulu Öndər əl verib mənimlə görüşdü, sonra Ramizin sözünü tamamlamasına imkan vermədi:

- Siz qalxın, mənim otağımın yanında bir az gözləyin. Türkiyədən qonaqlar var, onları qəbul edim, sonra sizinlə görüşərik.

Bunları deyib geri çevrildi və arxadan gələn köməkçisinə yavaş səslə nəsə dedi. Sonra pilləkənlərlə yuxarı qalxdı.

Bizi böyük hörmətlə Sədrin kabinetinin yanındakı gözləmə otağına gətirdilər. Çay içib söhbət eləməyə başladıq. Ramiz mənə dedi:

- Səni indi onunla yaxından tanış edəcəyəm. Qoy səni yaxşı-yaxşı tanısın...

Təxminən, 10-15 dəqiqə sonra türkiyəli qonaqlar Sədrin kabinetindən çıxdılar və Sədrin köməkçisi bizi kabinetə dəvət elədi. Və mən həyatımda ilk dəfə bu böyük insanla onun iş otağında qarşılaşdım.

O təmkinlə söhbətə başladı. Bizimlə nələrdən danışmadı?! Naxçıvanın siyasi-iqtisadi durumundan, Azərbaycanın keçmişindən və bu günündən, Türkiyənin Naxçıvana yardımından, rus generallarından, Moskvadakı illərindən... Məndə bu boyda informasiya zənginliyinin bir adamın beynində necə və nə şəkildə emal olunmasına heyrət etməklə yanaşı, əlbəttə ki, bu ecazkar insana təbii bir pərəstiş hissi yarandı. Amma hələ bu harasıydı?!

Ulu Öndər nəfəs dərdi və Ramizə baxdı. Bu o demək idi ki, indi sən danışa bilərsən. Ramiz Rizayev sözünə məni təqdim etməklə başladı. Aşağıda dediklərini bir daha təkrar etmək, daha doğrusu, imkan edib demədiklərini indi burada deməyə başlamaq istədi:

- Cənab Sədr, bu, Kamal Abdulladır...

- Dayan. - Ulu Öndərin qətiyyətli səsi ucaldı. - Dayan. - O, üzünü mənə döndərdi:

- Sənin baban... filankəs, sənin anan... filankəs... dayıların... atan, əmin... qohumların...

Mən də, Ramiz Rizayev də ağzımızı açıb heyranlıqla onu dinləyirdik. Mən bilirdim ki, Ulu Öndər mənim qohumlarımı yaxşı tanıyır. Amma bu qədər insanın (vəfat etmişlərin və sağların) onun yadında bu şəkildə qalmasını təsəvvür edə bilməzdim. Ramiz Rizayev əməlli-başlı mat-məəttəl qalmışdı.

Ulu Öndər davam edirdi:

- Mən səni bir dəfə televizorda çıxış edəndə gördüm. Soruşdum ki, bu oğlan kimdir? Dedilər, Bətulə xanımın oğludur. Sənin anan anamla, bacılarımla yaxın olub. Onu biləndən sonra mənim sənin, eyni zamanda sənin nəslin barəndə məlumatım formalaşdı.

Ramiz Rizayev hələ də təəccüb içində idi, mənə müraciətlə dedi:

- Kamal, sən özün bütün bu qohumlarını tanıyırdın?

Təbii ki, dedim, yox, hamısını tanımırdım. Ulu Öndərin özü də mənim bu cavabımdan məmnun qaldı.

Heç unutmaram, mehmanxanada qaldığımı biləndən sonra, köməkçilərini çağırıb tapşırıq verdi ki, məni xüsusi qonaq evində yerləşdirsinlər. Heç bir etirazıma fikir vermədən bunu az qala zorla etdi. Çox diqqət göstərdi.

Mən onun Naxçıvanda Mədəniyyət Fonduna kimi sədr görmək istədiyini soruşdum. Sabah seçki olacaqdı. Onun mənə cavabı belə oldu:

- İnsanlar kimi istərsə, onu da seçsinlər. Layiqli adamlar çoxdur. Biləsən, mən belə işlərə qarışmıram.

Bu, əsl demokrat ruhlu bir rəhbərin cavabı idi.

Ulu Öndərlə sonrakı görüşüm artıq onun prezidentlik vaxtına təsadüf edir. Naxçıvana Cavidlə bağlı tədbirə gedirdik - məqbərənin açılışına. Böyük bir ziyalı dəstəsini cənab Prezident bu səfərə öz təyyarəsində özü ilə aparırdı. Mən də bu dəstədə var idim. Gözəl bir tədbir oldu. Cavidin ailəsi ilə bir yerdə məqbərədə, nəhayət, rahatlıq tapmış ruhu indi də bizi rahatsız etmişdi. Onun nəşinin Sibirdən gətirilməsi, Naxçıvanda evinin qabağında həyat yoldaşı və övladı ilə bir yerdə dəfn edilməsi hər kəsi kövrəldirdi. Hər kəs sanki bu cəfakeş şairin belə bir möhtəşəm dəfninə gecikmiş hörmət və ehtiramını boğazına dolan qəhərlə ifadə edirdi. Tədbir böyük ehtişamla keçdi.

Təyyarə geri dönürdü. Biz hamımız hələ də Cavidə olan məhəbbət hisslərimizin əhatəsindən çıxa bilmirdik. Təyyarədə mən Turan xanım və Əli Nağıyevlə (o vaxtın sosial məsələlər üzrə naziri) yanaşı oturmuşduq. Belə bir təklif gəldi və bir qalın dəftərə hamı bu tədbirdəki hisslərini şeirlə ifadə etməyə başladı. Bəkir Nəbiyev, Fəraməz Maqsudov, Əli Nağıyev, Qabil, o vaxtın gənc şairi Salam, başqaları hər biri bir bənd yazdılar. Mən də bu işə qoşuldum.

Birdən Ulu Öndər bizim salonun qarşısında göründü. Öz oturduğu yerdən çıxıb bizimlə görüşmək üçün bizim salona gəlmişdi. Biz, deyəsən, ikinci sırada əyləşmişdik. Birinci Turan xanım, onun yanında mən, sonra Əli Nağıyev. Ulu Öndər Turan xanımın yanında dayandı və onunla söhbət etməyə başladı. Turan xanım Prezidentə bir daha səmimi təşəkkürlərini bildirdi. Sözünün sonunda dedi:

- İndi təyyarədə Kamalın təşəbbüsü ilə hər kəs bu hadisə ilə bağlı təəssüratını şeirlə ifadə elədi. Gözəl bir mətn alındı.

Ulu Öndər mənə baxdı. Bu o demək idi ki, mən davam edə bilərdim. Mən dedim:

- Doğrudan da, möhtəşəm tədbir idi. Sizə Cavid uğrunda çəkdiyiniz zəhmətə görə təşəkkür edirik. Burada əyləşənlər hər biri ürəyindəkini şeir şəklində dedi. Bizim arzumuz budur ki, bu şeiri bir bütöv halında qəzetdə çap etdirək, sizdən xahiş edək, siz də oxuyasınız.

Ulu Öndər razılıqla başını tərpətdi:

- Siz yazın, qoyun insanlar oxusun.

Salona sükut çökdü. Hamı diqqətlə bu mükalimənin necə bitəcəyini gözlədi. Mən onun isti baxışından cəsarətlənib bir daha xahiş etdim:

- Sizin də oxumanızı xahiş edərdik.

O mənə yenə də diqqətlə baxdı və dedi:

- Yaxşı, mən də oxuyaram.

Hər kəs dərindən nəfəs aldı. Ulu Öndərin Cavidə, Azərbaycan ziyalılarına münasibəti bir daha, bu dəfə göyün yeddinci qatında özünü bu cür göstərdi.

Və nəhayət, Rus dili İnstitutu ilə bağlı təkbətək görüş baş tutdu. Tariyel müəllim deyən kimi, ən qəşəng qalstukumu taxıb Prezident Aparatına gəldim. Əvvəlcə Humanitar şöbənin müdiri Fatma xanım Abdullazadə və sonra Aparatın rəhbəri Ramiz Mehdiyev məni qəbul etdilər. Sonra Fatma xanımla bir yerdə 5-ci mərtəbəyə, Prezidentin iş otağına gəldik. Təxminən, 5 dəqiqədən sonra Köməkçi məni içəri dəvət elədi. Fatma xanım mənimlə içəri girmədi.

Onunla bircə dəfə təkbətək görüşüb ona vurulmamaq mümkün deyildi. Biz çoxumuz son dərəcə ciddi, hətta sərt, kəskin və zabitəli bir Prezident tanıyırdıq. Bu Prezidenti biz televiziya ekranlarında görmüşdük. Amma mən son dərəcə mülayim, həlim, mehriban bir insanla qarşılaşdım. Bir dəfə də olsun mənə demədi ki, belə işləmə, belə işlə. Yenə də ancaq Naxçıvandan, mənim qohumlarımdan danışdı. Bu dəfə özü soruşdu ki, sən bu qohumlarının hamısını tanıyırdın?! Əlbəttə, mən də bir daha boynuma aldım və dedim ki, xeyr, hamısı barədə eşitmişdim, amma tanımağına tanımırdım. Mənə onlar barədə suallar verdi, indi kimin harda və nə işlə məşğul olduğunu soruşdu. Sonra elə həmən gün sərəncam imzalayıb məni Rus dili və Ədəbiyyatı İnstitutuna rektor təyin etdi.

Təxminən, iki ay keçəndən sonra İnstitutun adı və statusu dəyişdirildi. O, profilini genişləndirmək şərtilə Bakı Slavyan Universiteti oldu. Bu universitet isə, artıq mən belə başa düşdüm ki, ölkənin təkcə tədris həyatında deyil, siyasi həyatında da müəyyən rol oynamalıdır. Bizim borcumuz təkcə Rusiya ilə deyil, bütün digər slavyan ölkələrinin elm və tədris müəssisələri ilə də əlaqə qurmaqdan ibarət olmalı idi. Belə də oldu. Heç bir il keçmədi ki, Azərbaycana Rusiya Prezidenti kimi ilk səfərini edən V.V.Putin və Ulu Öndər bir yerdə bizim universitetin kollektivi ilə görüşdü. Mən də cənab Rusiya Prezidentinə Bakı Slavyan Universitetinin mantiyasını geyindirdim, fəxri doktor diplomunu təqdim etdim.

Bu görüş, həqiqətən, unudulmaz bir görüş oldu. V.Putinin gəlişindən iki ay əvvəldən onun cangüdənləri universitetə gəlməyə başladılar. Giriş qapısından mənim iş otağıma, oradan da akt zalına qədər mən və həmkarlarım bunlarla bir yerdə günlərlə ayaq döydük. Sonunda görüş yeri dəyişdirildi. Görüş Prezident iqamətgahlarının birində baş tutdu. Universitetin Elmi Şura üzvlərini, bir neçə tələbəmizi avtobusla bu iqamətgaha gətirdilər. Görüşün universitetdə olub-olmayacağına V.Putinin xüsusi mühafizəçilər qrupu qərar verməli idilər. Universitet ətrafında yeni tikilən və hələ ki yarıyacan ucaldılmış binaların olması, o binalara nəzarətin zəifliyi onlarda bu yerin namünasibliyi barədə fikir formalaşdırmışdı.

Görüşə Ulu Öndərlə bir yerdə gələn V.Putin bütün görüş boyu Ulu Öndərə bir ustad kimi münasibət bəslədi. Mən bir daha əmin oldum ki, Prezident Heydər Əliyev nəinki köhnə SSRİ məkanında, müasir Rusiyada, hətta dünyada ciddi qəbul edilən bir liderdir. Görüşdən əvvəl mən onları girişdə qarşıladım. Ulu Öndər məni təqdim edərkən dedi ki, təəssüf ki, görüş Universitetdə olmadı. Universitet sizin gəlişinizlə bağlı böyük təmir işləri görüblər. Putin gülümsəyib cavabında dedi:

- Heydər Əliyeviç, biz gəldi-gedərik, təmir isə qalacaq.

Ulu Öndərin ziyalılara doğma münasibəti bu görüşdə bir daha özünü göstərdi. O öz çıxışında Universitetin o zamankı Elmi Şura üzvlərini nəzərə alaraq onları bizim ölkəmizdə ictimaiyyətin qaymağı kimi qiymətləndirdi. Universitetin yeni ad altında fəaliyyətinə yüksək qiymət verdi.

V.Putin də öz çıxışında Ulu Öndərin Azərbaycan rəhbəri kimi yorulmaz və fədakar fəaliyyətindən danışdı, onun bu gün Rusiyada olan nüfuzundan, xatirələrdə yaşamasından bəhs etdi. Ulu Öndərin Leninqradda təhsil aldığı tədris ocağından aldığı attestatın orijinalını Putin özü ilə gətirmişdi, onu hamıya göstərərək dedi:

- Əgər sizin universitetinizin tələbələri Heydər Əliyev vaxtında oxuyan kimi oxusalar, əmin ola bilərsiniz ki, Azərbaycanın parlaq gələcəyi olacaqdır.

Attestatdakı bütün qiymətlər "əla" idi.

V.Putinin Universitetə gəlişindən sonra Rusiyadan Azərbaycana gələn bütün yüksək dərəcəli məmurlar, iş adamları, elm və mədəniyyət işçilərinin sayı-hesabı olmadı. Patriarx 2-ci Aleksiy, Xarici İşlər naziri Lavrov, Rusiya Dövlət Dumasının sədri G.Seleznyov, sonrakı sədr Mironov, sonrakı sədr Narışkin, Moskva meriyasının sədrinin 1-ci müavini xanım Şvesova, Sədrin özü cənab Lavrov, Moskva şəhər Pedaqoji Universitetinin rektoru professor V.V.Ryabov, Yekaterinburqun Baş naziri, Astraxan, Kurqan vilayətlərinin qubernatorları, senatorlar, deputatlar, teatr və kino xadimlərindən Pankratov Çernıy, Natalya Varley, Svetlana Toma...

Bir sözlə, qonaqların biri getməmiş, o biri gəlirdi. Slavyan Universitetinin fəaliyyəti onları xeyli məmnun edirdi. Tələbələrlə, müəllimlərlə görüşlər hər iki tərəf üçün son dərəcə faydalı olurdu. Maraqlıdır ki, Rus dili və Ədəbiyyatı İnstitutu heç kimin yadına düşmürdü. Artıq Slavyan Universitetində rus dili tədris-mədəniyyət mərkəzi ilə yanaşı, Ukrayna (mən gələndə yalnız Ukrayna bazar günü məktəbi var idi), yunan, polyak, bolqar, çex, belarus, türk araşdırmalar mərkəzlərinin yaradılması hamının ürəyindən idi. Bunlarla yanaşı, Azərbaycanşünaslıq mərkəzi də yaradıldı. Bizi isə bu, xüsusilə, qane edirdi. Çünki biz həmin ölkələrlə əlaqələrin elmi-tədris tərəfi ilə yanaşı, mədəni, ictimai tərəfini də inkişaf etdirməyi düşünürdük. Və zaman keçdikcə bu ideyamızı həyata keçirdik. O zaman Ukraynada (Kiyevdə və Poltavada), Belarusda (Minskdə), Bolqarıstanda (Sofiyada), Rusiyanın özündə (Yekaterinburqda, Moskvada) müxtəlif universitetlərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri yaratdıq. Tərəf-müqabillərimizə deyirdik ki, əgər biz burada sizin dilinizi, ədəbiyyatınızı, tarixinizi, mədəniyyətinizi təbliğ ediriksə, siz niyə öz ölkənizdə hansısa universitetdə Azərbaycan dilini və mədəniyyətini təbliğ etməyəsiniz?! Alt məqsədimiz vardı. Bu da o zaman üçün xüsusi əhəmiyyət daşıyan Azərbaycan həqiqətlərini həmin ölkə gəncləri arasında yaymaq idi. Mən bunun üçün dəfələrlə Yekaterinburqa, Moskvaya, Kiyevə, Poltavaya, Minskə, Sofiyaya, Varşavaya getdim. Biz o zaman bu mərkəzləri yaratdıq, oralara müdirlər təyin etdik. Mərkəzlər Azərbaycanı təbliğ işində çox zəhmət çəkdilər. Bəzi universitetlərdə Azərbaycan dilinin öyrənilməsinin fakultativdən tədris proqramlarına salınmasına nail olduq. Təəssüf ki, mən universitetdən ayrılandan sonra bizim xarici ölkə universitetlərində yaratdığımız "Azərbaycan dili və mədəniyyəti" mərkəzləri öz fəaliyyətləri üçün Slavyan Universiteti tərəfindən lazımi dəstəyi almadılar və onların çoxu fəaliyyətini dayandırdı. Xarici ölkələrdəki universitetlərdə çalışan həmkarlarım mənə bu barədə təəssüf dolu məktublar yazdılar. Deyəsən, təkcə Bolqarıstanda belə bir mərkəz bu gün də fəaliyyətdədir. Bunu da mərkəzin müdiri, bizim vaxtımızda ora işləməyə göndərdiyimiz Sofiya xanımın şəxsi xidməti kimi qiymətləndirmək lazımdır.

Qeyd etmək lazımdır ki, o zaman yaradılan mərkəzlərin bəzisi bu gün Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərir. Və onlar Dillər Universitetində hal-hazırda yaradılmış mərkəzlərlə bir yerdə Azərbaycan dilini, ədəbiyyatını, multikulturalizmini, ümumiləşdirsək, Azərbaycan həqiqətlərini xarici ölkələrdə uğurla təbliğ edirlər. Bunlar əsl multikultural çalışmaların nəticəsidir.

Mənim Slavyan Universitetində gördüyüm işin ən böyük qiymətini Azərbaycan Prezidenti İlham Əliyev verdi. O məni Multikulturalizm, dini və milli məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin etdi və multikulturalizmi Azərbaycanın Dövlət siyasəti elan etməklə, onun öyrənilməsi və təbliği işini geniş bir miqyasda başlatdı.

Slavyan Universitetindəki fəaliyyətimlə bağlı geniş söhbət açmaq niyyətim yoxdur. Ən böyük mükafatlardan biri tələbələrlə ayrılma məqamında tələbələrin akt zalında qəhərlənməsi və gözlərinə yaş gəlməsi və get-gedə yüksələn "getmə!" nidaları idi. Bunlar videoya çəkilib, qalıb və bunlar əsl qədirbilənlərin verdiyi qiymət idi. "Getmə!" nidası deyənlərdən, ləyaqətsizliyinə görə dekan olmaq arzusu gözündə qalan və bu illər ərzində Kərbəla müsibəti çəkdiyini fəryad edən ağzıgöyçəyə qədər kimləri görmədik?!

Mən çox sadə bir şəkildə, qətiyyən görülən işə özüm tərəfdən qiymət vermədən Slavyan Universitetinə gəldiyim zamankı vəziyyəti və mən ordan gedəndən sonrakı vəziyyəti faktlar üzrə sadalamaq istərdim. Görünür, "Kərbəla müsibəti" çəkənlərin yadından bəzi şeylər çıxıb. Onların yaddaşını təzələmək lazımdır. Heç nəyi gizlətmək mümkün deyil. Qiyməti, qoy oxucu özü versin. Onu da qeyd edim ki, oxucunun indi tanış olacağı "Mən gələndə" ilə "Mən gedəndə" bölgüsünün qütbləri arasında cəmi 14 il vaxt var. Mən, sadəcə, 2000-ci ildən 2014-cü ilədək olan vaxt ərzində görülən işlərdən danışıram. Bir də onu demək istərdim ki, məsələyə bu cür yanaşmama məni vadar etdilər. Mən, adətən özüm öz işimə qiymət verən deyiləm. Beləliklə,

- Mən gələndə, əslində, İnstituta yox, texnikuma gəlmişdim. Burada texniki vəziyyət biabırçılıq idi. Tualetdə elementar su yox idi. O biriləri bilmirəm, amma yaxında yaşayan müəllimlər tualetə evlərinə gedirdilər. Yəqin, bu vəziyyəti bəziləri bu gün də unutmayıblar.

Mən gedəndə təmir edilmiş müasir akt zalı, iclas zalları, kitabxana, təmir edilmiş yataqxana və beşmərtəbəli binada yerləşən məktəb-lisey kompleksi qoyub getdim. Hətta kitabxana - görülməmiş bir iş - yeməkxananın hesabına həcmcə böyüdülmüşdü. Universitetdə mütəmadi su vardı, hələ təmir olunmuş tualetləri demirəm.

- Mən gələndə eyni ixtisası tələbənin hansı məktəb (rus, yaxud Azərbaycandilli) qurtarmasına uyğunlaşdıraraq iki fakültə yaradıb aralarında bölmüşdülər. Əslində, bu, elə 1 fakültə idi və süni şəkildə iki yerə bölünmüşdü.

Mən gedəndə Bakı Slavyan Universitetində 6 tam formalaşmış fakültə fəaliyyət göstərirdi. Fakültə yaratmaq, sadəcə, əmrlə olmur. Bunun üçün gərəkdir ki, normativə uyğun dərs yükü, ixtisaslar, yeni kafedralar yaransın. Ştat cədvəli paralel olaraq yeni müəllimlər götürməyə imkan versin. Yadıma gəlir ki, rəhmətlik akademik Tofiq Hacıyev biz Slavyanda türkologiya kafedrası və istiqaməti açanda mənim təkidli xahişimlə özü gəlib burada türkologiya dərsi deməyə başladı ki, buradakı türkoloji istiqamət yaşasın. Yalnız bu şərtlərə əməl edilərsə, hər hansı bir fakültə açıla bilərdi. Bütün bunları həyata keçirmək asan məsələlər deyildi.

- Mən gələndə Slavyan Universitetinin nəzdindəki lisey ikinci korpusdakı binanın 4-cü mərtəbəsində bir küncdə güclə yerləşirdi.

Mən gedəndə ikinci korpusun qonşuluğundakı beşmərtəbəli məktəb binası Slavyan Universitetinə qatılmışdı. Və bu bina başdan-başa liseyin istifadəsinə verilmişdi. Bina bizim tərəfimizdən son dərəcə yüksək şəkildə təmir edildi. Təmirdən sonrakı açılışı ölkə Prezidenti möhtərəm İlham Əliyev həyata keçirdi.

- Mən gələndə Universitetin fəxri doktorlarının sayı 0 (sıfır) nəfərdi.

Mən gedəndə fəxri doktorların sayı 11 idi. Bunlar xarici ölkə rəhbərlərinin universitetlə əlaqəsinin nəticəsində mümkün olmuşdu. Bu əlaqələri isə yaratmaq və inkişaf etdirmək lazım idi.

Universitetlərin fəxri doktorları müxtəlif ölkə başçıları və görkəmli ictimai-siyasi liderlərin arasından seçilir. Bunun üçün gərək onlar Bakıda Universitetdə olsunlar, müəllim-tələbələr qarşısında çıxış etsinlər. İlk belə fəxri doktorumuz Rusiya Prezidenti V.V.Putin oldu. Bu hadisə Ulu Öndərin təşəbbüsü ilə baş tutdu. Azərbaycan universitetləri arasında məhz Slavyan Universitetinin belə bir mövqe üçün seçilməsi bütövlükdə universitetin inkişafına verilən qiymət və diqqətin təzahürü idi. Sonrakı fəxri doktorlar İ.S.Plyuş, 2-ci Aleksiy, S.Mironov, J.Jelev, K.Stefanopulos, G.Pırvanov, V.Yuşşenko, L.Kaçinski, A.Lukaşenko, K.Papulyas oldular.

- Mən gələndə Rus dili Universiteti nəinki xaricdən, hətta Rusiyadan gələn qonaqların üzünə həsrət idi.

- Mən gedəndə onlarla rusiyalı və xarici ölkə rəhbərlərini Slavyan Universitetində qəbul etmişdik. Rusiya Dumasının sədri cənab Mironovun, Rusiya Dumasının sonrakı sədri cənab Narışkinin, Rusiya Xarici İşlər naziri cənab Lavrovun, Rusiya Pravoslav kilsəsinin Patriarxı 2-ci Aleksiyin, Yunanıstanın Prezidenti cənab K. Stefanapolusun, Yunanıstanın sonrakı prezidenti cənab K.Populyasın, Ukrayna Ali Radasının spikeri cənab V.Plyuşun, Bolqarıstanın eks Prezidenti cənab J.Jelyevin, Bolqarıstanın Prezidenti cənab Pırvanovun, Çexiya Respublikasının Prezidenti cənab V.Klausun, Belarusiyanın Prezidenti cənab Lukaşenkonun, senatorların, deputatların, qubernatorların, xarici ölkə dövlət xadimlərinin, müxtəlif vəzifə sahiblərinin, siyasi, elmi və mədəni dairələrin görkəmli xadimlərinin (Moskva Dövlət Pedaqoji Universitetinin rektoru V.Ryabovun, Ankara Qazi Universitetinin rektoru R.Ayxanın, Sofiya Universitetinin rektoru B.Biolçevin, Ural Yekaterinburq Dövlət Universitetinin rektoru Kokşarov, Fransanın İNALKO Universitetinin Prezidenti J.Leqran və neçə-neçə başqa görkəmli xadimlərin adını çəkmək olar. Sənədlər var, mən onlara əsasən danışıram. Ölkə prezidentləri arasında elələri vardı ki, ikinci (Ukrayna prezidenti cənab V.Yuşenko), hətta üçüncü dəfə (Polşa Prezidenti cənab L.Kaçinski) universitetə gəldilər. Bu dövrdə bir sıra Avropa universitetləri ilə nəinki bizim universitetimz, hətta bütün elm və təhsil sistemimiz üçün faydalı proyektlər, müqavilələr imzalandı. Onlarla belə proyekt arasından elə bircə Almaniyanın Maynz Universiteti ilə 10 illik müddət üçün imzalanmış "Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" (müqayisəli araşdırmalar) proyekti qeyd eləmək kifayətdir. Bu proyektə görə iki dəfə Almaniyada, iki dəfə Bakıda germanistlərin və türkoloqların elmi simpozium və konfransları keçirildi. Müxtəlif tələbə görüşləri baş tutdu. Müəllimlərimiz almaniyalı və digər ölkələrdən olan germanistlərlə əlaqələr yaratma imkanı əldə etdilər. Bundan başqa, müxtəlif ölkələrin universitetləri ilə dostluq memorandumlarına imza atdıq.

Bundan başqa, müxtəlif ölkələrin universitetləri ilə dostluq memorandumlarına imza atdıq.

- Mən gələndə burada 17 kafedra var idi. Mən gedəndə 29 kafedra fəaliyyət göstərirdi.

- Mən gələndə 14 ixtisas var idi. Mən gedəndə 26 ixtisas var idi.

- Mən gələndə İnstitutda bir dənə olsun elmi-tədqiqat laboratoriyası və yaxud dil-mədəniyyət mərkəzi yox idi. Elmi işlər, demək olar ki, aparılmırdı. Bəzi ayrı-ayrı mütəxəssislər elmi iş yazırdılar, amma İnstitutun ümumi elmi addımları atılmırdı.

Mən gedəndə burada 6 elmi-tədqiqat laboratoriyası, 12 dil və mədəniyyət mərkəzi, 1 İctimai-siyasi elmlər institutu, 1 analitik- informasiya mərkəzi, "Kitab aləmi" nəşriyyat-poliqrafiya mərkəzi, "Rus dili və ədəbiyyatı" jurnalı yeni dizaynda, "Tələbə dünyası" qəzeti yeni dizaynda, 24 illik fasilədən sonra 2004-cü ildən Elmi əsərlərin dərci, 2003-cü ildən "Mütərcim" Tərcümə Mərkəzi ilə birlikdə "Mütərcim" ədəbi, elmi, tərcümə jurnalı yaradılmışdı.

Laboratoriyalar və mərkəzlər müvafiq ştatlarla təmin edilmişdilər. Eyni zamanda Rusiyada Moskva Dövlət Linqvistik Universitetində, Kiyevdə Xarici Dillər Universitetində, Minskdə Belarus Dövlət Pedaqoji Universitetində, Poltavada İqtisadiyyat və Ticarət Universitetində, Yekaterinburqda Ural Federal Universitetində, Sofiyada Kliment Oxridski adına Dövlət Universitetində Azərbaycan dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərməyə başlamışdılar.

Universitetdə "Səfir saatı" adlı klub yaradılmışdı. Azərbaycanda akkreditasiya olunmuş səfirlərin, demək olar ki, hamısı bu klubda qonaq kimi iştirak edib tələbə və müəllimlərlə görüşürdü.

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi B.Foqts Universitetimizin dostuna çevrilmişdi. Onun təklifi ilə unudulmaz bir görüş baş tutdu. Azərbaycan yığması ilə Universitetimizin yığması arasında yoldaşlıq görüşü keçirildi. 1 günlük xəlifə proyekti işə düşdü. Tələbələr özləri, heç bir təzyiq olmadan rektor, prorektorlar, dekanlar, şöbə müdirləri vəzifəsinə seçki ilə seçilir və 1 gün ərzində universiteti idarə edirdilər. Bu proyekt indi Azərbaycan Dillər Universitetində uğurla həyata keçirilir.

BSU-nun qonaqlarından rusiyalı akademik N.Baybakovun, Rusiya təhsil naziri V.Filippovun, Rusiya Sverdlov vilayətinin qubernatoru E.Rosselin, Belarusun Baş naziri S.Sidorskinin, Moskva şəhəri meri Y.Lujkovun, Azərbaycan Diplomatik Akademiyasının Prezidenti Hafiz Paşayevin, Rusiyanın sonrakı təhsil naziri A.Fursenkonun, Çexiya Respublikası Senatının sədri P.Sobotkanın, rusiyalı aktrisalar N.Varleyin, S.Tomanın və onlarla digər qonaqların Universitetlə tanışlıqdan sonra "Qonaqların sözü" kitabına yazdıqları rəyləri oxumaq xüsusi zövq verir. Bu rəyləri oxuduqca Universitetin xarici ölkələrdə və eləcə də Azərbaycanda necə bir imicə malik olmasını görməmək mümkün deyil. BSU ilə bağlı 2012-ci ildə dərc edilmiş tanışlıq albomunda bu dediklərim çap edilib. Yaddaşlarını təzələmək istəyənlər üçün yaxşı imkandır.

 

(Davamı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!