Yollar getdi... hələ ki üzü Moskvaya - Kamal ABDULLA

Unutmağa kimsə var... (Əvvəli ötən saylarımızda)

Nə zamansa belə yazmışdım:

 

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox...

 

Sonra, illər ötdükcə yollar çox yerə gedəcəkdi... Hələ ki bu yollar Moskvaya - nəhəng və bu nəhəngliyindən həm qürurlanan, həm də əzab çəkən bir ölkənin paytaxtına aparırdı. O dövrün Moskvası təzadlar şəhəri idi. Həm xeyirxah və sadədil rus insanı, həm də zalım və ədalətsiz rus çinovniki  - bunlar bir-birinin yanında oturmuşdular... Bunların özünün də bir-birindən zəhləsi gedirdi. 

...Başqa bir şəhərdə - evdəkilərdən, yaxınlardan, qohumlardan uzaq bir şəraitdə yaşamaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sən mütləq azadlıq axarına düşürsən. Çətindir ona görə ki, sən yenə də mütləq azadlıq axarındasan. Zaman belə yerlərdə saat əqrəblərindən, ya daha tez, ya da daha gec hərəkət edir.

Moskva, Dmitriy Ulyanov-5 ünvanı həm Azərbaycanda, həm də o zamankı başqa sovet respublikalarında ziyalılar arasında yaxşı tanınır. SSRİ Elmlər Akademiyasının Aspirantlar evi məhz burada yerləşir. Bu aspirantlar evində böyük ölkənin hər bucağından gəlmiş gənc alimlər yaşayırdı. Bu nəhəng binanın Dmitriy Ulyanova baxan tərəfi və bir də Dmitriy Ulyanovu kəsən Vavilov küçəsinə baxan tərəfi var idi. Bizim binanın üzbəüzündə, Vavilov küçəsində "Akademkniqa" kitab evi yerləşirdi.  Və bizim binanın mən tanıyan aspirantları ən azı həftədə bir dəfə ora girib kitablar üzərində ümumi "reviziya" aparmasa idi, özünü narahat hiss edərdi. Vavilov küçəsi ilə sağa-sola şütüyən tramvaylar bizi "Universitetskaya" metro stansiyasına - Moskva Dövlət Universitetinə tərəf və üzü aşağı - şəhərin mərkəzinə tərəf aparırdı. Qərəz, Aspirantlar evi kifayət qədər haylı-küylü bir məkanda yerləşirdi və buna binanın içindəki hay-küyü də əlavə eləsək, biz, demək olar ki, həmişə "hadisələrin tam ortasında" özümüzü hiss edirdik.

Bu yarıotel, yarıyataqxana təsəvvürü bağışlayan binanın ən hörmətli "rəhbəri" Dusya xala adında qoca bir qadın idi. Kim idi Dusya xala? O, sadəcə, binanın qapıçısı idi. Kifayət qədər gombul, kifayət qədərdən artıq dərəcədə sərt, yataqxanaya daxilolma proseduruna çox böyük bir ciddiyyətlə diqqət və  riayət edən bu "xanım"la hamı dostluq eləməyə çalışırdı və heç kim bu "şərəfli" dostluğa nail olmurdu. 

Dusya xalanın xüsusi hörmət yiyəsi olmasının əsl səbəbkarı oğlanlar idi.  Oğlanlar Dusya xalaya xüsusi ehtiramla yanaşırdılar. Səbəb isə məlum idi. Bunun yeganə səbəbi o idi ki, oğlanlar öz moskvalı rəfiqələrini yaşadıqları otağa dəvət edəndə onların qarşısını Ərəbzəngi kimi kəsən məhz Dusya xala olurdu. Pasport tələbi, ərizə yazılması kimi prosedurlar zəhlətökən, qanqaraldan məqamlara gətirib çıxarırdı. Amma Dusya xala da bu dünyanın adamı idi və onun da belə çətinliklərdən çıxma üsulları var idi. Danışırdılar ki, qonaq gəlməzdən iki-üç saat əvvəl ona yaxınlaşıb, stolunun üstündəki 5 qəpiklik açıqcalar olardı, 1 manat verib bu açıqcadan alırsan və pulun qalığını Dusya xalaya buraxırsan. Qonaq da gələndə Dusya xala gözlərini o biri tərəfə zilləyib özünü görməzliyə vurur. Qonaq sahibi bu minvalla özünü xoşbəxt hiss edirdi. Qonaq gələn qızı içəri, otağa aparmaq uğrundakı yorucu prosedurlar da unudulurdu.

Ricət. Moskva, nə Moskva! Qəflətən qəfəsi açsınlar və sən azadlığa çıxasan və birdən-birə ilk baxışda kommunizmin tüğyan elədiyi bir şəhərə düşəsən, bunun aqibətini, yəqin ki, bu dönəmi yaşayanlar yaxşı bilir. Amma bir məsələ də var idi ki, biz bu "ilk baxış"dan daha dərinə gedə və görə bilmirdik. Bizim azadlığımız vaxtımızı istədiyimiz kimi keçirməkdə və "evə niyə gec gəldin?" kimi suallardan uzaq olmaqda idi. Bizim azadlığımız  küçədə,  kitabxanada, kafedə, metroda xoşumuza gələn qızlarla rahat tanış  olmaqda, istədiyimiz yerə maneəsiz getməkdə idi. Bir dəfə dostlarla - Aydınla, İftixarla, axşamdan xeyli keçmiş yataqxanaya  qayıtdıqda girəcəkdə, Dusya xalanın yanında üç-dörd nəfərin dayanıb aspirantlarla söhbət elədiklərini gördük. Sual-cavab edirdilər. Onlar bizə də eyni sualı verdilər: 

- Uşaqlar, kinoya çəkilmək istərdiniz? 

- Necə yəni? - Biz suala sualla cavab verdik.

- Sabah saat 10-da "Mosfilm"ə gəlin. İndi isə ad və familiyanızı deyin ki, biz sizə sabah girişdə içəri girmək üçün buraxılış vərəqələri qoyaq. N-li pavilyona gələrsiniz.

Getdik. Amma film çəkilən o pavilyona deyil, bütün digər pavilyonlara getdik. Yanımızdan sanki həmkar kimi keçən Vitsinlə, Kramorovla tanış olduq. Heç yerdə görmədiyimiz sayda qəşəng qızlar gördük. Bakıda belə azadlığımız yox idi. Ricətin sonu.

Bir qədər əvvələ qayıdım: Mən Universitetdə 5 illik təhsilimi bitirdikdən sonra filologiya fakültəsinin "Türkologiya" kafedrası tərəfindən Moskvaya SSRİ EA-nın Dilçilik İnstitutuna məqsədli aspiranturaya yönləndirildim. Kafedranın müdiri tanınmış türkoloq alim, professor Fərhad Zeynalov idi. O mənə məqsədli aspiranturanın iddiaçı üçün hansı gözləntilərdən ibarət olmasını başa salmışdı.  Üç il ərzində mən dissertasiya yazıb müdafiə etməli, sonra da Fərhad müəllimin kafedrasına qayıdıb burada müəllim kimi çalışmalı idim. "Məqsədli" sözü məni belə bir rejimə salırdı. Niyazi də eyni şəkildə fəlsəfə kafedrasından Moskva Dövlət Universitetinə yönəlmişdi.

Moskvada Dilçilik İnstitutunda məni o vaxtkı Leninqrada göndərdilər. Leninqradda SSRİ EA Dilçilik İnstitutunun filialı var idi. Mənim təyinatım o filiala verilmişdi.  Rəhbərim də dövrünün məşhur türkoloqu Şerbak olacaqdı.

Şerbakı qiyabi olaraq tanıyırdım. Həm Ağamusa müəllim, həm Musa müəllim, həm də Fərhad müəllim onun haqqında yüksək sözlərlə danışırdı.

Şerbakla görüşümüz Neva sahilindəki Dilçilik İnstitutunun filialında baş verdi. Onunla çox səmimi söhbətimiz oldu. "Kitabi-dədə Qorqud" dilində təkrarlarla məşğul olduğumu bilib mənə dastanın sintaktik quruluşunun təkrarı ilə məşğul olmamı uyğun bildi.

Amma bu böyük alimlə birgə işləmək qismət olmadı. Mənim aspirantlıq həyatımı yenidən Moskvaya qaytardılar.

Moskvada Dilçilik İnstitutunda, nəhayət ki, mənim aspirant kimi əmrimi verdilər. Buradakı Türk  dilləri şöbəsinin aspirantı oldum. Rəhbərim də qətiləşdi -  Moskvada yaşayıb boya-başa çatan azərbaycanlı alim, dünya şöhrətli türkoloq, ixtisasından asılı olmayaraq  bütün dilçi alimlər arasında xüsusi hörməti olan bir xanım. Onunla elə ilk görüşümüz zamanı mövzumuzu müəyyənləşdirdik.  Yenə də "Dədə Qorqud" dastanı, yenə də təkrarlar sistemi. Bu aspekt rəhbərimin də elmi marağına uyğun idi və biz "Kitabi-dədə Qorqud"da sintaktik paralelizm" adının üzərində dayandıq.

Mənim elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva sovet dönəmindəki türkologiyanın avtoritetli, qiymətli nümayəndələrindən biri idi. O həm də Dilçilik İnstitutunun partiya komitəsinin katibi idi. Atası azərbaycanlı idi. Əslən Ordubaddan imiş. Ninel Zeynalovna uşaqkən atasını repressiya qurbanı kimi həbslərdə çürütmüşdülər. 

Ninel Zeynalovnanın anası moskvalı yəhudi bir qadın idi. Ninel Zeynalovna daha çox anası tərəfə bağlı bir adam idi. Ata qohumları ilə əlaqəsi çox zəif, hətta mən deyərdim, yox dərəcəsində idi. Və indi mən illərin bu tərəfindən onu yada salarkən, onu dərin hörmət və məhəbbətlə anarkən başa düşürəm ki, bu qadın ata vətəninə olan sevgisini bizə - özünün azərbaycanlı aspirantlarına, dissertantlarına göstərdiyi qayğı ilə ifadə edirmiş. Məndən əvvəl o, görkəmli Azərbaycan dilçisi mərhum Aydın Ələkbərlinin elmi rəhbəri olmuşdu. Məndən daha əvvəl görkəmli dilçi və  ədəbiyyatşünas rəhmətlik Aydın Məmmədovun məsləhətçisi, məndən sonra isə yenə də məşhur dilçi rəhmətlik Mehman Musaoğlunun elmi rəhbəri olmuşdu. Hələ mən Azərbaycandan onun yanına gələn onlarla dissertant barədə danışmıram, ondan elmi məsləhət, yaxud opponent rəyi alan onlarla, yüzlərlə adam barədə demirəm. Ninel Zeynalovna öz ürək genişliyindən gələn nəvazişi, şəfqəti heç kimdən əsirgəmirdi.

O hamını bir-birilə dost kimi görmək istəyirdi. Bunun üçün əlindən gələni etməyə hazır idi. Mən dəfələrlə şahidi olmuşdum ki, o zamankı Dilçilik İnstitutunda digər şöbələrdə baş verən qalmaqallı hadisələri fitrətən özünəxas müdrikliklə yatırda bilirdi. Onun həyat yoldaşı görkəmli sovet dilçisi Boris Aleksandroviç Serebrennikov idi.  O, SSRİ EA-nın müxbir üzvü idi. O zaman Dilçilik İnstitutunda bir, ya iki nəfər müxbir üzv var idi və onlardan biri - Viktoriya Nikolayevna Yarseva institutun direktoru idi. Bu adamlar, həqiqətən, nəhəng alimlər idilər. Yarseva Ninel Zeynalovnanın yaxın rəfiqəsi idi. Sonralar, mən artıq Bakıya dönəndən sonra onlar ikisi bir yerdə Bakıya da gələcəkdilər... 

Ninel Zeynalovna ilə Boris Aleksandroviç bizim Aspirantlar evinə yaxın yerdə yaşayırdılar. Tez-tez məni evlərinə dəvət edirdilər. Onların evində çay süfrəsi arxasında  etdiyimiz maraqlı söhbətləri mən, yəqin ki, heç zaman unutmayacağam. Nə üçün mənə belə isnişmişdilər - bilmirəm. Bəlkə onlara Bakıdan, o zamankı türkoloji mərkəzlərdən birinə çevrilməkdə olan Dilçilik İnstitutundan təzə xəbərlər maraqlı idi?! Mənə də bu xəbərlər dostlar vasitəsilə çatırdı. Amma nə bilim, bəlkə də onlar, sadəcə olaraq, darıxırdılar. Övladsız, yaxın qohumlarsız yaşayan bu iki yaşlı adamın bir evin içində bir-birilə ünsiyyəti ancaq elmi istiqamətdə ola bilərdi və bu da davamlı ola bilməzdi. Mən indi düşünürəm ki, onlar, sadəcə, darıxırdılar. Mənə münasibətləri həm də bununla bağlı idi. Onlar məni bu yad və uzaq şəhərdə bu şəkildə qorumağa çalışırdılar. 

SSRİ Dilçilik İnstitutunun türkologiya şöbəsi o illər - mən indi 1970-ci illərin ortasını nəzərdə tuturam - bir ailə kimi idi. Burda kimlər çalışmırdı?! Şöbənin müdiri görkəmli türkoloq alim, türk dillərinin tarixinin və müasir durumunun dərin bilicisi Ədhəm Rəhimoviç Tenişev idi. Burda görkəmli olmayan yox idi. Xüsusilə, Nikolay Baskakovun adını çəkmək istəyirəm. Nikolay Aleksandroviç Baskakov türkoloji dilçiliyin azmanlarından biri idi. O zamanlar onun "Türk mənşəli rus familiyaları" kitabı çox dəbdə olan bir kitab idi və bu kitabı, eləcə də türkolojiyə dair yazdığı, bəlkə də yüzlərlə nəzəri və praktik əsərləri onu bütün dünya türkoloqları arasında  məşhur bir dilçiyə çevirmişdi. Yadıma nə düşür?! O zaman SSRİ-nin görkəmli elm adamları haqqında balaca broşürlər çap olunurdu. Belə bir kitab Başqırdıstanda Baskakov haqda da çap olunmuşdu. Bu, bir seriya idi. Seriyanın adı azərbaycanca "Ölkəmizin görkəmli adamları" kimi səslənirdi. Başqırdıstanda çıxan kitabın seriyası isə belə səslənirdi: "Ölkəmizin əjayıp adamları". "Əjayıp" sözü başqırd dilində "görkəmli" deməkdir. Baskakovun özü ilə bu dil uyğunluğunu müzakirə edib xeyli gülmüş idik. Nikolay Aleksandroviç Baskakov böyük alim olmaqla yanaşı, həm də çox sadə və incə qəlbli bir adam idi. Heç yadımdan çıxmaz. Mən ikinci dəfə uzun müddətə Moskvaya artıq doktorluq üzərində çalışmağa getdiyimdə həyat yoldaşı ilə bir yerdə ciddi-cəhdlə mənim yaşamağım üçün münasib ev axtarırdı. Bunu ondan mən xahiş etmişdim və onun mənə verdiyi ünvanlara  o zaman mən az getmədim.

Başqa bir "əjayıp" dilçi, əlbəttə ki, Kenesbay Musayev idi. Qazax xalqının bu ləyaqətli oğlu ilk baxışda bir qədər quru təsir bağışlasa da, daxilən son dərəcə həssas və qayğıkeş insan idi. Lyudmila Aleksandrovna Pokrovskayanı yaxşı xatırlayıram. Qaqauz dilinin bu tanınmış tədqiqatçısı o zaman təzəcə Leninqraddan Moskvaya köçmüşdü. Mehriban və həlim bir qadın idi. Fyodor Aşnin - bu son dərəcə sadə, təvazökar adam öz çiyinlərində türkologiyanın ən ağır yükünü daşıyırmış. O, çox məşhur olan "Repressiya olmuş türkologiya" kitabının müəlliflərindən biri idi. Nəhayət, bir "əjayıp" dilçinin də adını çəkməyə bilmirəm. Bu Ervand Vladimiroviç Sevortyan idi. Azərbaycan dilinin söz yaradıcılığına və sözdəyişməsinə dair yazdığı məşhur əsərlərlə yanaşı, E.Sevortyan "Türk dillərinin etimoloji lüğəti" adlı fundamental əsəri ilə ad qazanmışdı. Mən şöbədə görəcəyim fəaliyyət proqramı barədə (1-ci kurs aspirantı olaraq) məlumat verərkən mənim hansı dildən namizədlik minimumu verməm məsələsi müzakirə olunurdu. Mən, əlbəttə ki, istəyirdim ki, bu dil, bildiyim və qəbul imtahanı verdiyim fars dili olsun. Şöbənin müdiri Tenişev, Ninel Zeynalovna, məncə, başqaları da məni dəstəkləyəcəkdi, amma Sevortyan söz alıb mənim mövzum barədə bir-iki söz deyəndən sonra təklif etdi ki, mən hökmən gərək bir türkoloqa vacib olan alman dilindən imtahan verim. Mən az qala, indiki lafla desək, "şok"a düşdüm. Alman dili ilə bağlı heç zaman dərs almamışdım. Məktəbdə - fars dili, Universitetdə - fars dili, aspiranturaya qəbul zamanı - fars dili... Minimum imtahanını isə mən aspiranturanın 3-cü kursunadək verməli idim. Bunun üçün alman dili kurslarına getməli idim. Mən iki ilə nə edəcəkdim? Sevortyana əməlli-başlı nifrət edirdim.

İki il zülm çəkə-çəkə alman dili öyrəndim. Akademiyadakı aspirantlar üçün yataqxananın yaxınlığında yerləşən axşam kurslarına gedirdim. Və hər şey yaxşı nəticələndi. Yenə Niyazi dadıma çatmışdı. O məni Moskva Universitetində oxuyan bir alman qızı ilə tanış elədi. Almaniya demokratik respublikasından olan bu alman rəfiqəmlə yavaş-yavaş almanca danışmağa başladım. Düzdür, minimumu verəndən sonra alman dili çalışmaları bir kənara atıldı. Amma indi düşünürəm ki, alman və ingilis dillərini bilməkdə deyil, hiss etməyimdə bu iki il alman oxularımın mənə böyük köməyi oldu.

...Türk dilləri şöbəsi ilə bağlı bir məsələni isə xüsusi qeyd etmək istəyirəm. Bu gün mən bir sıra müəllim həmkarlarımın tələbələrdən imtahan götürmələri metoduna haqq qazandıra bilmirəm. Mənim aləmimdə imtahan götürdüyün tələbəyə həmkarın kimi baxmalısan. Onu bildiyini unutmağa sövq etməməlisən. Qatmaqarışıq suallarla onu çaşdırmağa can atmamalısan. Tələbə ilə biletdəki suallara dair fikir mübadiləsi aparmalısan. Mən öz imtahanlarımı həmişə bu cür aparmışam. Xarici dillər İnstitutunda kafedra müdiri, indi də rektor işlədiyim zaman da, Bakı Slavyan Universitetində rektor olduğum zaman da tələbələr məni bu cür imtahan götürən müəllim kimi xatırlayırlar. Başqa cür xatırlaya bilməzlər. Və mən müəllim həmkarlarıma da imtahanı bu cür aparmağı tövsiyə etmişəm. Görmüşəm, ya da hiss etmişəm ki, bu onların xoşuna gəlmir. Əlbəttə, hər müəllimin öz təməl prinsipləri var. Heç kimi "sən imtahanı elə götürmə, belə götür" deyə məcbur edə bilməzsən. "Bəs məndə bu tərz hardan yaranıb?" sualına cavabı, çox güman, hörmətli oxucu özü üçün aydınlaşdırdı. Mən bunu Ədhəm Tenişevdən, Ninel xanım Zeynalovnadan, Nikolay Baskakovdan öyrənmişəm. Onlar məndən, digər aspirant yoldaşlarımdan imtahanı məhz bu cür götürürdülər. Bu görkəmlilər sanki bizimlə bir yerdə biletdəki hansısa məsələni müzakirə edirdilər. "Sizin, Kamal Mextiyeviç, türkmən və yakut dillərindəki ilkin uzanmanın əsasları barədə fikriniz nədir?" Kamal Mextiyeviç də türkmən və yakut dillərindəki ilkin uzanmanın sonrakı uzanmadan fərqi barədə, bunların mahiyyəti barədə həvəslə danışırdı. Bəzən mübahisəli məqam da olurdu. Mənim dediyimlə razılaşmırdılar, yaxud mən etiraz edirdim. Maraqlı diskussiya yaranırdı. Elə bilirəm ki, müəllimlərim bu cür fikir mübadiləsindən razı qalırdılar. Aldığım qiymətlər buna sübutdur. Türk dilləri şöbəsində demokratik münasibətlər özünü bu cür göstərirdi.

Məndən imtahanı belə götürüblər və buna görə də mənim bu gün başqa cür imtahan götürməyə mənəvi haqqım yoxdur. Haqqım olsaydı, mən tələbəni susdurmağın, hətta ən yaxşı tələbənin belə gözünü maddım-maddım döyməsinə gətirən sualı yaxşı bilirəm, amma o sualı bir dəfə də olsun imtahan zamanı tələbəyə verməmişəm. O sual budur: "Bileti bir kənara qoy. Nə bilirsən, onu danış". İnanın, bu sualın cavabı yoxdur.  

 

(Davamı var)

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!