(Əvvəli ötən saylarımızda)
Mirzə Fətəlidə bizim Badam nənə adlı bir qonşumuz vardı. Onun xeyli balaca mənzilinin qapısı bizimki kimi həyətə açılan ümumi balkona çıxırdı. Mən öz evimizin balkonundan dar bir taxta "cığır"la balkonun onlar tərəfinə keçə bilirdim. Təhlükəli idi. "Cığır"dan aşağı hellənib yıxıla bilərdim. Bu cığır onlar tərəfə qalxan pilləkənin boşluq üzərindəki məhəccəri idi. Ayaqlarımı birtəhər hara gəldi qoyub, əllərimlə bərk-bərk məhəccərin üst taxtasından yapışırdım. Badam nənə həmişə məni bu birmetrlik çığırın o biri tərəfində gözləyirdi. Onsuz mən bu "cığıra" ayaq basmazdım. Bu "cığır" olmasaydı, mən gərək həyətə enəydim və oradan artıq Badam nənəgilə və Nizamigilə aparan pilləkənlə onlar tərəfə qalxaydım. Bu uzun marşrut hələ o yaşımda mənim üçün darıxdırıcı idi. Və mən bu "cığır"ı necə tapmışdım, indi xəyalıma belə gətirə bilmirəm.
Badam nənənin bir böyük oğlu və bir qızı var idi. Çox kasıb bir həyat sürürdülər. Hardasa yaşayan bir qardaşı var idi, hərdən onlara kömək edirdi. Yəqin ki, bu ailə Badam nənənin ancaq pensiyasına dolanırdı. Başqa gəlir yerlərini təsəvvür eləmək çətin idi. Badam nənənin ərini biz görməmişdik. Müharibədən sonrakı illərdə ilim-ilim itmişdi. Badam nənə anama ev işlərində kömək edərdi, bizim evdən onların evinə mütəmadi yemək payı gedərdi. Bir də ki, anam işdə olanda məni ona tapşırırdı. Badam nənənin özünün oğlu və qızı məndən çox böyük idilər, onlar mənim bacılarımla həmyaş idilər. Badam nənə, mən indi bunu başa düşürəm, evdə ki çox vaxt tək qalırdı, mehrini mənə salmışdı. Mən öz nənələrimi, demək olar ki, görməmişəm. Anamın anası rəhmətə gedəndə üç, ya dörd yaşım olardı. Onu xatırlamıram. Atamın anasını isə heç məndən on iki, on dörd yaş böyük olan bacılarım da görməmişdilər. Badam nənə mənə, sözün həqiqi mənasında nənələrimi əvəz elədi. Məni öz evindən bizim evə - dəhlizin üç-dörd addım o biri tərəfinə yedirməmiş yola salmazdı. Mən ən dadlı kartof qızartmasını onun evində yemişəm. Üçnəfərlik bişirdiyi kartof qızartmasına düşünmədən həvəslə şərik olmuşam. Məni aparıb kasıb otağında oturdar, özü hansısa bir iş görə-görə, ya xörək bişirə-bişirə, ya da tikiş tikə-tikə məni məşğul eləmək üçün nə isə danışardı. Öz uşaqlığından, bildiyi əhvalatlardan, nağıllardan... Ən çox da damdabacadan. Bu damdabaca mənim təsəvvürümdə çox qorxulu bir məxluq idi. Damdabaca nə oyunlardan çıxmırdı?! Damdabaca sözə baxmayan uşaqları oğurlayıb aparır, dərin bir quyuya salırdı. Badam nənə ondan danışanda səsi elə bir qorxulu hala düşürdü ki, mən az qala titrəyə-titrəyə qalırdım. Yüz faiz ki, onun özünü də kimsə uşaqlığında damdabaca ilə qorxudubmuş. Anam deyirdi ki, onun özünün uşaqlıqda ev baxıcısı olub. Sonralar mən bildim ki, Badam nənə mülkədar qızı imiş. Atası Bakı bəylərindən idi. Onu belə bir kasıbçılığa salan dövrandan mən görmədim ki, o bir dəfə şikayət eləsin. Məni tez-tez danlardı. Ən sevimli sözləri bunlar idi: "Küçədə (sonra da məktəbdə) heç kimə qoşulma. Hamısı vələdüznadı... Vaxsey, əlini hara vurmusan, bütün çernildi ki, əlin, vaxsey, vaxsey... Cabirin ruçkasını niyə götürmüsən? Sən bilmirsən, Cabirin ruçkası rusca yazır?" Cabir Badam nənənin oğlu idi, rus məktəbində oxuyurdu. Yəqin, Badam nənə ona da uşaqlıqda "vələdüznalar" barədə xeyli öyüd-nəsihət vermişdi. Mənə çox sonralar əyan oldu ki, onun nəzərində təkcə küçə yox, məktəb yox, sovet dövranına kimin ki aidliyi vardı - onların hamısı "vələdüzna" idi. Sonralar mən xeyli böyüdükdən, hətta müəllim olandan sonra, Badam nənə artıq qızının mənzilində yaşadığı vaxt hərdən-birdən anamla, bacımla onlara qonaq gedərdik. Yenə mənə deyərdi: "Heç kimə qoşulma, hamısı vələdüznadı". Mənə artıq aydın idi ki, "hamısı" deyəndə o, kimləri nəzərdə tutur. Ömrünün sonlarına yaxın qızı zəng elədi ki, bəs çox ağırdı, Kamalı görmək istəyir. Yanına getdim. Yataqdan qalxa bilmirdi. Huşu gedib-gəlirdi. Əlini əlimə almışdım. Gözləri mənə baxırdı, amma baxışları çox uzaqlarda idi. Dodaqları ilə nə isə pıçıldayırdı. Mənə elə gəldi ki, o yenə də mənə belə deyir: "Anovun sözünə bax, heç kimə qoşulma, yoxsa, damdabaca gəlib səni... aparar". Dodaqlarına son dəfə haman təbəssüm gəlib quş kimi qondu.
...Yavaş-yavaş böyüyürdüm, bir az (iki-üç il) sonra məktəbə gedəcəkdim və mən artıq burnumu küçəyə çıxarmağa başlamışdım. Küçəyə çıxmaq, küçənin nəfəsini duymaq başqa bir ölkəyə getmək kimi idi. Hələ küçənin o biri tərəfinə keçmək əsl cəsarət istəyirdi. İndi hərdən yolumu köhnə həyətimizin yanından salıram. Eninə iki-üç addımlıq küçədi. Mənə isə o vaxt o küçə böyük bir dünya kimi gələrdi. Qonşu dalanda daha bir yaşıdım var idi - İlham. Sonralar onunla eyni məktəbə getdik. Hardansa köhnə parçaları, cındırları tapıb iplə bərk-bərk sarıyırdıq və bu olurdu bizim yumru, balaca topumuz. Biz ona kos deyirdik. Evimizin üzbəüzündə, qoşa tut ağacının arasında hara gəldi bu kosu vurub dalıyca qaça-qaça guya ki, futbol oynayırdıq. Məhlənin yaşlı cayılları həftədə bir dəfə iki yerə bölünüb əsl rezin kosla (o zaman o top 21 qəpiyə idi) futbol oynardılar. Biz də səkidə oturub oyuna tamaşa edərdik. Kos uzağa gedəndə qaçıb gətirərdik. Onların oyununa baxa-baxa, həyəcanını canımıza yığa-yığa biz də yavaş-yavaş futbolu sevməyə başladıq. Əsas o idi ki, özümüzün kosumuz var idi - noolsun ki, parçadan idi, bu bizi zərrə qədər rahatsız etmirdi. Evdə nə qədər köhnə parça...
Əsl bayram onda oldu ki, həyətimizdəki göygöz Nizaminin atası ona ikiçarxlı velosiped aldı. Bu, artıq o zaman idi ki, atam evdə olmayanda beş-altı yaşlı mən "şəstlə" həyətdən küçəyə çıxmağa başlamışdım. Atam zəhmli idi, buna heç vaxt icazə verməzdi. Anam isə icazə verirdi. "Amma qapının yanından uzaq getmə! Atan görsə, ona özün cavab verəcəksən". Qapının qabağında qalan kimdi?! Bizim qapıdan bir az o biri tərəfdə dalanda yaşayan İlhamla futbol oynardıq. "Oyun" başımızı elə qatırdı ki, hər şeyi unudurduq. Amma nə qədər unutsam da, bir gözüm həmişə küçəmizə burulan tində qalardı ki, atam indi gələr, bu saat gələr. Atamı ağır addımlarla tini dönən yerdə görən kimi "daban 56" deyib ürəyimdə həyəcanla "görəsən, gördü məni?" inildəyə-inildəyə evə necə götürülürdümsə, anam da, evdəkilər də mənə baxıb gülməklərini güclə saxlayırdılar. Anam başı ilə mənə çarpayının altını göstərirdi, mən də özümü ora soxurdum. Sonralar bildim ki, evə girən atama gülümsəyə-gülümsəyə başı ilə işarə edib mənim çarpayının altına girməyimi xəbər verirmiş. Atama mənim ondan belə qorxmağım, görünür ki, ləzzət edirdi. Atam özünü o yerə qoymadan paltarını yavaş-yavaş dəyişib əlini-üzünü yumağa gedəndə anam mənim xeyirxahım kimi başını çarpayının altına salıb ciddi səslə mənə deyirdi: "çıx, tez ol, çıx, o tərəfə getdi... qorxma, görməyib səni küçədə..."
Bəli, mən dediyimdə varam. Mənim ilk müəllimim Bakı şəhəri olub. Onun dar küçələri, ağacları seyrək bağları, əyri-üyrü dalanları, balaca həyətli evləri olub. 190 nömrəli məktəbi olub. Pionerlər evi olub. Sonralar "Torqovı" küçəsi olub. Dənizkənarı parkı olub. Kirov parkı (Dağüstü park) olub. Badam nənə olub. Badam nənənin "onunla oyna, bununla oynama" sözləri olub. "Onu elə, bunu eləmə! Bax, sözümə baxmasan, damdabaca gəlib səni aparacaq. Vaxsey, vaxsey..." Bir də onun bu sözləri dediyi zaman dodaqlarının ucundakı istehzalı təbəssüm olub. Yəni, bax, səni damdabaca ilə necə aldadıram…
Mirzə Fətəli küçəsi ilə göygöz Nizaminin velosipedinin yanınca (o, artıq bu ikiçarxlı "ceyran"ı sürə bilirdi) Təzəpirə qədər qaçdığım və arxada buraxdığım evlər, döngələr olub ilk müəllimim. Sonra Nizami mənim özümü güclə mindirirdi velosipedə. Mən hələ ikiçarxlı velosiped sürməmişdim. İndi də Nizami arxamca, yox, hələ ki yanımca qaçırdı. Haman yolu bu dəfə geriyə, həyətimizə tərəf - mən velosipeddə ləngər vura-vura, o isə yanımca qaça-qaça. Nizami olub mənim ilk müəllimim. Onun mənim yanımca qaça-qaça verdiyi təlimat bu gün də yadımdadır: "Ayağının altına baxma. Başını qaldır. Ancaq qabağa bax, qabağa..." Bu sözlər ikiçarxlı velosiped sürmənin ilk qanunu imiş. Çox sonralar başa düşdüm ki, Nizaminin fərqinə varmadan dediyi "ayağının altına baxma, ancaq qabağa bax" sözləri həm də ən vacib həyat dərsidir. Getdiyin yola, ayaqlarının altına baxmayacaqsan, başını dik tutacaqsan və ancaq hədəfə doğru baxacaqsan. O zaman müvazinətini saxlaya bilərsən. Qoca həyat balaca Nizaminin sözlərini sonralar dəfən-dəfən təsdiq elədi.
Küçədə dəlilər kimi dörd yana qaçaraq görmədiyim və toqquşub yıxıldığım, yıxdığım adamlar olub ilk müəllimim. Biri itələyib qulağımdan çəkib, o biri məni yerdən qaldırıb üstümü çırpıb. "Burda qaçma, maşın gəlib vurar səni" qulağıma pıçıldayıb. Maşın bizim küçədən ayda, ildə bir keçərdi. Amma yenə də olsun, məni xəbərdar etməkləri, qulağımdan çəkməkləri mənə bir dərs idi.
Qonşumuz İlhamla kölgəsində "futbol" oynadığım qoşa tut ağacının budaqları olub ilk müəllimim. Bu budaqlar öz yaşıl yarpaqlarını yayda sərinləmək üçün etibar edib bizim ikinci mərtəbədəki balkonumuzun pəncərəsindən içəri salırdılar. Mənim onların xışıltısı altında yuxuya getməyim az olmayıb. Bu xışıltını mən dinləmişəm və mənə elə gəlib ki, bu ağac mənə nə isə danışır. Sadəcə, onun dili başqa dildir və mən bu dili anlamıram. Hələ məktəbə getmirdim. Amma məktəbəqədərin də öz məktəbi, öz müəllimləri var idi.
Bakı şəhəri həm ilk müəllimim, həm də ilk məktəbim olub. Bu ilk məktəb Mirzə Fətəli küçəsindən, qoşa tut ağacının altında futbol, şimaqədər oyunlarından, ikiçarxlı velosiped sürdüyüm yerlərdən ibarət olub. Bu şəhər ömürboyu mənim nazımı çəkib. Ən vacibi o idi ki, məni Badam nənənin "damdabacaları"ndan qoruyub. Sonralar köçüb getdiyimiz Dağlı məhəlləsində həyət anlayışı bir az da böyüdü. Onu "həyətlər birliyi" - məhəllə əvəz elədi. Özümü məhəllə davalarına çox vurmuşam. Gecələr son seansdan sonra kino-teatrların qabağında qonşu qızları gözləmişəm. Qorxulu nağılların bütün müasir yorumlarından çıxmışam. İndi sual edirəm: "Əcaba, necə olub ki, mən bütün bu qorxulu nağılların qaranlıq dolu içindən çıxa bilmişəm və necə olub ki, burnum da qanamayıb?! Əlbəttə, bu, ancaq və ancaq məhəllə dostlarımın - Xanların, Eldarın, Abasın, Oqtayın, Afərin, Tahirin, Məmmədin sayəsində olub. Həyətimizdə göyərçinlər saxlayan, onları göyə uçuran dağlı Mütəllimin sayəsində olub. Bakı şəhəri onları mənim yanıma, sanki məni qorumaq üçün göndərib. Bakı mənim qoruyucu mələyim olub.
Bəs biz, görəsən, bunun müqabilində nə etdik, Bakıya Rübabə müəllimənin oğulluğu kimi dönük çıxdıqmı?! Bakıya borcumuzu qaytardıqmı?! Mən bunu bilmirəm. Hər halda bu barədə illər boyu düşünmədik, eləcə yaşadıq, yaşlandıq, "minnətdar ola bilməmək" sindromu uzun illər bizi tərk etmədi.
Bakıdan başqa mənim müəllimlər siyahıma başçılığı Rübabə müəllimə ilə yanaşı, şanlı və əziz 190 saylı məktəb və onun unudulmaz müəllimləri etdilər.
Rübabə müəllimə bizə 5-ci sinfə qədər dərs dedi. İbtidai sinfin 4 ili boyunca müəllimə kimi ancaq onu gördük. Başqa ikinci müəllimimiz olmadı. 5-ci sinifdə biz Rübabə müəllimə ilə vidalaşdıq. Sinif rəhbərimiz Nabat müəllimə oldu. O həm də bizim dil və ədəbiyyat müəlliməmiz idi. Yeni-yeni dərslər öyrənməyə başladıq. Hər bir dərsin də öz müəllimi var idi. Riyaziyyatdan unudulmaz Sadıq müəllim, sonra əziz Şərqiyə müəllimə, tarixdən sevimli Türyan müəllim, rus dilindən - əvvəlcə hörmətli Mariya Semyonovna, sonra hörmətli İrina Aleksandrovna, rəsmdən çılğın Arif müəllim, kimyadan ustad Mustafa müəllim, fizikadan dəyərli Hacı müəllim, idmandan dostumuz Kamil müəllim və nəhayət, artıq 7-ci sinifdə ədəbiyyatdan ölkəmizin məşhur ədəbiyyat müəllimi, Bütün Zaqafqaziyada ədəbiyyat üzrə yeganə Sosialist Əməyi Qəhrəmanı, mənim üçün əzizlərin əzizi Zərbəli müəllim...
Bu müəllimlər mənə 10-cu sinfə qədər dərs deyiblər. Hərəsi ilə bir cür münasibət qurulub. Hansındansa qorxardıq, hansı isə özünü bizə dost kimi göstərirdi. Amma oxucu fikir verdisə, bu müəllimlər arasında bir nəfərin adı çəkilmədi. Bu adam mənə sinifdə dərs deməyib, ancaq bundan asılı olmayaraq o bizim hamımızın - bütün 190-nın əbədi müəllimi idi. O, məktəbin direktoru Sona müəllimə idi.
Biz o zaman elə bilərdik ki, Sona müəllimə 190-da səhərdən-axşama qədər hamıya dərs deyir; bizə də, bizim müəllimlərimizə də. Çox ciddi, tələbkar və hətta bu sözün yeri var, amansız idi. Hansısa qaydanı pozub hansı deşikdə gizlənsəydin belə, onun adamın yeddi qatından neştər kimi keçən baxışları axtarıb-axtarıb səni tapacaqdı. Biz Sona müəllimədən məktəbdə ikən qorxardıq, əlindən dad qılardıq, amma məktəbi bitirdikdən sonra onu sevdik. Bəlkə də bu sevgi ona olan qorxumuzun içində gizlənib öz zamanını gözləyirdi.
Unudulmaz Zərbəli müəllim - mənə ədəbiyyatın nə olduğunu, ona necə, hansı üsullarla yaxınlaşa biləcəyimi, dərsdən əlavə oxumalı olduğum kitabları səbirlə, qəribə bir təmkinlə tövsiyə edən ilk müəllim. Qafiyə, ölçü, bədiiyyat barədə öz istəyi ilə usanmadan dərsdən əlavə mənə dərs verən o oldu. 5-ci, 6-cı sinifdən başlayaraq yazdığım "çiy" şeirləri ilk olaraq ona oxuyurdum, onun təqdiri, fikri mənim üçün son dərəcə vacib idi. Məsləhətlərini heç vaxt əsirgəməzdi. Mənə özünün qoyduğu adla müraciət edərək belə deyirdi:
- Mirzə Kamal, biz səninlə qafiyə və şeir sənəti ilə bağlı ciddi söhbət eləməliyik. Dərsdən sonra gələrsən müəllimlər otağına.
Və biz həftədə 2 dəfə, bəzən 3 dəfə dərsdən əlavə Zərbəli müəllimlə boş sinif otağı tapıb mənim yazdıqlarımı müzakirə eləməyə başlardıq. O zaman başa düşmürdüm. İndi isə başa düşürəm ki, bu görüşlərin mənim üçün hava-su qədər əhəmiyyəti varmış. Onunla dərsdən əlavə söhbətlər məni kitab oxumağa həvəsləndirir, məni təşviq edirdi.
O zamanlar məktəbimizə ayda da olmasa, iki-üç aydan bir tanınmış ədəbiyyat, mədəniyyət adamları qonaq gələrdi. Qonaqlar məktəbə gələndə və Sona müəllimə bu adlı-sanlı şair, yazıçıların qarşısında 8, 9 10"b" sinfinin şagirdi mənə də bizim akt zalında söz verirdi. Oxuduğum şeirə sinif və məktəb yoldaşlarım "məsələ"nin dərininə getmədən, yəni şeirə çox da mültəfit olmadan məni əməlli-başlı çəpik atəşinə tuturdular. Adlı-sanlı qonaqlar təəccüblə məni süzəndə Zərbəli müəllim mənim çıxışımı təqdir edə-edə başını tərpədəndə mən hiss edirdim ki, bu zaman o, əməlli-başlı mənimlə fəxr edir.
Məni isə daha çox başqa şey maraqlandırırdı. Belə çıxışlardan sonra mən bir müddət məktəbdə "qəhrəman" kimi gəzirdim. Qonşu siniflərin qızları məni gizli bir maraqla gözdən keçirir, oğlanlar daha hörmətlə salam verirdilər. Məktəb şairi olmağın öz ləzzəti var idi.
Zərbəli müəllim mənim adımı Mirzə Kamal qoymuşdu. Mən bu adı öz aləmimdə fəxrlə daşıyırdım. Hərdən yoldaşlarım da onun sözlərilə məni Mirzə Kamal çağırırdı. Onlar da mənimlə yaxşı keçinməyə çalışırdılar. Çünki Zərbəli müəllimin inşa yazdırdığı günlər mən məktəbə 5, ya 6 inşa yazıb gətirirdim. Eyni mövzunu bir neçə variantda. Bu, asan məsələ deyildi. İnşalar gərək bir-birinə oxşamayaydı. Oxşamırdılar da.Yazdığım inşaların hər biri azı "4" qiymət alırdı. İnşaları məndən böyük həsrətlə gözləyənlər təkcə dil-ədəbiyyat dərslərini zəif bilənlər deyildi. Dil-ədəbiyyatdan zəif olanlar riyaziyyatı yaxşı bilənlərdi. Mən inşaları, əsasən onlar üçün yazırdım. Təmənnam riyaziyyatdan baş çıxaranların riyaziyyat yoxlamalarında mənə kömək etmələri idi. Bu inşalara görə mən həddən artıq zəif olduğum riyaziyyat yoxlamaları zamanı rahat və arxayıncasına yerimdə oturur, "şparqalka"lar yağış kimi üstümə yağırdı. Mənim sualımın cavablarını sinfimizin "riyaziyyatçılar"ı vaxtlı-vaxtında mənə ötürməyi özlərinin "şərəf borcu" bilirdilər. Amma orasını da deyim ki, mən tərəfdən təmənnasız yazılan inşalar da olurdu. Məsələn, Aslan üçün mən inşanı heç vaxt heç nə ummadan yazırdım. Aslanın normal bildiyi bir dərs yox idi ki, özü ondan yazı yaza bilsin. Hələ mənə köməyi bir tərəfə qalsın.
Mən Zərbəli müəllimin mənə ayrıca tapşırdığı bədii ədəbiyyatı həvəslə və birnəfəsə mütaliə edirdim. O da bunu təqdir edirdi və elə buna görə də adımı "Mirzə" qoymuşdu. Məni xüsusi olaraq sinifdə başqalarından fərqləndirirdi. Amma Zərbəli müəllimin zərbi-dəstindən digərlərinin bağrı çatlardı. Mən bir dəfə o qədər "qudurdum" ki, həyatımda ilk dəfə böyüklər kimi, deyəsən, 9-cu sinfin sonları idi, öz ilk "qiymət" xahişimi məhz ondan - Zərbəli müəllimdən etdim. Aslan rübdə 2 almağa real namizəd idi. Vaxta isə az qalırdı. Bir azdan son rübün qiymətləri yazılacaqdı. Aslanla məşğul olmağa isə, açıq desəm, nə onun, nə də mənim həvəsimiz yox idi. Mən tənəffüslərin birində ürəyim gup-gup edə-edə koridorda Zərbəli müəllimə yaxınlaşdım:
- Salam, Zərbəli müəllim, - dedim və dərhal üzümə yazıq bir ifadə verdim.
- Mirzə Kamal... Nə var, nə yox?!
- Zərbəli müəllim, sizdən bir xahişim var.
- Buyur.
- Zərbəli müəllim, - deyə mən "utana-utana" sözə başladım. Bir az uzaqdan gəldim. - Sizin dediyiniz kitabları oxudum. Çox maraqlı idilər. Ən çox da "Don Kixot"u bəyəndim...
- Lap yaxşı. Oxumaqdan heç vədə yorulma... Hə, nə idi xahişin?
- Zərbəli müəllim, bizim sinifdəki Aslanın ədəbiyyatdan qiymətləri heç yaxşı deyil. Vaxta da az qalır. Mən sizə söz verirəm ki, yay tətilində onunla xüsusi məşğul olacağam. Mümkünsə...
- Hm... - Zərbəli müəllim çəkdiyi "Kazbek" papirosunun tüstüsünü ağzının bir tərəfindən çölə füləyib diqqətlə mənə baxdı - Söz verirsən, deməli? Hazırlaşdıracaqsan onu?
- Bəli, Zərbəli müəllim, söz verirəm.
- Yaxşı, baxaram.
Zərbəli müəllim asta addımlarla müəllimlər otağına tərəf yönəldi. Mən də qaçaraq getdim "xoş xəbər"i Aslana verməyə.
Rübün sonunda Aslanın aldığı 3 qiymət ona imkan verdi ki, payıza qalmasın. Payıza qalsaydı, sinifdə də qalacaqdı. Sevincimizin həddi-hüdudu yox idi. Bu mənim bütün sonrakı müəllimlik fəaliyyətimdə imtahanlarla bağlı birinci xahişim idi.
Zərbəli müəllim mənim ilk redaktorum idi. Məktəbə bayramdan-bayrama şagirdlərlə görüşə hörmətli qonaqlar gələndə məktəbin adından mənə də şeir oxumaq üçün söz verilməsindən başqa, 8-ci, 9-cu, 10-cu siniflərdə Zərbəli müəllim məni özü ilə televiziya verilişlərinə apardı və mən öz şeirlərimi ilk dəfə televiziyada oxudum. Hər belə çıxışdan sonra mən məktəbdə az qala qəhrəman kimi gəzirdim. Sona müəllimə çoxdan məni məktəbdən qovmuşdu, əgər hörmətli qonaqların qarşısında və ya televiziyada 8-9-10-cu sinif şagirdi olan mənə söz vermək ehtiyacı olmasa idi.
Onu da hökmən deməliyəm ki, bizim sinfimizdə mənim kimi daha bir "şair" var idi. O bizim sinfimizə, təxminən, 5-ci sinifdə gəlmişdi. Bizim diqqətimizi ədəbiyyatı gözəl bilməyilə deyil, daha çox riyaziyyatı gözəl bilməyilə cəlb eləmişdi. Zərbəli müəllimlə yaxınlıq qura bilməmişdi. Onun "qəyyum"u məktəbimizin başqa bir ədəbiyyat müəlliməsi var idi, o idi. Bu müəllimənin adı Ramizə müəllimə idi. O, sonralar 132 saylı məktəbin direktoru və Milli Məclisin deputatı oldu. Zərbəli müəllim məni qanadları altına alan kimi, Ramizə müəllimə də bu oğlanı qanadları altına aldı.
Bu oğlan sonralar tanınmış ədəbiyyat adamı oldu. Təəssüf ki, səhhəti ona imkan vermədi ki, nadir istedadı bütün parlaqlığı ilə üzə çıxsın. Amma onu tanıyanların hamısı bir ağızdan deyir ki, o sağ qalsaydı, ədəbiyyatda öz layiqli yerini tutacaq, öz sözünü deyəcəkdi. Ruhu şad olsun. Adı Mehdi Bayramov idi. Biz məktəbdə onu belə tanımışdıq. Ədəbiyyat adamları isə bu gün onu belə tanıyırlar: Mehdi Bayazit!
Mehdinin gözəl xətti var idi. Əsl "nəstəliq" idi. İndi onun şeirlərini yaxşı xatırlamıram, ancaq onu deyərdim ki, bu şeirlər onun yaşına uyğun deyildi, sanki xeyli təcrübəli bir qələmdən çıxmışdılar. Bəlkə də onlara "qoca" şeirlər də demək olardı. Onunla bizimki tuturdu. Bir dəfə məni evlərinə apardı. Deyəsən, bütün sinifdən evlərinə ancaq məni dəvət etmişdi. İndiki Əlyazmalar İnstitutunun həyətində birinci mərtəbədə balaca bir evdə anası ilə bir yerdə yaşayırdılar. Sonra, ya 8-ci sinif idi, ya 9-cu sinif idi, bu yadımda deyil, Mehdi bizim sinifdən və məktəbdən çıxıb getdi. Əslində, həyatımızdan getdi də deyə bilərik. "Niyə"sini bilmədik. Daha heç bir əlaqəmiz olmadı. Sonralar hərdən haqqında eşidirdik ki, Mehdi Politexnikdə oxuyur, amma təəssüf ki, nə o bizimlə görüşməyə can atdı, bunu istədi, nə də bizdə belə bir həvəs oldu. Sonralar mənim tanıdığım ədəbi aləmdəki dostlarımdan Mehdi Bayazit adlı bir qələm sahibi haqqında bəzi sözlər eşitdim. Amma ağlıma heç cür gəlmədi ki, bu Mehdi o Mehdidir. Sözünə, qələminə inandığım Mahir Qarayev, Etimad Başkeçid deyirdilər ki, Mehdi Bayazidin çox böyük istedadı, böyük arzuları vardı. Amansız həyat ona bunları realizə etməyə imkan vermədi. Sıxıntı içində yaşayırmış. Mən sonralar bu iki Mehdini təsəvvürümdə birləşdirə bildim, onu tapmaq istədim, amma artıq çox gec idi. Mehdi həyatda yox idi. Təəssüf!!!
Mən çox istərdim ki, o məni o zaman, ehtiyac onu boğanda gəlib tapaydı. Çünki o məni tanıyırdı. O bunu edə bilərdi. Etmədi. Mən isə sonralar hardan və necə bilə bilərdim ki, Mehdi Bayazit adlı bu fövqəladə istedada malik adam o uzaq məktəb illərindən boylanan haman mavi gözlərinə əbədi ciddilik hopmuş, nəstəliqlə yazan və yaşından tez qocalmış yeniyetmə dostum Mehdidir?! Taxsır kimdədir? Mən hesab edirəm ki, məndədir. Mən gərək bunu duya idim. Mahir Qarayev bir dəfə dedi ki, onlar ikisi - o və Mehdi bir dəfə Akademiyanın həyətində oturmuşdular. Mehdinin pəjmürdə vaxtı imiş. Məni uzaqdan gələn görüblər. Mehdi özünü gizlədib. Mənə görükmək və yaxınlaşmaq istəməyib. Ondan bunun səbəbini soruşan Mahirə isə belə deyib:
- Mən gərək əvvəl əlimdəki romanı qurtaram, sonra onunla görüşəm.
Öz dediyinə görə o, möhtəşəm bir roman üzərində çalışırmış. Nə isə... Qismət deyilmiş. Amma onu tanıyanların qəlbində və təsəvvüründə özü haqda belə bir sevimli iz buraxmaq artıq mükəmməl bir roman idi.
Mehdi Bayazit - Mehdi Bayramov mənim yarımçıq, heç zaman başa vuramayacağım bir mətndir. Diskursu özündən böyük olan mətn. Yeraltısı yerüstüsündən böyük mətn!
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!