Tələbəlik illəriydi, gərək ki, ya Tallin şəhəriydi, ya da Riqa, unutmuşam, coğrafi təcrübəyə getmişdik. Bir gün də hamamda çimmək fikrinə düşdük. Soraq-soraq axtarıb tapdıq. Tünd sarı, birmərtəbəli binanın qapısından içəri girəndə gözümüz bərələ qaldı - 3-4 nəfər lüt kişi kassada oturan qadınla şirin-şirin söhbət eləyirdi. Nə qadın bu lüt kişilərin fərqindəydi, nə kişilər bu paltarlı qadının. Guya elə belə də olmalıymış. Bu günün özündə belə həmin səhnə gözümün qabağına gələndə, qəribə hisslər keçirdirəm.
İndi, baxıram ki, bizi də - Şərqin bu müsəlman ölkəsinin vətəndaşlarını da daş dövründən qalma adət-ənənəyə sürükləmək fikrinə düşüblər. Demə, sivilizasiyanın geri dönüşü də varmış.
O günü özəl bir klinikaya getmişdim. Mən də rəhmətlik Quba nənəm kimi sofuyam axı, yəni dəqiqəbaşı əlimi yumasam... qollarım havada qalacaq. Odur ki, sanuzelə dəymək istədim. Axır ki, axtarıb tapdım. Gördüm iki qapıdı yan-yana, az qala, ikisinin də üstünə qadına oxşar fotolar yapışdırılıb. Telefonu qoydum qulağıma - guya danışıram. Gəzə-gəzə gözümün ucuyla qapılara baxırdım ki, görüm hansından kişi çıxacaq. Daşa dönmüş qapıların biri də açılmadı.
Ordan uzaqlaşıb, bir kənara çəkildim. Baxdım - ətrafda topa-topa durmuş qız-qadından başqa ins-cins gözümə dəymədi. Gəl ki, hamısı da cavan. Utanmaq hissini itirmiş bir qarıya da rast gəlmədim ki, dərdimi qoyum ovcuna. Bunlardan da üzüm gəlmədi soruşum. Axır ki, başladım yan-yörəmə baxmağa. Biri ucaboy, o biri bəstəboy iki kişini bir otağın qapısı ağzında bir-birinin sözünü kəsə-kəsə bərk-bərk danışan gördüm. Bildim ki, kənd adamlarıdı. Elə bilirlər ki, malı örüşə sürüblər... arxayınca durublar arxın qırağında, qazaxlılar demişkən gaplaşırlar.
Bir qədər gözümü zilləyib bunlara baxdım, gördüm yo-ox, sözləri qurtarana oxşamır, nəzakət-filan gözləməyə dəyməz:
- Bağışlayın, burda işləyirsiniz?
Ucaboy kişi mənə tərəf çevrildi:
- Xeyr, xəstəyik.
- Sanuzelin yerini deməzsiniz ki?
Kişilər əvvəlcə bir-birinə, sonra da mənə baxdılar:
- Sanuzel?!.
- Üzr istəyirəm... su başı - tualet.
- Həəə... Allah saxlamış, belə denən da.
Bəstəboy başladı izah eləməyə. Sözü ağzında qaldı.
- Nədi, prostatdı?! - Ucaboy tələsik soruşdu.
- Bəli.
- Nədi, kanserdi?
- Xeyr, adenomadı.
- Mənimki adenomadan keçib.
- Necə?
- Məndə, həkim deyir, kanserdi.
- Adenoma kanser olmur axı. Bəlkə aldadırlar sizi. İndi xəstəni tora salıb, əməliyyata çəkmək adət olub. Başqa yerlərə də dəyin.
- 3 yerdə yoxlatdırmışam.
- PSA neçədi?
- 100.
Təbii ki, həddindən artıq yüksək idi. Amma təəccüb elədiyimi bildirmədim ki, qorxar.
- Müalicə eləmək lazımdı.
- Necə? - Soruşdu.
- Spirtli içkilərdən uzaq olun, əti də nadir hallarda yeyin, bunun təbii müalicəsi də var.
- O nədi?
- Üzr istəyirəm, subaysınızsa, evlənin.
- Allah saxlamış, mən boyda subay olar?!
- Hər halda cinsi orqanda durğunluq baş verməsin deyə intim münasibətdə olmağın böyük faydası var.
- Həkimsiniz?
- Elə görünürəm?
- Artıqlamasıyla!
Gülümsədim:
- Həkiməm, amma can həkimi yox, ha... canımın həkimiyəm.
- Onda bir məsləhət də verin mənə - daha nə yeyib, nə yeməyim?
- Çalışıb quş əti, balıq əti yeyin.
- Gərək sözünüzə əməl eləyim.
- Quşdan, balıqdan da vacib, torpaqda bitən qidalar olsun süfrənizdə gərək.
- Məsələn?!
- Paxlalı bitkilər, brokoli, gül kələm, tərəvəz, alma-armud... bir sözlə, yerdə bitən nemətlər.
- Çox sağ olun, qardaş. Bir aydı xəstəxanaların yolunda həlak olmuşam, hələ də sizin kimi faydalı məsləhət verən olmayıb mənə. Hamı deyir, soyun, gir bıçağın altına.
Xudahafizləşib ayrıldıq.
Sanuzeli də tapdım. Baxdım ki, elə bayaqkı qapılardı, az qala, üstündəki şəkilləri də bir-birinin eyni. Elə bil foto-şəkilləri qəsdən eyniləşdiriblər ki, utanıb-eləmək getsin işinə - qadınlı-kişili qarışaq bir-birimizə.
Müxalifət də bu yandan hakimiyyəti qınayır ki, avropalaşmaq lazımdı, bəsdi Türkmənistan olub getməyimiz. Buyur, bu da sənə Avropalaşmaq!
Bu fikirləri başımda götür-qoy elədiyim yerdə qapıların biri açıldı - top qarasaqqal bir kişi çıxdı içəridən. Şalvarının qısa ətəyinə baxanda, bildim vəhabidi. Bunlar nəyi dəyişik salsalar da, sanuzelin qapılarını dəyişik salmazlar.
Cəsarətlə qabağa yeridim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!