Romandan hissə
Müəllif -
Gülçin - 32 yaşında, istedadlı rəssam
Böyükkişi - 35 yaşında, Gülçinin əri
Yalçın - 34 yaşında, Böyükkişinin müdiri
Nemət - 45 yaşında, tanınmış psixiatr
Müəllif
Dəniz sahilində, yaşıl ağacların kölgəsindəki xudmani çay bağçası həmişə üz tutduğum daimi ünvanlardandır. Orada vaxtaşırı dostlarla vaxt keçirmək, şirin söhbətlərdən feyziyyab olmaq ruhumu oxşayır.
Yenə belə xoş günlərin birində köhnə dostum Nemətlə ətirli, pürrəngi çayı qurtumlayır, ötüb keçənlərdən danışırdıq. İlıq may günəşinin şüaları masanın üzərindəki müşəmbənin parlaq səthində oynayır, dəniz tərəfdən qağayıların səsi gəlirdi.
Neməti uzun illərdir tanıyıram. Tanınmış psixiatrdır, özəl klinikaların birində işləyir. Hər görüşümüzdə qəbuluna gələn pasiyentlərin adlarını çəkmədən təsirli həyat hekayələrindən nəsə danışır. Bəzən təəccüb, bəzən hədsiz heyrət içində dinlədiyim o söhbətlərdən hansısa fraqmentlər yazıçı təxəyyülümdə ilişib qalır, onun danışdığı əhvalatlar, bəhs etdiyi insanlar yaddaşımdan hansısa sevdiyi ismi seçib sonra yazdığım əsərlərdə ehmalca özünə yuva qurur. Amma budəfəki söhbətimiz tamam başqa məcrada axırdı, nəinki mən, elə Nemət də öz danışdıqlarına heyrət edirdi:
- Neçə illərdir həkim işləyirəm, hər cür vaqeə görmüşəm, hər cür insana, hadisəyə rast gəlmişəm. Gözümün qarşısından yüzlərlə həyat hekayəsi, tale yolu keçib, amma belə bir olayla ilk dəfə qarşılaşıram. Bir kişini bu cür dəlicəsinə sevən bir qadın indiyə kimi qarşıma çıxmamışdı. Bilmirsən heyrətlənəsən, yoxsa, acıyasan? Həm tanınmış rəssamdır, həm də çox gözəldir... Bir qadının hansısa kişini bu qədər sevib, bağlana biləcəyini düşünməzdim. Çünki bu cür sevmək ağıl işi deyil. Həddindən artıq olan hər şey adamın həyatını alt-üst edir. Dahi Nizami boş yerə yazmayıb ki, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da...
Maraq məni bürüdü. Mütaliəli dostum dahi Nizamini bu söhbətə daxil edirsə, deməli, onun heyrəti bəsit bir təəccüb deyil. Dostumun söylədikləri qeyri-adi sevgi əhvalatından xəbər verirdi. Onun söhbətinə yön vermək üçün təbəssümlə dilləndim:
- Nemət, müdriklər zarafatyana deyirlər ki, ağıllı qadını sevməkdən qorxmaq lazım deyil, çünki qadın, həqiqətən, sevəndə ağlını itirir. Amma bütün hallarda əsl sevginin nə olduğunu bilən, kişini ürəkdən sevən qadınlar hörmətə layiqdir. Sevmək istedaddır, kiminə az bəxş olunur, kiminə çox. Qadının o vəziyyətə düşməyinə səbəbkar yəqin ki, həyatındakı kişi olub. Sevən qadın müqəddəs varlıqdır, onu incitmək, hisslərindən sui-istifadə edib, sonra da taleyin ümidinə buraxmaq kişiliyə yaraşmaz. Hər kişi istəyər ki, həyatında onu ürəkdən sevən, ona bağlı olan qadını olsun. Belə qadının dəyərini yalnız əsl kişi anlaya bilər...
Bundan sonra Nemətin danışdıqları xəyalımda bu əhvalatın bütün qəhrəmanlarının dili ilə canlanmağa başladı. Parlaq rənglərin bəzi yerlərdə bir-birinə qarışdığı, bəzən qara rəngin axıb ümumi tablonu kölgələdiyi, bəzən rəngsiz yerlərin gözə çarpdığı, amma ümumilikdə çalarları ilə göz oxşayan gözəl bir eşq tablosu yarandı...
Nemət
Gülçini qəbuluma əri Böyükkişi gətirmişdi. O, solğun simasından dərin iztirablar çəkdiyi sezilən gözəl və zərif qadındı. Qara, qıvrım saçları pərişan halda çiyinlərinə dağılmışdı, ala gözlərində əzablı atəş alovlanırdı. Əyninə geyindiyi don qadınlığının bütün cazibəli xətlərini bəlli edirdi. Baxışları adamın qəlbinə nüfuz edirdi, ilk andaca adamı ovsunlayan qəribə bir şarmı vardı. İncə əllərini əsəbi şəkildə ovuşdurub qarşımda əyləşdi. Bu qadını hardan tanıdığımı xatırlamaq üçün yaddaşımı zora saldım. Nədənsə yadıma düşmədi...
Böyükkişi üzümə baxıb irişirdi. Bu cür irişən adamlar məndə həmişə ikrah hissi oyadıb. Siqaret çəkməkdən saralmış dişləri, tüklü sifəti və çallaşmış saçları onu olduğundan daha yaşlı göstərirdi. Hırıldayıb köntöy-köntöy dedi:
- Doxdur, bizim arvadın başı qaçıb. Bax, gör neynirsən, dərmandan-zaddan yaz buna, düzəlsin....
Gülçin ərinin həkimlə bu cür danışmasından daxilən əsəbiləşdi, amma büruzə verməməyə çalışdı. İşimin qaydasına uyğun olaraq pasiyentlə tək danışmaq istədiyimi ərinə bildirdim. Böyükkişi yenidən irişib otaqdan çıxdı. Gülçinin üzündəki gərginlik bir az azaldı, qadın dərindən nəfəs alıb oturduğu kresloya yayxandı, gözlərini yumdu. Əvvəlcə ilk standart sualımı verdim:
- Özünüzü necə hiss edirsiniz, şikayətiniz nədir?
İndiyədək insanın hər cür əhval-ruhiyyəsi ilə qarşılaşmışam. Yanıma gələn pasiyentlər bəzən üzgün, kədərli, bəzən aqressiv olublar. Bəzən susub heç nə demək istəməyiblər, bəzən coşğunluqla dil-boğaza qoymadan danışıblar. Kimisi, hətta durub üstümə hücum da çəkib. Gülçinin halı fərqli idi. O ümidsizliklə ümidin arasında bir yerdə ilişib qalan qərib yolçu kimi görünürdü. Hiss edirdin ki, ürəyini boşaltmaq istəyir, digər tərəfdən də, qınanmaqdan qorxub ağzını açmağa çəkinir. Sakit baxışlarımla qadına ürək-dirək verdim, səbirlə cavabını gözlədim. Gülçin qəfildən elə hönkürdü ki, diksindim. Masamın üstündəki salfeti ona uzatdım, burnunu çəkərək, az qala, bütün sifətini açdığı salfetdə gizlətdi. Sakitləşəndən sonra aram səslə cavab verdi:
- Doktor, heç yaxşı deyiləm. Elə bil məni bir uçurumdan üzüaşağı atıblar, ölməmişəm, nəfəsim üstümdədi, amma ələ gələsi salamat yerim də qalmayıb, qırıq-qırıq, darmadağın olmuşam. Yaşamaq istəyirəm, amma bu qədər ağrı ilə yaşamağım da, onsuz nəfəs almağım da mümkünsüz gəlir mənə. Onun olduğu bir dünyanı tərk edib gedə də bilmirəm, lakin onun dünyasında mənə yer olmadığı üçün bilmirəm özümü hara qoyum... Mənə elə dərman yazın ki, onu düşünməyim, unudum, həyatıma əvvəlki kimi davam edim. Hər an ağlımdadır - gözləri, əlləri, saçları... Hələ bədəninin ağlımı başımdan alan qoxusunu demirəm... Aman Allah, dəli olacam!
...Bu qadının kim olduğunu tanıdım! Bayaqdan bəri onu dinlədikcə bu tanış simanın kim olduğunu xatırlamaq üçün yaddaşımın hər küncünə girib-çıxırdım. Tanınmış rəssam Gülçin! İlahi, belə bir qadın Böyükkişi kimi birisinin həyat yoldaşı imiş? Ey tale, sən nə qəribəsən?! Elə atalar doğru deyib, armudun yaxşısını meşədə ayı yeyər...
Bir neçə il əvvəl sərgisində də olmuşdum. Gülçin daha çox sürrealist avtoportretlər ustası kimi tanınırdı. Əsərlərində məşhur meksikalı rəssam Frida Kahlonun üslubunu və ruhunu sezmişdim. Elə çılğın baxışları da həmin dəlisov rəssamı xatırladırdı. Gülçinin kətan üzərində xarüqələr yaradan əlləri danışdıqca əsir, gözlərindən dayanmadan yaş süzülürdü. Bütün hallarda mən həkim idim, ən gərgin məqamlarda belə soyuqqanlılığımı qoruyub saxlamalıyam. Ancaq bu dəfə nədənsə vəziyyət başqa cür alınırdı...
- Təkrarlanan davranışlarınız, sizə məntiqsiz görünən düşüncələriniz olurmu, Gülçin xanım?
- Fikirləşirsiniz ki, psixi xəstəyəm, hə? Məntiqsiz görünən düşüncələrim, təkrarlanan davranışlarım ancaq Yalçını düşünməkdən, onu sevməkdən ibarətdir. Hə, təkrarlanan davranışlar olur, bir az təmizliyə qarşı vasvasıyam. Uşaqlıqdan əllərimi o qədər yuyardım, evləri dönə-dönə təmizləyərdim ki, anam "sofu" deyərdi mənə. İnsanlardan da iyrənərdim, hətta biriylə əl verib görüşsəm belə, sonra əlimi yuyardım. Elə bilirdim kiminsə əlindən mənə mikrob keçər. Amma Yalçına vurulandan sonra insandan iyrənmə xüsusiyyətimin necə yoxa çıxdığına heyrətləndim. Bilirsiniz, onu o qədər sevirəm ki, əl-ayağını yuyub suyunu içməyə də hazıram. Onu o qədər çox sevirəm...
Gülçin yenidən dalğınlaşdı, baxışları donuqlaşdı, fikri uzaqlara getdi. Tanınmış rəssam olduğunu bildiyimi də ona bildirmədim. Bir həkim olaraq davranışları da mənə aydın idi. Əvvəllər simptom halında olan rahatsızlığı birinə aşiq olması ilə kəskin hal almış, Yalçını sayrışan fikirlərinin mərkəzinə qoyduqdan sonra vəziyyət daha da ciddiləşmişdi.
Pasiyentimi diqqətlə dinləyib daha bir neçə tibbi sual verdim. Gülçinə, ilk növbədə, dərman yazdım, ruhi haləti müəyyən qədər stabilləşdikdən və yaşadığı təlatümlər sakitləşdikdən sonra psixoterapiya seansları ilə davam edəcəyimizi bildirdim.
Mən resept yazarkən Gülçin qəfildən zərif əlləri ilə qələm tutan əlimdən yapışıb gözümün içinə sınayıcı baxışlarla baxdı:
- Doktor, xahiş edirəm, mənə antidepressantlar yazmayın, Yalçın həyatımda olmasa, bu süni xoşbəxtlik hormonları məni xoşbəxt edən deyil, sadəcə, ruhumun ağrılarını sakitləşdirəcək həblər yazın...
Böyükkişi
Gülçinin psixologiyasının pozulmasının günahı hər şeyin dozasını qaçırmasındandır. Hər şeyin bir təhəri var. Əvvəllər direktorum Yalçınla Gülçinin macərasının bu qədər irəli gedəcəyini ağlıma gətirməmişdim. Deyirdim, ötəri hissdir, bir az keçəndən sonra bezəcəklər bir-birlərindən. Amma elə olmadı. Arvadımı indi zərrə qədər də qısqanmıram, onu sevmirəm. Nə onu, nə də ürəkdən aşiq olduğu rəngləri, kətanları, fırçaları... Amma boşanmağı da düşünmürəm. Çünki düzənimi pozmaq, həyatımın alt-üst olmasını istəmirəm. Kənarda kiminlə istəyir görüşsün, axşam onsuz da evə gəlir də. Hansısa mənasız qısqanclığa görə rahatlığımı poza bilmərəm. Həm də Gülçinin yanında özümü elə aparıram ki, guya Yalçına olan sevgisindən xəbərim yoxdur. Həm də nəyi pisdir ki? Gülçinin Yalçınla münasibəti başlayandan işdə həmişə irəli çəkilirəm, maaşım da qaydasında, əlavə mükafatlar da alıram, ürəyim istəyən vaxt işə gedirəm, istəməyəndə getmirəm. Yalçın da mənə "gözün üstə qaşın var" demir. Əslində iki il əvvəl Yalçını Gülçinin fərdi sərgisinə dəvət edəndə heç ağlıma gəlməzdi ki, bu cavan oğlan mənim arvadıma vurulacaq... Hərçənd ki, Gülçin kişiləri özünə aşiq etməkdə ustadır. Hələ o vaxt Rəssamlıq Akademiyasında neçə oğlanı süründürürdü arxasınca.
Elə mən özüm. Tələbə vaxtı elə olurdu ki, cibimdə qara qəpiyim olmurdu, onu görmək üçün İqtisad Universitetindən düz Rəssamlıq Akademiyasınacan piyada gedərdim. Bəlkə də düz deyirlər, evlilik eşqi öldürür. Evlənəndən sonra o həyəcan, o istək buxarlanıb yox oldu...
Amma bizim evliliyimiz də normal olmamışdı. Bəlkə də o vaxt indiki ağlımız olsaydı, evlənməzdik. Amma onda məcbur qaldıq. Dördüncü kursda - iki qanı qaynayan gənc ağlımızı itirib yoldan çıxmışdıq. Sonra da Gülçin utana-utana hamilə qaldığını deyəndə elə bil başımdan bir qazan qaynar su tökülmüşdü. Bilməmişdim bunu evdə necə deyim?! Təbii ki, əvvəlcə Gülçinə təklif elədim ki, nə qədər gec deyil, bətnindəki körpəni tələf eləsin. O da qınayıcı nəzərlə üzümə baxıb, heç bir söz söyləməyib çıxıb getmişdi.
O gecə narahatlıqdan yata bilməmişdim. Səhər açılan kimi baş verənləri anama danışmışdım. Anam əvvəlcə az qalmışdı əsəbdən ağlını itirsin, sonra yavaş-yavaş sakitləşmişdi. Demişdi ki, bəlkə mən özüm qızla danışım? Sonra nə danışmışdılarsa, anam atamı yola gətirib tez bir zamanda bizi evləndirməli olmuşdu. İkimiz də çox gənc idik onda, 22 yaş nədir ki?! Həyatı anlamadığımız, etdiyimiz səhvlərin, ani çılğınlıqların bizə necə baha başa gələcəyini düşünmədiyimiz bir yaşdaydıq! Ancaq valideyn olmaq bizə qismət olmadı. Erkən doğuşla xəstəxanaya aparılan Gülçin tibbi yoxlamadan keçiriləndə məlum oldu ki, uşaqla yanaşı bətnində böyük bir şiş var. Körpəmiz qeysəriyyə əməliyyatı ilə dünyaya gəldi. Gülçindəki şişi bətnqarışıq kəsib götürdülər. O, daha ana ola bilməyəcəkdi. Sanki bütün bədbəxtliklər ardıcıl bizi izləməyə başladı, körpəmiz elə xəstəxanadan çıxmamış küvəzdə vəfat etdi. Anadangəlmə ürək qüsuru varmış... Gülçin bundan sonra dərin depressiyaya düşdü, dəfələrlə intihara təşəbbüs elədi. Aylarla xəstəxanalarda yatdı, ölkənin ən tanınmış psixiatrlarını gəzdik. Elə də xeyrini görmədik, ta ki Gülçin toparlanıb ayağa qalxmağa özü qərar verənə qədər...
Anam da bir yandan başladı ki, Gülçini boşa getsin, başı pozulub, daha uşağı da olmayacaq. Oturub-durub məni qınayırdı ki, bir anlıq həvəsinə dov gələ bilmədin, deyə qanımızı it qanına caladın. Gülçini bu halda buraxmağa könlüm razı deyildi...
...Zaman keçdikcə Gülçin özünə gəlməyə, yavaş-yavaş üzü gülməyə başlamışdı. Bir gün işdən qayıdanda Gülçin məni gülərüzlə qarşıladı, nə qədər təbəssümlə danışsa da, onun üzündəki ifadədən anladım ki, bizi nəsə ciddi söhbət gözləyir. Yanılmamışdım. Yeməkdən sonra Gülçin ehmal addımlarla mənə yanaşıb yanağımdan öpdü, qarşımdakı mavi, yumşaq kresloya özünü atib gözlərini yumdu. Bir neçə dəqiqə səssizlik içində oturandan sonra dilləndi:
- Böyükkişi, sağalmağım üçün əlindən gələni eləyirsən, buna görə sənə çox minnətdaram. Körpəmiz dünyasını dəyişdi, mən də bir daha ana olub sənə övlad verə bilməyəcəyəm. Bir yerdə ağır günlərdən keçdik, hələ də keçirik, bilirəm ki, anangil də səni boşanmağa məcbur edir. Mən təklif edirəm ki, boşanmayaq, əgər sən kənarda ikinci bir ailə qurmaq fikrinə düşsən, mən buna etiraz etmirəm, bilirəm ki, buna hər cür imkanın da var. Yəni, formal olaraq evliliyimizi saxlayaq, sənin şəxsi həyatına qətiyyən qarışmayacağam, sən də mənə baş qoşmazsan. Boşanmaq mənim üçün problem deyil, işim də var, rəssamlıq karyeram da getdikcə irəliləyir. Sadəcə, bilirsən ki, atam-anam mənim bu durumumdan sonra yıxılmış vəziyyətdədirlər, istəmirəm ki, indi də boşanmağım onlar üçün əlavə dərdə çevrilsin. Ən azından bu yaxınlarda boşanmayaq, zaman keçsin, gələcəkdə baxarıq yenidən bu məsələyə. Sən də bu təklifimə razısansa, bundan sonra bu söhbəti bağlayıb həyatımıza qaldığımız yerdən davam edək. Ancaq desən ki, yox, mütləq şəkildə indi boşanıb həyatımı qurmaq istəyirəm, nə qədər çətin də olsa, razılaşaram sənin qərarınla...
Belə bir söhbətin gec-tez olacağını gözləyirdim. Gülçinin dedikləri doğru idi. Artıq bir həyat düzənimiz vardı. İndi bütün bu rahatlığı gələcəyin qeyri-müəyyən axışına təslim etmək heç birimizə fayda verməyəcəkdi. Gülçinin kənarda ikinci ailə saxlamaqla bağlı dediyi təklif də ağlabatan idi, deməli, istədiyim vaxt digər bir münasibətə başlaya da bilərəm, hətta bu münasibətdən övladım da ola bilər...
- Gülçin, narahat olma, boşanmayacağıq. Anam nəsə desə, mən özüm onunla danışıb hər şeyi yoluna qoyacağam. Sən sağlamlığının qeydinə qal, Allah kərimdir. Yaşayarıq, görərik...
Yalçın
...Böyükkişinin mütiliyi ilk gündən xoşuma gəldi. Müavin dediyin müti olmalıdır, direktor nə dedisə, "bəli, baş üstə", ikinci bir kəlmə olmamalıdır. Yoxsa, dikbaş adamla qətiyyən işləyə bilmərəm. Yaşda məndən böyük olsa da, elə davranır ki, elə bil o, məndən kiçikdir. Arada bir oturub həyat haqqında söhbət edirik.
...Mən surətpərəst adamam. Gözəl qadınlar həmişə zəif nöqtəm olub. Amma bir prinsipim var ki, iş yerində qətiyyən olmaz. Zavodda tabeliyimdə işləyən xeyli qadın var, onlardan bəziləri gözəldir, ancaq buraya işləməyə gələn gündən özümə söz vermişəm ki, işdə məhəbbət macərası olmayacaq. Ancaq işdən kənarda ötəri eşq romanlarına heç vaxt "yox" deməmişəm. Düzdür, hələ indiyədək elə bir qadın olmayıb ki, uzun müddət məni özünə cəlb eləsin, adətən iki-üç görüşdən sonra həvəsim soyuyub. Mənə elə bir qadın lazımdı ki, təkcə bədəni ilə deyil, ağlı, dərrakəsi ilə də məni heyran eləsin, xarakterli olsun. Və bunları da həmişə Böyükkişi ilə açıqca danışa bilirəm.
...Kabinetə daxil olub ortayaşlı katibəyə az şəkərli qəhvə hazırlamağı tapşırdım. Daxili telefonun zəngini basan kimi Böyükkişi kabinetdə peyda oldu. Zalım oğlu elə bil qapının arxasında hazır durur həmişə.
Salamlaşıb mühasibdəki hesabatları yoxlayıb-yoxlamadığını soruşdum.
- Hamısı həll edilib, direktor.
- Lap yaxşı. Sənə də kofe deyimmi?
- Yox, Yalçın müəllim, içmişəm ...
"Yalçın müəllim" deyəndə, özümdən asılı olmadan dodağım qaçır həmişə. Vələdüzina yəqin bunu bildiyindəndir ki, üzümü güldürmək üçün daha çox "Yalçın müəllim" deyir.
Qarşımdakı böyük, parıldayan "T" şəkilli stolun arxasındakı geniş kresloya əyləşib üzümə sualedici nəzərlərlə baxanda dedim:
- Hə, Böyükkişi, nəsə sözlü adama oxşayırsan, de görüm, nə deyirsən.
- Yalçın müəllim, həyat yoldaşım Gülçin çox istedadlı rəssamdır. Sabah onun fərdi sərgisi keçiriləcək. Sənətdən başı çıxan bir çox insanları dəvət etmişik. Sizin də orada iştirak etməyiniz bizim üçün bir fəxarət olardı...
Bunu deyəndən sonra Böyükkişinin yenə irişməyi nədənsə əsəbimə toxundu. Amma səbrimi basıb susdum. Qəhvəmi udumlayıb soruşdum:
- Gülçin xanım özü dəvət edir, ya sənin şəxsi təşəbbüsündür?
- Elə hər ikimizin.
- Bilirsən ki, rəssamlıqla-zadla elə də maraqlanan deyiləm, Böyükkişi. Sənət mənə görə kütləyə heç bir təsir göstərə bilməyən boş məşğuliyyətdir. Sənət sənət üçündür. Yenə qadınların sənətlə, rəsmlə məşğul olmasını hardasa başa düşmək olar, kişilər sənətə baş qoşanda lap gülməli gəlir mənə. Kişinin bir işi olmalıdır - o da pul qazanıb güc və iqtidar sahibi olmaq...
- Haqlısız, amma tarixdə Rembrandt, Van Qoq kimi yaxşı rəssamlar da olub.
Güldüm. İstehza ilə dedim:
- Elə bilirsən ki, bir sən bilirsən bunları? Yoxsa, mənim heç nədən xəbərim yoxdu demək istəyirsən?
Böyükkişi istehzamdan tutuldu. Tez özünü doğrultmağa çalışdı:
- Yox, əlbəttə, elə şey olarmı, Yalçın müəllim, bu boyda zavodun direktorusunuz, əlbəttə ki, siz hər şeyi hamıdan yaxşı bilirsiniz. Sadəcə, bir-iki örnəyi xatırlatmaq üçün o adları çəkdim.
- Elə o adını çəkdiklərindən birini götürək - Van Qoqu. Adam xəstə idi, dəlixanalıq olmuşdu. Deyirlər, görüşdüyü fahişəyə də qulağını kəsib aparıbmış... Nə isə, madam ki, xahiş edirsən, sabah vaxt eləyə bilsəm, Gülnar xanımın sərgisinə gəlib dəyərəm.
- Adı Gülçindi, Gülnar yox...
- Yaxşı, olsun Gülçin...
Böyükkişinin məni arvadının sərgisinə dəvət etməsindən daha çox, üzündəki qeyri-müəyyən ifadə düşündürürdü. O laübalı ifadə qəribə mənaları ifadə edirdi. Sonra bu fikirləri başımdan qovdum. Heç ağlıma da gəlməzdi ki...
Gülçin
Böyükkişi ilə tanışlığmız da bir yanlış idi, evliliyimiz də gəncliyin ramedilməz qaynarlığı ilə yol verdiyimiz məsuliyyətsizliyin nəticəsində olmuşdu. Məni hədsiz sıxan ailəm olmasaydı, bəlkə də mən Böyükkişi ilə evlənməyəcəkdim. Görüşlərimizin birində irəli gedib özümüzü cilovlaya bilməməyimizin hamiləliklə nəticələnəcəyi ağlıma da gəlməzdi. Hamilə qaldığımı biləndə ağlıma ilk valideynlərim gəldi. Bilsələr, məni öldürərdilər, şəksiz-şübhəsiz. Anam həddindən artıq mühafizəkar bir ailədə böyümüşdü, uşaqlıqdan da qatı qaydaları ilə günümü göy əskiyə bükmüşdü. O necə deyirdisə, həyatımı elə yaşamağa məcbur idim. Gələcəkdə rəssam olmaq istədiyimi deyəndə də etiraz eləmişdi: "Neynirsən rəssamlığı, qız nədi, bütün gün rəng içində itib-batmaq nədi? Qız uşağına ən gözəl yaraşan peşə, ya həkimlikdi, ya müəllimlik!"
İsrar eləmişdim, günlərlə yemək-içməkdən kəsilmişdim, axırda atam birtəhər anamı yola gətirib razı salmışdı. Rəsm dərnəyinə getməyə başlamışdım, Rəssamlıq Akademiyasına girmək üçün hazırlaşırdım.
Böyükkişi ilə akademiyaya daxil olduğum birinci il tanış olmuşduq. Onda mən daim anasının sıxma-boğmasında olan, o vaxtacan heç sevgilisi olmamış sadəlövh bir qız idim. Böyükkişi məndən üç yaş böyük idi, dördüncü kursda oxuyurdu. Şirin dili, incə jestləri ilə məni tez yoldan çıxara bilmişdi. Və bir gün də "anamla səni tanış edəcəm", - deyib evinə dəvət etmişdi. Gedəndə gördüm ki, evdə heç kim yoxdu. Onda etiraf etdi ki, valideynləri rayona istirahətə gediblər. Mənə çay hazırladı, sakit olmağımı xahiş etdi, dedi ki, onsuz da gec-tez anamla da, atamla da tanış olacaqsan, niyə narahat olursan ki? İndi isə rahatlıqla otur çayını iç, bir azdan da istəsən, baş-başa film izləyərik, istəməsən, çayını içəndən sonra çıxarıq, səni evinizə yola salaram.
Elə oldu ki, çıxası olmadıq, ağlımı başımdan alan ilk öpüşdən sonra bir də ayıldıq ki, Böyükkişinin otağında, geniş çarpayısındayıq. Özümə gələndə gözüm mələfənin üstündəki qan ləkələrinə sataşdı. Əvvəlcə nə olduğunu başa düşmədim, sonra elə bil yuxudan ayıldım, nə baş verdiyini anladım. Özümdən asılı olmadan hönkür-hönkür ağlamağa başladım, Böyükkişi məni sakitləşdirdi:
- Ağlama, gülüm, səni sevirəm və həmişə də sənin yanında olacağam. Bir gün tez, bir gün gec, bu iş olmalıydı. Onsuz da evlənəcəyik, niyə ağlayırsan?
İçimdəki nigarançılıq hissi ilə evə gedəndə elə bilirdim ki, qapıdan içəri girən kimi anam üzümə baxan kimi nə baş verdiyini başa düşəcək. Çox qorxurdum. Yaxşı ki, anam heç nədən şübhələnmədi. Bir gün duyuq düşdüm ki, vaxtımdan keçir. Ürəyimə qorxu düşdü, Böyükkişiyə dedim, aptekdən hamiləlik testi alıb gətirmişdi. Səbrim çatmadı, oturduğumuz kafenin ayaqyoluna gedib oradaca testi yoxladım. Bir dəqiqə keçməmiş iki qırmızı xətt görünəndə az qaldım huşumu itirəm. Narahatlıq içində kafedə oturub böyük nigarançılıqla ayaqyolundan çıxmağımı gözləyən Böyükkişi bunu biləndə məndən betər vəziyyətə düşdü.
Yaxın rəfiqəm çoxbilmiş Gültac dedi ki, birinci uşağı abort etdirsən, sonra ana ola bilməzsən deyir həkimlər, eşitməmisən? Beləcə məni abort fikrindən daşındırdı. Sonrası da ki... Böyükkişi ilə evləndik. Eyni evin içində yaşamağa başlayandan xasiyyətimizin bir-birinə uyğun olmadığını gördük. Elə bil ki, o qədər görüşüb vaxt keçirən biz deyildik. Böyükkişinin əsl üzü evlənəndən sonra ortaya çıxdı... Əslində, məmnuniyyətlə Böyükkişidən boşanardım, artıq bir-birimizi sevmirdik. Ancaq gözümün qarşısına gətirəndə ki, boşanıb ağır xasiyyətli anamla, onun sözü ilə oturub-duran atamla birgə həyatıma davam etməliyəm, ondansa Böyükkişi ilə bir damın altında qalmağa razılaşdım... Neçə illərdi ki, Böyükkişi ilə birlikdə ömür sürürük... Bu illər ərzində bütün meylimi molbertimə, rənglərimə saldım. Rəsmlərim, tablolarım xaricdəki qalereyalara qədər özünə yol açmışdı, hətta bəzən rəsmlərim baha qiymətə satılırdı. Sərgilərim keçirilir, sənət cameəsi yaradıcılığımı yüksək qiymətləndirirdi. İlk baxışdan hər şeyim vardı, rəfiqələrim, ətrafımdakı insanlar mənə bəxtəvərlik verirdilər. Ancaq həyatımda çox mühüm bir əskiklik vardı - sevgi əskikliyi...
Neçə vaxtdır sevib-sevilmək arzusu bütün bədənimi, zehnimi, fikrimi işğal etmişdi. Qəlbim sevgiyə təşnə idi. Sevgi dünyanı gözümüzdə gözəlləşdirən, rəngləndirən ən ali duyğudur. Sənətin yüksəlişi də sevgi üzərində bərqərar olur...
...Sabah sərginin keçiriləcəyi qalereyaya zəng elədim, son hazırlıq işlərinin tamamlanması ilə, çağırılan qonaqlarla maraqlandım. Sabah yorucu, amma gözəl gün olacaq... Elə bil ürəyim yerindən çıxacaq, necə də döyünür. Sanki sabah həyatımda sərgidən başqa da, nəsə çox önəmli bir hadisə baş verəcək...
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!