Günəbaxanlar - Nurlana İŞIQ

Günəbaxanlar

Pyes

 

3-4-cü  siniflər üçün

 

Rollarda:

Günəş, günəbaxanlar,  quşlar,  bağban, kəsəyən

Romantik

Üsyankar

Müdrik

Qorxaq

Tema: mübarizə, həyat mücadiləsi

Mövzu: Günəbaxanların həyat mübarizəsi

İdeya: çətinliklər qarşısında ümidimizi itirmədən yaşamı sürdürməliyik

 

Birinci səhnə

 

 Əvvəl küləyin vıyıltısı gəlir.  Sonra Günəş Şərqdən yavaş-yavaş doğulur, günəbaxanlar başlarını bir-bir ona sarı qaldırırlar. Yaşlı müdrik Günəbaxanın boynu isə əvvəldən Şərqə tərəf durub. Bağban tələsə-tələsə onları sulayır. Gec oyandığına görə özünü danlayır, günəbaxanlardan üzr istəyir.

– Bağışlayın, mənim əzizlərim. Axşam qonşuda toyda idim, oynamaqdan ayaqlarım gücdən düşmüşdü. Elə yorulmuşdum ki, necə yuxuya getmişəm,  heç özüm də baş açmıram. Yoxsa, sizi heç susuz qoyaram? Amma bilirsiniz, oynamaq necə yaxşı bir şeydir? Çoxdandır qollarımı açıb, başımı sizin kimi qaldırıb oynamırdım. Göstərim sizə də, necə şıdırğı getmişəm?

Bağban suçiləyəni kənara qoyub başlayır rəqs etməyə. Sonra  onları sulayır, kənardan  baxıb sevinir,  əzizləyir, – Mənim sarı çiçəklərim, necə də gözəlsiniz! Gün qızır,özüm də yaman acmışam. Gedim bir qismət çörək yeyim. Hələlik, əzizlərim…

Bağban alnının tərini silə-silə gedir. Günəbaxanlar onun arxasınca baş əyirlər.

Müdrik Günəbaxan:

– Hər vaxtınız xeyir, Günəşin övladları!

Hər kəs bir ağızdan onu salamlayır: Salam… gününüz xeyir…

Romantik Günəbaxan:

– Hər günümüz xeyirlərə açılsın! Bağbanın kefi yaman çağ idi.

Üsyankar günəbaxan:

– “Görək xeyir olurmu?”

Digər günəbaxanlar:

– “Yenə başladı…”

Romantik:

– Ay üsyankar, qaşqabağını tökmə yenə. Bir  bax, gör nə gözəl sabahdır! Sahibimiz də günə rəqslə başladı. Dostlar,  quşların səsini eşidirsinizmi?! Nə gözəl cəh-cəh vururlar, buludlar qıvrıla-qıvrıla səmada süzürlər.Nə gözəl gündür bu gün! Şair demişkən, “Ah, mən gündən- günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?!”

Müdrik:

– Kimsə  Günəşi sadəcə görər, kimsə onu iliklərinəcən hiss edər. Hiss edin, balalarım, göyün sevgisini hiss edin…

Qorxaq:

– Bu gün Günəş də bağban kimi həmişəkindən gec gəldi.Tezdən gözüm yolda qalmışdı, boynumu uzadıb onu görməyəndə çox qorxdum. Ləçəklərim tir-tir əsdi. Bilirsiniz, nə düşünürəm?

Günəbaxanlar bir ağızdan:

– Nə?

– Birdən, birdən…  o, bir gün itdi. Birdən tamam başqa kainata köçdü. Onda nə edəcəyik? Biz bu dünyada bitməyəcəyik? Günəşsiz həyat olmur axı... ( başlayır ağlamağa)

Üsyankar:

– Düz deyirsən! Biz Romantik kimi bütün günü şeir qoşub yaşaya bilmərik! Müdrik kimi ağıllı-ağıllı cümlələr qurub danışmaqdansa,sabahı düşünmək lazımdır. Hər şey ola bilər! Biz nə bağbana, nə də Günəşə etibar edə bilərik! Elə birinci Günəşdən soruşun görək, bu gün niyə gec çıxıb? Soruşun da!  Hə, cəsarətiniz çatmır? Mən özüm soruşaram. Günəş, ay Günəş! Bir qulaq ver Yer üzündəki balalarına...

Günəş işığını düz onun üstünə əyir və deyir:

– Eşitdim hamısını. Ancaq mən gecikməmişəm, öz vaxtımda oyanmışam. Bu gün Şimaldan Xəzrinin səfəri başlamışdı. Bilirsiniz də, o gələndə bütün buludları qaraldıb qatır qabağına. Bayaqdan üstümə elə əsirdi, elə əsirdi ki, az qalırdı qoğal kimi dığırlanıb gedib Yupiterə dəyəm. Yazıq quşların hamısı yerə eniş etdilər.

Bir dəstə quş səhnədən ötüb keçir,günəbaxanlar arxasınca boylanırlar.

Qorxaq:

– Deyirəm axı… niyə səhərə yaxın ləçəklərim titrəyirdi.  Belə getsə,  tufan da olacaq, qasırğa da. Ah, mənim yazıq tumlarım. Onlar hələ yetişməyiblər. Mən niyə bu vəfasız dünyaya boylandım. Bilsəm, ölüm var, heç cücərməzdim.

Romantik:

– Həyat varsa, ölüm də var. İşığı seviriksə, qaranlığı da qəbul etməliyik. Eləcə də qorxu və cəsarəti. Sən hansını seçmisən? Məncə, sən qorxaq olmağı seçmisən. Ona görə də qorxaq günəbaxansan. Bax o quşlara. Yazıqlar heç deyinmirlər, küləyin istiqamətini izləyib həyatlarına davam edirlər. Hər şeyin sakitləşməyini səbirlə gözləyirlər.

Üsyankar:

– Onlara yazığın gəlməkdənsə, öz başına çarə qıl, külək elə birinci sənin boynunu qıracaq. Burada bizə ağıl verməkdənsə, problemin həllini göstər!

Romantik:

– Axı sən niyə küləyi özünə problem edirsən? İncimə, Üsyankar, ancaq səndən bir yaxşı söz eşitməmişəm indiyə qədər! Yaman üsyankarsan. Küləyi də Günəş kimi sevmək lazımdır! Küləkdir dünyanı tərpədib hər şeyə can verən.

Müdrik:

– Mən romantiklə razıyam. Küləksiz olmaq nəfəs almamaq kimi bir şeydir. Küləyi qınamaq yox, onunla yola getməyi öyrənmək lazımdır.

Üsyankar:

– Hə, sizdən olsa, hamımızı küləyə verərsiniz. Yox, bu iş belə olmaz!  Bağbanı çağırmaq lazımdır. Axı o toxumları niyə bura səpib, niyə bizi burada göyərdib?Hələ bir oynayır da. Dünyada yer qəhət idi?! Şəxsən mənə külək heç lazım deyil. Küləksiz ərazilər də var…

Müdrik:

– Eyy! Olmadı ki, bir dayanın görək. Bir dəqiqəliyə nəfəsinizi tutun, buraxmayın. Hər kəs tutdu? Tutdunuz? Nəfəsinizi saxlayın bir neçə dəqiqəliyinə.

Günəbaxanlar başlarını tərpədirlər. Amma birdən pıqqıltı ilə nəfəslərini buraxırlar.

– Ay, ay! Ölmüşdük az qalsın, nəfəsi tutmaq olar?!

Müdrik:

– Gördünüz? Havasızlıq həyatın dayanmağıdır. Külək də həyata nəfəs verir. Siz ancaq rahatlıq istəyirsiniz. Belə həyat olmur. Biz kökümüzü qoyduğumuz bu torpaqda mübarizə apararaq böyüyəcəyik. Şair demişkən, “Yoxdur təbiətdə pis hava, gerçək, hər hava bolluqdur, hər hava nemət…” İndi təklif edirəm ki,  əvvəlki kimi üzümüzü Günəşə sarı tutaq və sakitləşək.

Hər kəs üzünü göyə tutur. Birdən qara buludlar toqquşur. Şimşək səsi gəlir.

Üsyankar:

– Gördünüz?Eşitdiniz? Yenə kəsdirdi başımızın üstünü! Qəsdən edir bunu bizə təbiət. Günah bağbandadır. O bizi yetişdirmək üçün  münasib yer seçməliydi. İndi boy atmadan quruyacağıq.

Qorxaq:

– Yəni öləcəyik? Aman Tanrım, mənim köklərim hələ bərkiməyib, bu nə gündür, mən görürəm. “Belə tez ölmək istəmirdim”, – deyib özünü yerə atır.

Romantik:

– Siz niyə belə bədbinləşdiniz axı?! Biz burada möhkəmlənəcəyik. Köklərimizdən indi güc alıb küləyin qarşısında dimdik duracağıq. Başımızın üstündən həmişə ağ buludlar keçməyəcək ki…

Müdrik:

– Tamamilə haqlısan, Romantik. Hər kəs sakitləşsin və  fırtına sakitləşənə qədər gövdəsinin tarazlığını qorusun. Ay Qorxaq, sən də dikəl!. Nə tez ölümü qəbul etdin?! Heç hələ yel sənin yanından ötməyib axı?!

Qorxaq:

– Qorusun, qorusun… asandır bəyəm tarazlığı qorumaq? Külək əsir, – ay ləçəyim qopdu, hara uçdu ləçəyim? Ay səni qara günə qalasan, külək, başım fırlandı, vaay. Səbətim qopacaq indi. Vaxseey! (Ləçəyin dalınca qaçır)

Fırtına güclənir, qaranlıq olur, səs-küy qopur, pərdə salınır.

Sonra səhər açılır, bəzi ləçəklər yerdədir.

Müdrik Günəbaxanın altında iki quş civildəyir.

Müdrik:

– Deyəsən, yaman üşümüsünüz?!

Quşlar:

– Biz küləkdə azmışdıq. Gecə sizə rast gəldik deyə, çox sevindik, çox qorxmuşduq,ona görə də səbətinizin altında gizləndik. İcazə verin, bu yayı sizinlə keçirək, indi biz yumurta qoymaq üçün yuva qurmalıyıq.

Üsyankar və qorxaq:

– Olmaz!

– İcazə vermirik! Özümüzü güclə idarə edirik.

 Müdrik:

– Onlara qucaq açmaq lazımdır, dünyaya yeni körpələr gələcək və onların ilk evi günəbaxanların tarlasında olacaq, bunun nəyi pisdir ki?! Öz qonaqlarımızı qorumalıyıq. Bizim tarlamızda hamıya yer çatar. Xoş gəlibsiniz, əziz quşlar!

Qorxaq:

– Qətiyyən olmaz, onların civiltisinə başqa quşlar da gələcək. Bizdə tum qalar? Hə? Hamımızı dənləyərlər. Ah, bu dünyada gün yoxdur mənə. Mən niyə boy atdım axı?! Bilsəm, cücərməzdim…

Quşlar:

– Qorxmayın, biz başqa heyvanlardan, böcəklərdən, həşəratlardan sizi qoruyarıq. Təhlükə olanda da bağbana tez xəbər apararıq, qanadlarımız itidir.

Müdrik və Romantik bir ağızdan:

– Xoş gəlib, səfa gətiribsiniz!

Quşlar mahnı oxumağa başlayırlar:

 

Uzaqlardan gəlmişdik,

Azıb çöldə qalmışdıq,

Nə yaxşı ki rast gəldik

Günəbaxanlara biz.

Qonaq qalarıq burda,

Yumurtalar qoyarıq.

Bir gün dimdiyimizdə

Günəbaxan tutarıq.

Onları yayarıq biz

Dünyanın dörd yerinə,

Artıb çoxalar onlar.

Qoy həmişə gün olsun,

Günəbaxanlar sağ olsun!

 

Üsyankar:

– Dayanın!Mahnı oxumaqla bizi razı sala bilməzsiniz! Mən Qorxaqla razıyam. Elə siz özünüz tumlarımızı dənləyəcəksiniz. Gedin, başqa tarla seçin. Baxın, şimal tərəfdə kələm-kartof bostanı var, cənubda isə  pomidor-xiyar dirriyi var, uçun oralara. Əl çəkin bizdən!

Müdrik:

– Onlara hərəmiz bir az tum versək, bizdən heç nə azalmaz, Üsyankar. Pənah gətirəni qovmazlar.

Üsyankar:

– Niyə axı? Niyə sakit həyatımıza kimisə dəvət edək? Mən öz tumlarımdan bircə dənə də verən deyiləm.

Quşlar:

– Biz sizə zərər vermərik. Yumru yastığınıza qonub keşik çəkərik, sizin gövdənizə zərər vuran böcəkləri isə yeyərik. Bizim sizə heç bir ziyanımız toxunmayacaq.

Qorxaq:

– Mənim səbətimə yaxın gəlməyin, mən qanadı olan hər şeydən ürkürəm. Başqa çiçəklər sizi qonaq etsin qoy.

Müdrik:

– Qərar verilmişdir. Quşlar bizimlə qalır.

 

Pərdə

 

İkinci səhnə

 

Qaranlıq düşmək üzrədir. Bağban günəbaxanları sulayıb, arvadına səslənir...

– Xanım, ay xanım, çay dəmlə, gəlirəm.  Ay mənim gözəllərim, yaxşıca boy atmısınız, özü də qəhrəmansınız, dünənki küləyə yaman davam gətirdiniz. Bərəkətli tarlam mənim. Şükür ilahiyə! Şükür olsun ki, dünyanı belə bəzəyib, nemət verib!

Gedir.

İki kəsəyən kisə ilə səhnəyə gəlir, o baş-bu başa qaçışırlar.

– Əcəb bərəkətli yer tapmışıq.

– Dayan, dayan, haradansa civilti səsi gəlir.

– Səs eləmə, sus!

– Tələsmək lazımdır, qaş qaralan kimi dırmaş cavan günəbaxanlardan birinə, kisəni tumla doldur. Şansımız yaman gətirdi. Biz bu tarla ilə bütün qışı çıxaracağıq. Bağban əksin, biz yeyək. Hi- hi- hi…

– Yaxşı, asta gül. Mən də yerin altına girib yumşaq köklərindən gəmirəcəyəm.

– İş başına!

Səhər tezdən hay-küy düşür. Qorxaq günəbaxan qışqır-bağır salır.

– Ay, boynum qırıldı. Tumlarımı dənləyiblər. Ay aman! Ay aman!

Üsyankar:

– Demişdim mən sizə. Hamısı bu nankor quşların işidir,  bir gün başımıza bəla olacaqlarını demişdim!

Müdrik:

– Səbirli ol, tez mühakimə etmə, qoy gəlsinlər ,soruşaq, görək əsl məsələ nədir?

Qorxaq:

– Onlara yazığınız gəlməsəydi, bu işlər başımıza gəlməzdi. Tarlanın vəziyyətinə baxın hələ. Görün, digər çiçəklərin başına nə iş gətiriblər.

Romantik:

– Mən nəğməkar quşların bunu edəcəyinə inanmıram.

Quşlar dimdiklərində çırpı gəlirlər.

– Burada nə baş verib?

Üsyankar:

–  Guya bilmirsiniz? Sizə qoynumuzda yer verdik. Bu da “çoxsağol”unuz!

– Yox, yox. Bu bizim işimiz deyil. Axı biz sizin yaxşılığınızı unutmarıq.

Qorxaq:

– Elə isə kim edib, hə?

– Bizə vaxt verin, araşdıraq.

Müdrik:

– Biz sizə inanırıq, axı siz  nəğməkar quşlarsınız. Nəğmə oxuyanlar oğurluq etməzlər.

Quşlar yerə enirlər. Onlar kəsəyən izlərini görüb işin nə yerdə olduğunu bilirlər.

Günəbaxanlara deyirlər:

– Bu gecə oyaq qala bilərsiniz?

– Biz hər şeyi sübut edərik.

Romantik:

– Axı bu mümkün olan iş deyil. Günəş gözdən itən kimi biz yumuluruq.

Quşlar qəmlənirlər.

Müdrik:

– Biz gecələr yatırıq, ancaq bağban oyaq qala bilər. O axı insandır ( burada şahid kimi tamaşaçı uşaqlara da müraciət oluna bilər).

Quşlar:

– Çox sağ olun ! Biz indi bu tarlaya kim zərər verirsə, onları sizə tapacağıq.

Gecə quşlar bağbanı gətirirlər.

Bağban:

– Gecənin bu vaxtı niyə məni oyadırsınız?

Quşlar civildəyə-civildəyə pijamalı bağbanı tarlaya gətirirlər. Bağban kəsəyənləri görüb gizlənir. Sonra deyir:

– Demək, günəbaxanlarımı siz gəmirirsiniz? İndi görərsiniz.

O qaçıb tələ gətirir. Pusquda durur. Kəsəyənlər tələyə düşür.

Səhər günəbaxanlar görür ki, tarlada iki kəsəyən ufuldayır.

Bağban yıxılmış günəbaxanları sarıyır.

Üsyankar:

– Quşlar, ay quşlar, məni bağışlayın,nahaqdan sizi günahlandırdım.

Qorxaq:

– Quşlar, məni də bağışlayın.

Müdrik:

– Kimisə ittiham etməzdən əvvəl yaxşı-yaxşı fikirləşmək lazımdır. Səbirli olub gözləməkdə fayda var.

Romantik:

– Bizim qonaqlarımız etibarlı çıxdılar. Onlar kəsəyənlərdən fərqli olaraq bizdən icazə istədilər. Üzümüzə də ağ olmadılar.Onlar əsl nəğməkarlardır. Gəlin, mahnı oxuyaq! Bağban da bizi sulasın.

Bağban:

– Yaxşı! Əvvəlcə bu oğru kəsəyənləri lap uzağa göndərmək lazımdır. Onların quyruqlarından tutur, sürüyür, – itilin burdan, iziniz, tozunuz qalmasın. Kisələrini də dallarınca tullayır.

Quşlar cəh-cəh vurur, hər kəs yaşıl dünya mahnısını oxuyur.

 

Günəş yenə doğacaq,

Quşlar nəğmə deyəcək,

Tarlamız sulanacaq,

Təbiət oyanacaq.

Günəş varsa, biz varıq,

Dünyaya havadarıq.

 

Pərdə

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!