Məktəb və ali məktəb - Kamal ABDULLA

(Əvvəli ötən saylarımızda)

Unutmağa kimsə var...

 

 

Məktəbi, ali məktəbi, aspiranturanı, ilk iş yerimi birləşdirən bir vacib xətt var idi. Bu xətt "dostlar" xətti idi. Tale elə gətirmişdi ki, bu xəttin müxtəlif nöqtələrində mənim sevdiyim və məni sevən dostlarım bir-birilə, ya tanış, ya da məndən kənarda vaxtilə dost olubmuşlar. Tanış olmayanlar da sonradan bir-birilə yaxınlaşdılar. Onları, ya çayxana həyatı, ya birgə yeyib-içmələr, ya da (bu daha sonralar oldu) mənim pyeslərim əsasında səhnələşdirilən müxtəlif tamaşalarımda iştirak birləşdirdi. 

Mənim çox sədaqətli dostlarım olub. Moskvada aspiranturada oxuyarkən Bakıya tez-tez gedib-gəlirdim. Təyyarə bileti aspirant və tələbələr üçün çox ucuz idi (on yeddi manat!). İldə üç dəfə, dörd dəfə Bakıya uçurdum. Mənim qarşılanmağım, yola salınmağım məktəb yoldaşlarım üçün əsl  rituala, daha səmimi desəm, bir mərəkəyə dönürdü. Bir dəfə isə lap pik həddinə çatan hadisə baş verdi. Bunu məntiqlə anlamaq çox çətindir. Amma bu, olmuş hadisədir. 

Mən, bir dəfə elə oldu ki, Bakıdan Moskvaya qatarla gedəsi oldum. Qatar axşam yola düşürdü. Məktəb dostlarım - Aslan, Etibar, Məlik, Muxtar, Əbülfəz məni vağzalda yola salırdılar. Bir az əvvəl yaxşıca yeyib-içmişdik. Qatarın yola düşməyinə beş dəqiqə qalırdı, biz isə hələ də perronda durub nəyisə müzakirə edirdik. Nədən danışırdıq - bu, vacib deyil. Yüz dəfə bir-birimizə dediklərimizi yüz birinci dəfə təkrar edirdik. Amma həm mənim, həm də dəqiq bilirəm ki, onların da ürəyi ayrılıq vaxtı yetişdiyindən bərk sıxılırdı. Etibarla Məlik bir kənara çəkilib nə isə gizli-gizli pıçıldaşırdılar. Etibarın maşını var idi. Aramızda bir onun maşını vardı. Köhnə bir "Jiquli" idi. Bu maşınla biz nə oyunlardan çıxmamışdıq?! Bir dəfə, hətta Muxtar evlərindən bağ açarlarını "oğurlayıb" bizi bağlarına aparmışdı. Novxanıda yerləşən bu bağdan dənizə qədər Etibarın maşınına, bəlkə də doqquz nəfər minib getmişdik. Hətta Zakir maşının "baqajnik"ində oturmuşdu. 

 

Qərəz, qatar tərpənər-tərpənməz, mən sıçrayıb ayağımı dəmir pilləkənə qoydum. Məlik bic-bic gülə-gülə qışqırdı: "Sabah görüşərik". Heç nə başa düşmədim. 

O vaxtlar qatar Moskvaya iki günə gedirdi. Yolun ortası Şimali Qafqazın mərkəzi Minvod şəhəri sayılırdı. Ora qatar sabahkı gün, günorta, təxminən, saat 4-də, 5-də çatacaqdı. Mən Moskvaya qədər iki gün qatarda nə edəcəkdim? Bunu fikirləşəndə ürəyim sıxılır və qanım qaralırdı. Əlbəttə ki, ilk növbədə, darıxacaqdım. Kupeyə çəkilib yerimdə uzandım və gözümü yola götürdüyüm hansısa bir kitaba dikdim. Mənim bəxtimdən yenə də qonşuluğumda söhbət eləməyə maraqlı bir adam yox idi. Bu hal məni getdiyim səfərlərdə indiyənədək izləyir. Bir dəfə də elə olmayıb ki, təsadüfən yanımda maraqlı bir adam otursun.

 

...Səhəri gün qatar tənbəl-tənbəl Minvod vağzalına yaxınlaşdı və nəhayət, fısıldayıb dayandı. Mən kupenin pəncərəsindən son dərəcə həvəssiz halda perrona baxırdım. Birdən nə görsəm yaxşıdır?! Qanım bədənimdə cövlan elədi. Yerimdən sıçradım. Gördüm ki, Məlik və Etibar perronda ora-bura qaçaraq vaqon pəncərələrinə baxa-baxa məni axtarırlar. Mən tez-tələsik perrona sıçradım. Biz yenidən qucaqlaşdıq.

 

Təxminən, on dəqiqə vaxtımız vardı. Bunlar mənimlə bir də görüşüb sağollaşmaq üçün bütün gecəni maşın sürüb özlərini Etibarın köhnə "Jiquli"sində Minvoda gələn Bakı qatarına çatdırmışdılar. Məlikin "sabah görüşərik!" sözlərinin mənası mənə indi çatdı. Bir də öpüşüb sağollaşdıq. Məni bir daha yola salıb onlar Bakıya qayıtdılar. Buna inanmaq çətindir, bəlkə onların bu hərəkətini anlamaq, bayaq dediyim kimi, məntiq baxımından mümkün də deyil, amma bu, bir həqiqətdir. Mənim dostlarım belə dostlar idi. 

Dostların içində eləsi də var idi ki, mənim fikrimcə, olmasa idi, daha yaxşı idi. Amma o var idi. Allah belə məsləhət bilmişdi ki, bu adam 8 yaşından mənimlə bir məktəbə, bir sinfə getsin, mənimlə yanaşı parta arxasında otursun. Mənim də borcum o idi ki, bu adamla dostluq edim və bu dostluğu qoruyum. Bu mənim seçimim deyildi. Mənim işim bizi birləşdirən prinsipə sədaqətdən ibarət idi. Ona görə də tək-tük belə dostlar olurdusa, mən taleyimdən şikayət etmirdim. Sədaqət, etibar, inam bizim münasibətlərimizin əsasını təşkil edirdi. Kim harada işlədisə, bizim üçün fərqi olmadı. Aslan Rusiyada bazarda gül satırdı, Zakirin məhlədə perojki budkası vardı - perojki satırdı, Muxtar qəbir daşları yonurdu, Məlik profilaktoriyada işləyirdi, Etibar əvvəl suvenir sexində işləyirdi, sonra müəllim oldu, elm aləmində öz sözünü dedi... Dostların qohumları da dostlara çevrilirdi. Aslan rəhmətə gedəndən sonra dostluğu onun qardaşı Rüstəmlə davam etdirdik, Aslangilin Bilgəhdəki evinə öz evimiz kimi gedib-gəldik. Atası Zülfüqar kişi baməzə bir kişi idi. Əsl ağsaqqal idi. Böyüklə böyük idi, kiçiklə kiçik. Etibarın əmisi, bibisi uşaqları ilə uzun müddət bir yerdə olduq.

 

Dostların dost kimi formalaşmasında, əlbəttə ki, Bakı şəhərinin, 190 nömrəli məktəbin böyük xidməti vardı. Bunu biz hiss etmirdik, amma bu, belə idi. 

Onu da deyim ki, bizim sinif dost münasibətlərində istisna deyildi. 190-nın demək olar ki, bütün sinifləri bu "dostluq" xəstəliyinə yoluxmuşdu. Dostluq həyatın sonunadək davam edirdi.

 

Mən, bir qədər yuxarıda yazdığım kimi, ilk dəfə Azərbaycanın hənirtisini Universitetdə hamam kimi qaynar 75 nəfərlik auditoriyaya girəndə duydum. Bəli, vətən haqda şeirlər yazılırdı və biz onları oxuyurduq, vətənə məhəbbət tərənnüm edilirdi, mən artıq Naxçıvanda, Şuşada olmuşdum, amma "Vətən nədir?" sualının əsl cavabını mən ilk dəfə Universitetdə filologiya fakültəsinin 1-ci kursunda olarkən özüm üçün müəyyənləşdirdim.

Universitetlə bağlı ilk təəssüratım bu idi. İstidən bağrımız çatlaya-çatlaya sentyabrın əvvəllərində 1-ci kurs tələbələri olan bizləri (sayımız 75 nəfər idi - bu, üç qrup təşkil edirdi) ikinci mərtəbədə 219 nömrəli böyük bir auditoriyaya yığmışdılar.  İkinəfərlik uzun skamyada 3 nəfər bir-birimizə sıxılıb oturmuşduq. Asudə nəfəsi ancaq qrup məşğələlərində ala bildik. O da seminarlar zamanı mümkün idi.

 

Biz - birinci kurs tələbələri bir-birimizi hələ yaxşı tanımırdıq. Amma ilk dəfə özünü göstərən bir başqa mətləb var idi. Sən demə, biz məktəbdə ikən Azərbaycanı tanımamışıq. Daha doğrusu, bu tanışlıq Bakı ilə məhdudlaşmışdı. Universitet auditoriyasına girən zaman isə biz sanki böyük Azərbaycana daxil olduq. Skamyalarda bir-birimizə sıxıldıqca biz bir-birimizə - Vətənin ən uzaq və yaxın bölgələrindən gələn insanlara sıxılmış olduq və bir-birimizə isinişməyə başladıq. Bu, qəribə hiss idi. Bizim "Vətən" anlayışımız bizim özümüzdən də xəbərsiz, mən elə bilirəm ki, bu zamandan formalaşmağa başladı. Məktəbdə oxuduğumuz şeirlər yox, bədii ədəbiyyatdan oxuduğumuz və bizə təlqin edilən hisslər yox, məhz ayrı-ayrı bölgələrdən gələn bu uşaqlarla təbii təmas bizdə "Vətən" anlayışını özünün indiki aydın məcrasına saldı.

Azərbaycanın, demək olar ki, bütün bölgələrindən gəlmiş tələbələr beş il bir yerdə oxuyacaqdılar. Məktəbdə biz bakılı idik. Kimsə gəncəli, kimsə naxçıvanlı, kimsə şəkili, kimsə lənkəranlı ola bilərdi. Amma son "yoxlama"da biz hamımız bakılı idik. Universitetdə isə biz azərbaycanlı olduq. Hər birimizin öz iddiası, hər birimizin öz təmənnası və arzusu-niyyəti olan, amma eyni məhəbbəti bölüşən gənclər. Yavaş-yavaş bir-birimizlə tanış və yaxın olmağa başlayırdıq. Vətənin ayrı-ayrı bölgələrinin necə gözəl qızları, necə ləyaqətli oğlanları var imiş... İlk tanışlıq bəzilərimiz arasında bu gün də davam edən dostluğa çevrildi. Bəzilərilə isə tanışlıq elə tanışlıq kimi qaldı. Bəzilərini, Anarın gözəl və doğru bir deyimini yada salsaq, əlimizdən ölüm aldı, bəzilərini həyat. Mənimlə möhkəm dostluq yaradıb, bir dəfə də olsun bu dostluğun qırılması üçün heç bir hərəkətə yol verməyən, mənim, olub ki, şıltaqlıqlarıma dözən və bunu bir dəfə də olsun üzümə vurmayan iki nəfəri mən xüsusi qeyd edəcəyəm. Bu gün Azərbaycanın görkəmli filosofu Niyazi Mehdi mənim üçün haman illərin əvəzedilməz dostudur. Bir də bizim daimi komsomol liderimiz Eldar Eyvazov, mənimlə bir  məhlədən olan ürək sirdaşımı qeyd edəcəyəm.

 

Niyazi ilə mən Moskvada da eyni illərdə aspiranturada oxuduq - mən Elmlər Akademiyasının Dilçilik İnstitutunda, Niyazi isə Moskva Dövlət Universitetində. Yataqxanalarımız bir-birinə yaxın idi. Tez-tez də olmasa, hər halda ayda bir dəfə, iki dəfə görüşürdük. Universitet çox maraqlı məkan olduğundan və Niyazinin oradakı dostları mənim də dostlarıma çevrildiyindən mən onun yanına daha tez-tez gedirdim. Zarafatımız da var idi. Mən deyirdim ki, Niyazinin bizim Aspirantlar evinə tez-tez gəlməsi üçün gərək anam Bakıdan bir qazan dolma göndərəydi. Mən bu dolmanı bir ay yeməyi nəzərdə tuturdum, amma Niyazinin, başqa bir dostumuz Zeynalın (Zeynalın bu işdə "xidməti"  bir elə də böyük olmurdu - onu, hətta bəzən dolma yeməyə məcbur edirdim) köməyi ilə bu dolma bir neçə günə tamam qurtarırdı. Özü də arıqlamaq üçün Niyazi yeməyi çörəksiz yeyirdi. Bu da hər birimizi, ilk növbədə, məni xeyli qıcıqlandırırdı.

Heç yadımdan çıxmaz. Günlərin bir günü qarın nahiyəmdən bərk ağrılarım tutmuşdu. Bakıya zəng edib anamla danışdım və mənə bərk-bərk tapşırdı ki, təcili poliklinikaya həkimə get, bu, apendisit ola bilər. Düzdü, anam öz sahəsinin (stomatologiyanın) yaxşı mütəxəssisi idi, amma ümumi şəkildə digər sahələr barədə də təsəvvürü pis deyildi. Həkimin yanına gələn kimi məni kəskin apendisit diaqnozu ilə xəstəxanaya yatırtdılar. Heç kimə xəbər verməyə imkan tapmadım. Elə haman gün də məni ləngimədən Akademiyanın xəstəxanasında əməliyyat etdilər. 

 

Bazar günü idi. Məni  operasiya edən növbətçi cərrah çox baməzə bir xanım idi. Əməliyyat zamanı mənimlə söhbət edirdi. Mən elə hey inildəyirdim. Soruşdu ki, axı indi ağrımamalıdır, niyə narahatsan? Cavab verdim ki, mən bu şəkildə qabaqdangəlmişlik edirəm. Güldü. Dedi ki, ağrı olacaq zaman mən sənə deyərəm. Elə də edirdi. 

Əməliyyat çox uğurlu keçdi. Mən palatada olarkən bir dəfə haman xanım mənim yanıma gəldi, halımdan xəbər tutdu. Sonra mən onu bir dəfə də olsun görmədim. Belə adamlar var idi - təmənnasız, öz işini vicdanla yerinə yetirən peşəkarlar...

 

Niyə bu əməliyyat yadıma düşdü?! Hə, Niyazidən danışırdım. Əməliyyatdan sonra, elə palataya gətirildiyimdə gözümü yenicə açdım və kimi yanımda gördüm - Niyazini. Hardan öyrənmişdi mənim xəstəxanaya düşdüyümü və əməliyyat olunduğumu? Həyəcanla mənə baxır, deməyə söz axtarır və tapmırdı. Sözə ehtiyac da yox idi.  Onun gəlişi elə bəs idi. İndiyənə qədər o mənə düz-əməlli şəkildə anlada bilməyib ki, mənim xəstəxanaya düşdüyümü hardan bilib. Deyəsən, mən belə başa düşdüm, bizim Aspirantlar evinə, mənim yanıma gedib, ordan öyrənib. Bu axı belə də ola bilməzdi - çünki mən xəstəxanaya getdiyimi oradakı tanışlara, yoldaşlara deməmişdim. Deməyə vaxt tapmamışdım. Bəs Niyazi bundan necə xəbər tutmuşdu?! Bəlkə də kiməsə demişdim ?! Amma... Bəlkə mən qallüsinasiya görürdüm?! Bəlkə yanıma gələn Niyazinin özü deyildi, xəyalı idi?! 

 

Dostlar mənim üçün, sözün əsl mənasında, köks dolu azadlıq demək idi. Azadlıq böyük və sonsuz bir ölkə kimi idi. Bu ölkənin öz qayda-qanunları var idi. Bu ölkənin içində bizi əhatə edən o biri - real olsa da,  cılız, nahamvar, çox zaman anlaşılmaz ölkənin bütün xırdalı-böyüklü problemlərini unudurdun.  Dostluq ölkəsinin qayğıları içində sənin sanki çiynindən qoşa qanadın çıxırdı. Sən yanındakı dostlarla bu dostluq ölkəsinin səmasında uçurdun. Səni onlar qədər anlayan heç kim olmurdu. Sən də eyni şəkildə onları anlayırdın. Yox, gərək belə yazmayaydım. Əlbəttə, belə deyildi. Sən dostlarını onlar səni anlayan kimi anlamırdın. Onların adı ona görə dost idi ki, onlar, onlar səni anlamağa, sənin dərdinə şərik çıxmağa məhkum idilər. Dostlarımın məni anlaması boynumda onların əbədi haqqı kimi bu gün də yaşayır. Bu yerdə rəhmətlik Natiq Səfərov, Vidadi Məmmədov, Aydın Məmmədov, Çingiz Hüseynzadə necə yada düşməsin?!

 

Natiq Səfərov onu tanıyanların qəlbində əbədi yaşayacaq, - desəm, zərrə qədər səhv etmərəm. Natiq gözəl ədəbiyyat adamı, gözəl tərcüməçi, gözəl dost idi. Mən onunla çayxanada tanış olmuşdum. Bir-birimizə isinişmişdik. Çayxanada ikimiz tək qalanda da biz darıxmırdıq. Onun söhbətlərindən doymaq olmurdu. Ədəbiyyatımızın andeqraund liderlərindən idi. Başqa birisi də var idi: Vidadi Məmmədov. Onların - Natiqlə Vidadinin hər hansı şairi, yazıçını bəyənməsi o demək idi ki, bu adamı oxumaq və onun yazdığına inanmaq olar. Yaşda məndən böyük olduqlarına görə deyil, qəribə duyuma malik olmaları ilə, bir-iki dəqiq ştrixlə verə bildikləri xarakteristikaya görə Natiq də, Vidadi də ətrafda hər kəsin, eləcə də mənim dərin rəğbətimi qazanmışdılar. Mənim çıxan yazılarımı oxuyub mənimlə müzakirə edir, televiziya verilişlərimə münasibət bildirirdilər. Natiq Oljas Süleymenovun "Az i Ya" əsərini dilimizə tərcümə etmişdi. Bu əsəri oxuyanlar əsərlə bərabər, onun tərcüməsinin də vurğunu olmuşdular. Vidadi bir-iki hekayə çap etdirmişdi, amma yazıçılığa qəti iddiası yox idi. Canlı Molla Nəsrəddin idi. Hərəyə bir yarlık yapışdırardı. Onsuz çayxana söhbətlərinin dadı-duzu olmazdı. Vidadini, Natiqi çayxanaya yaxınlaşdıqda uzaqdan görməyəndə artıq ora getməyin ləzzəti qaçırdı. 

 

Natiq də, Vidadi də mənim ən ağır vaxtlarımda həmişə yanımda olublar. Dərdimi (dərd də nəydi - kiməsə olan sevgi, məhəbbət...) onlara danışmışam. Mənə təsəllini onlar qədər heç kim verməyib. Danışmışam, bulvarı o baş-bu başa gəzə-gəzə mən ürəyimi açıb tökmüşəm, onların qarşısına çözüm variantları qoymuşam, onlar səbrlə qulaq asıblar, məsləhət veriblər, hərdən Natiq ağzını açıb o da, öz növbəsində, nəsə danışmağa çalışıb, amma mən bir-iki dəqiqədən sonra "aydındı" deyib yenidən öz "dastanımı" davam etməyə başlamışam, Natiq də quzu kimi susub qulaq asıb. Bu, əsl dostluq idi. Mən ürəyimi o vaxt bu adamlara açmasa idim, o ürək indi hardaydı, onu o bir olan Allah bilir.

 

Qeyri-səlis məntiq prinsipi ilə desək, bir də vardı yaxınlar, tanışlar... İş yerində köhnə tanışlar dostlara çevrilmişdi, Meydan hərəkatında yeni dostlar qazanır, bəzən də köhnələri itirirdik. Akademiyada işə başladığım gündən bu günədək bir-birimizin yanında olduğumuz Çingiz Hüseynzadəni xüsusi qeyd etmək istərdim. Çingiz mənim universitet müəllimlərimdən biri, Azərbaycan dilçiliyinin  əsas sütunlarından  olan  Muxtar Hüseynzadənin oğlu idi. Oğlunun dilçilik  sahəsində alim kimi çalışması onun böyük arzularından biri idi və Muxtar müəllimlə onun evində görüşlərimiz zamanı bunu ən azından hiss etməmək mümkün deyildi. Çingiz vasitəsilə daha bir dostum peyda oldu: Rizvan. Çox gözəl insan idi. Həyatını sanki dostları üçün yaşayırdı. Onunla bağlı o qədər isti xatirələr var ki...

Akademiyada işlədiyim zaman bir nəfərlə də əvvəlki ötəri tanışlıq yavaş-yavaş dostluğa çevrildi. Bu şəxs Aydın Məmmədov idi. Azərbaycan dilçiliyində öz sözünü deyə bilmiş, amma müxtəlif səbəblərdən dilçilikdən uzaqlaşmış, o zaman - 1970-ci illərin sonunda pərişan-pərişan o çayxanadan-bu çayxanaya gəzişən Aydın Məmmədov.

 

(Davamı var)

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!