Musa Aslanxanlı - ŞEİRLƏR

***

Bizi mübarizənin ön sıralarında 

görmək istəyən ustad Xalq şairi 

Rəsul Rzanı xatırladım.

 

Ustad, o ön sıraya

Bütöv bir xalq yürüdü!..

Dedik, əzildik, qalxaq,

Kükrədi haqq, yürüdü!..

 

Sərkərdə bir cəsur ər,

Yumruğunu gördü şər!..

Bizi haqlı bilənlər,

Yaxın, uzaq yürüdü!

 

Ərlər döndü özünə -

Azərbaycan sözünə!..

Düşdü haqqın izinə,

Bir şanlı çağ, yürüdü!

 

Nida-bayraq bir ərdə,

O bir ulu sərkərdə!..

Sərkərdə neçə yerdə

Asdı bayraq, yürüdü!..

 

Şanlı tarixdən yenə,

Gör kim gəldi bu günə!

Neçə ulu ərənə,

Çatdı soraq, yürüdü!..

 

Sönmüş ocaq, işıq var...

Oğul ki olmadı xar -

Yansın, - dedi - işıqlar,

Oldu çıraq, yürüdü!..

 

Azmı haqları boğan?

Bu yürüşə kəc baxan...

Vətən deyən qəhrəman

Şərdən iraq, yürüdü!..

 

Bəy oğullar özləndi,

Ad-san ilə süsləndi!..

Zəfər kənd-kənd səsləndi,

Ocaq-ocaq yürüdü!..

 

Haqq üçün mübarizə

Şərəfdir, şandır bizə!..

Tarix də üstümüzə

Açdı qucaq, yürüdü!..

 

Həsrətinlə

 

Həsrətindən bezmədim, yox,

Nə ağrıdım, nə qəm etdim.

Süzdüm onu məlhəmlərə,

Neçə dərdə məlhəm etdim!..

 

Gizlənmədi küncdə, tində,

Mənimləydi hər çətində...

Vəfa gördüm həsrətində -

Onu ömrə həmdəm etdim...

 

Həsrət - gecə, o necə gül,

Açılacaq, səbr et, könül.

Solmaz olsun o qönçə gül,

Ulduzları şəbnəm etdim...

 

Yazdım, demə axı niyə,

Muradına yetsin deyə...

O, bar versin, bitsin deyə,

Əlimi də qələm etdim...

 

Həsrətinlə çatdım hara…

O bir yolmuş uğurlara...

Bələdçimmiş, bildim daha, 

Qədəmini möhkəm etdim...

          

Hardasan?

 

Ay gəncliyin yaz havası,

Dərdlərə qənim, hardasan?

Ay ilk sevgi - şehə dönən

Dumanım, çənim, hardasan?..

Ha arayım sağı, solu,

Dərdlə, qəmlə könlüm dolu...

Gedənlərim çoxdu, yolu

Mənsiz gedənim, hardasan?..

 

Bilmirsənmi dünya yalan,

Neçə döngə, neçə dalan?!

Bu şər vaxtı yolda qalan,

Gözdən itənim, hardasan?..

         

Yox, demirəm satılmısan...

Alağamı qatılmısan?

Şoranamı atılmısan,

Saf, qızıl dənim, hardasan?   

Sən Xalq, Vətən, Turan deyə ,

Neçə dərdə çıxdın yiyə!..              

Zəfərlərə, qələbəyə 

Xalqla yetənim, hardasan?..

         

Birlik varsa, xalq böyükdü,

Yad o gücü görcək, hürkdü...

Bir ulu yol - bütövlükdü,

Bütöv Vətənim, hardasan?..

 

***

Yadımdadı o vədə,

Yadımdadı o işıqlar...

Haradan gəlib, haraya gedirdi? -

Əllərim çatmayan

O gözəllik, yaşıllıqlara bürünmüş 

o bahar...

Nədənsə dönüb mənə baxırdı o hərdən...

Onun sevinci nədən yaranmışdı,

kədəri doğulmuşdu nələrdən?..

O mənim ömrüm idi -

mənsiz qalan, məndən uzaqlarda...

məndən uzaqlardan keçib gedən...

 

***

Bəzən gerçəkliyə qiymət verilməz,

Gözəl əməllər də dönər hədərə.

Oyunlar yenə də çəkər ömrünü

Ağlına gəlməyən "qəza-qədər"ə...

 

Qoruya bilməzsən əlindəkini,

Ruhuna, qəlbinə çökər ağrılar...

Xeyrin də, şərin də qarışıq düşər,

Ömrün boşluqlarda itər, dağılar...

 

Qarışıq duyğular qəhr edər ömrü,

Pərdəsi açılmaz nə qədər sirrin...

Bəzən bir qayğısız, duyğusuz bir əl

Söndürər nurunu gözəlliklərin...

 

Məhəbbətin

 

İllər keçir, ayrılmazdı

Yenə könül, məhəbbətin.

Göylərdə ağ göyərçindi,

Bağlarda gül - məhəbbətin...

 

Harda qaldı, demə bahar,

Payızımız - o, bəhrə, bar.

Olur-olsun, saralmalar,

Sarı sünbül - məhəbbətin...

 

Ömrün qatıb tağımıza,

Çatıb payız çağımıza,

Bağban olub bağımıza

Fəsil-fəsil məhəbbətin...

         

Həyat nədir - sınaq, kimlik,

Nə küskünlük, nə inciklik...

Bir qədəhlik, bir içimlik

Ömür deyil məhəbbətin...

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!