Şahdağım, burax uşaqları - Rafiq Səməndər

"Kəndimizə getmişdim" silsiləsindən

- Təmiz havanın bolluğuna düşmüşdüm.

- Gəlin süd sərnicini dağıtmışdı.

- Başımın üstündə uğultu.

- Vertolyotlar alpinistləri axtarırdı.

- Babur, Namin, Fəridə.

- O iki addan kənddə yoxdur, ancaq Fəridə çoxdur. 

- Kənddə hamı peçin üstündə isti süd saxlayır ki, uşaqlar tapılanda onlara içirtsinlər.

- Şahbikə xala Şahdağdan yaşınırdı.

- Xınalıqda dağların süfrəsində.

- Şahdağ, burax uşaqları!

- Oljas Süleymenov itkin düşən alpinist qız üçün "Lyod-69" poemasını yazdı. Qız tapıldı.

- Bizimkilərin də səsini eşit, Şahdağ, burax uşaqları!

- Yoxsa bu yay bulaqlarından su içən olmaz. Burax uşaqları!

-  Bir qartopuyla xəbər gözləyirik.

Paytaxtın boz, boğucu havasından sonra təmiz havanın bolluğuna düşdüm. Bolluğa nə darlıq deyib, sağa-sola səpələyirdim təmiz havanı. Çörəyin arasına, qoyub yeyirdim, şirin çay eləyib içirdim. Dünya-aləm, ağaclar, dağlar, yollar gəlin köçürdü elə bil ağappaq qeyimdə idi. Buz bağlamış şəlalələr, çaylar, bulaqlar, sırsıra qayalar bu gəlinin daş-qaşı, sırğası, bərq vuran üzüyü, boyunbağısı idi. Bir taxta darvazanın qabağında ayaq saxladım. Tövlədən, ağzından saman tökülən, buğ çıxan qara inək çıxırdı. Dalıyca da əli sərnicli Şahbikə xala gəlirdi.

- Ay xala, bir stəkan süd ver içim.

- Hardan verim, ay bala, görmürsən həyət-bacanı, gəlin sərnici aşırıb südü dağıdıb.

Ətrafa baxdım. Başımı qaldırıb, göyə baxdım. Göylərdən yuxarı Şahdağa baxdım. Doğrudanmı ulduzların arasından ağ yun kimi buludların üstündən Şahbikə xalanın gəlini Şahdağın başından sərnici aşırıb, südü dağıdıb? Doğrudanmı bu qar südün üzü, qaymağıdır? Tez əl atıb əzgil ağacının budağından bir ovuc qar atdım ağzıma. Kəhraba əzgilin ətri vardı qarda. İçimdən bir soyuq gizilti, başımın üstündən isə bir uğultu keçdi. Elə bil kimsə ağ xalı kimi qarın üstünü tozsoranla süpürürdü. Başımı qaldırıb göyə baxdım. Başımın üstündən vertolyotlar uçurdu. Şahbikə xala balağını əlində düyünlədi.

Qara inək ağ qarın içiylə götürüldü. Əzgil ağacını elə bil tut ağacı kimi çırpdılar.

- Bu nədi, ay Şahbikə xala?

- Şəhərdən gələn vertolyotlardı, dağda itən uşaqları axtrarırlar.

- Üzü bəri uçurlar axı.

- Ordakılara yemək aparmağa gəlib.

Bir anlıq qar gözümdə qaraldı. Gözümü Şahbikə xaladan çəkib Şahdağa baxdım. Elə bil ağappaq bir yuxudan oyandım. Gözlərimi ovuşdurdum. Üzümü qarla yudum, qulağıma Şahbikə xalanın səsi gəldi:

- Anası ölsün onların, necə ki yəqin ölüb. Bu uşaqları necə buraxıblar bu dağa. Aralarında da qız uşağı.

- Ana neyləsin? Sənin uşaqların hardadı indi?

- Harda olacaq? Hərəsi bir dərədə.

- Elə o anaların uşaqları da o dərələrdədi.

- Allahın heç olmasa analarına yazığı gəlsin.

- Şahbikə xala, sağ qala bilərlər?

- Allah bilər, Allah saxlayanda saxlayır. Mən uşaq olanda bu Təngəaltı tərəfdə Qaçaq Mayılın mağarasından bir az bəri bir nəfər yarğana düşmüşdü. Nə qədər adam gəldi, onu kəndirnən dartıb çıxara bilmədilər. Sonra Bakıdan adamlar gələnə kimi onu bütün gecəni iri işıqlarla bədənini qızdırdılar ki, soyuq olmasın.

- Sonra çıxartdılar?

- Əlbəttə ki, çıxartdılar.

- Deyirsən bular da yarğana düşüb?

- Üçü birdən düşə bilməz - deyib, Şahbikə xala tez evə keçib bir stəkan qaynar süd gətirdi mənim üçün. Çaşıb qaldım. Ağ qarın fonunda stəkanda süd görünmürdü. Elə bil, boş idi. Ancaq buğ çıxırdı. Soyuqda südü başıma çəkdim.

- Bəs deyirdin gəlin südü dağıdıb?

Şahbikə xala təəccüblə qayıtdı ki:

- Kim deyib onu, mən elə söz deməmişəm. Bizlərdə gəlinlər südü dağıtmır. Mən burda danışana kimi o evdə südü qaynadırdı.

Anladım ki, bayaqdan görüb-eşitdiklərim yuxu imiş. Kaş o uşaqların da itkin düşməsi yuxu olardı.

- Kənddə indi hamı peçin üstündə isti süd saxlayır ki, uşaqlar tapılan kimi onlara içirtsinlər.

- Adların bilirsiz?

- Kənddə hamı əzbər bilir onların adını: Babur, Namin, Fəridə. O iki oğlanın adından yoxdu kənddə. Ancaq Fəridə çoxdur. Allah qarını əritsin.

- Tez əriyir qar orda?

- Mən gəlin köçəndə anam mənə bir yük yorğan-döşək vermişdi. Neçə ildi yığmışam üst-üstə. Biz tərəflərin heç nəyi olmasa da, yorğan-döşəkdən bol oluruq. İndi o dağlar da elə, neçə ilin qarı yorğan kimi üst-üstə qalanıb.

- Demək, uşaqların yeri istidir.

- Təki olsun.

Bayaqdan fikir verirəm, Şahbikə xala yaşmaqlanıb danışır. Danışa-danışa da yaşmağını əli ilə  tez-tez yuxarı çəkir.

- Kimdən yaşınırsan, ay xala?

Əli ilə Şahdağı göstərir.

- Bəs necə olur, səsivi eşidir axı.

- O gündüzlər yatır, gecə oyanır.

Şahdağa baxıram, doğrudan da əzəmətli bir qış yuxusuna gedib elə bil. Şahdağın ağbirçək gəlini Şahbikə xala ilə görüşüb ayrılıram. Gözləyirəm gecə düşsün, ulduzlar çıxsın, Ay işığında Şahdağıma ürəyimi açım. Cəddinə qurban olduğum Baba dağımdan söhbətə icazə də almışdım.

Gecə düşdü.

Kənd naxırı gəlib keçdi. Gecə düşdü. Şahdağ yorğanını üstündən atıb, oyandı. Xınalıqda axşam süfrəsi açıldı. Bütün dağlar, yaylaqlar süfrə başına yığışdı. Mən də baş əyib, o süfrəyə yaxınlaşdım.

- Axşamın xeyir, Bazardüzü. Xoş gördük Bazaryurd, Tufandağ, səni mən xüsusi salamlayıram. Şah yaylağı, Murad yaylağı sizi həmişə yayda salamlamışam, indi qışda salamlayıram. Ən böyük salamım ulu Şahdağımadır.

Şahdağ bismillah deyib əlini süfrədəki çörəyə uzatdı. Ondan sonra hamı bir qismət şörək kəsib yedi, mənim isə çörək boğazımdan getmirdi. 

Bilmirdim hardan başlayam. Dedim:

- İmkan varsa, sizə pənah gətirənləri, nərdivansız, pilləkənsiz evlərinizə qonaq gələn alpinistləri Namini, Baburu, Fəridəni də çağırın süfrəyə.

Dağlar əl saxladı, hamı bir-birinə baxdı. Heç kim dinmədi, hamı çönüb, Şahdağa baxdı. Mən də üzümü Şahdağına tutdum:

- Şahdağım, burax uşaqları. Burax onları getsin evlərinə. Lap donublarsa, burax getsin, isti ocaqlarında, ana qucağında donu açılar. Burax, Şahdağım, burax uşaqları getsin işinə. Neçə-neçə gözlər yolda qalıb, telefonlar, qapı-pəncərələri taybatay açılı qalıb. Aşağıda nə qədər çadır, nə qədər adam gözləyir, nə qədər adam axtarır onları. Burax, Şahdağım, burax uşaqları ensinlər aşağı. Bizə yaraşmaz Kazbekdən keçiblər, Elbrusdan düşüblər, İrandan-Turandan qayıdıblar. Quba-Qusar arası ilişiblər. Burax, Şahdağım, burax uşaqları. Bilirəm, bilirəm bəlkə səndə deyil. Dağlar "nə səndədi, nə məndə" deyib uşaqlarla oynayır. Ancaq Şahdağım bu dağlar sənin kürkündən çıxıb. Bu dağlar yüz illərdir səninlə çiyin-çiyinədir. Denən kimdədirsə buraxsın uşaqları. Sənin sözündən heç kim çıxmaz. Bu dərələr, bu buzlaqlar, bu yaylaqlar, bu yarğanlar hamısı əlindən su içir, Şahdağım.

Axtar tap, soraqlaş, xəbər yolla, tap uşaqları, Şahdağım. Burax uşaqları, burax, Şahdağım. Getsinlər. Yolüstü Xıdırzındədə nəzirləri var, nəzirlərini versinlər. Burax, Şahdağım, burax uşaqları. Qoynundan Everest görünür, yəqin iki yüzün ölüsü qalıb orda. Arzusu, diləyi, cəsədi, skeleti qalıb, səndəmi ona oxşamaq istəyirsən. Burax uşaqları, burax getsinlər evinə, Şahdağım. Qazax ellərində bir qızı beləcə buzlar almışdı qoynuna. Hamı qalxmışdı ayağa, Oljas adlı şairləri "Lyod-69" deyib, poemasını yazdı. Qara buzlardan qızın verilməsini xahiş etdi. Buzlar qızı qaytardı. Dağlar onun səsini eşitdi!

Şahdağım, sənin də ətəklərində yaşayıb-yaradan Oljas kimi qələmli , Oljas ürəkli oğlanlar var. Ələkbər Salahzadə ruhu, Rəhim Alxaslı şeiri, Mövlud Qonaq, Vaqif Musa, Yusif Həsənbəy, Vaqif Əlixanov, Ramiz Qusarçaylı, Tofiq Nurəli və neçə-neçə papaq altda yatan kişilər səndən xahiş edir. Burax uşaqları. Sən də onların səsini eşit. Burax getsinlər evlərinə. Qabaqdan yaz gəlir, mart gəlir, Novruz gəlir, burax uşaqları, o vaxta qədər getsinlər evlərinə. Yoxsa bu yaz, bu yay sənin bulaqlarından axan suları heç kim içməz. Bilirsən də niyə? Şahdağ! Burax uşaqları. Onlar sənə pənah gətirib, qonaq gəlib. Qonağı bu qədər əzizləməzlər.

Burax getsinlər ağappaq talelərini yaşasınlar!

Bir axan çayla, bir cavan cüyürlə, bir dağ kəliylə, bir qartalla, bir bulaq şırıltısıyla, atılan bir topa qarla

                        Xəbər gözləyirik!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!