Vüqar Vana
Alpay AZƏR
"Yelizarovskaya" metrostansiyasının ortasında dalaşmağa hazır vəziyyətdə üz-üzə dayanmış iki orta yaşlı kişini görəndə, qatarı gözləmək yadımdan çıxdı. Güman ki, bunlar vaqonda boş şeyin üstündə mübahisə edibmişlər, - araq içib açarını itirən rusların metroda sonu şil-kütlə, qanla bitən mənasız davalarına bir neçə dəfə rast gəlmişdim, - axırda stansiyaya çıxıb söhbətə son qoymaq qərarına gəlibmişlər. Əlləri qoynunda dörd-beş kişi isə həvəslə onlara tamaşa edirdi. Yad adamların dalaşanları ayırmaması da ruslara xas idi.
Uzun, arıq bədənlinin alt dodağı partlamış, mavi köynəyi qana bulaşmışdı, qara şalvarının dizdən yuxarı hissəsində yekə təpik izi varıydı. Əllərini yumruqlayıb müdafiəyə keçən, əzələli, ortaboylu kişinin nə şalvarında toz ləkəsi, nə də sifətində zərbə izi varıydı. "Hesabda" irəlidəydi deyə, davanı davam etdirməyə o qədər də həvəsli görünmürdü. Və heç biri içkiliyə, sərxoşa oxşamırdı.
Dodağı partlamış kişinin yanında dayanan, hardasa ikinci-üçüncü sinifdə oxuyan, qızılı saçları səliqəylə yana daranmış yumrusifət oğlan xısın-xısın ağlayır, sakit səslə aramsız "Ata, gəl gedək burdan" deyir, əliylə qızarmış toppuş yanaqlarına axan göz yaşlarını silirdi. Deyəsən, uşaq onun ağlamağına reaksiya verməyən atasının yad adamların yanında məğlub olmasıyla, alçalmasıyla barışammır, ondan cavab zərbəsi gözləyirdi. Bu nəticəni atasının qolundan tutub zorla dava yerindən uzaqlaşdırmağa cəhd etməməsindən, tərəddüdlə, ürəksiz "Ata, gəl gedək burdan" deməsindən çıxarmışdım. Bəlkə də adamların diqqətini cəlb etməməkçün hönkürtüylə yox, özünü məcbur edib xısın-xısın ağlayırdı, amma bu ağlamada yanğı, atasına kömək edə bilməməyin çarəsizliyi var idi. Məni dəhşətə gətirən davanın davam etməsinə həvəslə baxan "tamaşaçılar"ın uşağa fikir verməməsiydi. Sanki qladiator döyüşünə baxırdılar. Sifətlərində abırsız təbəssüm olan iki kişi öz aralarında çox güman, "Kim udacaq?" məsələsini müzakirə edirdilər. Onlardan biri bəstəboy, dazbaş arada əlindəki "Baltika" pivəsindən qurtumlaya-qurtumlaya, gözlərini dalaşanlardan çəkmirdi. Qatara minib-düşən qadınlar heç gözlərinin ucuyla da biz tərəfə baxmırdı. İş kabinəsində oturan dispetçerin üzü eskalatorlara tərəf idi deyə, baş verənlərdən xəbərsiziydi, çönüb görsə, milis (o dövrün polisi) çağırardı. Düzü, uşağa görə azca doluxsunmuşdum. Gücüm ürəyimdə "tamaşaçı"lara "Korsuz?! Görmürsüz uşaq ağlıyır?! Ayırın da bunları!" deməyə çatırdı.
Dalaşanları ayırmamağım həm cəsarətsizliyimlə bağlıydı, həm də elə bilirdim, azərbaycanlı tələbə kimi mənim Sankt-Peterburqda bir-biriylə dalaşan, üstəlik, məndən on-on beş yaş böyük iki rusu ayırmağımın heç yeri yoxdu.
Atası hələ də düşməninə tərəf hərəkət edir, ətrafında dövrə vurur, tez-tez ağzına yığılan qanı yerə tüpürərək dodaqaltı söyüş söyür, yumruq, təpik atır, o birisi hər dəfə cəld hərəkətlə geri çəkilir, zərbələri dəf edirdi. Qisas almaq istəyən növbəti həmləsində sol əliylə o birinin qarnına yumruq vurdu. Düşməni əlini qarnına tərəf aparanda, qisasçı tez yumruğuyla onun sağ gözünün altına zərbə ilişdirdi. Ətrafdakılar xorla "Əhsən!" qışqırıb əl çaldı, mən də havaya yumruq atıb "Yes!" dedim. Pivə içən dazbaş baş barmağını yuxarı qaldırıb "mərci" udubmuş kimi yanındakına dedi: "Gördün, mən deyən oldu". Zərbə alanın sağ gözünün altı azca qızarmışdı. Bu vaxt heç gözləmədiyim halda uşaq hönkürtüylə ağlamağa başladı. Mənə elə gəldi, bu, atasının cavab zərbəsinə görə sevincdən doğan reaksiya yox, davaya, zorakılığa qarşı etiraz idi. Hönkürtüdə haray notları sezilirdi. Atası oğluna qışqırdı: "Saşa, bu dəyqə ağlamağına son qoy!" Saşa hıçqırmağa başladı.
Uşağın ağlamağı "tamaşaçılar"ı ayıltdı, qəfil dalaşanların arasına girdilər. Aralayanlardan birinin, cüssəlisinin dediyi "Daha bəsdi. Dağılışın" sözləri indiyə qədər yadımdadır. Gözünün altı qızaran, deyəsən, heç-heçəylə razılaşdı, ya uşağın ağlamağı ona da təsir etdi, sakitcə eskalatora tərəf addımladı.
İndi, 2025-in aprelində bunları yaza-yaza fikirləşirəm, bəlkə, cüssəli kişi əvvəldən uşağın halını görüb gözləyirmiş, atası cavab zərbəsi vurandan sonra araya girsin.
Atayla balanın ardınca vaqona mindim. Oturdular, mənsə bunlarla üzbəüz ayaqüstə tutacaqdan tutdum. Özümü elə apardım, guya fikrim onlarda deyil. "Gördün, onun cavabını necə verdim?" - əl dəsmalını alt dodağındakı yaraya sıxmış ata qürurla dedi. Saşa başını tərpədib zorla gülümsədi. "Mən onu vuranda sən niyə ağladın?" Oğlu çiyinlərini çəkdi. "O alçağın gözünün altı sonra göyərəcək", - atası özündən razı halda dedi. Saşa könülsüz başını tərpətdi. "İnanmırsan mənə?" - oğlunun candərdi, jestlərlə cavab verməsindən əsəbiləşən ata hikkəylə soruşdu. Saşa bir qədər susub dilləndi: "Sabun, makaron, ketçup". - "Nəə?" - atası təəccüblə ona baxdı. "Ana demişdi bunları almaq yadımızdan çıxmasın. Bir də duz".
İki-üç stansiya keçdik, mən vaqondan çıxana qədər, ata-bala başlarını aşağı salıb danışmadılar.
1-30 aprel, 2025
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!