Unutmağa kimsə var... (Əvvəli ötən saylarımızda)
Moskvada müdafiə edəndən sonra orada Dilçilik İnstitutunda qalıb elmi işçi kimi çalışmaq mümkün idi. Ninel Zeynalovna ilə Ədhəm Tenişev bunu mənim üçün ayarlaya bilərdilər. Ninel Zeynalovna bu barədə mənim fikrimi də soruşmuşdu. Məni isə məsələnin belə qoyuluşu qəti maraqlandırmırdı. Qeyri-müəyyən bir cavab verib söhbəti davam etdirməmişdim. Bakıya, o mehriban diyara qayıtmaq mənim üçün böyük bir hadisə idi. Moskva nə qədər isti bir yuvaya dönsə də, doğma şəhər anlayışının bir başqa dadı vardı. Bu doğmalıq təkcə qohumlardan ibarət deyildi. Bu doğmalıq yalnız dostlardan da ibarət deyildi. Bu, küçələrin, çayxanaların, bağların doğmalığı idi. Bu, cox ciddi deyirəm, bəlkə də havanın doğmalığı idi, dənizdən əsən xəzrinin doğmalığı idi. Məhlənin doğmalığı idi. Məhlədəki tanıyıb-tanımadığım adamların doğmalığı idi...
Ninel Zeynalovna, təbii ki, Azərbaycan dilçilərini gözəl tanıyırdı. Mən bilirdim ki, mənim yeznəm Ağamusa müəllimə onun münasibəti son dərəcə istidir. Tenişev də, Musayev də, Baskakov da, hətta heç kimi bəyənməyən Serebrennikov da Azərbaycan dilçilik məktəbindən söhbət düşəndə akademik Şirəliyevdən sonra hökmən Ağamusa Axundovu yada salırdılar. Ona, onun professionallığına dərin hörmətləri vardı. Şirəliyevə münasibət isə, ilk növbədə, əsasən, onun Dilçilik İnstitutuna rəhbərlik etməsi və akademik olması ilə bağlı idi. Bir sözlə, Şirəliyev hamı tərəfdən qəbul edilən bir ağsaqqal idi. Azərbaycan dilçiliyinin daha bir nümayəndəsinə Moskvada və ümumiyyətlə, Sovetlərin müxtəlif dilçilik məktəblərində xüsusi hörmət var idi. Bu, Bakıda Dilçilik məktəbində direktorun müavini vəzifəsində çalışan Vaqif Aslanov idi.
Vaqif müəllim mənim namizədlik dissertasiyamın iki opponentindən biri oldu. Birinci opponentim Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun "Türk dilləri" kafedrasının müdiri, tanınmış türk dilləri mütəxəssisi professor Sokolov idi. Vaqif müəllimlə sonralar başlanan dostluq məhz bu nöqtədən başladı. Son dərəcə professional, ingilis dilindən başqa, ərəb, fars dillərini də gözəl bilən Vaqif müəllim eyni zamanda son dərəcə sərt adam idi və son dərəcə sədaqətli dost olduğunu da sonralar dəfələrlə sübut etdi. Deyim ki, o da mənim Moskvada qalmaqla bağlı tərəddüd və şübhələrimə son qoyanlardan oldu. "Gələrsən Bakıya, bizim Dilçilik İnstitutuna, maraqlı mövzular var, əl-ələ verib işləyərik" deyərək məni həvəsləndirdi. Beləliklə, Vaqif müəllimdən də ilham alaraq mən Moskvada qalıb işləmək xülyasını özümdən birdəfəlik uzaqlaşdırdım.
Ağamusa müəllimlə qohumluğumu Ninel Zeynalovna mən aspiranturanın 3-cü (sonuncu) kursunda olanda, tamam təsadüfən kimdənsə eşidib bilmişdi. İlk reaksiyası belə oldu:
- Bəs niyə bunu mənə əvvəlcədən demədiniz?!
Vəssalam. Guya ki, desəydim, nə dəyişəcəkdi?! Onsuz da onun mənə münasibəti ən yüksək səviyyədə idi. Elə bütün digər aspirantlara da həmçinin.
Bununla yanaşı, Ağamusa müəllim də mənim Moskvada qalmaq məsələmə (əgər belə məsələ gündəmə gələrdisə) yüngülcə də olsa, tərəfdar olsaydı və məni buna inandırsaydı, bu məsələ yəqin ki, müsbət həll olunardı. Ən azından mən, ola bilər ki, bu barədə ciddi düşünərdim. Amma belə olmadı. Dediyim kimi, nə mənim, nə evdəkilərin, nə də qohumlarımın ağlından belə bir perspektiv keçdi. Digər tərəfdən, məni Bakı - mehriban diyar maqnit kimi özünə çəkirdi. Demək olar ki, günləri bir-bir sayırdım.
1977-ci il, yanvarın 7-də mən SSRİ EA-nın Dilçilik İnstitutunda müdafiə kürsüsünə çıxdım. Mənim aspirantura vaxtım iki ay əvvəl, noyabrda bitmişdi. Və mən elə o vaxtdan beynimin bir guşəsində Moskva ilə vidalaşmağa başlamışdım. Əlvida, Moskva azadlığı. Əlvida, aspirantlar evindəki şən həyat. Əlvida, Dusya xala. Əlvida, Aydın, Rasim, İftixar... Əlvida K-9. Bu, Mərkəzi teleqraf idi. Ora gedirdim ki, Bakıya evə zəng edim, anamgil "çaşıb" mənə pul göndərəndə alım. Əlvida, Kalinin prospekti - Moskvanın "qoyma çənəsi". Əlvida, Arbat. Gözəl kafelər, gözəl rəfiqələr. Əlvida, "Moskva" univermağı. Və əlbəttə ki, əlvida, SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutu. Əlvida, unudulmaz "əcayib" adamlar.
Bakı - gözəl şəhər, mehriban diyar!.. Mahnıda, gərək ki, belə deyilir. Və mən öz mahnıma qovuşmağa tələsirdim. Və mən, Vaqif Səmədoğlunun əsrarəngiz misrasının təsirilə desəm, bir axşam "Moskva- Bakı" qatarının vaqonundan Bakı vağzalına endim. Payız deyildi, amma qışın axırları idi.
Niyazi də öz işlərini yekunlaşdırmışdı və o da Bakıya qayıdırdı. Zeynal da həmçinin. Mənim Moskvada Arif adlı bir qohumum vardı. O, riyaziyyatçı idi və Moskvada riyaziyyat üzrə dissertasiya üzərində işləyirdi. Arif Ağamusa müəllimin bacısı oğlu idi. Gözəl münasibətimiz vardı. O da Bakıya gedirdi. Biz hamımız sözləşib qatara, eyni günə, eyni vaqona, hətta eyni kupeyə bilet aldıq. İki gün yarım bir-birimizin yanında olacaqdıq. Moskva ilə bağlı xatirələrimizi bölüşə-bölüşə yol gedəcəkdik. Arifin dadlı-məzəli söhbətlərinin hesabına bu səyahətin dadını biz bu günə qədər çıxarırıq. Bunun kimi ləzzətli səyahətə çıxmaq mənə bir də "Azdrama"nın aktyorları və işçilərilə bir yerdə avtobusla İstanbula gedəndə qismət oldu. Bu səfərin də başqa bir maraqlı tarixçəsi var. Amma gərək illərin üstündən yenə də irəli tullanaq.
1990-cı il idi. Qara Yanvardan çıxmış millət hələ də həmin günlərin müdhiş ağırlığını çiynində daşıyırdı. Xalq Cəbhəsinin aşkar və gizli şəkildə əlindən gələni etməklə bacarmadığı bir işi Sovet dövləti bir gecənin içində özü etmişdi. SSRİ-yə bir dövlət kimi münasibət birmənalı şəkildə kökündən laxlamış, sistemə nifrət, hətta rus dilinə, tarixinə, mədəniyyətinə, hətta kiril əlifbasına nifrətə belə çevrilmişdi. Milli özgürlüyə meyil əməlli-başlı, geriyədönməz bir təlatümlü cərəyana dönmüşdü. Yavaş-yavaş 20 Yanvar müsibətindən uzaqlaşan millət daxili özünüqoruma instinkti ilə yaşamağa davam edirdi. Cürbəcür təşkilatlar müxtəlif tədbirlər vasitəsilə dünyaya çıxmağa çalışır, millətin ən dəyərli nümunələrini Mərkəzin başı üstündən keçirərək təqdim etməyin yollarını arayırdılar. Bu dövrdə mərkəzi hakimiyyət gec də olsa, necə böyük bir səhv etdiyinin və sanki Bakıya ordu yeritdiyinin peşmançılığını çəkirdi. Rejimin tarıma çəkilmiş ipləri azca da olsa, yumşalmışdı. Azərbaycanın timsalında bütün SSRİ respublikalarına dərs vermək istəyənlərin arzusu əks-reaksiya vermişdi. Milli şüur, milli münasibət bütün milli respublikalarda get-gedə artır, insanlar böyük qurtuluşun hardasa yaxında olmasını hiss edirdilər. Aydın olan o idi ki, SSRİ-nin süqutu artıq zaman məsələsidir.
Azərbaycan dram teatrı çox maraqlı bir dəvət almışdı. Türkiyədə çox dəyərli bir alim, ictimai-siyasi xadim vardı. Türkçülüyün müasir dövrdə canlı simvolu idi. Dəfələrlə Azərbaycana gəlmiş, türk qardaşlarımızla bizdəki müxtəlif dairələrin elmi, ictimai, mədəni, siyasi aspektdə təmasını qurmaq üçün əlindən gələni etmişdi. Bu dəyərli şəxs professor Turan Yazqan idi. O, "Türk dünyasını araşdırma vakfı" adlı böyük bir fonda başçılıq edirdi və bu fondun missiyasını türk xalqlarının mədəni, siyasi təmasını yaratmaq və inkişaf etdirməkdə görürdü. Turan Yazqanın başçılıq etdiyi fond Azərbaycan dramaturqu və yazarı İlyas Əfəndiyevin Azərbaycan Dövlət Dram teatrında səhnəyə qoyulmuş "Sevgililərin cəhənnəmdə vüsalı" adlı tamaşasını İstanbula aparmaq istəyirdi. Bu tamaşa təsadüfi seçilməmişdi. İlyas müəllim bu əsərində sovet repressiyalarına məruz qalan azərbaycanlı qurbanların bədii və lirik tarixini yaratmışdı. Tamaşadan keçən ideyalar sanki bu günümüzlə əməlli-başlı səsləşirdi. Hadisələri qabaqlayıb deyim ki, ilk dəfə Azərbaycan teatrı ilə tanış olan türk tamaşaçısı (onların isə arasında çoxlu əslən Azərbaycandan olub sovetlərin ilk zamanında canını götürüb buralara pənah gətirənlər və onların övladları var idi) özünü əsəri seyr edən kimi yox, hadisələrin real iştirakçısı kimi görürdü. Tamaşa İstanbulda Təqsim meydanındakı Atatürk Kültür Mərkəzində neçə dəfə oynanıldısa, hər dəfəsində böyük coşqunluqla qarşılandı. Bəzən bizim aktyorlar bu coşqunu türk teatrosunun özünün gəlib çıxa bilmədiyi bir yüksəkliyin etirafı kimi qəbul edirdilər. Əlbəttə ki, bu, belə deyildi. Bizimkilər onların teatrını o zaman hələ o qədər də yaxşı tanımırdılar. Aktyor oyunu ilə bağlı, əsasən, türk kinosu vasitəsilə təsəvvür əldə edirdilər. Türkiyə teatrlarının dərin professional səviyyələri barədə təsəvvürləri, demək olar ki, yox idi.
Onu qeyd eləmək vacibdir ki, İlyas müəllimin bu tamaşasının Türkiyəyə aparılıb oynanması asan məsələ deyildi. SSRİ son günlərini yaşasa da, məsələnin alınması yenə də asan yolla başa gəlmədi. Bu istiqamətdə ciddi danışıqlar getdi. Azərbaycan tərəfdən danışıqları o zaman bizim teatrda Həsən Turabovun müavini ədəbiyyatşünas və teatrşünas Ədalət Vəliyev aparırdı. Türkiyə tərəfdən, mən bildiyim qədər, bu işin baş tutması üçün Turan xoca əlindən gələni edirdi. Biz, bütün teatrsevərlər, "Azdrama"nın aktyorları səbirsizliklə gözləyirdik ki, görəsən, belə bir səfər baş tutacaq, ya yox?! Ədalət Vəliyevin coşqun və cəsarətli enerjisi imkan verdi ki, bu səfər gerçəkləşsin. O, bir müddət Türkiyədə, sonra Bakıda mümkün olan bütün siyasi, mədəni kanalları işə salıb iki qardaş ölkənin sənət xadimlərinin və sənətsevərlərinin bu möhtəşəm görüşünü reallaşdırdı.
Tamaşada iştirak edən heyətdən əlavə səfərə üç-dörd nəfər teatr xadimi də qatılmışdı. Həsən Turabov başda olmaqla, səfərə çıxa bilməyən İlyas müəllimin yerinə mədəniyyətşünas alim oğlu, professor Temurçin Əfəndiyev, ssenarist-rejissor Oqtay Mirqasımov, Teatrın bədii Şurasının üzvü kimi mən səfərdə iştirak edirdik. Təbii ki, Türkiyə səfərinə daxil edildiyim üçün mən, ilk növbədə, dostum Həsən Turabova minnətdar idim. Onu da bəri başdan deyim ki, həyatım boyu (nə əvvəl, nə də sonra) belə gözəl səfərə çıxmağım yadıma gəlmir. Bu səviyyədə olmasa da, Moskvadan Bakıya işləri tamamlayandan sonra Niyazi, Zeynal, Ariflə qatarla gəlməyimiz də bu qəbildən olan səfər kimi yadda qalıb.
Türkiyə səfəri qənaət xətrinə təyyarə ilə deyil, avtobusla baş tutdu. Biz - səfərə gedənlər "Azdrama"nın xidməti qapısının ağzında teatra məxsus böyük və rahat "Mersedes" markalı avtobusa əyləşib yola düşdük. Əvvəlcə Tiflisə, sonra Batuma, oradan da Türkiyəyə keçəcəkdik. Türkiyə sərhədində bizi Turan xoca öz dəstəsi ilə və Ədalət qarşılayacaqdı.
Mən kimlərlə səfərə çıxmışdım?! Qibtə etməyinə dəyərdi. Səyavuş Aslan, Yaşar Nuri, Şəfiqə xanım Məmmədova, Amalya xanım Pənahova, Şükufə xanım Yusifova, Firəngiz xanım Mütəllibova, Ələsgər Məmmədov...
Yolboyu gözəl söhbətlər, aktyorların bir-birilə şirin münasibəti mənim üçün son dərəcə maraqlı idi. Bəzən adam, hətta riqqətə belə gəlirdi. Yüngülvari içkidən sonra sənət dostlarının bir-birinə "məhəbbət izhar etməsi" xüsusilə təsiredici olurdu. Bu mənim tanıdığım teatrın o biri üzü idi. İnsani, səmimi hisslərin aşıb-daşması, bəzən, hətta hamıya məlum intriqaların közərməsi, amma tezcə də söndürülməsi, alova keçməyə imkan verilməməsi, hətta belə deyərdim, dost kimi tanıdığım sənət adamlarını, məsələn, Yaşar Nurini tamam başqa rakursdan görüb dəyərləndirməm üçün faydalı idi. Avtobus böyük bir məclisin bir bütöv stolu kimi idi. Kim evdən yemək üçün nə götürmüşdüsə ortada idi. Söhbət bəzən birinci sıra ilə axırıncı sıra arasında gedirdi. "Pəncərədən daş gəlir"dən tutmuş, bütün bacardığımız xalq mahnıları oxundu, cürbəcür səhnələrdən monoloqlar deyildi. Yolboyu kiçik istirahət dəqiqələrində də şirin zarafatlar, məzəli əhvalatlar davam edir, biz bəzən gülməli məqamları siqaret kimi bir-birinə calayırdıq. Bəzən gülməkdən huşumuzu itirmək dərəcəsinə gəlirdik. Yolboyu baş vermiş ən gülməli əhvalat isə Batum yaxınlığındakı Sərp keçid məntəqəsində oldu. İki ölkə sərhədində idik. Hər tərəfdən dağlar sıra tutub gedirdi. SSRİ tərəfdəki dağın döşündə miniatür kilsə tikilmişdi. Türkiyə tərəfdə düz o kilsənin qarşısında ondan da gözəl bir məscid göz oxşayırdı. Biz SSRİ-nin son dayanacağına çatıb avtobusdan endik, hər kəs özünə aid yol çamadanını götürdü. Bizi sərhədi keçməzdən əvvəl gömrükçülər yoxlayacaqdılar. Nə başınızı ağrıdım, gömrükçülərin başçısı, eləcə də digər üzvləri milliyyətcə ermənilər çıxdı. Erməni-Azərbaycan qarşıdurması yavaş-yavaş güc yığırdı. Gömrük məntəqəsində biz bunu unutmağa çalışdıq. Bizim beynimizdə başqa mənzərələr canlanırdı. Biz məscid tərəfə baxıb orada bizi gözləyənləri görürdük, bir azdan ayağımız türk torpağına dəyəcəkdi. Çoxumuz mənim kimi Türkiyəyə ilk dəfə idi ki, gəlirdik. Bu möhtəşəm hiss bizim bütün ruhumuza hakim kəsilmişdi.
Yoxlama başladı. Gömrükçülər üzümüzə gülə-gülə, amma açıq-aşkar bir qəddarlıqla hamının çamadanını açdırır, az qala izahat istəyir, lazım bildiklərini bir kənara qoyurdular, guya ki, təftiş edirdilər. Hamı bir-birinə dəymişdi. Hədiyyə aparanların həyəcanı Həsənağaya da təsir eləmişdi, amma onun özünün də çamadanını açıb tökməyə başlamışdılar.
- Mən SSRİ Ali Sovetinin deputatıyam. Siz nə etdiyinizi düşünürsünüz? - Həqiqətən də, SSRİ-nin Ali Sovetinin deputatı olan Həsənağanı belə hiddətli bir halda mən görməmişdim.
- Hamı yoxlamadan keçməlidir! Kim olmağınızın fərqi yoxdur. - Gömrükçülər bizə əzab verməkdən əməlli-başlı həzz alırdılar.
Qadınların çamadanlarında cürbəcür əşyalar bir-birinə qarışmışdı. Ah-nalə, necə deyərlər, göylərə bülənd olurdu. Bu zaman növbə aktyor Ələsgər Məmmədova çatdı. Bu sakit, son dərəcə mütəvazi adam dinməzcə yoxlama stoluna yanaşdı. Əlini atıb çamadanını açmaq istəyirdi ki, gömrükçü onun üzünə diqqətlə baxıb sualdan çox təsdiqedici şəkildə:
- "Teqeran 43"? - deyə rusca soruşdu. Cavab gözləmədən: Proxodi! Yəni, sən keç, - dedi.
Biz hamımız mat qalmışdıq. Məlum filmdə epizodda çəkilmiş Ələsgəri gör bir harda tanıyırdılar, özü də necə tanıyırdılar?.. Teatrın özündə də Ələsgər epizod ustası idi. İddiasız bir sənətkar idi. Ən əsası o idi ki, Ələsgər bütün bu oyunu bir adi hal kimi qəbul elədi. Bu zaman Həsənağanı, Yaşarı, Səyavuşu, elə avtobusla gələnlərin hamısını görmək lazım idi. Hamımızın üzündə "Teqeran 43"ə dərin bir nifrət yazılmışdı. Biz hamımız Ələsgəri döyməyə hazır idik. O isə həmişəki məzlum halında, səssiz-səmirsiz, çamadanını açmadan sərhəd xəttindən o biri tərəfə keçdi. Sonralar bu mövzu dilimizin əzbəri oldu. Ələsgərin özü ilə mən sonralar qarşılaşanda barmağımı ona doğru uzadıb "Teqeran 43?" sualını verəndə o günü yada salırdıq, bu barədə danışanda gülməkdən uğunub gedirdik.
Elə bu zaman bizim də dadımıza çatdılar. Bu gömrükdə çox ləngidiyimizi görən türk tərəfinin gömrükçüləri biz tərəfə gəldilər və vəziyyəti anındaca anladılar. Onlar erməni "həmkarlar"ına nə dedilər, nə demədilərsə, bütün buzlar anındaca əridi, bizim hamımızı təcili surətdə elə o dəqiqə yoxlamadan sərhəddən keçirdilər. Mənim ayağım ilk dəfə türk torpağına dəydi. Ürəyimdə qəribə hisslər oyandı. 15-20 metrlik yol və tamam başqa bir dünya... Qəhər məni boğdu. Piyada sərhəd keçməyin ləzzəti başqadı. Təyyarə ilə olsaydı, məncə, belə dərin hisslər yaşanmazdı. Sərhədi ayaqla, addım-addım keçmək başqa bir əhval gətirir, onu sözlə demək mümkün deyil, çox çətindir. Təyyarə ilə bunabənzər heç bir hiss keçirmirsən. Piyada isə... Sanki sən o yolu getmirsən, o yol sənin üstündən addımlayır. Sanki o yolla bir yerdə üstündən illər, əsrlər keçir. Şair demiş, bir yandan da bu qəhər...
Həyatım boyu bir çox səfərlərdə olmuşam. Yaxın, uzaq ölkələrə səfər etmişəm. Tək də getmişəm, yoldaşlarla bir yerdə də getdiyim olub. Ancaq bu iki səfər qədər yaddaqalan və belə deməkdən çəkinmirəm, əfsanəvi səfər olmayıb. Biri Moskvadan Bakıya gəldiyim səfər, o biri də Bakıdan Türkiyəyə "Azdrama" ilə bir yerdə getdiyim səfər.
Moskvaya gedən bizlər və Bakıya qayıdan bizlər. Aradan üç il keçmişdi. Əziz və mehriban diyara qayıdan bizlər artıq həmin gənclər deyildik; 26-27 yaşımız var idi. Müdafiə etmiş, elmlər namizədi olmuşduq. Zeynal ali məktəbi bitirmişdi. Bakıda bizi nə gözləyirdi?! Bunu təsəvvür belə etmək mümkün deyildi. Nə mən, nə Niyazi, nə də Zeynal və Arif gələcək üçün heç bir plan qurmurduq. Nə olacaqdısa, o da olacaqdı. Biz özümüzü taleyin ixtiyarına vermişdik.
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!