Yaşıl ada - Əlisəfdər HÜSEYNOV

"Sənət haqqında hekayələr" silsiləsindən. Unudulmaz tarzən Əhsən Dadaşovun xatirəsinə həsr olunur

...İşıq o qaranlığı qəfildən, bircə anın içindəcə dağıtdı və zülmətin qeybə çəkilməyi ilə gözlərinin qabağında uşaq vaxtı nənəsindən eşitdiyi nağıllardakı sirli məkana - cənnət bağına bənzəyən gülüstanın görünməyi bir oldu. Bağın gözəlliyi, çiçəklərin rənglərinin çalarları göz qamaşdırırdı. Ləçəklərin üstündəki şeh damlaları günəşin işığında bərq vurub min bir rəngə çalırdı. Rəngbərəng çiçəklərə qərq olmuş ağaclar yüngül mehin havasına, hardasa, yaxınlıqda axan çayın şırıltısına sağa-sola yellənib nazla rəqs edirdilər.

Bura hara idi, görəsən?

Qəfildən söyüdlərin salxım budaqlarının arasında Ənvərin tanış çöhrəsini gördü. Uşağın dodaqlarında həmin o təbəssüm, qara gözlərində sevinc vardı. Əlində atasının sədəfli tarını tutmuşdu.

Əhsən müəllimin ürəyi quş ürəyi kimi çırpınmağa başladı. On üç il əvvəl itirdiyi ciyərparası sağ imiş, demək. Niyə indiyədək bunu bilməyib? Bəs o vaxt amansız xəstəliyin pəncələri arasında bu dünyadan nakam köçüb ata-anasını gözüyaşlı qoyan kim imiş, görəsən?

Uşaq əlində tar, atasına tərəf gəlirdi və qəribədir ki, hər addımda dodaqlarındakı təbəssüm, üz-gözündəki fərəh, sevinc misqal-misqal azalırdı. Nəhayət, gəlib atasının iki addımlığında dayandı və elə həmin andaca hönkürtü vuraraq, içini çəkə-çəkə tarı atasına uzatdı. Əhsən müəllimi vahimə basdı, tükləri biz-biz oldu, tarı almaq üçün yox, oğlunu ovundurmaq, göz yaşlarını silmək, başını sığallayıb əzizləmək üçün sağ əlini irəli uzatmaq istədi, amma qolu qalxmadı, elə bil əvvəldən sağ qolu yox imiş. Var gücünü toplayıb bir də cəhd elədi və elə o andaca qolunun yerində elə dəhşətli bir ağrı qopdu ki, cənnət bağını yada salan o işıqlı, çal-çağırlı gülüstan bu ağrının şiddətinə tab gətirməyib qeybə çəkilərək öz yerini yenə də qaranlığa verdi...

Gördüyü yuxudan yatdığı otağa adlayan yeganə ecgahanlıq sağ qolundakı o amansız ağrı oldu. Amma 13 il əvvəl itirdiyi övladının yuxuda gördüyü haləti də beyninə, ruhuna hopmuşdu, gözlərinin qabağından getmirdi...

Öz sevimli müəlliminə hörmət əlaməti olaraq ilk övladına Ənvər adı vermişdi. Totuq-motuq, enerjili, hər şeyə maraq göstərən uşaq idi. Atası ilə oynamağı, tar çalanda gəlib böyrünə qısılmağı xoşlayırdı. Yeddi yaşından sonra qəfildən saralıb-solmağa, halsızlaşmağa, arıqlamağa başladı. Əvvəl elə bildilər soyuq dəyib. Dava-dərman, müalicələr bir nəticə vermədi. Sonra məlum oldu ki, problem uşağın qanında, iliyində imiş. Analiz üçün qolundan qan götürəndə atası da yanında idi və şprislə uşağın qolundan çəkilən qanı görəndə kişini dəhşət bürüdü - bu, qan deyildi, sadəcə, azacıq qırmızıya çalan su kimi maye idi və qanın həmin o suyunun suyu nə 8 yaşlı Ənvərə qıydı, nə də başına-gözünə döyə-döyə nə edəcəklərini bilməyən valideynlərinə. Bir müddət sonra uşaq ata-anasının qolları üstündə qumral gözlərini əbədi yumdu.

Əhsən müəllim o gün özünü tanıyandan həyatında ilk dəfə uşaq kumi için-için ağladı.

O gündən kişinin ürəyindən elə bil on batmanlıq daş asıldı, ruhu da həmin o daşın ağırlığının altında əzilib xıncım-xıncım oldu və elə həmin o ölü vəziyyətdə də donub qaldı.

"Zaman hər yaranı sağaldır", - deyiblər. Amma oğlunun vəfatından keçən hər an, hər dəqiqə, gün, həftə bağrının başındakı o yaranın ağrısını səngitmək əvəzinə, qaysağını qopartmaqda, ağrısı üstünə ağrı qoymaqda idi. Günlərin bir günü başa düşdü ki, belə getsə, ürəyi o yaranın ağrısına, o daşın ağırlığına dözməyəcək, bütün ruhu - hissləri, duyğuları birdəfəlik iflic olacaq. Nə edəcəyini bilmirdi. Həmin o böhranlı günlərin birində qəribə yuxu gördü. Gördü ki, hardasa onu ağ örtük üstünə uzadıblar və ağ əbalı, ağ saqqallı, nurani bir kişi onun sol əlindən yapışıb biləyini elə qatlayır ki, barmaqları köksünə tərəf yönəlsin. Sonra barmaqları yavaş-yavaş uzanmağa başladı və gəlib sinəsinə çatanda qışqırmaq istədi, amma səsi çıxmadı, tərpənib müqavimət, dirəniş göstərməyə çalışdı ki, barmaqları sinəsini yarmasın - sanki bütün əzaları ölmüşdü. Elə o andaca üzünü heç cür görə bilmədiyi nurani kişi astadan pıçıldadı: "Tarını çal, oğul. Dillə, sözlə deyə bilmədiklərini simlərin səsi, barmaqlarının və ürəyinin dili ilə de. Çal, ürəyini didən, sıxan duyğular çölə püskürsün, yaran qaysaq bağlasın. Yoxsa, çətin olacaq sənə, ruhun tamam öləcək, canlı meyitə çevriləcəksən".

Ertəsi gün xeyli vaxtdan bəri evin bir küncündə mürgüləyən tarına yaxınlaşdı, qolundan yapışıb sinəsinə qaldırdı və qəfildən ona elə gəldi ki, tar da xeyli ağırlaşıb. Sol əlinin barmaqlarını ağ simlərin üstünə qoyub pərdələr üzərində gəzişdirdi. Mizrab vurmasa da, barmaqları ilə simlərin təmasından yaranan xəfif bir səs otağa yüngül yaz mehi kimi yayıldı.

Neçə ilin tarzəni idi və bilirdi ki, istənilən alətdə çalınan melodiyanın ruhu, canı ifaçının barmaqları ilə ürəyi arasındakı məsafədən asılıdır. İndi tar ilə təkbətək qaldığı o otaqda xəfif bahar yeli kimi oynayan melodiyanı eşidəndə ona elə gəldi ki, tarın qolunda gəzən barmaqları yox, qövr edən ürəyidir, simlərin üstündə çırpına-çırpına öz nəğməsini oxuyur. Qəfildən elə bil içində nə isə qırıldı, ayaqlarından ta başının tüklərinəcən vücudunu soyuq bir gizilti bürüdü. Hər gözündə bir damcı yaş alt kipriklərindən sallanıb aşağı yuvarlanmağa bənd idi. Bir addım atıb yaxınlıqdakı paltar şkafının dolablarından birini açdı - Ənvərin uşaq vaxtından alınan paltarları səliqə ilə qatlanıb üst-üstə yığılmışdı. Ən üstdə isə onun çox sevdiyi, soyuq havada çölə - gəzməyə çıxanda boynuna doladığı yaşıl şərf idi. Bayaqkı soyuq gizilti gözlərini yandıran od-alova çevrildi və Əhsən müəllimin gücü ona çatdl ki, şərfi götürüb əvvəlcə gözlərinə, sonra da iniltisi qonşu otaqlarda eşidilməsin deyə ağzına sıxsın.

"Bəs sonra nə oldu?" - indi çarpayıda uzanıb sağ əlinin ağrısı ilə çarpışan tarzən onun həyatını, bir ifaçı kimi taleyini dəyişən həmin o anların orbitindən çıxa bilmirdi.

Sonra o oldu ki, tar ürəyinin pasibanına çevrildi, tarı o özü - barmaqları, biləyi yox, ürəyi çalmağa başladı, onu köksünə təkcə musiqi aləti kimi yox, nakam balası kimi basdı, hər dəfə başını onun çanağı üstə qoyanda Ənvərin ürəyinin döyüntülərini eşitdi, xüsusən də, "Segah", "Şur", " Rast" çalanda. Bu muğamlarda indiyə kimi heç bir tarçalanın əli çatmayan və sonralar yalnız onun adı ilə qoşa çəkilən çalarlar, gəzişmələr yarandı.

Musiqiçi dostları bu möcüzəyə mat qalmışdılar. Amma heç kim bilmirdi ki, bu, yuxusunda uzanıb Əhsən müəllimin ürəyinə sancılan barmaqların möcüzəsidir.

Şövkətlə (Ələkbərova - müəl.) Ramiz Mirişlinin "Oxu tar" mahnısını lentə yazdırdıqları ilıq yaz gününü xatırladı...

İfanın əvvəlində giriş kimi "Re" pərdəsində "Segah" gəzişmələri edib, müğənniyə keçid verdi. Amma Şövkət xanımdan səs çıxmadı.

Əhsən müəllim gördü ki, Şövkət xanım özündə deyil, üzünün ifadəsi dəyişib, gözlərini bir nöqtəyə zilləyib fikir dəryasına qərq olub. Ürəyində "Olan şeydir" - deyib gəzişmələri təkrar elədi.

Şövkət xanım yenə susurdu.

Əhsən müəllim özünü saxlaya bilmədi:

- Şövkət, nə olub, niyə oxumursan?

Şövkət xanım sanki yuxudan ayıldı, təəccüblə səsyazma studiyasının geniş salonuna, sonra da Əhsən müəllimə baxıb titrək səslə dedi:

- Əhsən, ay zalım, ay insafsız, səhərdən qoyursan ki oxuyum. Bu nə "Segah"dir belə çalırsan? Adamın az qala cızdağını çıxardır ey?

Bunaoxşar vəziyyətlər Qədirlə (Rüstəmov - müəl.) "Sona bülbüllər"i, "Neçin gəlməz"i, Ariflə (Babayev - müəl) "Yar bizə qonaq gələcəy"i yazılanda da olmuşdu. Doğrudur, nə Qədir, nə də Arif Şövkət xanım kimi çaşıb qalmamışdılar. Amma Qədir muğam parçasını oxuyanda qəfildən elə zəngulələr vurmağa, elə improvizasiyalar etməyə başlamışdı ki, Əhsən müəllim özü - neçə illərin tarzəni az qala çaşıb qalmışdı. Ona elə gəlmişdi ki, barmaqları o səslərin ucalığına qədər gedib çatmayacaq, Qədir ona "ayaq" verəndə lazım olan gəzişmələri o səsə layiq şəkildə səsləndirə bilməyəcək. Amma barmaqlarının arasında çırpınan ürəyinin səsi öz işini gördü. Gözəl bir duet alındı.

"Yar bizə qonaq gələcək"dəki duet də möhtəşəm alınmışdı. Bu duet onun və Arifin səslər, sözlər və bir-birləri ilə dialoqları əsasında baş tutduğuna görəmi belə təsirli alınmışdı? Axı istənilən musiqi ifası ilk növbədə monoloqdur, yəni onu ifa edənin səsidir, izhari-nitqidir. Amma yox, o həm də ifaçının səslərlə, dinləyicilərlə, onu müşayiət edənlə dialoqudur axı. Onlar da məhz bu uğurlu dialoq sayəsində həmin mahnının özlərinəqədərki bütün variantlarını sözün yaxşı mənasında unudub, bir növ dəfn edib, tamam yeni bir biçimdə dirildərək, bənzərsiz və təkrarsız bir nümunə yarada bilmişdilər.

Dialoqa məhz "Segah" ladında həzin bir monoloqla giriş vermiş, bəlkə də bədahətən gələn bu gəlişmələrlə uzun illərin həsrətinin, nisgilinin obrazını yaratmış, sonra "ayaq" verib Arifi dialoqa dəvət etmişdi və Arif də, üstadın dəvətinə cavab olaraq, dialoqa öz monoloqunun izharı - mahnının ifası zamanı oxunan ən təsirli "Segah"lardan birini oxumaqla başlamış, özü də Vahidin mahnının ruhuna tam uyğun bir qəzəlinin sözləri ilə:

  

Sənsiz ey şux, mənim xoş güzaranım yoxdur, 

Sən ki yoxsan, elə bir cismimdə canım yoxdur. 

  

Yox, bu, təkcə Arifin hayqırtısı deyildi, həm də dünyadan köçən bütün nakam balaların ruhuna müraciət idi. 

  

Eşq pərvanəsiyəm, qəm oduna tabım var, 

Xəstə bülbül kimi hər ləhzə fəqanım yoxdur.

  

Belə bir başlanğıcdan sonra melodiya ilə sözlərin bu sayaq sintezinin sehrində trans vəziyyətinə düşməmək olardımı? İllah da ki, səslənən hər söz illər boyu ürəyində qövr edən, qəlbinin odunda bişən və heç kimə deyə bilmədiklərini deyə. Elə bu trans vəziyyətdə də barmaqlarının monoloqun zirvəsini nə vaxt, necə fəth etdiyindən xəbəri olmadı. Tarın sədaları xanəndəni daha təsirli, ürəkdən oxumağa, necə deyərlər, neçə-neçə ürəyə batmış tikanları o ürəklərin canından çıxarmağa çağırır, Arif də bu çağırışın sehrinə təslim olub, öz monoloqunun cövhərini ortaya qoyurdu. O elə bu ahəngdə də nəhayət, muğamı tamamlayıb mahnıya keçdi. Mahni isə sanki muğamın bətnindən qopub, azad olub doğulurdu. Onların bir yerdə yaratdıqları bu mahnının muğamdan doğuluşu, sonra isə muğamla, yəni onu dünyaya gətirənə qovuşaraq bütövləşməsi anının təntənəsi idi.

Muğam frazaları ilə mahnını bir-birinə bu sayaq hörmək, muğamda mahnını, mahnıda isə muğamı görmək, yaşatmaq çoxlarının düşündüyü kimi elə də asan deyildi.

Musiqiçilər arasında belə bir deyim var: "Filankəsi ifaçının ustalığı, musiqinin gözəlliyi oxutdurdu". Həmin ifanın da dəyərini şərtləndirən, onun öz sehrli barmaqları ilə yaratdığı aura və bu aurada Əhsən müəllimlə dialoqa girməyi bacaran xanəndənin izharı idi. 

İfa başa çatandan sonra bir-birinə baxdılar. Hər ikisinin gözləri yaşarmışdı.

...Sağ qolu yenə də sancdı və ağrı qoltuğunun altına, kürəyinə, boynuna yayıldı. İçində yenidən oyanan iniltini boğazında zorla cilovladı. Gecənin bu vədəsində evdəkiləri narahat eləmək istəmədi. Həyat yoldaşı, on iki yaşlı qızı onsuz da, çarpayısının yanından çəkilmirdilər. Qızı Xanımı bir saat əvvəl dilə tutub zorla yatmağa göndərmişdi. 

"Ağrıdır da, çəkilib gedər. Hər ağrıya təslim olmaq, zarıldamaq kişilikdən deyil", - deyə fikirləşərək yenə də özünə toxtaqlıq verdi. 

Əhsən müəllimin həkimlərin qoyduğu dəhşətli diaqnozdan xəbəri yox idi.

Hər şey adi bir zarafatdan, dostunun şıltaqlığıdan başlamışdı. Bakı kəndlərindən birinə toy çalmağa gedirdilər. Əhsən müəllim təzə aldığı "Jiguli"nin sükanı arxasında əyləşib, gümüş kimi parlayan yolda adəti üzrə tələsmədən, orta sürətlə sürür, yandan şütüyüb keçən maşınlara əhəmiyyət vermirdi. Yanında əyləşmiş xanəndə dostu - Əhsən müəllim onun xətrini çox istəyirdi. Yaxşı oxuyan idi - isə bayaqdan dil-boğaza qoymur, tez-tez saatına baxıb, onu tələsdirirdi. "Boş yoldur da, niyə belə sürürsən?" - deyə növbəti dəfə iradını bildirəndə Əhsən müəllim "Tələsən təndirə düşər. On dəqiqə gec, ya tez - gedib çatacağıq da", - deyib gülümsədi. Beş-altı dəqiqə keçəndən sonra xanəndə dostu hiylə işlədib ustadın zəif damarını tutdu. Dedi ki, yadına gəlir, söz vermişdin ki, təzə maşın alanda verəcəksən bir az sürüm. Ver, qurdumu öldürüm.

O, verdiyi sözə xilaf çıxan adamlardan deyildi. Ona görə də sürəti azaltdı. Maşını saxlayıb zarafatla: "Görüm sənin yaddaşına şiş batsın", - deyib aşağı düşdü, fırlanıb artıq sükanın arxasına keçmiş dostunun yerində oturdu. Maşın yerindən tərpəndi. Dostu "Bax, maşını belə sürərlər", - deyib dərhal qazı artırdı və elə birinci döngədə qəfildən sol tərəfdən yola çıxan itlə toqquşmamaq üçün əyləci axıra qədər bassa da, maşını yolun kənarındaki iri qovaq ağacına çırpılmaqdan sığortalaya bilmədi...

Əhsən müəllim sağ qolundan aldığı zərbədən az qaldı ki, huşunu itirsin... 

Rentgendə dedilər ki, biləyinin yuxarı hissəsində sümük çatlayıb. Əhsən müəllim 40 gün qolu gipsdə gəzdi. Ağrıları keçəndən sonra yenə tarını sinəsinə basdı, ürəyindəkiləri barmaqlarına, barmaqlarındakıları da simlərə ötürdü. Elə bildi ki, hər şey arxada qaldı. Amma..

Bir neçə ildən sonra qolunda qəribə ağrılar, sancılar başladı. Elə bil sümüyünə biz batırırdılar və bu bizin batırıldığı yerdən qopan dəhşətli ağrı yavaş-yavaş bədəninin digər əzalarına yayılırdı. Sonra qızdırma və üşütmə bir-birini əvəz eləməyə, qolu şişməyə, rəngini dəyişməyə başladı. Bakıda məsləhət gördülər ki, Moskvaya getsin. Getdi. Özünə yox, yaxınlarına dedilər ki, neçə il əvvəl aldığı zədənin fəsadı - sümük çürüməsidir, xəstəni xilas etmək üçün qolu dirsəkdən yuxarı amputasiya olunmalıdır. 

Bunu tarı özünün bir parçası hesab edən Əhsən müəllimə deməkmi olardı?!.

Amma deməli idilər. Bıçaq gəlib şümüyə dirənəndə yaxınları əsil xəstəliyini ondan gizlədən həkimlərin bu təklifini sağalmağın bir variantı kimi ona çatdırdılar. Əhsən müəllim etiraz elədi: "Məni diri-diri qəbirə qoymaqmı istəyirsiniz?"

Sonra yenə ev.., çarpayı.., cürbəcür sistemlər.., ağrıkəsici iynələr.., qızının, həyat yoldaşının gizlincə ağlamaqdan şişib-qızarmış gözləri..., onu yoluxmağa gələn dost-tanışın verdiyi ürək-dirək və nəzərlərində get-gedə balacalaşan, kiçilən dünya. Dünyanın çox ölkəsində olmuş, konsertlər vermişdi və həmişə dünyanın böyüklüyünə, ucsuz-bucaqsızlığına uşaq kimi heyrət eləmişdi. Amma indi dünya onun gözlərində günbəgün kiçilib, çarpayısının qoyulduğu otaq boyda olmuşdu. Elə bil böyük bir okeanın ortasındakı kiçik bir adada tək-tənha qalmışdı və o ada nəyə görəsə yaşıl rəngə çalırdı.

Gecə keçirdi.

Qəfildən qalxıb tarının futlyarını açmaq, içinə ehtiyat simlər, mizrablar qoyulan balaca qutunun qapağını qaldırmaq istəyi bütün varlığına hakim kəsildi. Sanki sağalmaz dərdinin dərmanı o balaca qutunun içindəydi.

Amma yerindən tərpənməyə heyi qalmamışdı.

 

Epiloq

 

Bir ay sonra ustad tarzən vəfat elədi...

Bir müddət heç kim, hətta atasının təkcə sevimli qızı yox, həm də dostu, sirdaşı olan Xanım da içində atasının tarı olan o futlyarına yaxın düşməyə ürək eləmədi. Futlyarın içindəki tar - Əhsən müəllimin bir parçası sakitcə əbədi yuxuya getmişdi və onu bu yuxudan oyatmaq ustadın həmin tarın pərdələrində, simlərində uyuyan ruhunu narahat etmək kimi bir şey idi. Amma Xanım sonda dözə bilmədi, tar heç olmasa, havasını dəyişsin deyə futlyarı açdı, atasının tellərini sığallayırmış kimi simləri əzizlədi, adətən içində ehtiyat sim və mizrab qoyulan balaca qutunun qapağını qaldıranda isə gördüklərindən elə heyrətləndi ki, donub yerində qaldı - qutunun içində 13 il əvvəl dünyasını dəyişmiş Ənvərin bir vaxtlar boynuna doladığı yaşıl şərf onun ruhunun nişanəsi kimi atasının ruhu ilə bir yerdə uyuyurdu. 

Sən demə, ustad bu şərfi 13 il imiş hamıdan gizlin qutunun içində gəzdirir, bununla təsəlli tapır, böhranlı anlarda oğlunun ətrini ondan alırmış...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!