Unudulmaz Rəsul Rzanın dil əzbəri olan misralarıdı:
Mənim sevgim sevgi idi -
Sadə, yaxşı...
O sadə, yaxşı sevginin axarını layiqincə davam etdirən iki könül, ruh sirdaşının - xalq yazıçısı Anarın və akademik Zemfira Səfərovanın birgə ömür-gün yolçuluğundan unudulmaz fraqmentləri əks etdirən "Ardı yaşanılır" adlı sənədli filmin təqdimatı bir araya gətirdi görkəmli ziyalılarımızı, sənət ustalarımızı. Yanvarın 31-də, axşam saat 7-də… Budəfəki ünvan Nizami Kino Mərkəzi oldu. Əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə araya-ərsəyə gələn filmin qəhrəmanlarının mənalı, bənzərsiz ömür yollarından, dəyərli fəaliyyətlərindən bəhs etdi. Bildirdi ki, 80 illik ömrünü Azərbaycan ədəbiyyatının, ümumən, mədəniyyətimizin inkişafına ləyaqətlə həsr edən Anar təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə, Azərbaycan cəmiyyətinin həyatında bir mərhələdir. Təqdim edilən film Anarla musiqişünas, akademik Zemfira Səfərovanın sevgi münasibətləri, 55 illik birgə ailə həyatı və bu gün də davam edən ömür yollarından bəhs edir. Filmin qəhrəmanları öz-özlüklərində elmi-mədəni və ədəbi həyatımızın inkişafında xüsusi xidmətləri olan insanlardı. Çox vaxt yaddan çıxarırıq ki, hər bir böyük sənətkarın özünəməxsus özəl, fərdi təbiəti, mühiti, ünsiyyətdə olduğu, qəlbən bağlı olduğu aləmi var. Bu məsələlər həm də sənətkarın bədii yaradıcılığı ilə bağlı məsələlərdir. Filmin ssenari müəllifi, hər iki qəhrəmanın övladı Günel xanım bu məsələlərə diqqət və xüsusi həssaslıqla yanaşıb…
Çıxışına Lev Tolstoyun "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailənin isə özünə xas bədbəxtliyi olur" fikrilə başlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, ancaq çox vaxt heç də bütün xoşbəxt ailələr bir-birinə bənzəmir: "Hər bir ailə özünəməxsusluğu ilə seçilir. Sədaqət, fəadakarlıq, inam, hörmət, sevgi duyğuları xoşbəxt ailənin qarantıdır. Bu mənada xalq yazıçısı Anar və görkəmli musiqişünas alim Zemfira xanımın özünəməxsus ailə platformaları var. Daim axtarışda olan, yazıb-yaradan, aktiv fəaliyyət göstərən cütlük qarşılıqlı sevgi və hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat sürüblər. Əlbəttə ki, burada ailə kökləri, gen yaddaşı böyük rol oynayır. Onlar yüksək zəngin ənənələrə malik ziyalı nəslinin davamçılarıdır. Onların ailə prioritetləri sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə yanaşmaq, uşaqlarının tərbiyəsində ortaq fikirlərə sahib olmaq prinspinə söykənir… Ulu öndər Heydər Əliyev böyük qürurla deyirdi: "Nigar xanım öz həyat yoldaşı Rəsul Rza ilə birgə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Məmnunam ki, onların övladları, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir". Eyni fikirləri Zemfira xanımın elmi, ölkənin ictimai həyatındakı fəal iştirakı haqqında da demək olar. Zemfira xanım həqiqətən gözəl insan, səmimi dost, maraqlı həmsöhbətdir. Anar müəllimin, sözün həqiqi mənasında, sirdaşı, arxası, ona ilham verən xanımıdır".
Sonra "Ardı yaşanılır" sənədli filmi təqdim olundu. Kadrlar izləyiciləri ötüb-keçən günlərin unudulmazlığına götürməkdəydi. Bir yandan da bu şeir; Anarın sevimli Zemfiraya ünvanladığı duyğulu misralar… Hər misra "mən səninləyəm, mən burdayam" havası ötməkdəydi… Kıpır-kıpır, sıx-sıx:
İl illərə qalandı,
Sevgi, intizar, kədər,
Sevinc, fərəh, itkilər
Bir-birinə calandı.
Bəs bu qoca dünyada
Nələr keçib gedəndi,
...Burda bizdən nə qalar? -
Alnıaçıq balalar,
Şirin-şirin nəvələr,
Ağ vərəqlər üstündə
Çəkdiyimiz əzablar
Yazdığımız kitablar,
Bir də xatirələrdə
Yaşayacaq eşqimiz -
Hərarətli, pak, təmiz…
Təsəlli tapırsan ki, bu iztirablı, nostalji yaşamı ifadə edən fikirləri bitib-tükənməz, ümidli, "insanda insan oyadan" deyimlər tamamlayır:
Hələ axşam düşməyib,
Bu qaralan qaş deyil.
Yaz ötüb, yay bitsə də
Payız hələ qış deyil.
Təqdim olunan filmdə (elə bu şeirdə də) Anar müəllim hələ də yazmadığı, özü də ən sevimli əsəri olacaq ömür-gün yoldaşı Zemfira xanımla birgə, üzbəüzdü - ilin dörd fəslində də baharı və yazı olan könül həmdəmi ilə… Ötüb keçən vaxt ölçüsünün əqrəbləri onları bir-birinə daha da yaxınlaşdırır, bir-birinə köçürür, özlərini bir-birində daha çox tapmağa hesablayır, "başlarını yaşamağa qatır", onları bütün nəsillərin yaşıdlarına çevirir.
Tənqidçi Vaqif Yusifli "Anarı, onun ömür yolunu bir neçə sözlə səciyyələndirməli olsaq, ilk sözümüz "istedad" olacaq" yazır. "Bəs son sözümüz?" - deyə sual etmək istəyirəm. Yenə də Vaqif müəllimin fikirləri üzərinə dönməli oluram: "Anarın ömür yolunu tam səciyyələndirən istedad sözü ilə yanaşı şəxsiyyət sözünü də bura qatıram. Anar şəxsiyyətdir". Qələm dostum Azər Turanın "Abidə insan" deyə dəyərləndirdiyi Anar ömrü əsl müdriklik örnəyidir. Hər cür mənəmlikdən uzaq olan bu görkəmli yazıçı təkcə vətəndaş, qələm adamı, sənətkar və şəxsiyyət kimi özünütəsdiq müstəvisində prinsipial, güzəştsizdir.
Şəksizdir ki, Anarın yanında olub, yalan danışmaq ayıb olan işdi.
Şəksizdir ki, Anarın yanında olub insanlıq və bəşəri dəyrələr yolunda tarana getmək bir su içimidi.
Onun yanında olub, müti, qorxaq böyümək olmaz. Bir yazıçı olaraq onun üçün yenilik də, bədii keyfiyyət də, ədəbiyyatın (və həyatın) təsir gücü də mübarizələrdən ibarətdir.
Anarın müxtəlif janrlarda qələmə aldığı əsərlər birmənalı olaraq həmişə "ruhca, məsləkcə, əqidəcə yeni yazılar olub; cəsarətdən özü də vətəndaş cəsarətindən su içən bu yazıların bətnində həqiqət olub, inam və vicdan olub". Onun kitabları zaman-zaman uzunmüddətli ünsiyyət, möhkəm dostluq, sədaqət, mehribançılıq və qədirbilənlik vasitəsi olaraq oxunub. Bu kitablar ehtiva etdikləri dəyərlər baxımından başdan-başa xalqımıza, cəmiyyətə və dövlətçiliyimizə səmimi məhəbbət və hörmət hissindən yoğrulmuşdur.
Təqdim edilən filmdə diqqətə çatdırdığımız həqiqətlərdən birbaşa söz açılmasa da, tamaşaçı yaddaşında Anar müəllimin halal haqqı olan bu etiraflar bütün ehtişamı ilə cövlan edir. Eyni zamanda fərqinə varılırdı ki, onun vəfalı ömür-gün yoldaşı, akademik Zemfira Səfərovanın klassik musiqi dünyamızın, xüsusilə Səfiəddin Urməvi, Əbunəsr Fərabi, Əbdülqadir Marağayi, Mir Möhsün Nəvvab kimi ustadların yaradıcılığından bəhs edən fundemental araşdırmaları mədəniyyətimizin ən dəyərli örnəklərindəndir.
Baş-başa kamala yetən qoşa abidələrə dərin sevgi, minnətdarlıq duyğusu ehtiva edir "Ardı yaşanılır" sənədli filmi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!