Rübabə müəllimədən sonra sinif rəhbərimiz Nabat müəllimə oldu. Onun sinif rəhbərliyi mənim və dostlarımın yaddaşında ardı-arası kəsilməyən sinif iclasları ilə qaldı. Sinif iclasları Nabat müəllimənin ən sevimli işi idi. Bu iclaslar, adətən tərbiyə məsələlərinə həsr edilirdi. Günahın olmaya, səni ayağa qaldırıb qulaqların qızarınca danlamayalar, sinif iclasından gözəl nə vardı ki... Nabat müəllimənin qaşları çox zabitəli idi. O dediklərinin çoxunu sözlə yox, qaşları ilə deyirdi. Bir dəfə bu qaşlar bilmədi nə etsin - qalxsın, ya ki qalxmasın. Sanki qalxmalı idi, amma qalxsaydı, daha aşağı, gözün üstünə düşə biləcəkdimi?! Biz o zaman 5-ci sinifdə oxuyurduq. Sevda belə iclasların birində qətiyyətlə ayağa qalxıb dedi:
- Nabat müəllimə, Elçin dərsdən sonra mənim dalımca düşüb deyir ki, mən səni sevirəm.
Sinfə ölü bir sükut çökdü. Nabat müəllimə də məhz bu zaman bilmədi ki, nə etsin. Ancaq bunu deyə bildi:
- Qızım, sakit ol. Qələt eləyir. - Sonra Nabat müəllimənin səsi guruldadı - Elçin!!! Sabah məktəbə valideyninlə gəl!
Valideynin məktəbə çağırılması ağır cəza idi. Yaxşı, bu valideynə nə deyəcəkdilər?! Deyəcəkdilər ki, "oğlunun başına ağıl qoy, sevməsin?!" Deyəcəkdilər ki, "bu, ayıbdır?!" Elə bu kompleksin əyər-əskiyi deyilmi, bizlərin bəzisi, həyat yoldaşı yerinə adam arasında indiyənə qədər "uşaqların anası" deyir?!
Bir də bizim sinfin oğlanları Elçinin etdiyi belə axmaq "səhvlər"i təkrar eləmədilər. "Sevirəm" sözünün qədrini bilməyə başladılar.
- Eşitdin, Elçin? Sabah məktəbə valideynsiz gəlmə!!! Utanmaz!!!
Biz 5-ci sinifdə oxuyurduq və bizim 13 yaşımız vardı.
Yəqin ki, bizdə heç zaman Romeolar, Cülyetlər yaranmayacaq. Onların da 13 yaşları vardı.
...Zərbəli müəllim mənə usanmadan, axıracan Mirzə Kamal dedi. Başqalarının yanında bir az utanırdım, amma nə edə bilərdim - heç nə. Onu da deyim ki, bu ləqəblə mən bir qədər sonra bir daha qarşılaşdım. Universitetin 4-cü kursunda mənə sevimli müəllimimiz Bəxtiyar Vahabzadə bu adla müraciət eləməyə başladı. Və mən "Mirzə" sözü ilə bir daha təmasa girdim. Yenidən Bəxtiyar müəllimin dərslərində Mirzə Kamal oldum. Bəxtiyar müəllim bizə ədəbiyyatdan dərs deyirdi. Biz tələbələrlə dərsdənkənar söhbətləri ilə daha çox yadımızda qalırdı. Sanki bizdən daha çox özünün buna mənəvi ehtiyacı vardı. O, rəsmi şəkildə yazıb deyə bilmədiklərini dərs zamanı bizimlə bölüşərdi. Məsələn, bir dəfə auditoriyada dedi ki, Səməd Vurğun böyük şairdir. İki-üç gün sonra isə bunun əksini dedi. Onun dərsləri əsl qaynar qazanı xatırladırdı. 75 nəfər kim nə istərdisə, əl qaldırıb deyirdi. Bəzən heç əl də qaldırmırdılar. Böyük şair bir sual ortalığa atır və çəkilib öz dünyasına qapanırdı. Biz də başlayırdıq bu sualın sularında boğulub sahilə çıxmaq üçün əl-qol atmağa. Bəxtiyar müəllimin dərsləri çox maraqlı keçirdi. Heç yadımdan çıxmaz, bir dəfə belə həyəcanlı dərslərin birində hamı əl qaldırıb nəsə deyirdi. Bəxtiyar müəllim də hər deyilənə münasibət bildirirdi. Niyazi lap arxada oturardı. Əli göydən yerə düşmürdü, amma ona söz verilmirdi. Bəxtiyar müəllim onun göydə qalmış əlini sanki görmürdü. Hamı nəsə deyirdi, hamı nəyisə sübut eləməyə çalışırdı. Səs-küy auditoriyanı başına götürmüşdü. Nəhayət, Bəxtiyar müəllim özünü hələ də həlak edən Niyazini gördü və sözü ona verdi. Niyazi ayağa qalxıb nə isə deməyə çalışdı. Bəxtiyar müəllim onu yaxşı eşitmədi. "A bala, bir az bərkdən de, görüm nə deyirsən?" Niyazi dediyini təkrar elədi. Yenə də səsi aydın eşidilmədi. Nəhayət, Bəxtiyar müəllim bezib "gəl bura görüm" deyib onu taxta önünə çağırdı. Uzun sinfin bir ucundan o biri ucuna - taxta önünə gəlib çatan Niyazi nə isə deməyə başladı. Bəxtiyar müəllim onu sonadək dinləməyib tələsik "düz deyirsən, keç yerinə" deyərək onu təzədən öz yerinə göndərdi. Niyazi uzun bir yol keçib yerinə qayıtdı. Sinifdə xəfif gülüşmə səsləri eşidildi, sonra əvvəlki səs-küy yenə öz yerini tutdu.
...Bəxtiyar müəllim mənə Mirzə Kamal deyə müraciət edərkən, əlbəttə ki, sevimli Zərbəli müəllimin nurlu, nəcib siması gözlərim önündə canlanırdı, - deməsəm düz olmaz.
Mən küçədə, məktəbdə və evdə böyümüşəm. Yaşıdlarımın əksəriyyəti kimi oxuduğum "Qorxulu nağıllar"ın astarından vurub bu biri tərəfindən çıxmışam. Badam nənənin uydurduğu damdabacanın sehrinə düşmüşəm və bu sehrdən özüm-özümü azad etmişəm. Yeri gəldi-gəlmədi, məhləmizdəki (sonralar Mirzə Fətəli Dağlı məhləsi ilə - 4-cü Xrebtovı ilə əvəz oldu, biz ora köçdük. Evimiz düz Cəfər Cabbarlı kino-teatrının arxasında idi.) davalara qoşulmuşam. Biz döymüşük, bizi döyüblər. İndi soruşsalar ki, bu davalar nəyin üstündə baş verirdi, düz-əməlli bir cavab da verə bilmərəm. Ən doğru cavab, yəqin ki, belə olardı: "qan qaynayırdı". Özü də necə qaynayırdı?!
Daha sonralar, məktəbin 8-ci, 9-cu siniflərində oxuduğum zaman sinif yoldaşım, dostum Etibargilin 8-ci kilometrdəki boş evlərinə gedərdik. Etibarın atası bu evdə yaşayırdı, amma o, Neft daşlarında işlədiyi üçün ayın yarısını evdə olurdu, o biri yarısını Neft daşlarında. Ev bu zaman qalırdı boş. Etibar anası və bacıları ilə bir yerdə Sovetskidə yaşayırdı. O, açarı gizlicə anası ilə yaşadığı evdən götürər, biz də hay-küylə metroya dolub 8-ci kilometrdəki o birotaqlı, nimdaş mənzilə tələsərdik. İmarətə gedən kimi ora gedərdik. Təxminən, 10 nəfər olardıq. Pul qoyub yemək-içmək alardıq. İçmək deyəndə ki, içməyə çaxır da daxil idi. Yeməyə kolbasa, pendir, yumurta, balıq konservi, pomidor, xiyar, çörək bəsimiz idi. İçib xoşbəxt olurduq. Adi çaxır bizi çox tez tuturdu. Aslan gözləri axa-axa: "məni içki tutmur, mən piyan olmuram" deyirdisə, deməli, məsələ artıq məlum idi. Qərəz, alkoqol bizim heç birimizi "tutmurdu". Belə bir "ayıq" vəziyyətdə çıxardıq əvvəlcə həyətə, sonra da küçəyə. Bir qədər irəlidə o zaman "Sevil" adlı kino-teatr var idi, onun qabağına gedərdik. Bir-birimizlə bərkdən danışa-danışa, bərkdən gülə-gülə, yanımızdan ötən qızlara söz ata-ata. Ətrafımızdakı yaşlı adamlar bizə baxıb başlarını bulayırdılar. Biz isə xoşbəxt idik. Sərbəst idik.
8-ci kilometrin küçələrində dava eləmək üçün adam axtarardıq. Dava planını əvvəlcədən qurardıq - yeyib-içdiyimiz zaman. Günlərin birində "Sevil" kino-teatrının qabağında bir dəstə erməni uşağına ilişdik. Yaşıdlarımız idilər. Kim nə dedi, nə demədisə, dava düşdü və qızışdı. Biz onları yenirdik ki, birdən onlardan bir-ikisi uzaqda kimisə görüb qışqırışdılar. Bir də gördük, biz tərəfə bizdən xeyli yaşlı, pəhləvan cüssəli (yüz faiz idmançı idi) bir oğlan qaça-qaça gəlir. O gəlib dava yerinə çatanda "Bey ix, Valera!" sədaları göyə ucaldı, ermənilərə ruh gəldi. Valera bizə çatıb məsələni anlayana qədər (kim kimdir sualına cavab tapana qədər) araya kənar adamlar girdilər, bayaqdan maraqla bizim davamıza baxırdılar, indi nədənsə araya girib bizi də araladılar və davanı yatırdılar. İndi də bilmirəm ki, o dava nə üstündə düşmüşdü. O zaman aydındır ki, Qarabağ məsələsi yox idi, sadəcə, harda oluruqsa-olaq, erməni uşaqlarla biz bir qazanda qaynaya bilmirdik. Davanın düşməyinin heç bir konkret səbəbi yox idi.
Günlərlə biz o davanı müzakirə etdik. Sinifdə, tənəffüsdə, məktəbdən evə gedəndə... Valeraya qədər biz gərək məsələni birdəfəlik həll edəydik. Əbülfəz gərək kənara çəkilib qızlar tərəfə getməyəydi, Məlik gərək güləşməyəydi, yumruq vuraydı, Zakir harda ilişib qalmışdı? Dərs, dərs, dərs...
Təkcə küçədə tanımadığımız yaşıdlarla dava etsə idik, nə vardı ki?! Bir dəfə "Azərbaycan" kino-teatrının qabağında bilet növbəsinə durduğumuz zaman heyvərə bir milis (ağzını açan kimi bildim ki, ermənidir) - o vaxt mənim qolum sınmışdı, qolumdan gipsi təzəcə çıxarmışdılar, - elə o sınan yerdən var gücü ilə yapışıb məni növbədən fırladıb çıxartdı. Bilet kassasına hamılıqla hücum etməyimizə az qalırdı. Həmən Aslan, Etibar, Məlik, Zakir... Qolum elə bərk ağrıdı ki, mən ağrıdan qışqırdım və bu milisi çox pis bir söyüşlə söydüm. O mənə yaxınlaşdı, heç nə demədi, mənim çantamı (çantam yerə düşmüşdü) yerdən qaldırdı, açıb dəftərimin üstündə məktəbimin nömrəsini, sinfimi, mənim adımı, familiyamı oxuyub səliqə ilə öz dəftərçəsinə yazdı. Sonra yenə bir kəlmə danışmadan çantanı mənə uzatdı. Özü ilə heç hara aparmaq belə istəmədi. O zaman biz buna xeyli təəccüb etdik. Kino-teatr kassasına növbəni buraxıb bir-birimizə "yaxşı qurtardıq!" deyə-deyə bulvara tərəf yol aldıq. Kinoya getməyin artıq bir ləzzəti qalmamışdı. Biz bu hadısəni unutduq.
Təxminən, iki aydan sonra anamla mən evdə oturmuşduq. Atam hələ işdə idi. Günorta vaxtı idi. Mən məktəbdən təzəcə gəlmişdim. Telefon zəng çaldı. Milis şöbəsindən telefon edirdilər. Evimizə gəlmək istəyirdilər. Mənim kino-teatrın qabağında söydüyüm haman "vələdüzna" milis işçisi dəftərimdə nömrəsini yazdığım məktəb vasitəsilə ev telefonumu, adresimi öyrənmişdi. Sonra da mənim xuliqanlığım barədə (onu söyməyim barədə, bəlkə də başqa "cinayətlərim" barədə) milis şöbəsinə böyük bir raport yazmışdı. İş böyümüşdü. Evdə yaxşı ki, atam yox idi. O bu məsələni bilsəydi, mənim günüm milisə düşməkdən də betər olacaqdı, məhlə dili ilə desəm, "qanım gedəcəkdi". İşdə idi. Anam tez bacımgilə zəng elədi. Yeznəm milis işçisi bizə gələnə qədər artıq bizdə idi. Milisdən gəldilər. Məsələni bir də məndən öyrəndilər, sonra yeznəmi milis işçisi tanıdı. Mənim yeznəm Yəhya Məmmədov Bakı Dövlət Universitetinin prorektoru, görkəmli Azərbaycan alimi idi. Məsələ çözüldü (mənim ifadəmə inandılar) və mən, sözün əsl mənasında, həbs edilmədim. Həyat isə bir anın içində tamam başqa bir məcraya düşə bilərdi. Belə əyri-üyrü dolambaclardan mənim yaşıdlarımın hamısı keçirdi.
Məktəb illərində yazdığım "şeirlər"i Zərbəli müəllimdən başqa bir nəfərə də oxuyardım. Daha doğrusu, iki nəfərə. Anamın dayısı oğlu, mənim də dayım sayılan Məmmədhüseyn dayıma (Məmmədhüseyn Təhmasibə) və onun ədəbiyyat müəlliməsi olan həyat yoldaşı Bilqeyis xanıma. Bilqeyis xanımın ədəbiyyat müəlliməsi kimi tərifi bütün Azərbaycanı götürmüşdü. Mənim sonradan dostlaşdığım 132 saylı məktəbin məzunları - Çingiz, Rəfiqə, Rizvan onun haqqında bizim qohum olduğumuzu biləndən sonra o qədər xoş söz dedilər ki, mən, həqiqətən, qürurlandım.
O vaxtlar Bakıda adət idi, qohumlar ayda bir dəfə, iki dəfə bir-birinin evinə qonaq gedərdilər. Məmmədhüseyn dayıgil İçərişəhərdə yaşayırdılar. Onun evdəki oğlu Çingiz yaşda məndən çox böyük idi, özü də bir az "şuluq" uşaq idi. Evdə tapılmazdı. Onunla mənim, naxçıvanlılar demiş, "müsahibliyim" yox idi. Böyük oğlu Şəfiq isə evli idi və öz evində yaşayırdı. Ona görə də mən, açığı desəm, dayımgildəki ziyarət məclislərində darıxırdım. Elə məqam gözləyirdim ki, yazdığım və evdən məxsusi gətirdiyim cızma-qaranı ortaya çıxarıb oxuyum. Ər-arvad da məni qəti incitməzdilər. Anam mənə gözünü ağardar, "bəsdi, başlama" deyər, onlar isə nümayişkaranə həvəslə mənə imkan yaradırdılar ki, ürəyimi boşaldım. Yadımdadır, bunun üçün məni başqa otağa aparırdılar. İkisi də mənimlə üzbəüz oturar, "di başla..." deyib diqqətlə qulaq asardılar. Bu otaq Məmmədhüseyn dayının çalışdığı, əsərlərini yazdığı iş otağı idi. Mənim isə o zaman ağlıma da gəlmirdi ki, Azərbaycan folklorunun bu görkəmli nümayəndəsi, məşhur alim, dramaturq Məmmədhüseyn Təhmasib öz yazdıqlarını elə bu otaqda yazır. O zaman bu mənim üçün maraqlı deyildi. Mənim üçün maraqlı olan "nə olur-olsun, təki mən bu yazdıqlarımı kiməsə oxuyum" idi.
- Məmmədhüseyn dayı, birin də oxuyum? - Mən əl çəkməzdim.
Ər-arvad bir-birinə baxıb gülümsərdilər:
- Oxu. Ancaq sonra gedək o biri otağa. Anan, xalan darıxdılar. Çayımız da soyudu...
Məmmədhüseyn dayının "xalam" dediyi qadın onun bacısı, anamın dayısı qızı Bakı Dövlət Universitetinin psixologiya müəlliməsi, həlim xasiyyətli, nəcib insan Cəmilə Təhmasib idi. O da qardaşıgilə gəlişini, adətən biz onlara gələn vaxta salardı. Bəzən isə əsl bayram olurdu. Bu məclisdə anamın digər dayısı oğlu görkəmli aktyor və rejissor Rza Təhmasib də iştirak edirdi. Amma mən "ağ" eləmirdim. Ona şeir oxumağım yadıma gəlmir.
Ev sahibləri şeirlərimə səbirlə qulaq asıb mənə məsləhətlər verərdilər:
- Nə deyirsən, müəllimə?! Bundan, deyəsən, bir şey çıxacaq. Dili rəvan, axıcıdır. - Bir dəfə Məmmədhüseyn dayı üzünü Bilqeyis xanıma tutub eynən belə dedi.
Bilqeyis xanım onun dediyinə şərik çıxdı:
- Elədi. Bu yazacaq. Kamal, sən Füzulini çox oxu. Onu oxumaqdan usanma. Onun dilinin axıcılığına fikir ver.
- Bax gör, Füzuli sözləri mum kimi necə əyib düzəldir, yerləşdirir misranın içinə. Buna hökmən fikir ver... Özün də yaz, çoxlu-çoxlu yaz...
Qərəz, onlar məndən canlarını qurtarmağın yolunu deyəsən, tapmışdılar. Vaxtilə, heç yadımdan çıxmaz, bir çox il bundan əvvəl Məmmədhüseyn Təhmasibin ssenarisini yazdığı "Bir qalanın sirri" filmi hələ ekranlara çıxmamış bir dəfə bizim evdə bu barədə söhbət düşəndə mən ona nə qədər zülüm edib zəhləsini tökmüşdüm...
- Sən allah, de də mənə, nolar, nədi qalanın sirri? - Bir soruşmadım bunu, iki soruşmadım...
O isə mənim bütün tərsliyimə dözərək "qalanın sirri"ni açıb faş eləmədi ki, eləmədi. Cavabı ancaq bu oldu:
- Film çıxar, görərsən.
İndi isə, budur, "Bir qalanın sirri"nin üstündən neçə il keçib, mən özüm nəsə yazmağa çalışıram. Məmmədhüseyn dayı da, Bilqeyis xanım da məni tərifləyir. Bəlkə də bu onların məni təşviq üsulları idi?! Mən indi başa düşürəm ki, mənə hava, su kimi lazım olan sözləri onlar o zaman mənə deyirdilər. Mən də təzədən həvəsə gəlirdim. Yeni şeirlər yazılırdı. Hələ o vaxt onlar mənə inanmışdılar. Ruhları şad olsun. Məmmədhüseyn dayının, Bilqeyis xanımın Füzuli ilə bağlı mənə dediklərini heç vaxt unutmadım. Mən "Mənim Füzulim" kitabını yazanda Məmmədhüseyn və Bilqeyis Təhmasiblərin nurlu çöhrələri gözümün qabağından getmədi. Bir də, əlbəttə ki, Zərbəli müəllim! Onun tez-tez təkrar etdiyi "Füzuli dəryadır, biz ondan bir damla götürürük" sözləri indiyənədək qulaqlarımda onun öz səsi ilə cingildəməkdədir.
Məktəbdə sinifdən-sinfə adladıqca mənim şeir oxumaq həvəsimə yeni-yeni tab gətirənlər ortaya çıxırdı. Məsələn, onlardan biri Ağamusa müəllim, mənim o biri əziz yeznəm idi. Ağamusa müəllim məni tərifləyənlər içərisində xüsusilə seçilirdi. O, hətta mənim bəzi uğurlu misralarımı müxtəlif məclislərdə təkrar edirdi. Mən yavaş-yavaş məktəb şairindən ev şairinə dönürdüm. Məktəbi bitirdikdən sonra Ağamusa müəllim mənə 1-ci kursda özünün dekan olduğu filoloji fakültədə "Dilçiliyə giriş" fənnindən dərs dedi. Onun dərsləri biz birincilər üçün elmi fantastika kimi idi. Bir dəfə 75 nəfərlik auditoriyada dərs bitəndən sonra sinifdən çıxan yerdə məni çağırıb dedi:
- Kamal, gəl yanıma.
Hamı mənə maraqla baxdı. Mən, doğrudan da, utandım. Bir az düz çıxmırdı. Amma sonra özümə təskinlik verdim: onsuz da potokda hamı bilir ki, biz yeznə-qayınıq. O vaxtlar da yerin qulağı var imiş...
Mən onun otağına girəndə Ağamusa müəllim stolunun üstündəki kağızları yerbəyer eləyirdi, məndən soruşdu:
- Hə, necə idi dərs? Bəyənirsiz mən deyənləri?
Əlbəttə ki, bəyənirdik. Ağamusa müəllim təkcə biz filoloqların deyil, şərqşünasların, tarixçilərin, psixoloqların, jurnalistlərin də kumiri idi.
İndi düşünürəm ki, o zamanın məşhur dilçisi, filoloqu Ağamusa müəllim də "Docendo discimus" (öyrədərək öyrənirəm) ibarəsinin bəlkə də özündən xəbərsiz cazibəsində imiş...
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!