Eşqin rəngləri - Hüseynbala MİRƏLƏMOV

Romandan hissə

 

(Əvvəli ötən saylarımızda)

 

Müəllif -

Gülçin - 32 yaşında, istedadlı rəssam

Böyükkişi - 35 yaşında, Gülçinin əri

Yalçın - 34 yaşında, Böyükkişinin müdiri

Nemət - 45 yaşında, tanınmış psixiatr

 

 

Nemət

 

Gülçin növbəti seansa gələndə tam başqa əhval-ruhiyyədə idi. Üzündəki hüzn azalmışdı, solğun yanaqlarına rəng gəlmişdi. İçəri girəndən bəri coşqu ilə danışırdı. Mən onun hər bir hərəkətini diqqətlə izləyirdim. Hiss edirdim ki, onun bu coşğunluğunun ardında nəsə qeyri-adi duyğular gizlənir. Gözlərinə sanki bu seansda daha diqqətlə fikir verdim, necə də gözəl idi. Baxışları insanın düz ürəyinin içinə zillənirdi. Onun seansa gələcəyini səbirsizliklə gözləmişdim. Halbuki mən, sadəcə, həkim idim, o da mənim pasiyentlərimdən biri... Emosiyalarım soyuqqanlı olmağıma imkan vermirdi, amma mən təmkinimi qorumağa çalışırdım... Bu dəfə, özümü onunla baş-başa yalnız həkim deyil, bir insan kimi hiss edirdim.

"Həkim, sizin yazdığınız dərmanlar məni xeyli yaxşılaşdırıb" - dedi, sonra yavaşca gülərək əlavə etdi: "Amma Yalçını unutmağı düşünmürəm..." Seans boyunca, o, yalnız Yalçın haqqında danışdı. Şövqlə hisslərini ifadə etdikcə parıldayan gözləri, qızaran yanaqları, gözəl biçimli dodaqları gözümün qarşısında parlaq işıqlar kimi sayrışırdı. Qəfildən hiss etdim ki, qəlbimdə qısqanclıq baş qaldırıb. Gülçinin Yalçın haqqında belə alovlu danışması niyəsə qüruruma toxunurdu, daxilən əsəbiləşirdim. "Lənət şeytana..." pıçıldadım, su qrafinini yaxınıma çəkdim, Gülçinə su təklif elədim, istəmədi, özümə süzdüm, dolu stəkanı birnəfəsə başıma çəkdim. Gülçin sevdiyi kişi haqqında necə eşqlə danışırdı! Artıq mən qısqanmağa başlamışdım! Heç ağlıma belə gəlməzdi ki, mən bir həkim olaraq pasiyentimə qarşı sevgi-qısqanclıq qarışıq belə hisslər duya bilərəm. Özümə sual verirdim - bunlar doğrudanmı, mənim hisslərimdir, yoxsa, sadəcə, içimdə illərdir yatırdığım bir ehtiyacın yanlış zamanda baş qaldırmasıdır? Onun gözlərindəki baxış, səsindəki titrəyiş bəzən məni adi bir həkim-pasiyent münasibətindən çox uzaqlara aparırdı. Bu məni qorxutmağa başlamışdı. Çünki mən bu hisslərə nə hazır idim, nə də haqqım olduğunu düşünürdüm. Amma insan ürəyi nə diplom tanıyır, nə də etik qaydalar. Daxilimdə bir tərəf bu duyğuları boğmağa çalışırdı, digər tərəf isə onların varlığını etiraf etdikcə rahat nəfəs alırdı. O an başa düşdüm: bəzi hisslər seçim deyil, sadəcə baş verir və sən yalnızca onları daşımağa məhkum olursan.

Bu təlatümü onun hiss etməsini istəmirdim. Gülçin danışarkən sanki mən onun hər kəlməsinə daha çox bağlanırdım. Onun gözlərində Yalçına olan sevgi o qədər təmiz, o qədər ehtiraslı idi ki, mən indi Yalçının yerində olmaq istəyərdim... Bu duyğuların nə qədər təhlükəli olduğunu başa düşürdüm. Amma heç bir şey bunu dayandıra bilmirdi - içimdəki hisslər daha da artmağa başlamışdı. Mən harada səhvə yol vermişdim, ürəyimə bu hisslər, bu qısqanclıq haradan yol tapmışdı? Görünür, hər bir kişinin arzusudur ki, onu Gülçin kimi bir qadın belə dəlicəsinə sevsin... O danışdıqca mən düşünürdüm ki, belə sevməyi bacaran bir qadın üçün hər şeydən keçməyə dəyər! O, hər dəfə "Yalçın" dedikcə qəlbimdə qarşısıalınmaz qısqanclıq, hüzn dalğası yüksəlirdi.

Mən artıq onu eşitmirdim, sadəcə ürəyimdə qopan fırtına ilə mübarizə aparırdım. Onun hər kəlməsi, hər sözü o fırtınanı daha da şiddətləndirirdi. Mən həkim idim, amma bu qısqanclıq, bu ağrı, mənim peşəmi aşırdı və bu, düzgün deyildi, qeyri-peşəkar bir yanaşma idi. Gülçinlə seansı necə davam etdirəcəyimi bilmirdim. O, mənim həyatımda bir sınağa çevrilmişdi. Mən həkim olduğumu unutmamalı idim, ancaq artıq hiss edirdim ki, o, qəlbimdə eşq qığılcımı yaradıb...

Gülçin bütün əzablarını, ən məhrəm sirlərini mənimlə paylaşırdı. Bu mənim həm xoşuma gəlməyə başlamışdı, həm də əsəbiləşdirirdi. Gülçin, sadəcə, bir pasiyent deyil, bir cazibə mərkəzi idi. Amma bəyəm, mən bunu qəbul edə bilərdimmi? Bu sevgi, bu ehtiras, mənim üçün yolverilməz idi... Özümü ələ almalı, işimə peşəkarlıqla davam etməliyəm. Bir neçə sual verdikdən sonra yeni resept yazdım, tövsiyələrimə riayət etməsini tapşırdım. İndi mən özüm də ürəkdən arzulayırdım ki, o, bu sevgi vəsvəsəsindən sağalsın, Yalçını unutsun... Növbəti seansı bir həftədən sonraya təyin etdim.

Gülçin otaqdan çıxandan sonra da vurduğu ətrin xoş rayihəsi xeyli müddət otağımda qaldı, yaddaşıma hopdu. Gələn həftəni səbirsizliklə gözləməkdən savayı əlacım yox idi...

 

Böyükkişi

 

...Gülçinin sərgisinə xeyli adam gəlmişdi. Amma mənim gözüm Yalçını axtarırdı. Bir az keçəndən sonra, qapıdan direktorum içəri girəndə istər-istəməz sevindim. Özüm də bilmədim niyə?.. Yavaşca Gülçinə yaxınlaşdığını uzaqdan gördüm, özümü görməzliyə vurdum. Yalnız xeyli vaxtdan sonra onların artıq tanış olub söhbətləşdiyini görəndə yaxınlaşıb salamlaşdım. Yalçın heyranlıqla arvadıma və onun çəkdiyi rəsmlərə baxırdı. Daxilimdə bir qısqanclıq dalğası qalxdı, sonra da yoxa çıxdı, düşündüm ki, qısqanmalı nə var, onsuz da Gülçin mənimlə yaşayır, əvvəl-axır yeri mənim yanımdır. Hiss olunmadan yanlarından uzaqlaşıb sərgi salonunun aşağısına doğru sivişdim. Yalçın ona nəsə deyirdi, Gülçin isə bütün diqqətini ona vermişdi. Mən isə uzaqdan yalnız onları izləyirdim. Kənar müşahidəçiyə çevrilmişdim. Həyatım boyu qısqanclığın nə olduğunu anlamamışam. Amma indi məni qəribə bir qorxu bürümüşdü. Gülçin Yalçını sevəndən sonra boşanıb gedərsə, nə olacaq? Məişət rahatlığım, evdəki o təbii harmoniya pozulmazmı? Özümdən bu fikirləri qovuram: "Yox, ola bilməz, aralarında ciddi heç nə ola bilməz..."

Sərgidən tez çıxdım, zavodda həll ediləcək işlərim vardı. Gecə işimi yekunlaşdırıb evə qayıdanda narahatlığım daha da artmışdı. Qapını Gülçin açdı, üzündə füsunkar təbəssüm parlayırdı. Ancaq mənə qarşı əvvəlkindən daha məsafəli davranırdı, baxışlarında qəribə bir uzaqlıq yaranmışdı. Yaxınlaşıb üzündən öpmək istədim, yanağını qaçırdıb, "qazın üstündə yemək var, yanacaq", - deyib mətbəxə sarı yüyürdü. O, artıq əvvəlki Gülçin deyildi, sanki aramızda olan az-çox doğmalıq hissi də yox olmuşdu. Sakitcə yeməyimizi yedik, hərə bir otağa çəkildi. Gecə onu indiyəcən heç olmadığı kimi arzulayırdım. Yataq otağımızın pərdələri tamamilə qapanmışdı, içəri qaranlıq idi, onun üzünü görmürdüm, amma məni əli ilə itələdiyini hiss etdim. Arxadan qucaqlayıb qüvvətlə özümə doğru çəkdim, "burax, yorğunam", - deyə mızıldandı. Yuxum qaçmışdı, ehtirasdan gözüm heç nəyi görmürdü, amma o, israrla müqavimət göstərirdi. Axırda "əl çək, istəmirəm!" - deyib qışqırdı. Səsimi çıxarmadım, hirslənsəm də büruzə vermədim, üzümü çevirib uzandım. Əvvəllər də elə həvəslə ağuşuma atılmasa da, heç olmasa, hərdənbir yaxınlığa izin verirdi, indi isə qəti şəkildə məni özündən uzaqlaşdırırdı. Gülçini tamamilə itirmişdim. Onun başqasına aşiq olacağını düşünmürdüm, uzağı, kiməsə meyil sala bilərdi. Sonra isə onsuz da birgə yaşamağa davam edəcəkdik. Yuxuya gedə bilmirdim, yerimdən qalxıb balkona çıxdım, siqaret yandırdım. Gecənin sükutunda başımdan üzərindən burum-burum qalxan siqaret tüstüsü havaya yayılırdı. Bir vaxtlar sevgili olduğumuzu xatırladım, hər şeyin artıq keçmişdə qaldığını nədənsə kədərlə xatırladım. Gülçin çoxdan başqa biri olmuşdu. O, daha mənim istəyimlə yox, öz yolunda addımlayırdı. Mənim içimdəki bütün narahatlıqlar, qorxular bir-birinə qarışmışdı, amma mən bu gecə ona heç nə demədim. O, öz dünyasında idi. Bu dəyişiklikləri qəbul etməli idim. Yerimə qayıdıb uzananda Gülçin yataqda deyildi, iş otağının aralı qapısından işıq süzülürdü, Gülçin palitrası əlində, saçları cazibədar şəkildə dağılmış halda kətanın üzərində nəsə çəkirdi...

 

Yalçın

 

...Kabinetimdə kresloya yayxanıb dünənki sərgini, daha doğrusu, Gülçini düşünürdüm. Baxışları, saçları, mütənasib bədəni, yumşaq səs tonu bir an da olsun ağlımdan çıxmırdı... O sadəcə gözəl bir qadın deyildi, o qarşısına keçən hər şeyi silib-süpürməyə qadir bir qasırğa idi! Sanki bir sınaq kimi anidən həyatıma daxil olmuşdu. Bu sınağı qəbul etməyə də hazır idim, ancaq qəlbimin dərinlərində, bəlkə də bir az qorxu da vardı. Lakin bütün narahatlıqlara və qorxulara baxmayaraq heç bir qüvvə məni Gülçindən uzaq dayanmağa məcbur edə bilməzdi. O mənim qadınım olacaqdı, vəssalam!

Gülçinin nömrəsini yığdım, açmadı. Səbrim çatmadı, yenidən yığdım. İncə səslə "Alo" dedi, ürəyim titrədi. "Mənəm, Yalçın", - dedim.

- Salam, Yalçın müəllim, gözləmirdim belə tez zəng edəsiniz...

- Olarmı rəsmiyyəti, "müəllimli", "sizli-bizli" danışmağı bir kənara qoyaq? Səmimi şəkildə, sadəcə, adımızla bir-birimizə müraciət edək.

- Olar, Yalçın... Sərgidən təəssüratın necə oldu, evə gedəndən sonra düşündünmü?

- Düşündüm, çox düşündüm, çəkdiyin tabloları da, səni də...

Telefonun o başında susdu. O sükutda çox şey vardı. Handan-hana dilləndi:

- Səninlə tanış olmaq çox xoş idi, ilhamverici insansan...

Bu söz elə bil məni göylərə qaldırdı. Onun səsi, nəzakəti bütün mənliyimi sarsıdıb yavaş-yavaş məni öz aləminə çəkməyə başladı. Ondan sonra nəyi necə danışdığımı xatırlamıram. Bircə onu bilirəm ki, nə soruşsa, heyranlıqla cavab verir, nə desə, cani-dildən dinləyirdim. Danışığımız bitəndən sonra da onu elə görmək istədim ki... Gün içində bir neçə dəfə zəng vurdum, hər dəfə də sevincli, fərəhli səslə mənə cavab verirdi. Heç düşünmürdüm ki, haqqımda nə fikirləşər? Mənə görə, bir kişi qadını bəyənirsə, ondan diqqətini, qayğısını əsirgəməməlidir. Böyükkişi onu elə diqqətsizliyi, biganəliyi ucbatından itirmişdi. Mən isə sevgi, qayğı və nəvazişimlə onun qəlbini qazanmaq istəyirdim. Gülçin sevgiyə layiq qadın idi.

Bir neçə gün beləcə sanki yuxuda yaşadım. Onun zəngləri ilə, səsi, incə zarafatları ilə xoşbəxt oldum. Sanki sərxoş idim, ona dəli kimi aşiq olduğumu hiss edirdim. Bir gün axşamüstü işdən çıxmazdan əvvəl Gülçin zəng etdi. Xeyli danışdıq, söhbətimizi yekunlaşdıranda çəkingən səslə soruşdu ki, sabah tablolarımı çəkdiyim emalatxanaya gəlmək istəyirsən? Həyəcandan nəfəsim tutuldu, əvvəlcə nə cavab verəcəyimi bilmədim. Sanki bədənimdən elektrik keçdi, bu əslində Gülçinin məni öz dünyasına dəvət etməsi idi. Qəlbim həyəcanla döyünürdü. "Əlbəttə", - deyə cavab verdim, əlavə etdim ki, ünvanı mesajla yazarsan, sabah mütləq emalatxanaya gələcəyəm. Elə sevinirdim ki, sanki sabah adi rəsm emalatxanasına yox, İstanbulu fəth etməyə gedən sultan idim... Ona olan heyranlığım sadəcə gözəl bədənindən deyil, daha çox yaradıcı, qaynar ruhundan qaynaqlanırdı. Bilirdim ki, aramızda nə baş versə, bu, adi macəra olmayacaq, ikimizin də həyatına təsir edən unudulmaz sevgi hekayəsi olacaq. Səbirsizliklə sabahı gözləyirdim...

 

Gülçin

 

...Yalçından gələn hər zəng mənim üçün sevgi melodiyasına çevrilmişdi. Az qalırdım hər zənginə qol açıb oynayam. Hər dəfə onunla danışanda, həyatımın rəngarəng, gözəl bir tabloya çevrildiyini hiss edirdim. Bizim söhbətlərimiz də artıq sadəcə söhbət deyildi, əslində bir simfoniya kimi idi, içərisində hər cür sevgi, sevinc, ehtiras, qayğı, diqqət notları vardı. O, mənim iç dünyamın ən gizli sirlərinə toxunduqca hər şeyin yavaşca öz yerini tapdığını hiss edirdim. Həyatın mənasızlığını, daha doğrusu, əvvəlki dolğun olmayan, boşa gedən zamanlarımı unudurdum. Yalçının səsi bir şeir kimi qulağımda səslənir, baxışları isə bir tabloda canlanan parlaq rənglər kimi könlümü oxşayırdı. Telefonun digər ucunda səslənən hər kəlmə qəlbimdə indiyədək yaranmış mənəvi boşluğu doldururdu. Həyatımda ilk dəfə olaraq Yalçınla danışarkən özümü heç vaxt olmadığım yeni bir dünyada hiss edirdim. Hər fikrimi o qədər diqqətlə dinləyirdi ki, söhbətlərimizdə özümdən asılı olmayaraq varlığımın ən gizli yerlərinə səyahət edirdi. Böyüyən bu yeni duyğu dəlisov bir eşqin başlanğıcı idi. O, bir telefon zəngi ilə, bir baxışla, bir söhbətlə mənim həyatımın bütün nizamını dəyişirdi.

Yalçınla danışmaq mənim üçün yalnız onu deyil, həm də özümü tapmaq demək idi. O, özü də hiss etmədən bir qadının ən gizli arzularını, ən incə duyğularını oxumağı bacarırdı...

Telefonda keçirdiyimiz uzun saatlar ərzində bir an belə tənhalıq hiss etmirdim. O, mənim ən gizli düşüncələrimlə də danışırdı.

Bir neçə dəfə düşündüm - Yalçına olan bu dərin duyğularım nə qədər realdır? Doğrudanmı, bu adama aşiq olmuşam? Bəzən özümdən, hisslərimdən şübhə edirdim, fikirləşirdim ki, həyatımda boşluq olan bir vaxta gəlib çıxdığı üçün ona bağlanmışam. Amma hər dəfə onunla danışdıqca qəlbimdəki hissin getdikcə necə böyüdüyünün də şahidi olurdum. O, subay idi, dediyinə görə evlənməyi də düşünmürdü. Belə desə də, günlərin bir günü evlənəcəyi ehtimalını fikirləşmək məni indidən dəli edirdi, ağlıma gələndə tez bu düşüncələri beynimdən qovurdum. Onun sevgisi mənim bütün duyğularıma hakim olmuşdu.

Böyükkişi ilə münasibətlərimiz daha da soyuqlaşmışdı. Onsuz da əvvəl də bir-birimizə isti davranmırdıq, ancaq indi ümumiyyətlə onunla üz-üzə gəlməməyə çalışırdım. Sanki mənim Yalçına vurulduğumu da hiss edir, hətta daxilən sanki bundan məmnundur. Bilmirəm, bəlkə də mənə elə gəlir. Bu duyğu Böyükkişiyə daha da ikrah etməyimə səbəb olur. Bircə onu bilirəm ki, artıq Böyükkişinin üzünü də görməyə tabım qalmayıb. Elə o da gəlib sakitcə yeməyini yeyib, duş alıb divanda televizorun qarşısında uzanır. Əvvəl yenə ayda-ildə bir söhbətləşirdik, indi heç o da yox idi. Amma bu vəziyyət məni qətiyyən narahat etmir. Çünki indi həyatımda Yalçın var. Qadın birini sevib ürəkdən bağlananda digər hər kəs onun üçün sanki yox olur. Böyükkişi beləcə mənim üçün yoxa çıxmışdı...

Yalçın ilk baxışdan mənə təkəbbürlü təsir bağışlamışdı, amma bir-birimizi tanıyıb söhbətləşdikcə onun nə qədər sadə, duyğulu, qadınla ünsiyyətin ən kiçik incəliklərinə belə bələd olduğunu görürdüm. Onu yenidən görmək həvəsim getdikcə artırdı. Rəssamlıq haqqında dərin bilgilərə sahib olmasa da, öyrənməyə meyilli xasiyyəti xoşuma gəlirdi. İkinci görüşümüzün şəhər kənarındakı rəsm emalatxanamda olmasını arzulayırdım. Onu oraya dəvət etmək, bəlkə elə də ağıllı fikir deyildi, ancaq qadınlar aşiq olandan sonra onsuz da ağılın yox, hisslərinin səsinə qulaq asırlar. Emalatxanam mənim yaradıcı, çılğın ruhumun bir hissəsi idi. Hər küncündə, hər tablosunda, hər boyasında mənim daxili dünyam vardı. Yalçını məhz öz dünyama dəvət etmək istəyirdim.

Xeyli tərəddüd elədim, ancaq fikrimi özlüyümdə qətiləşdirdikdən sonra ona zəng elədim.

- Salam, Yalçın ...

Telefonun digər tərəfində Yalçının rahat, sevincli səsi eşidildi:

- Salam, gözəlim, necəsən, nə var, nə yox?

Bir az susub ehtiyatla dilləndim:

- Yaxşıyam... Bilirsən, sənə bir təklifim var, səni bir yerə dəvət etmək istəyirəm...

Yalçın həminki nəşəsi ilə cavab verdi:

- Sən məni dünyanın o biri başına da çağırsan, gələrəm, əzizim. Nə təklifdir o elə?

- Mənim rəsm emalatxanam şəhər kənarındadır. Səni oraya dəvət etmək istəyirəm.

Yalçının heyrəti səsindən hiss olundu:

- Emalatxana? Əlbəttə, çox maraqlıdır, mütləq gələrəm.

- Bu təklifim, səni ora dəvət etməyim sənə qəribə gəlmədi ki?

- Qəribə nə ola bilər ki? Əksinə, çox xoşuma gəldi. Hətta həyəcanlandım... Sənin əsrarəngiz əsərlərinin yarandığı məkanı görməyi çox istərdim.

Yalçının bu sözlərindən sonra həyəcanım sovuşdu, bir az rahatladım.

- Bilirsən, Yalçın, ora mənim hamıdan gizlədiyim dünyamdı, oranı ancaq sənə göstərmək istəyirəm... Sabah görüşsək, necədir?

- Yaxşı, gülüm, sən ünvanı yazarsan, birbaşa ora gələcəm...

Ona "ora gəl" demək elə bil indiyədək hamı ilə arama hördüyüm divarlarımı aralamaq, ürəyimi açmaq idi. Mən o zənglə sanki "Bax, mən buyam" dedim. Boyasız, təmtəraqsız, olduğu kimi... O da elə arxayınlıqla "gəlirəm" dedi ki, sanki çoxdan bəri onu orada gözlədiyimi bilirmiş. Səsində nə bir başqa sual, nə bir əlavə tərəddüd vardı, sadəcə "gəlirəm" dedi. Sanki bir sirrimi bölüşdüm və yüngülləşdim. Bir qadının bir kişiyə "gəl" deməsi, bəzən sadəcə fiziki bir dəvət olmur. O "gəl"in içində "məni gör, duy, anla, sev, qoru" nidaları olur. Mən çəkinmədən Yalçına məni anlamaq üçün bir qapı açdım. O isə içəri keçmək üçün tərəddüd etmədi. Özü olmaqdan qorxmayan cəsarətli bir qadının, istedadlı bir rəssamın dünyasına gələcəyinə əminliklə söz verdi...

 

Müəllif

 

...Hekayənin bu yerində həkim dostum Nemət bir az susdu, baxışları uzaqlara zilləndi. Mən onun necə dərin duyğuların məngənəsinə düşdüyünü hiss edirdim. Dərin bir nəfəs aldı. Nemət bu hekayəni sadəcə danışmırdı, o, yaşadığı və bildiyi bir şeyi təfərrüatına qədər bölüşürdü. Sözlərinin arasında gizlənən duyğular onun da Gülçinə aşiq olduğunu göstərirdi. Bəlkə də özü də bunun fərqində deyildi, amma bir kişidə qadına qarşı belə bir mərhəmət, belə bir empatiya və qısqanclıq yaranıbsa, o duyğular istər-istəməz adamı məhəbbətə doğru aparır.

Neməti uzun illərdi tanıyıram, zəhmətkeş, əxlaqlı və sakittəbiətli adamdı. Hər zaman düşünərdim ki, o peşəsinin soyuq qaydaları ilə duyğuları arasında sərhəd çəkə bilir. Amma danışdıqlarına diqqət yetirdikcə görürəm ki, Gülçin həyatına daxil olandan onun sərhədlər çəkilmiş dünyasındakı dinclik pozulub. Bu sevgi heç də nə cılız, nə də ehtirasa dayanan bir şey deyildi. O, Gülçini bir qadın kimi yox, bir ruhi portret kimi sevdiyini deyəndə, düşündüm ki, bəzən ən böyük müalicə, ən lazımlı şəfa elə sevgidir...

Ancaq Nemətin sevgisi susqun idi. Bəzən sevgini sözlə demək çətindir, hətta mümkünsüzdür. Çünki insan duyğularını qorumaq üçün bəzən susmağı seçir. Elə Nemət də susurdu... Susaraq sevir, baxışlarıyla toxunur, ürəyindəki fırtınaları gizlədirdi. Amma nə qədər gizlətsə də, sevgi özünü göstərir; onun dalğın baxışlarında, danışarkən nəfəsindəki təntimələrdə, danışarkən gözlərinin bir nöqtədə ilişib qalmasında... Hər şey bir həqiqəti söyləyirdi: Nemət Gülçini sadəcə sevmirdi - həm də onu anlayır, hiss edir, onu öz ruhunun bir sirdaşı kimi içində daşıyırdı. O bilirdi ki, bu hissi ifadə etmək olmaz. Həkimin xəstəsinə vurulması peşə qaydalarına sığmasa da, qəlbin qanunları bəzən tamam başqa şeyləri diktə edir. Mən onu qınamırdım. Qınamaq yerinə, sadəcə anlamağa çalışırdım...

Gülçinin Yalçına olan sevgisinə isə qəlbimdə ayrı bir yer ayırmışam. O qadın aşiq olarkən heç nəyə, heç kimə baxmadı. Onun bu cür sevə bilməsi həm güc, həm də cəsarət idi. O, Yalçını öz dünyasına dəvət edəndə, əslində özünü təqdim edirdi - "daxili emalatxana"sını, dağılmış rənglərini, tamamlanmamış portretlərini... Gülçinin zəifliyi sevdiyindən başqa hər şeyə göz yummasında, özünü unutmasında, gücü isə ayaqda qalmağında, sənətə sarılmağında idi. Onun sevgisi təkcə bir adama deyil, həm də həyata, var olmağa, yaratmağa yönəlmişdi. Gülçin öz hisslərini kətanlara danışırdı. Bu sevgi - bir qadının daxili savaşından doğulan əbədi bir sevgiydi. Belə sevmək hər kəsin bacaracağı iş deyil. Bu, yalnız ruhu rənglərlə danışanların, ağrını gözəlliyə çevirə bilənlərin işidir. Gülçin də öz ağrısını sənətə, sevgisini isə həyata çevirə bilən bir qadındır...

Yalçın isə, əvvəlcə, bu qadına ancaq ehtirasın qarşısıalınmaz gücü ilə cəzb olunsa da, sonralar bu eşqə büsbütün tabe olacağından xəbərsiz halda gözüyumulu bu məhəbbətə doğru irəliləyirdi, hətta qaçırdı. Əvvəlcə Gülçinə sadəcə maraq bəsləyirdi, hiss etdikləri, bəlkə də kişi təbiətindən doğan ani bir arzu idi. Ancaq zaman keçdikcə bu duyğuların kökləri dərinlərə enir, ürəyində səssiz, amma sarsıdıcı duyğu çevrilməsi baş verirdi. Gülçin isə onun qarşısında təkcə bir qadın kimi dayanmırdı. O, dəyərli tablo kimi - hər baxanda başqa bir sirrini açan, hər nəzər yetirəndə insanı dəyişdirən bir sənət əsəri kimi idi. Rəssam Gülçin getdikcə Yalçının da həyat sınağına çevriləcəkdi...

Böyükkişiyə gəlincə... Onun dünyası başqa ölçülərdəydi. Nə sevgini yaşamağı bacarır, nə də qadına hörmət etməyi. Nəinki qadına, getdikcə o, heç özünə də hörmət etmir... Gülçinin qəlbindəki yaraların çoxu onun etinasızlığının, soyuqluğunun iziydi. O, nə doğru sevməyi, nə də düzgün tərk etməyi bacaran biri idi.

Bu hekayədə Gülçinin sevməyə, Nemətin şəfalandırmağa, Yalçının sevilməyə, Böyükkişinin isə susmağa səbəbləri vardı...

Mən isə bütün bunları dostum Nemətin danışdığı hekayədən dinləyirdim, sanki gözümün qarşısından hər kadrında obrazların qəlblərinin incə titrəmələrinin, sükutda gizlənən sözlərinin dirildiyi filmin səhnələri keçib gedirdi. Eşqin bütün rənglərinin parlaqlıqla gözə çarpdığı rəngli bir sevgi filminin səhnələri...

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!