Uşaqlar dünyanın ən təmiz, saf varlıqları kimi bilinsələr də, elə lap müəyyən qədər belə olsalar da, əslində onların da içində qəribə, hətta bəzən böyüklərin içində olan vəhşiliklərdən daha böyük vəhşilik, qəzəb yata bilir. Bu cür hisslər isə bəzən oyana və dəhşətli mənzərələrlə nəticələnə bilir.
Məsələn, "Milçəklər Tanrısı"nın uşaqları kimi.
İngilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan bu alleqorik roman Nobel mükafatına layiq görülüb. Mövzu uşaqlar və dünyası olsa da, hadisələr, mesajlar əsla azyaşlı uşaqlar üçün, ümumən uşaq ədəbiyyatı deyil.
Konkret olaraq belə demək olar:
Romanın süjet xətti, burada baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra baş verir. Daha dəqiq desək, Qoldinq bu roman, romandakı hadisələrin vasitəsi ilə insan, xüsusən də, uşaq təbiətinin içində olan vəhşiliyə güzgü tutur.
Roman kimsəsiz adaya düşən dörd nəfər uşağın həyatda qalmaq üçün birləşməyi və mübarizəsi ilə başlayır. Onların adadan xilas olmağa ümidi var və məhz bu ümid də onları uşaqlıqdan çıxmağa vadar edir.
Uşaqlar adada ilk olaraq öz aralarında işlər üçün bölüşmə aparsalar da, əslində hadisələr, onların içindəki mənfi hisslər də buradan qaynaqlanmağa başlayır, bu birlik uşaq eqoizminin əsl üzünü göstərir. Məsələn, adada olan uşaqlara sonradan başqa uşaqlar da qoşulur və onlar arasında liderə ehtiyac duyulur. Beləliklə, ilkin olaraq "Raf" adlı uşaq qrupa rəhbər seçilir. Bu hissə, rəhbərin seçilməsi üsulu həm də romanın demokratiya xəttidir. Uşaqlar arasında yaranan bu cəbhənin işi isə bununla bitmir. Burada ortaya başqa mübahisələr düşür və rəhbərlik də aralarında bölünür. Digər rəhbər isə,"Cek" adlı uşaq olur. Daha dəqiq, qrupdakı xüsusi olaraq ovçuluq işi ona verilir.
Bəs niyə "Milçəklər tanrısı"?
Belə ki, digər lider olan Cekin yaratdığı dəstədəki uşaqlar digər uşaqlardan vəhşiliklərinə görə seçilməyə başlayır. Onlar, belə demək olarsa, əxlaqlarını da itirirlər, dəyərlər gözlərində heç olur, "Milçəklər tanrısı" adını verdikləri bir donuzun başını büt halına gətirirlər.
Uşaqlardan biri - Simon adlı uşağın tək meşəyə getməsi və digər uşaqların donuzun başını bir nizəyə taxıb qoyduqlarına şahidlik etməsi əsas mətləbdən söz açır.
Donuzun başı burada milçəklərlə örtülmüş vəziyyətdə olur və Simon bir növ affekt halına düşərək onunla "danışmağa" başlayır.
Bu səhnə isə romanın klimaksıdır.
Bəs verilən mesaj nədir?
Əslində, milçəklərlə örtülən donuzun başı şəri, vəhşiliyi simvolizə edir. Simon isə, bir növ, peyğəmbərliyi, paklığı, xeyri (Raf adlı uşaqsa eyni ilə).
Müəllifə görə, yaşından asılı olmayaraq hər insanın içində bir şər, qəzəb, nifrət var və cəmiyyətə aid olan qaydalar pozulduğu an bu mənfi hisslər ortaya çıxır. Yəni bir növ, əsər mesaj olaraq qayda və qanunların nizamını aşılamağa çalışır.
Əsərdəki "Milçəklər tanrısı", yəni elə "Donuz başı" məhz bu mənfiliyin simvoludur. Bütün bu mesajlar isə obrazların dili ilə - Raf və Cekin timsalında verilir. Burada Raf əxlaqı, ağlı, qayda-qanunu, Cek isə şəri, vəhşiliyi, şeytani gücü simvolizə edir.
İstər roman boyu, istərsə də əsərin sonlarına yaxın uşaq dünyasından verilən hadisələr, doğrudan da, dəhşətlidir və insanı düşünməyə vadar edir. Sonlara yaxın oğlanlar bir-birlərinə qarşı zorakılıq edir, hətta qətl belə törədirlər. Sonda isə adaya bir ingilis zabiti gəlir və uşaqları tapır. Bu zaman uşaqlar etdikləri dəhşətləri anlayır və ağlayırlar - həm qorxudan, həm peşmanlıqdan.
Qətl necə olur və buradakı mesaj nədir?
Meşəyə gedən Simonun adaya geri dönəndə digər uşaqlar tərəfindən tanınmaması və öldürülməsi, cəmiyyətin həqiqəti daşıyan adamlara necə münasibət bəslədiyini göstərir. Banlayan xoruzun başı üzülən kimi, "həqiqəti danışanda da qorxu içində olan kütlənin reaksiyası belə olur" mesajı verilir.
Roman, eyni zamanda özündə həm də bir sosial təcrübəni ehtiva edir. Uşaqların müəyyən şərtlər altında ilkin genetikalarına, instinktlərinə qayıtması bu dünyaya güzgü tutur, qəbul edilməsi çətin olsa da, reallığın bu cür olduğunu göstərir. Müəllif insanın daxili dünyasındakı xaosun üzdə olduğunu ustalıqla təsvir edir. Simvolizmlə ifadə etsək, bu roman insanın təbiətən şeytan olduğunu bildirir.
Roman mahiyyətcə sual verir:
- Eyni vəziyyətdə sən hansı tərəfdə olardın?
- Bəs bu cür mesajlar verilən başqa romanlar necə, varmı?
Doğrudur, sujet xətləri fərqli olsa da, məsələn, George Orwellin "1984" romanında qorxu, manipulyasiya və cəmiyyətin idarə olunması xətti də məhz bu romanla oxşarlıq təşkil edir. "1984" romanı utopik romandır, ancaq fərqli hadisələr fonunda bənzər hisslər ustalıqla verilib.
Yaxud da "Heyvanıstan" əsərindəki cəmiyyət qurmaq və sonra onun pozulması xəttini də buna misal olaraq göstərmək olar.
"Vəba" əsəri bu xəttə ən yaxın olan əsərlərdəndir. Sözsüz, digər romanlarda da, burada da məsələ plagiatlıq yox, müəlliflərin başqa hadisələrlə eyni hissləri çatdırmaq istəkləridir (Özləri bu cür hiss etməsə, bilərəkdən etməsələr də).
"Vəba" əsərində baş verən bir fəlakət zamanı insan davranışları və əxlaqı üzə çıxır (şəhərdə epidemiya yayılır, insanlar öz vəhşi instinktlərini ortaya çıxarır). Xəstəlikdən sağ qalmaq uğrunda mübarizə ilə, adada sağ qalmaq uğrunda olan mübarizə və edilənlər bir növ eynilik təşkil edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!