İTİK
Atalar düz deyibmiş, yaman şeymiş itik. İtirəni ovundurmaq, sakitləşdirmək, təsəlli vermək faydasızmış. İtirənin ufultusu, göynərtisi, nərəsi yerə-göyə sığmazmış. O ki qala, itirdiyin əzizlər əzizi pul ola.
Necə olmuşdusa Göyimanlılar nəslinin xələfi Göyəm kişi göz bəbəyi kimi qoruduğu bir manatını itirmişdi. Kişi hirsindən tir-tir əsir, vay-şivəni evi yeddi bal gücündə zəlzələ kimi silkələyirdi. İki gözünü dörd eləyib ciblərini, çarpayıların altını, dəftər-kitabın arasını, tualetə gedən yolu, bir sözlə, bütün dəlmə-deşiyi ələk-vələk edirdi. Bununla kifayətlənməyən Göyəm kişi səsinə hədə tonu verib arvad-uşağı axtarışa cəlb eləmişdi. Nə olursa-olsun, itirdiyi manat tapılmalıydı. Yoxsa bu evdə sabitlik bərpa olunmayacaqdı:
- Bax, sizə deyirəm, mənim bir manatım tapılmasa, dərinizi soyacağam! Götürən gətirsin, bilən yerini desin.
Ərinin xasiyyətinə yaxşı bələd olan Dürnisə arvadın vecinə deyildi. Amma uşaqlar qorxudan siçanlardan satın deşik istəyirdilər. Təkcə xeyli ürəkli olan kiçik oğul anasının tərəfində olduğunu gizlətmirdi. Göyəm kişi axtarışın nəticə verməsi üçün zorun gözünə şirəli mükafat da qatdı:
- Manatın tapılması üçün üç cür mükafat vəd edirəm: nəvələrə qoğal hədiyyəsi, cavanlara zoğal arağı, arvad, sənə də sığal darağı çatacaq.
Dürnisə arvad iki əlini bir yerə cəm eləyib Göyəm kişiyə qaramat atdı:
- Kül təpənə! Ə-ə-ə! Bir manatdan ötrü nə ödünü qusursan?! Elə bil kişinin dəryada gəmiləri batıb. Bir manatın dəyəri nədir ki, həm özünü öldürür, həm də külfəti qara-qorxu altında saxlayırsan. Cibi cırılan, bağrı yarılan sənin kimi olurmuş ey…
Göyəm kişi arvadının qınağı qarşısında daha da alovlandı, od püskürdü:
- Bu itikdir, ay arvad! İtiyin göynərtisini sən haradan biləsən?! Min manat xərcləsəydim, ürəyimdən olardı. Kaş, bir manatı itirməyəydim.
Söz güləşindən bir murad hasil olmadı. Dürnisə arvad bir daha yəqinləşdirdi ki, başına kül yağanın bağçasında gül bitməz. Kənara çəkilib itik əhvalatının sonunu gözləməyə qərar verdi.
Göyəm kişi bir manatın itməsi barədə qəzetlərə elan verdi, televiziyada çıxış elədi, yaxına-uzağa car çəkdi. Uluslararası təşkilatlara məlumat verməyi də yaddan çıxarmadı. Güclü külək, tufan əl boyda kağızı hara desən vıyıldadardı. İtiyin təyyarə qəzasında, gəmi batımında, maşın toqquşmasında yoxa çıxmaq ehtimalı vardı. Zərərdidə bildirdi ki, kim onun itmiş manatını tapsa, yerini nişan versə, əvəzində ona min manat bağışlayacaq. Aldatmaq yolu ilə pul qazanmaq fikrinə düşənlər məqsədlərinə nail olmayacaqdılar. Çünki Göyəm kişi manatına yalnız özünə məlum olan işarələr vurmuşdu.
Günlər keçir, manatın hərtərəfli axtarışından muştuluq xəbəri verən tapılmırdı. Çoxları çalışırdı ki, bir manatı tapıb min manatı qapsın. Nə edəsən ki, arzu gerçəyə çevrilmirdi. İtmiş manatın həsrətindən Göyəm kişi yaman günlərə qaldı. Gözünə yuxu getmədi. O qədər arıqladı ki, arxı adlamağa taqəti çatmadı. Axırda Dürnisə arvad qiyamını qiyamətə qoymadı:
- Ay kişi, təkcə sən yox ey, bütün Göyimanlılar nəslinin qeyrəti - küllü başı, bəllidi. Diqqət elə. Keçmişdən üzü bəri gəlirəm. Arazın o tayını itirdik, məxsus olduğun nəslin səsi çıxmadı. Dəmir Qapı Dərbəndi, Borçalını, Zəngəzuru, Göyçəni itirdik. Ayağa qalxa bilənlər qalxdı. Ancaq sənin nəslinin cıqqırı çıxmadı. Dağlıq Qarabağı itirdik, yenə nəslin ağzına su aldı, əlinə silah almadı. Şah İsmayıldan, Nadir şahdan əmanət qalan böyük Vətəni parça-parça itirib kiçildik. Məgər bunlar itik deyilmi? Bunları - itirilən torpaqları geri qaytarmağı, parçalanmış Vətəni bütövləşdirməyi düşünmək əvəzinə, bir manatın itiyindən ötrü ərşin dirəyini silkələyirsən.
Hadisə baş verəndən bəri kiçik oğul da pul itiyi vurnuxmasının içindəydi. O, hər dəfə anasının qoltuğuna sığınmaqla bu müəmmalı mübahisədə onun tərəfində dayandığını nümayiş etdirirdi. Ata təklənmişdi.
Göyəm kişinin boz üzü qızarmaq əvəzinə bir az da bozardı:
- A qanmazlar, niyə başa düşmürsünüz? Vətən hamınındı, manat isə mənim şəxsi malımdı.
Bu cavabdan təəccüblənmiş Dürnisə arvad pəncərədən ətrafa göz gəzdirdi. Deyəsən, möcüzə baş verirdi. Qaş-qabağı tutulmuş göydən nəsə ələnirdi. Üçü də özünü bayıra saldı. "Kaş, göydən pul yağaydı, hamısı da mənim olaydı" fikri vəhşi bir ehtirasla Göyəm kişinin içini cırmaqladı. Baxışları acgözlüklə göydə araşdırma apardı. Lakin arzusu çin olmadı. Bu ələnti hərəsinin gözünə bir cür göründü:
- Ay ana, göydən gül yağır!..
- Ay oğul, göydən qar yağır!..
- Ay aman, göydən kül yağır!..
Gül oğulun qucağına, qar Dürnüsə ananın saçına, kül Göyəm kişinin başına yağırdı…
***
BALABAN
Adı Sakit idi, peşəsi ocaqçı. Xasiyyəti adına çəkmişdi - dili ağzında, ağzı da başının nəzarətində. Amma yeri gələndə, qarşı tərəf onu adam yerinə qoymayanda dilini işə salırdı, elə salırdı ki, qarşıdakının dəymişi dura-dura kalı tökülürdü. Bir də, gözlənilməz hərəkətləri ilə qarşısındakını gülünc vəziyyətdə qoyurdu. İdarənin Molla Nəsrəddiniydi - özü gülmür, ətrafını güldürürdü. Yəqin ki, hədəfdə olanı da ağladırdı. Onun heç kimlə, heç kimin də onunla işi olmadığı üçün belə hallar nadir hallarda baş verirdi. Maaş verən müdirindən tutmuş hüququnu qoruyan azad həmkarlar təşkilatının sədrinədək onu işinin öhdəsindən vicdanla gələn bir fəhlə baba kimi tanıyırdılar. Hamı əmin idi ki, nə qədər ki, Sakit kişi ocaqçıdır, deməli, qışın ən soyuq aylarında belə, heç kim üşüməyəcəkdir. Tamahı da özündə olan adamdır. Yaxşı bilir ki, onun peşəsi ocaqçıdır, qarınçı deyil. Qarınçıları yuxarıda axtarmaq lazımdır.
Deyirlər, yaxşı işçini yaman göz də görməyə məcburdur. Yaxşı işçi sayılan ocaqçı Sakitin əməyini rəhbərləri ildə bir dəfə yaxşı gözlə baxıb yüngülvari qiymətləndirir, mükafatlandırırdılar.
Sən saydığını fələk başqa cür sayanda iş bərbad olur. Asılı olduqlarına şirin sözün acı, düz işin əyri kimi görünür. Günahsızlığına şahid kimi səsləndirilən and-aman da köməyinə çata bilmir. Kor atı minib köndələn çapırlar.
Qəzadan qaçmaq olmur. Ondan heç kim sığortalanmayıb. Bu deyimlər hamıya tanışdır. Onunla aşağılar istər-istəməz barışırlar. Yuxarılar isə…
Qışın oğlan çağında gözlənilmədən qaz xəttində qəza baş verdi. Sakit kişinin işlədiyi idarənin qazı da kəsildi. İşçilər daha qazanxananın payladığı istilikdən otaqlarda xumarlana bilmədilər. Qəzanın aradan qaldırılmasına iki gün vaxt sərf olundu. Bu iki gün arzuolunmaz işini gördü. İşçilər soyuğun təsirindən birtəhər yayınsalar da, bunu müdir bacarmadı. Çünki o, vəzifə kreslosundan ayrı dura bilmirdi. Müdir soyuqladı və soyuqlama zəhlətökən qriplə nəticələndi. Müdirin gözü sulandı, burnu axdı, öskürək içini "şumladı". Azad həmkarlar təşkilatının sədri İman Amanov nə qədər dərman daşısa da, təsəlli versə də, əynini qalın eləyib başına tüklü papaq qoymağı məsləhət versə də, zökəm - qrip geri çəkilmədi.
Hər hadisənin bir günahkarı olur və o günahkar haqlı-haqsız cəzalandırılır. Şəhər başçısı komissiya təşkil edib baş verən partlayışın səbəblərini araşdırdı. Kimlərisə məsuliyyətə cəlb edib cəzalandırdı. Bu cəza bəs etmədi. Müəssisələrdə də günahkarlar axtarılıb cəzalandırıldı. Bu sanballı cəzanın biri də Sakit kişinin payına düşüb, kefini pozdu. Çünki bu işdə o, özünü təqsirkar bilmirdi. Ocaqçı uşaq deyildi. Bilirdi ki, birinci cəza işdən çıxarılmaya hazırlıq, mükafatların kəsilməsi deməkdir. Günahsız yerə cəzalandırılanda adam qaladığı ocaqdan betər yanır. Necə olursa-olsun, o, bu cəzanı üzərindən götürməliydi. Bu işdə Sakit kişiyə ən yaxın yardımçı işçilərin hüququnu qoruyan, lazım gəlsə, müdiriyyətin düzgün olmayan əmrinə "veto" qoyan azad həmkarlar təşkilatının sədri İman Amanov ola bilərdi.
Sakit kişi ərizə ilə Amanova müraciət edib ondan aman istədi. Amanov da qanunun gücünə arxalanaraq ehtiyatla, aramla bu qüsuru aradan qaldıracağına söz verdi:
- Sakit kişi, müdir müdirdir. Onun üzərinə birbaşa yerimək işi daha da ağırlaşdırar. Mən məsələnin nə yerdə olduğunu manevr edə-edə balabanda ona qandıracağam. Ona kimi qrip də burnunu rəhbərin burnuna soxmaqdan peşiman olub, çıxıb gedər. Soyuqlamış rəhbərin canı qızar, qərarında israrlı olmaz.
Hadisədən sonra ümumi iclas çağırıldı. Müdir hesabat xarakterli məruzə ilə çıxış etdi. Sakit kişi məruzəni diqqətlə dinlədi. Çünki gözləntisi vardı, ancaq müdir ona haqsız yerə yapışdırdığı şiddətli töhmətə toxunmadı. Bəs İman müəllim müdirlə təklikdə bu barədə balabanı işə salmamışdımı? Görünür, həmkarlar təkilatının sədri hələ hirsi soyumamış müdirə işarəli söz deməyə cəsarət etməmişdi. Yəqin sözünü bu iclasa saxlamışdı.
Amanov kürsüyə qalxdı. O, müdirin uğurlarını qızğın müdafə etdi və perspektivdə nəzərdə tutulan nəzəri müddəaları alqışladı. Sakit kişi ümidli olduğu adamın balabanda anlatmaq üsuluna rast gəlmədi. Ya da üsul elə dərinlikdə idi ki, cəzaçı bunu sezə bilmədi.
Yığıncaqdan sonra Sakit kişi balabanda qandırmaq üsulunu işə salıb-salmadığını Amanovdan soruşdu. Təşkilat sədri onun təlaşını sakitləşdirdi:
- Balaban üsulunu çox səsə salmaq olmaz. Mən sənin nigaranlığını, haqsız yerə cəzalandırıldığını balabanda müdirə qandırmışam. Səbrin olsun, mütləq müsbət cavab olacaq.
Günlər ayları, hadisələr də yığışıb iclasları yola salırdı. Hər iclasda, ocaqçı Sakit kişi balaban əməliyyatını izləyir, ancaq xeyirli bir nəticə hasil olmurdu və hər dəfə də Sakit kişi sədrə deyirdi:
- Bu dəfə də balabanın səsi çıxmadı. Səs çıxmırsa, qanmazı necə qandıra bilərsən. Bir şiddətli töhmətim var, birini də versə, kəndirim kəsiləcək, uşaqlarım ac qalacaq. İşə cürətlə girişmək lazımdır.
Və hər dəfə də Amanov ocaqçıya ürək-dirək verirdi:
- Müdir əmr verəndi. Mənim sədr olduğum azad həmkarlar təşkilatının məsləhət verməkdən o yana gücü çatmır. Çatar ey… Onda da xiyar əyri bitəcək. Bunun üçün gərək düzələsi işləri balabanda qandırasan.
Yenə iclas çağırıldı. Yenə ilk olaraq müdir danışdı. Yenə Amanov rəhbərin sözlərini alqışlamaq üçün kürsüyə qalxdı. Gözlənilmədən yerdən səs ucaldı:
- İcazənizlə, mən sədrdən əvvəl bir neçə kəlmə söz deyəcəyəm.
Bu müraciət Sakit kişidən gəldi. O, söz demək üçün icazə istəsə də, icazə verilməsini gözləmədən xitabət kürsüsünə qalxıb həmkarlar təşkilatının sədri Amanovla yanaşı durdu. Onun hərəkəti hamını çaşdırdı. Hansı ehtiyacdan o, qaydanı pozmaq niyyətinə düşmüşdü? Camaat bir yana, hətta iclasın rəyasət heyəti belə, ocaqçının yersiz hərəkətini bir yerə yoza bilmədi. İclas iştirakçıları özlərinə gələnə kimi Sakit kişi nitqə başladı:
- Ay camaat, neçə vaxtdır azad həmkarlar təşkilatımızın sədri cənab Amanov mənim ricamı müdirə birbaşa yox, balabanda qandırmaq istəyir. Hələ ki, ortalıqda bir şey görünmür. Nəticəsizlik onu göstərir ki, sədrin mətləb qandıran balabanı işlək deyil. Bu səbəbdən də səsi çıxmır, - bu yerdə o, çıxışını saxlayıb əlini qoltuq cibinə saldı. Oradan bəzəkli bir balaban çıxartdı. Əvvəlcə balabanın yastı qamış ucunu dodaqları arasına aldı. Var gücü ilə yastı balabanı pilədi. Balaban kimisə çağırıb ayıldırmış kimi səsləndi. Sonra Sakit kişi aləti Amanova uzatdı. - Hörmətli sədr, alət işləyir. İndi mənim günahsızlığım barədə balabanda müdirə nə qandıracaqsansa qandır, biz də bilək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!