Ümid tumurcuğu - Sadiq QURBANOV

Kainat susmuşdu... 

Sanki zamanın axışı dayanmış, dünya öz nəfəsini içinə çəkmişdi. Göylər, torpaq, su - hamısı sükuta bürünmüşdü. Qəflətən bu səssizliyin içindən dərin, sarsıdıcı bir nida yüksəldi, elə bil kainatın ürəyi paramparça olmuşdu:

- Yer titrəyir... Sular ağlayır... Torpaq inləyir... Dünya əzab çəkir. Səbəb? İnsan!

Bu hayqırış elə bir gücə malik idi ki, ən kövrək yarpaqlar belə, əsdi, dənizlər dalğalanıb sahilləri döydü, dağlar ağır bir həsrətlə başını buladı. Təbiət öz canından olanları çağırdı: meşədəki qoca palıdlar, axar çaylar, balıqlar, quşlar, heyvanlar - hamısı çağırışı eşidib toplaşdı. Bir tək insan uzaqda, öz qürur qalasında tək qalmışdı.

O, çağırışı eşitdi, amma tərəddüd edirdi. Axı hər zaman öz zəfərləri ilə öyünmüş, əli ilə yaratdığı şəhərləri, ixtiraları düşünüb qürrələnmişdi. Özünü kainatın sahibi sanırdı. Lakin həyat - həyat heç vaxt insanın tam ixtiyarında olmayıb. İndi oğlunun gözlərində sönən işıq, ürəyində getdikcə zəifləyən döyüntü insanı sarsıtmışdı. Qürur zamanı deyildi.

Əlində çırpınan oğlunu sinəsinə sıxaraq, çayın sahilinə gəldi. Suların üzərində tüstü kimi nazik bir duman gəzirdi. Uzaqlarda, köhnə palıdların yarpaqları qızılı işıqda yanıb-sönürdü. İnsanın addımları ağır və titrək idi, sanki hər addımı ilə torpağa bir damcı göz yaşı damlayırdı.

Birdən yenə o ilahi səs eşidildi, göylərdən torpağa yayıldı:

- Ey insan!

- Torpağın göz yaşı sənə laqeyd oldu. Suların fəryadına kar qaldın. Dağların iniltisini eşitmədin. Sən öz ağlını Tanrının hikmətindən üstün saydın. İndi isə, bax, sevdiyin oğlunun nəfəsini saxlaya bilmirsən!

İnsan başını göyə qaldırıb səssiz bir hayqırtı ilə çırpındı:

- Mən nə etmişəm? Mən inkişaf etmək istəyirdim! Şəhərlər saldım, elmi ixtiralarımın gücü ilə zirvəyə qaldırdım, tibb sahəsində nailiyyətlər qazandım, insan ömrünü uzatdım. Bütün bunlar günahdırmı? Axı bütün bu gücü, ağlı mənə sən vermisən?!

Ətrafa sükut çökdü. Sonra həmin ilahi səs aramla eşidilməyə başladı:

- Düzdür, mən vermişəm. Mən səni öz parçam kimi yaratdım. Amma sən bir az güclənən kimi mənimlə irtibatını pozdun. Nəfsin mənə olan sevginə qalib gəldi. İndi, söylə görüm, əllərində çırpınan oğluna nəfəs verməyə etdiyin ixtiraların gücü yetirmi?

Yenə sükut... Bu dəfə susan İnsan idi. Onun verməyə cavabı yox idi. Üzünü təbiətdəki canlılara tutdu. Sanki onlardan imdad diləyirdi.

Çaylardan həzin bir nida qopdu, hər damla bir ah idi, hər axın bir nalə.

Canlılar bir-bir söz alıb danışmağa başladılar. Hər biri insanın yaddaşında yaralar açırdı.

Qarışqa incə bir səslə danışdı:

- Mən torpağın nəfəsi idim. Hər yuvamla torpağın canına həyat verirdim. Sən məni, yuvalarımı zəhərlərinlə məhv etdin. Torpağın nəfəsini boğdun.

Arı zərif qanadlarını titrədərək ağladı:

- Mən çiçəkləri, meyvələri sevindirirdim. Sən məni və sevincimi məhv etdin. İndi çiçəklər yetim qalıb.

Balıq suların dərinliyindən inildədi:

- Mən dənizlərin mahnısı idim. Sən suları zəhərlədin. İndi ölü bir səssizlik dənizləri bürüyüb.

Bayquş qaranlıqdan dilləndi:

- Mən gecənin müdrikliyi idim. İşığın ifratı qaranlığın sirrini məhv etdi. Gecə artıq sakit bir hikmət deyil, yuxusuz bir zülmətdir.

Cüyür yorğun addımlarla gəlib dedi:

- Mən azadlığın simvolu idim. Sən meşələri yıxdın, azadlığıma daşdan divarlar çəkdin.

Tülkü boynunu bükərək dilləndi:

- Mən torpaqla zarafat edən, onunla əylənən idim. İndi zibilliklərdə plastik torbalarla oynayıram.

Canavar qürurlu bir ah çəkərək dedi:

- Mən tarazlığın qoruyucusu idim. Sən məni qorxunun simvoluna çevirdin, məni ovladın, təbiəti boş qoydun.

Qarğa göylərdən iniltiylə qışqırdı:

- Mən həyatın səyyahı idim. İndi tüstü dolu səmada azıb qalmışam.

Qoca palıd budaqlarını xəfif səslə titrətdi:

- Mən insanın, təbiətin minillik yaddaşı idim. İndi köklərim dəmir altında boğulur.

Sonda Ana Torpaq dərin, yorğun bir səslə dilləndi:

- Mən sənə həyat verdim, sən məni unutdun. İndi həyat da səni tərk edir.

İnsan diz çöküb torpağa əyildi. Əlləri ilə torpağı qucaqladı. Ürəyində bir fırtına qopdu; qürur yox, peşmanlıq, qorxu yox, ümid cücərdi.

Göz yaşları torpağa damladı. Torpaq susmadı. İnsan torpağın nəbzini, altında yenidən döyünən həyatın zəif ritmini hiss etdi.

Başını qaldırıb göyə baxdı və səmimi bir səslə and içdi:

- Söz verirəm, ey torpaq, ey həyat! Səni yenidən dirçəldəcəyəm. Suları təmizləyəcəyəm. Meşələri yenidən ucaldacağam. İxtiralarımdan sənin xeyrin üçün yararlanacağam. Səni sevməyi öyrənəcəyəm!

Göydən torpağa işıqlı bir damla düşdü və düşdüyü yerdə, torpağın sinəsində yaşıl bir tumurcuq baş qaldırdı.

Arı onun üstünə qonub zümzümə etdi:

- Yaşa!

Ana torpaq yavaşca pıçıldadı:

- Mən səni hələ də sevirəm, insan. Amma sən də məni sevməlisən ki, yaşayaq!

İnsan tumurcuğa baxdı. Oğlunun nəfəsi bir az dərinləşdi, gözləri bir az işıldadı.

Göy üzündə yeni bir gün doğdu.

Həyat susmurdu. Həyat tək bir tumurcuqda, tək bir ümid qığılcımında yenidən doğulurdu.

İnsan əlini tumurcuğun üzərinə qoydu. O an, insan, torpaq və göy bir bütün oldular.

Yeni nizam, ahəng başlayırdı.

Sevgi ilə...

Ümidlə...

Həyatla...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!