Niyə məhz "Qıtqılda?" - Əlisəfdər HÜSEYNOV

Bu yaxınlarda dostlarımdan biri, görünür, xalq rəqs havalarımıza marağımı nəzərə alıb xahiş etdi ki, "Qıtqılda" rəqs melodiyasının adının mənası, bu melodiyanın nə üçün belə adlandırılmasının səbəbləri barədə məlumat verim. Həmin melodiyanı ilk dəfə ifa edib paylaşarkən bilavasitə bu məsələ ilə əlaqədar etdiyim qeydləri xatırladım, onun məzmununu dostumun diqqətinə çatdırıb əlavə etdim ki, mən musiqişünas deyiləm, fikirlərim də mənim şəxsi gümanlarımın, ehtimallarımın ifadəsidir və nə vaxtsa suallarınıza bir qədər əhatəli cavab verməyə çalışacam. 

Nəhayət, hiss elədim ki, həmin məqam yetişib.

Doğrudan da, niyə məhz "Qıtqılda?" Nə məna bildirir bu söz və onun həmin melodiyanın məzmunu ilə nə əlaqəsi? 

Ondan başlayım ki, rəqs havalarımızla əlaqəli heç bir mənbədə mən bu sözün izahı, etimologiyası ilə bağlı hansısa bir fikrə rast gəlmədim. Halbuki yazılanlara görə "Qıtqılda" qədim melodiya deyil, nisbətən çox yaxın dövrün məhsuludur - onu 1910-cu ildə doğulmuş məşhur qarmonçalan Teyyub Dəmirov yaradıb. Görəsən, melodiyaya bu adı da o özü veribmi?! Suala birmənalı şəkildə qəti cavab vermək olmur. Əvvəla, ona görə ki, belə olsaydı, o bu qəribə adın açıqlamasını da verərdi. Digər tərəfdən, olsun ki, bu, Teyyub Dəmirovun yaratdığı orijinal melodiya yox, sadəcə, ikinci həyat verib diriltdiyi diringə, yaxud qədim rəqs havasıdır və uzun fasilədən sonra ilk dəfə onun ifasında səsləndiyinə görə elə onun adına da yazılıb. Nəhayət, rəqsin adının yazılışında da konkretlik yoxdur - bəzi mənbələrdə o, "Qıtqılda", bəzilərində "Qıtqılıda", bəzilərində isə "Qıtqılı" kimi verilir.

Bu girişdən sonra soruşa bilərsiniz ki, bəs sənin versiyan nədir və onu necə arqumentlədirə bilərsən?

Cavablandırım.

Fikirləşirəm ki, bu ad ilk vaxtlar adı olmayan diringəyə o rəqsə çevrildikdən, yəni ona xoreoqrafik etüd qurulduqdan sonra verilib və ilk variantda onun adı "Qıtqılda (yaxud "Qıtqılıda") yox, elə həmin o etüdün xarakterindən, süjetindən, məzmunundan irəli gələn "Qıtqılıqda" olub.

Nə üçün belə fikirləşirəm? 

İş ondadır ki, bu rəqs vikipediyada göstərildiyi kimi, məişət xarakterli məzəli, yumoristik rəqslər qrupuna aiddir, gəlin-qayınana münasibətlərinin bəzi gülməli, məzəli nüanslarını əks etdirir və melodiya hələ plastika ilə ifa olunan rəqsə çevrilməmiş ona Teyyib müəllim tərəfindən belə bir adın verilməsi az inandırıcı görünür. Fikrimcə, rəqsə bu adın verilməsində onun səhnədə konkretləşdirilməsindən sonra o konkretlikdən irəli gələn diktənin həlledici rolu olub: yəni artıq dinləyici yox, tamaşaçı olan insanlar gördüklərinin təsiri altında bu rəqsə "Qıtqılıqda" adı veriblər.

Yaxşı, onda niyə məhz "Qıtqılıqda?"

Dilimizdə "qıt" sözünün az, kəm, "qılıq" sözünün isə xoş rəftar, xasiyyət kimi mənaları var. Bu iki sözün birləşməsi isə xoş rəftarın az, qıt olduğu vəziyyət mənası verir. Gəlin-qayınana münasibətlərində qılığın kəmliyi, azlığı isə həm də saysız-hesabsız lətifələrin, məzəli situasiyaların mövzusu olub (Təkcə "Qayınana" filmini, tamaşasını xatırlamaq kifayətdir).

Bu mənim birinci versiyam.

İkinci versiyam isə, "qılıq" yox, "qıdıq" sözü ilə bağlıdır. Qıdıq xoş bir təsirdən yaranan və insanda xoş əhval yaradan qıcıq hissidir. Sonradan danışıqda "Qıtqılıda" şəklinə düşən "Qıtqıdıqla" (yəni az qıdıqla) ifadəsinin isə rəqs edənin sümüyə düşən, adamı dingildədən, qıdıqlayan bu melodiyaya zarafatla "məni az qıdıqla" müraciəti kimi başa düşülməsi, məncə, məntiqidir.

Bu mənim ehtimallarım və arqumentlərimdir. Amma təbii ki, mən səhv də edə bilərəm. Çox istərdim ki, musiqişünaslar, musiqiçilər öz münasibətlərini bildirsinlər.

P.S. Yeri gəlmişkən, bu rəqs havasının vikipediyasında çox qəribə, hətta mən deyərdim ki, əcaib bir fakta rast gəldim. Məsələn, əvvəlcə qeyd olunur ki, rəqsin yaranma tarixi 1870-1880-ci illərə təsadüf edir. Ardınca isə onun qarmon ifaçısı Teyyub Dəmirov tərəfindən yaradıldığı və ilk dəfə ifa olunduğu qeyd edilir(?). Və nəhayət, məlumata belə yekun vurulur ki, Ü.Hacıbəyov bu rəqsi 1911-ci ildə yazdığı "O olmasın, bu olsun" operettasına daxil edib. (Əslində söhbət operettadan yox, 1956-cı ildə çəkilmiş eyniadlı filmdən gedir). Görünür, mətni yazan şəxs T.Dəmirovun 1910-cu ildə anadan olduğunu və onun 1 yaşına kimi imkan tapıb bu melodiyanı yaratmasının qeyri-mümkün olduğunu unudub.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!