Məhəmmədbəy OSMANOV - Samovar

Məhəmmədbəy Osmanov 1934-cü ildə Dağıstan Respublikasının Qarabudaqkənd rayonunda anadan olub. Dağıstan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Kənd məktəbində müəllim, "Luç kommunizma" vilayət qəzetində və "Komsomolets Daqistana" respublika qəzetində müxbir, SSRİ Yazıçılar İttifaqı Ədəbiyyat Fondunun Dağıstan şöbəsinin direktoru işləyib. 1975-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1984-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olan M.Osmanovun respublika və mərkəzi mətbuatda, müxtəlif ədəbi toplularda şeir, satirik hekayə və təmsilləri dərc olunub. Kumık və rus dillərində 10-dan çox kitabı çapdan çıxıb. Mədəniyyət sahəsindəki xidmətlərinə görə "Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.

2020-ci il yanvarın 11-də vəfat edib.

 

***********************************************************************************************************************************************************************************************

 

Əbdülqəlim eyvanda oturub çay içirdi. Xəfif meh onun köynəyinin altına girib çaydanabənzər qarnını qıdıqlayırdı. Əbdülqəlim bu şən, xoşbəxt həyatdan ləzzət alırdı.

Eyvana qalxmış Ayşət təngnəfəs halda bildirdi:

- Əzizim, Ənvər bizi toya dəvət edib.

Əbdülqəlimin üzündə heç bir ifadə sezilmədi: yəni ki, nə olsun toydur? Onsuz da kənd yerində nə qədər desən, toy olur...

- Sən məni eşidirsən, yoxsa, yuxuya getmisən?

Əbdülqəlim təəccüblə arvadına tərəf çevrildi: guya ki, hər xırda şeydən ötrü onu nə üçün istirahətindən ayırır? Ancaq özünü sındırmadı:

- Əşşi, qoy görək də!..

- Nə əşşi-əşşi salmısan, a kişi? De görüm, təzə bəy-gəlin üçün hədiyyə nə aparacağıq?

- Eh! - Əbdülqəlim çaydan bir qurtum içib: - Nə istəyirsən, elə onu da aparaq.

Onların kəndində doğrudan da, hər bazar günü toy olurdu və hər dəfə də aparmağa bir şey lazım gəlirdi. Əvvəllər necə də yaxşı idi. Toyda pul atardın, canın qurtarardı. İndi isə bu adət keçmişin qalığı sayılır.

- Bəlkə babanın köhnə samovarını aparaq? - arvad xəbər aldı.

- O ki, tamam göyərib, - kişi tərəddüd etdi.

- Eybi yoxdur, təmizləyərəm, qızıldan da yaxşı parıldayacaq.

- Onun lüləsi də paslanıb. Mən o gün lüləni burmaq istəyərkən gördüm.

- Yaxşı, yaramırsa lazım deyil. Onda sənin təzə papağını hədiyyə aparacağıq.

- Ay-hay! - Əbdülqəlim çaşqın halda arvadına baxdı. Sonra: - Yaxşı, qoy sən deyən olsun. Samovarı hədiyyə apararıq, - dedi.

Musiqi sədaları qol-qanad açmışdı. Başına təzə papaq qoymuş Əbdülqəlim ailə həyatı quran gənclərə samovar hədiyyə aparırdı. Arxasınca isə gülərüzlü Ayşət gedirdi. Onun bəxtiyar sifəti təmizlənmiş samovarın böyründə əks olunmuşdu.

Qəfildən musiqi kəsildi. Sakitlikdən istifadə edən Əbdülqəlim ayağa durub tost söylədi. Təzə bəy-gəlinə xoşbəxtlik arzuladı və sözgəlişi öz kiçik hədiyyəsi barəsində də danışdı.

Təzədən yerində oturmaq istəyəndə kənddə təhlükəli adam sayılan qonşusu Mahmud Əbdülqəlimə dedi:

- Nənəm söyləyirdi ki, bu samovarı babam sənin babana hədiyyə verib.

Əbdülqəlim sakitcə əlinin altındakı qədəhi götürüb başına çəkdi və sonra samovarı göstərərək:

- Görürsənmi, necə də parıldayır? Lap çil-çıraqdır, heç işıq yandırmaq lazım deyil! - dedi.

 Bax, beləcə, köhnə samovar evdən-evə, ailədən-ailəyə dövrə vurdu: Ənvərdən sonra Mahmuda (o oğlunu evləndirdi) çatdı. Hiyləgər Mahmud isə öz növbəsində, onu yenidən Əbdülqəlimə qaytardı, çünki onun qızını oğluna almışdı. Bəs indi növbə kimindir? Amma kimin olursa-olsun, fərqi yoxdur. Onsuz da, samovar yenidən əvvəlki yerinə qayıdacaqdır: Axı, Əbdülqəlimin hələ iki qızı da böyüyür...

 

Tərcümə edəni: 

Ağaddin BABAYEV

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!