Tanış yad - Küyülü Nəccari SƏİD

Kafe tünlükdür, boş masa axtarıram, bütün masalar doludur. Göz gəzdirirəm, kafenin bucağında, yarısı şüşədən olan divarın yanında iki adamlıq masada bir qız tək oturub. Masaların arasından sovuşub ona sarı getməyə başlayıram. Masalardan deyib-gülmək səsi, qəhvə-çay və siqaret qoxusu gəlir, kafenin atmosferini qəribə bir tərkib bürüyüb, qoxulu səslər, ya da səsli qoxular!

- Bura boş mu, yoxsa gözlədiyiniz birinin yeridir? - deyə qızdan soruşuram.

Qız eşitmir. Dayanıb ona baxıram, dalğın görünür, əl telefonuna dalmış, deyəsən. Başında qırmızı şal var, qara saçları şalın altından çıxıb üzünə və çiyninə tökülüb.

Qızdan cavab gəlmədiyinə görə qayıdıb kafedən çıxıb getmək istəyirəm, arxadan bir səs eşidirəm.

- İstəsəniz, otura bilərsiniz.

Qayıdıram, qız mənə baxır, dodağında solğun bir gülümsəmə var.

- Oturun, mən təkəm.

Qızın qabağında bir fincan qəhvə var, bir az o yanda boş bir külqabı var.

- Siz də təksiniz?! - deyə soruşur məndən.

- Hə, bugün təkəm.

- Bu yaxşıdır, qoşa olsaydınız, biriniz ayaq üstə qalmalı olacaqdınız! - deyib gülür.

- Elədir, Aral, yoldaşımı deyirəm, bugün sevgilisiylə eşiyə çıxıb.

Gülümsəyirəm, qız isə fincanı götürüb qəhvədən bir qurtum içir. Fincanın qırağından boylanan gözləri dalğın görünür.

Qız tanış görünür mənə, onu haradasa gördüyümü düşünürəm.

- Tanış görünürsünüz mənə, haradasa görüşməmişikmi?! - deyib mənə baxır.

Fikrimi oxudumu bu qız?! Mən bu sualı soruşmaq istəyirdim.

- Mən də sizi bir yerdə gördüyümü düşünürəm!

- Deməli, tanışıq, ona görə də siz birbaşa gəlib bu masada mənimlə oturmusunuz!

Gülüşürük.

Gözlərinə odaqlanıram, qumraldır, tanışdır, ancaq yadlığı da var. Bəlkə bu qızı heç görməmişəm, gördüyümü sanıram, kiməsə bənzədirəm, bəlkə də yuxuda görmüşəm...

Qarsona iki qəhvə tapşırıram, qızın qabağındakı boş fincanı götürüb gedir.

- Siqaret çəkirsiniz? - deyib qutudan bir gilə çıxardır.

- Hərdənbir.

- Onda bu axşam da o hərdənbirdən ola bilər?! - deyib gülür.

Gülüşü də tanışdır, deyəsən.

- Ola bilər.

Gülümsəyirəm.

Çaxmağı çaxır, siqaretlərimizin tüstüsü bir-birinə qarışır. Tüstünün arxasından bənizindəki tanışlıq bir az da artır.

- Arxayınam, sizi yüzdə yüz haradasa görmüşəm! - deyirəm.

- Nə deyim! Mənə də elə gəlir.

- Bu kafeyə tez-tez gəlirsiniz?

- Hə, həftədə bir yol gəlirəm, - deyib, tüstünü tavana sarı piləyir. - Siz necə?

- Mən də ayda bir yol.

- Bəlkə elə burada qarşılaşmışıq, - deyirəm.

- Bəlkə.

Hərdən yuxuda gördüyüm bir qız var, bu ona da bənzəyir, deyəsən.

- Tez-tez yuxu görürsünüz?! - deyə soruşur.

- Yox, hərdənbir.

- Deyəsən, sizdə hər şey hərdənbirdir! - deyib, qaqqıldayıb gülür.

- Siz necə?!

- Mən tez-tez yuxu görürəm. Bilirsiniz, yuxular zamansız olur, bu dünyanın yasalarına, qaydalarına boyun əymir, qadağaları pozur, ölüləri dirildir!

- Heç bunları düşünməmişdim indiyəcən! - deyib yüngül çaşqınlıqla ona baxıram.

Gülür, pəncərədən eşiyə baxır, mən də baxıram, qaranlıq düşməkdə, maşınlar sovuşmaqdadır.

Qarson qəhvələri gətirir.

Siqaretimi söndürürəm, aramızdakı tüstü bir az yüngülləşir, qızın bənizindəki tanışlıq azalır.

- Getməliyəm, hava qaranlıqlaşır, - deyib siqaretini külqabıda söndürür.

Tüstü çəkilir, qızın üzündəki yadlıq bir az da artır.

Ayağa qalxır.

- Yenə görüşə bilərik mi?! - soruşub qızın üzünə baxıram.

- Bilmirəm, bəlkə. Mən keçmişi tez-tez unuduram, gələn günlərdə bu görüşü də unuda bilərəm! Hələlik!

Qız gedir.

Tanış yad sandığım birinin bütünlüklə mənə yad olduğunu düşünürəm. Divardakı saata baxıram, artıq mən də getməliyəm.

Əl telefonumun zəngi ilə yuxudan oyanıram, saat altı yarımdır, işə getməliyəm!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!