O gecə Qara yata bilmədi, yerinə qor doldu, yuxusu ərşə çəkildi. Yerində qurcuxa-qurcuxa qaldı. Canında da bir rahatsızlıq varıydı. Heç belə olduğu yoxuydu. Ovqatı da təlx olmuşdu. Fikrindən yüz şey gəlib keçirdi. Aranı dağa daşıyırdı, dağı da arana. Sonra da qaytarıb nə aranı, nə dağı öz yerinə qoya bilirdi.
Qara yerində eşələnməkdən cana doyub ayağa durdu, ov paltarını geyindi, qatarı belinə bağlayıb tüfəngini götürdü. Heç kimə heç nə bildirmədən, səssiz-səmirsiz evdən çıxıb Qaryağdı meşəsinə sarı üz tutdu. Vırqışın bulağının başında dayanıb, dörd yana boylandı. Bulağın üst tərəfindəki balaca tapda qabağına bir ov çıxdı. Dan qaranlığıydı, ovu ala-çula görürdü. Ona görə maral, yaxud cüyür balası olduğunu yaxşı anışdıra bilmədi. Ov yerimirdi, bostan oyuğu kimi bir yerdə durmuşdu. Tüfəngi üzünə tutub sinəsinə sıxmağıyla ovu vurmağı bir oldu. Ovun yanına gələndə gördü ki, maral balasıdı. Güllə düz ürəyindən dəymişdi. Kənddə bir adam o birinə qarğayanda dediyi "Ürəyinə güllə dəysin" sözlərini Qara çox eşitmişdi. Ona kənddə ad da qoymuşdular. Adını elə-belə çəkmirdilər, "quşu gözündən vuran Qara" deyirdilər. Kənddə üç-dörd nəfər Qara adlı kişi varıydı, ancaq bu ayamayla onlardan yalnız birini çağırırdılar. Həm də bu adı ona yalnız ovçuluqdakı atıcılığına görə yox, eyni zamanda danışanda sözlə hədəfini düz gözündən vurduğuna görə vermişdilər. Gülləsi kimi, sözü də heç vaxt hədəfdən yayınmırdı.
Qara heç vaxt ovdan əliboş qayıtmamışdı. Bu dəfə də əlidolu qayıdacaqdı, ancaq ilk dəfəydi ki, maral balasını vurduğuna görə sevinmirdi.
Qara maral balasının başını könülsüz-könülsüz kəsdi. Elə bil öz başını kəsirdi. Onsuz da iş işdən keçmişdi, onu dirildəsi ha deyildi. Necə deyərlər, olan olmuşdu, torba dolmuşdu.
Qara evin qapısına çatanda gözlərinə inanmadı. Elə bildi qara onu basır. Bir ana maral boynunu burub, qapıda durub Qaranın torbasında gələcək balasını gözləyirdi. Gözlərindən yaş axırdı. Balasının başı gözləri baxa-baxa kəsilmiş ana necə olmalıydı?! Elə bil dərd heykəliydi maral, Qara evdən çıxandan sonra gətirib qoymuşdular Vəli kişinin sərdəninə. Qara ana maralı Qaryağdıda görməmişdi. Demək, maral nəinki Qaranın özünü, balasının başını kəsdiyini də görübmüş.
Qara elə olmuşdu, elə olmuşdu ki, bahar buludu onun yanında yalanıydı. Bıçaq vursan, qanı çıxmazdı. Vurğun vurmuş adam kimi donub qalmışdı. O, marala baxırdı, maral da ona. Vurulan da ağlayırdı, vuran da. Evdəkilər hələ yatırdılar, heç nədən xəbərləri yoxuydu. Heç xoruzların səsini, itlərin hürüşməsini də eşitmirdilər. Onlar hardan biləydilər ki, bu saat qapılarının ağzında balasını itirmiş bir ana maral hönkür-hönkür ağlayır?! Hardan ağıllarına gələrdi ki, maralın göz yaşlarına baxdıqca Qaranın da içindən qara qanlar axırdı?!.
Vəli kişi səhərin şirin yuxusunda gördü ki, bir sel gəlir. O gözünü açana kimi sel onun evini yuyub apardı. Axı Vəli kişi evi elə yerdə tikmişdi ki, dünyanı su bassaydı belə, onun evinə heç nəmi də dəyməzdi. Bəs bu nə yuxuydu? Vəli kişi səksəkəli yuxudan ayıldı, tez geyinib bayıra çıxdı. Gözlərinə inanmadı. Maralla Qara üz-üzə durmuşdular. İkisi də susmuşdu.
Qara gəlib ana maralın üzündən-gözündən öpdü, həsrətli sevgililər kimi onun boynunu qucaqlayıb bağrına basdı. Onların ikisi bir yerdə bu saat məhəbbət heykəlini xatırladırdı.
İndən sonra yüz dəfə öpməklə, min dəfə sığallamaqla gözləri baxa-baxa balasının başı kəsilmiş bir ana maralı ovundurmaq olardımı?!
Dərdi özündən ağır olan ana maral Qaranın qollarının arasından çıxmağa bəndiymiş. O saat itirdiyi balasının yükünü darta-darta çaya doğru endi. Ana maral bilmədi ki, onun apardığı yük Qaranın ürəyində qoyduğundan bəlkə də iki dəfə azıydı.
Qara gecə yuxusunun qaçdığından tutmuş, Vəli kişinin gördüyü ana qədər olanları bircə-bircə dədəsinə danışdı. Vəli kişi dərindən bir ah çəkdi, "Tanrım, sən özün keç onun taqsırından, cavannığına bağışla",- deyib tövləyə sarı getdi. Qara da onun dalınca baxa-baxa: - Ahın dağlara, daşlara, ay dədə, - deyib evə girdi.
Qaranın anası duran kimi dedi ki, "mənim burnuma qan iyi dəydi, bu nəyiydi?" Qarayla Vəli kişi ona cavab verməyə macal tapmamış bayırdan bir səs gəldi. Kimsə: - Qara, ay Qara, -deyə iki dəfə çağırdı.
Qara tez qapıya çıxanda gördü ki, bir qara ürgənin belində qaradovoy qapının ağzını kəsib. At qaradovoyun altında oyur-oyur oynayır, yüyən gəmirirdi. Ata at deməyə adamın dili gəlmirdi, elə bil bir bəzəkli gəliniydi. Koroğlu demişkən, at yox, "alma gözlü, qız birçəkli" bir gözəliydi. Qaradovoyu görən kimi Qaranın ürəyindən keçdi ki, "a kişi, mən gecə yarı Qaryağdıda bir güllə atmışam, onun səsi Slavyankaya nə tez gedib çatdı. Məni görən olmadı, o güllənin səsini də heç kənddə eşitmədilər". Bir də ana maralın göz yaşları gəlib gözlərinin qabağında dayandı. Bir də ağlına gələn o oldu ki, "bu maralın ahı məni nə tez tutdu?!"
Qaradovoyun uca, yoğun səsi bütün fikirləri Qaranın başından dağıtdı. O altında oynayan ürgənin yüyənini darta-darta qəzəbli-qəzəbli, kobud-kobud dilləndi:
- Deyirlər, səndə tüfəng var, tez ol onu gətir mana ver. Bilmirsən ki, qoçuluq zamanı getdi?! Mən indi qoçuluğu sənə göstərərəm, ağlın başına gələr.
Qara yazıq-yazıq, səsini içinə sala-sala: - Məndə tüyəng nə gəzir?! Bir kasıb adamam. Mən tüyəngi nəynən almışam, kimnən almışam, hardan almışam? Qoçuluq nədi, zad nədi, siz nə danışırsınız? Mən qoçuluq eləyəndə kim görüf? Mən hələ bu kənddə bir adamın toyuğuna kiş deməmişəm. Hamı bilir ki, mən belə şeylərdən uzağam. Bunları sizə kim çatdırıf? Hamısı yalandı, - deyib bu gecə maral balasını vurduğunun peşmançılığını təzədən çəkə-çəkə başını aşağı saldı.
İndi qoçuluğu ruslar və onların dəyirmanına su tökənlər eləyirdilər. Dünənə qədər minməyə eşşək tapmayanlar bu gün at oynadırdılar. Qaradovoylar da belələrindəniydilər. Qaranın sözlərini eşidəndə cin vurdu qaradovoyun təpəsinə. Ala qamçı bir-iki dəfə Qaranın belində şaqqıldayıb Vıqqıdı dərəsində əks-səda verdi, daha doğrusu dağlar, dərələr uğuldadı. Vəli kişi qamçının səsinəmi çıxdı, yoxsa, heç onu eşitmədən özümü çıxdı, qapının ağzına çıxanda gördü ki, qara ürgənin belində bir zıpa kimi qaradovoy Qaranı qamçıyla döyür. Ağzını açıb bir kəlmə: - A bala, bir dayan, əlini saxla görüm, bu uşağı niyə döyürsən, onun taqsırı nədi axı? - demişdi ki, qamçının biri də onun kürəyində şaqqıldadı. Vəli kişi ilan kimi qıvrıldı, ancaq səsini boğdu, dillənmədi. Susmağının da bircə səbəbi varıydısa, o da Qaranı qızışdırmamağıydı. Qorxurdu ki, Qara qan tökə bilər.
Bayaqdan özünə dəyən qamçıların ağrılarına dözüb "uf" da deməyən Qara Vəli kişinin kürəyində şaqqıldayan qamçının səsi qulağına çatar-çatmaz dilləndi:
- Vurma, vurma! Gedirəm tüyəngi gətirməyə!
Qaradovoy əlini saxladı, Qara da evə girdi. Tüfəngi doldurub çölə çıxmağıyla tətiyi çəkib gülləni qaradovoyun sinəsinə sıxmağı bir oldu. Qaradovoy bu ilmi ölübsən, bildirmi, bayaq ha qara ürgənin belindən aşırılıb sərdənə sərildi. At da güllə səsindən bir az hürkən kimi olmuşdu. Əslində qaradovoyların atları güllə səslərinə öyrəşmişdilər. Atlar səsi səsdən yaxşı seçirlər. Ümumiyyətlə, heyvanlarda səsi tanıma çox güclüdür. Min dənə qoyun öz quzusunu, min dənə də quzu öz anasını səsindən tanıyır. Biz isə elə bilirik ki, bütün qoyunlar və quzular eyni cür mələyirlər.
Qara gilizi tüfəngin lüləsindən çıxardıb onu öpdü və sonra da qaradovoyun meyitinin üstünə atdı. Bunun öz anlamı varıydı. Qara bununla demək istəyirdi ki, qaradovoy bu ölümü özü satın aldı, onda nə güllənin taqsırı var, nə də mənim. O özünü ilan kimi güllənin ağzına atmışdı. Meyiti aparmağa gələnlər bunu görsəydilər, hər şeyi başa düşməliydilər. Görəsən, qaradovoylarda o düşüncə, o ağıl varıydımı?! Axı bu, mərdlərin qaydasıydı. Qaradovoyların arasında isə bir mərd adamı gündüz çıraqla da axtarsan, tapa bilməzdin. Mərd adam da mərd kişiləri atın döşünə qatıb rus gülləsinin qabağına aparardımı?!
Qara yerə uzanıb çoxdan gəbərmiş qaradovoya baxıb toxtadı, rahat nəfəs aldı. Bu gün onun çıxacağı varıydı, onu da çıxmışdı. Qamçının canındakı göynərtisi də həmin andaca əriyib yox oldu. Həmin an Qaranın ağlına gəldi ki, "bu gecə onun yuxusunu ərşə çəkən indicə başına gələnləriymiş". Qaradovoyun belindəki tapançanı da götürüb evə girdi. Qalın paltarlarını geyinib, dolaqlarını doladı, çarıqlarının dabanını bərkitdi. Sonra da tüfəngi qancırğayla atın tərkinə bağladı. Fikirləşdi ki, "çöllükdü, bir gün gərək olar". Qızılquş kimi qaradovoyun atının belinə atıldı. Ata bir məhmiz vurub heykəl kimi dayanmış Vəli kişinin qabağına sürdü:
- Dədə, mənimki də belə yazılıbmış. Yazıya pozu yoxdu. Bayaq mənə elə gəldi ki, ana maralın ahına düşdüm, ancaq yox, belə deyilmiş. Sizi pis günə qoyub gedirəm. Məndən olsa, siz də yığışıf qaçardınız. Ağlıma gəlir ki, bu işin axırı çox pis olacaq.
Qara sözünü deyib dabanına tüpürdü. Vıqqıdı dərəsinə endi və o gedən oldu. Qara adında adam hamının yadından çıxdı.
Qaranın ağlına gələnlər Vəli kişinin və onun ailəsinin başına gəldi. Vəli kişinin qapısında açılan güllənin səsi kənddə çoxlarını yuxudan oyatdı. Yatmaq istəyənlərin yuxusuna haram qatdı. Bu səs həmin andaca gedib Çuğulun da qulağına çatdı. Ordan-burdan cavan-comrullar, ağsaqqallar, qarasaqqallar axışıb Vəli kişinin qapısna toplaşdılar. Çuğul da qalın paltarını geyinib yola çıxanda Qaranın bir qara ürgənin belində çay yuxarı getdiyini gördü. Zəndlə baxanda qaradovoyun ürgəsini tanıdı. O saat da ürəyinə damdı ki, Qara qaradovoyu o dünyaya yola salıb.
Çuğulun qanı yaman qaraldı. Qaradovoyun ölümü onun heç tükünü də tərpətməzdi. Çuğulu yandıran Qaranın aradan çıxmağıydı. Çuğul yaxşı bilirdi ki, Qara qara ürgənin belində elə ilim-ilim itəcək ki, onun dalınca ordu salsalar da, tapa bilməyəcəklər. Bu fikirləri beynində çözələyə-çözələyə Çuğul da başı dumanlı-dumanlı özünü Vəli kişinin qapısına yetirdi ki, olanları gözləriylə görsün, danışılanları qulaqlarıyla eşitsin. Gəldi də, gördü də, eşitdi də. Qaradovoyun iri cəmdəyi Vəli kişinin sərdəninə sərilmişdi. Vəli kişinin nıxtı tutulmuşdu. Tutulmasaydı, nə danışasıydı ki?! Danışılası bircə söz varıydı, onu da Qaranın gülləsi demişdi.
Slavyankada bilirdilər ki, qaradovoy heç vaxt bu qədər ləngiyə bilməz. Buradan Samanlığa uzağı, atla bir saatlıq yoluydu. Gedib-gəlmək də iki saat çəkərdi. Qara ürgə də yüyənini azca boş görəndə yeldən qanad taxırdı. İndisə qaradovoyun getdiyi beş saat olardı. O harda olsa, günortaya özünü yetirməliydi.
Vəli kişini dərd elə götürmüşdü ki, elə bil heç bu dünyada deyildi. Çuğulun qəfildən dediyi: - A kişi, bu nə işiydi gəldi sənin başına? - sözlərini eşidəndə elə bil Vəli kişini ildırım vurdu, yuxudaydı, indi ayıldı. Çuğul: - Bəs onu kim vurdu? - deyə soruşdu. Vəli kişi də: - Səhər durub bayıra çıxanda gördüm qapıda bir meyit var. Daha başqa heç nə bilmirəm,- deyib susdu. Çuğul ürəyində: "Ay özün öləsən, ha. Məndən iz azdırana bax. Qaranı qara ürgənin belində görməsəydim, bəlkə də sənə inanardım", - deyə düşünsə də, onu duyuq salıb hürkütmək istəmədi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!