"Təbiət Tanrının yazdığı kitabdır", - deyirlər. Onun öz dili var və onu heç bir tərcüməçi olmadan da duymaq olar; suyun, ağacın, gülün, yarpağın, elə adını bilib-bilmədiyimiz cəmi heyvanat və bitki aləminin də. Hətta ömrünü başa vurmuş ağac da insanla "danışa" bilir, keçmişindən, bu günündən söz açıb dərdləşir. Təsəvvür edirsiz, meh əsir yarpaqlar titrəşir, çiçəklər "gülümsəyir", bir gülün ətrinə uçan arılar ehtiyatla, sanki icazə istəyibən çiçəklə ünsiyyətə keçir. Mövlana demiş, daşın ürəyi yoxdur, onu belə yosun sarar. Bir də ilahinin fərqli hisslər bəxş etdiyi, xüsusi istedadla mükafatlandırdığı tək-tük şəxsiyyətlər var ki, fərqli baxar, fərqli görər, fərqli duyar dünyanı. Elə ustad sənətkar, haqq aşığı dədə Ələsgər kimi...
Novruz bayramında qədim İrəvan xanlığının Göyçə mahalında Novruz bayramı günü dünyaya gəlmişdi el aşığı. Bəlkə ruhani bağlılığımızın bir səbəbi də onunla eyni gündə dünyaya gəldiyimdəndi, bilmirəm. Bir onu bilirəm ki, rizasını İlahidən aldığındandır ki, dədə Ələsgər yaradıcılığı bu gün də sevilir, oxunur, araşdırılır. İki yüz ildən üzü bəri tarixin qatlarından bulaq kimi tərtəmiz, dupduru süzülüb gələn poeziyasıyla yaddaşlara möhürlənən, şəxsiyyəti və yaradıcılığı vəhdət təşkil edən bu el sənətkarı haqqında söz sərrafları gələcək nəsillərə zaman-zaman yazılı və şifahi məlumatlar ötürmüşlər. Şair, aşıq Ələsgər bizim xalqın milli varidatı olmaqla, ədəbiyyatımızın da elə köklü, çoxşaxəli bar ağacıdır ki, gələn nəsillər ondan bəhrələnə və faydalana bilər. Mən də, haqqında yeni söz demək asan olmayacağını bilə-bilə, "çıxacağım yerə səbri nərdivan edib", əlimi qələmdana məhəbbətlə uzatdım...
"Ələsgərəm, hər elmdən halıyam", - deyə oxucu və dinləyicilərinə "sirr"ini bəyan eyləyir, dünyanın gözəlliklərini və gözəllərini vəsf etməkdən yorulmurdu. Özü də hər gördüyünə könül verən, hər gözələ aşiq olanlardan deyildi. "Hər yetən gözələ "gözəl" demərəm", - deyə haray çəkir, ruhuna meydan oxuya biləcək gözəlliyin də tərifini verir, "heykəl"ini yonub çıxarırdı Sözdən!.. Sevdalar, ayrılıqlar, gözəllik, hünər, etibar onun söz xəzinəsinin ünvanıydı. Aşıqlığı arifliklə həmahəng sayır, sənətlə şəxsiyyəti bir-birindən ayırmırdı. "Görmədim" şeirini oxuyan hər kəs yazılanların sanki onun üçün yazıldığını zənn edər, axı hansımız həyatda yadlar bir yana, dost xəyanəti, bietibarlıq görməmişik ki?..
Bivəfanın, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim...
Azərbaycan ədəbiyyatının sayılıb-seçilən nümayəndələri sağlığında özü, onlar dünyasını dəyişəndən sonra da dövlət və xalqımız tərəfindən xatirələri əziz tutulur. Amma son illərdə belə yazıçı və şairlərin övladları tərəfindən də diqqət mərkəzində saxlanması, sosial şəbəkələrdə həyat və yaradıcılığından nümunələr paylaşmaqla oxucuya bir daha xatırladılması da hörmətə layiqdir. Bununla həm sənətkar yaşayır, həm də varisi mənəvi borcunu yerinə yetirmiş olur. Belə anların birində xatrıladım "Dədə Ələsgər Ocağı" İctimai Birliyini və bu birliyin Aşıq Ələsgər irsinin, aşıq sənətinin, milli ruh, milli kimlik və milli dəyərlərimizin təbliğ olunmasında nə qədər vacib olduğunu...
Elə həmin günlərin birində Aşıq Ələsgər ocağını ziyarət etmək üçün daxili bir ehtiyac hiss etdim. Birliyin sədri, dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli ilə telefon əlaqəsi saxlayıb gün təyin elədik. Amma həmin günə qədər aşığın yaradıcılığına təkrar döndüm, sözlərinə yazılmış mahnıları bir də dinlədim, ustad haqqında görkəmli sənətkarlar tərəfindən deyilən dəyərli fikirləri bir də oxudum. Dədənin özü, onun İlahi təması haqqında indi mif kimi dolaşan söhbətlərə bir də təkrar qayıtdım. Xalq şairi Zəlimxan Yaqubun "Aşıq Ələsgər aşıq şeirinin bütün formalarında ən yüksək səviyyədə hər formaya bir abidə qoyub." fikri həqiqəti doğru əks etdirməklə özü də abidədir .
Folklörşünas Məmmədhüseyn Təhmasib Aşıq Ələsgər yaradıcılığını tədqiq edərək söyləyir ki, o, şeirlərində toxunduğu məsələlərin, hətta qədim əsatir və dini ehkamların, tarixi hadisə və şəxsiyyətlərin hamısı haqqında nə demişsə, yerli-yataqlı demiş, yaşadığı mühitin səviyyəsinə görə gözəl məlumata malik olduğunu nümayiş etdirmişdir...
Deyişmələrində, hərbə-zorbalarında, qıfılbənd və təcnislərində elə sözlər və elə ifadələr işlətmişdir ki, sözlərin elə çalarlarından istifadə etmişdir ki, adam heyrət etməyə bilmir. Bəzən, hətta təriqət rəmzlərinə belə müraciət etmiş və hamısından xəbərdar olduğunu nümayiş etdirmişdir." Bu da aşığın elminin haqq-təaladan gəldiyinin bir sübutudur. Aşığın sözlərinə görkəmli bəstəkarların yazdığı qiymətli mahnılar Azərbaycanın tanınmış müğənniləri tərəfindən ifa edilmiş və bu gün də Azərbaycan Radio və Televiziyasının fonotekasında qorunub saxlanır.
Aşıq olub, tərki-vətən olanın
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmindən dolu gərəkdi...
Aşıq sənətini yüksək qiymətləndirən Ələsgər, bəri başdan onun sirlərini, çətinliyini də açıb göstərir və bu baxımdan "Gərəkdir" sanki bir konstitusiya qanunu kimi səslənir. Şeirdən də bəlli olur ki, şəxsiyyətlə sənət sənətkarın qoşa qanadıdır və biri digərini tamamlamalıdır.
Aşıq Ələsgərin elm və sənətinin haqq-təalaya söykəndiyi özünün şeir diliylə bəyan etməsində də görünür. Aşığın deyişmə vaxtı heç vaxt aciz vəziyyətə düşməməsi onun qarşısındakı şəxsin qəlbindən keçəni hiss etməsilə izah olunur. Öncəgörmə qabiliyyəti, bir çox müəmma və olacaqların ona yuxuda əyan olması kimi möcüzələri özü də şeirlərində etiraf edir.
Qeyri-adi hissiyyata, güclü yaddaşa, dərin biliyə sahib olan dədə Ələsgər, məclislərdə çox zaman şeiri bədahətən söyləyər və yadında saxlayarmış. Oxuyub yazmaq bilməyən Ələsgər sənətinin gücünü məhz imam Əlinin adı ilə bağlayır və aldığı İlahi vergini belə təsvir edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Və ya:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda.
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan verir...
Aşıq Ələsgərin ruhu o qədər pak, dühası o qədər parlaq, zəkası o qədər işıqlı idi ki, aldığı biliklərin dərin və mürəkkəb məna yükünü ilahi fəhmlə açır və sadə dillə şeirə çevirib xalqa çatdıra bilirdi. O, aldığı elmin gücünə, qüdrətinə, öz inanc və etiqadına güvənərək özünü sənətdə ümman, digər aşıqları isə dərya hesab edir və yazırdı:
...Şahi-Mərdan sayəsində,
Elm içində ümmanam.
Dəryaların qaydasıdı,
Ümmana baş endirər...
...Vədələşdiyimiz gün nəhayət, yetişdi və mən deyilən ünvana yol başladım. Bir az sürücünün naşılığı, bir az yolların tıxacı məni tam səhv bir ünvana aparıb çıxardı. Nəhayət, gec də olsa, Ələsgər ruhunun dolaşdığı məkana gəlib çatdım. Xətai müəllimlə elə həyətdəcə görüşüb söhbət edə-edə pilləkənləri qalxdıq. Böyük bir şadlıq evinin bir neçə otağını təmənnasız olaraq "Dədə Ələsgər ocağı" İctimai Birliyinə ayıran Rəşid Süleymanov özü də Göyçə mahalındandır və dədə Ələsgər sevdalısıdır. Birliyin bir otağı saz ifaçılığını inkişaf etdirmək məqsədilə ayrılmış və Birliyin öz hesabına bəlli sayda musiqi aləti ilə təmin olunmuşdur. Burada dərslər də tamamilə təmənnasız keçilir, şagirdlərə bu musiqi alətinin sirləri öyrədilir.
Otaqları gəzib tanış olduqca ətrafımda müqəddəs bir ruhun da dolaşdığını hiss edirdim. Sanki kimsə kənardan üstümə göz qoyur, hər sözümə diqqət yetirirdi. Divardan asılan saz, müxtəlif şəkillər də canlı idi, Xətai müəllimin iş otağında masanın üstünə qoyulmuş dədə Ələsgərin simvolik heykəli də gözümdə canlanır, böyüyürdü. Bu dəm ilahi məqamda olan sənətkarın əlindəki saz da dil açıb danışır, mizrab toxunduqca haray qoparan tellərdən ayrılan səslər içimdən süzülüb gələn misralara qarışıb dodaqlarıma axırdı...
Ələsgərin ruhu məni çağırdı,
Mən Dədənin işığına yüyürdüm.
Saz səsiydi, su səsiydi, bilmədim,
Mən o səsin havasına yüyürdüm...
Qarışmışdı ruh bədənə, can suya,
Bir and içdik, o işığa, mən suya.
Bir şəkildik, oda, suya yansıyan,
Səfasına, cəfasına yüyürdüm...
Xətai müəllimlə üz-üzə əyləşirik, o danışır, Birliyin yaranma ehtiyacından, bu işə necə başlamasından, üzləşdiyi problem və çətinliklərdən söz açır... Deyir, Yusif peyğəmbər haqqında çəkilmiş filmə uşaq vaxtı da, elə sonralar da çox baxmışam, Yusifin başına gələnlər, düşdüyü çətinlik, çəkdiyi iztirablar və ağrı-acılar həmişə qəlbimi sızladıb. Amma nəhayətdə onun yetişdiyi uca məqama sevinmişəm və sevmişəm onu. Həmişə özümü ona bənzədir, gördüyüm işlərdə Yusifi özümə örnək götürürdüm. Bir iş görəndə və ya hansısa bir çətinlik qarşısında "Yusif bu məqamda necə hərəkət edərdi?" deyə düşünür və qərar verirdim. Elə ulu babamın, el aşığının, xalqımızın milli sərvəti olan dədə Ələsgərin nəsil davamçısı olaraq bu işə başlayanda da belə olmuşdu...
Xətai müəllimin bu istiqamətdə atdığı addımlar, başladığı işi sona çatdırması o qədər mükəmməl olub ki, özü də indi düşünəndə heyrətlənir. "Bütün işlərimi təxirə saldım, başladığım yeni işdən tam imtina elədim", - deyir, azacıq fikrə gedib əlavə edir ki, yox, bu işi mən tək bacarmazdım, Yaradan özü və aşığın ruhu mənə yol göstərirdi...
Xətai müəllim 2021-ci ildə həm də Ələsgərin 200 illik yubileyi olduğunu və bu münasibətlə ölkə başçısı, hörmətli Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncamı da minnətdarlıq hissi ilə qeyd edir. Sərəncam çərçivəsində keçirilən silsilə tədbirlərlə yanaşı, Bakı şəhərinin görkəmli yerində şair, aşıq Ələsgərın abidəsi də ucaldılmışdır. İndi Cənabi Sözə baş endirmək, ilahi saz havaları üstə köklənməyə bir ünvanımız da var...
Bu gün Azərbaycan İkinci Vətən müharibəsindən qalibiyyətlə çıxan ölkədir. Doğma Qarabağımızın varidatı düşmən tərəfindən yağmalanan, özü isə yerlə-yeksan edilən şəhər və kəndləri yenidən qurulur, otuz ildən artıq didərgin həyatı yaşayan soydaşlarımız öz yurd-yuvalarına qayıdırlar. Aşıq Ələsgərin doğma yurdu Göyçə mahalına yolumuz isə hələ bağlıdır. Zaman-zaman qədim İrəvan torpaqlarından da soydaşlarımızı didərgin salan erməni vandalları həm də adətləri üzrə bu ərazilərdən tarixi izləri silib məhv etməyə çalışmışlar. O cümlədən, Göyçədə dədə Ələsgərin məzarı da dağıdılmışdır. Amma onun ruhu hələ də doğma yurdun başı üzərində dolaşır, inanır ki, bir gün gedən köç geri dönəcək, yenə ocaqlar tüstülənəcək, toy mağarları qurulacaq, ürəklər şadlıqdan, gözlər sevincdən dolacaq. Ağrı dağının sinəsində bayram tonqalları çatılacaq, el-obaya şad xəbər yayılacaq, el aşıqları yenə meydana çıxıb səhərə kimi çalıb-oxuyacaqlar. Buna biz də inanırıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!