Adamın gərək ağlı olsun...
Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayammazsan. Gərək ağlın olsun, düşünəsən ki, ayə, necə olur, sənin də iki əlin-ayağın, bir başın, iki qulağın və s. var, o birilərinin də. Necə olur, o birilər cah-cəlal içində yaşayır, sən həmişə lüt-üryansan, qəpiyə güllə atırsan? Belə çıxır ki, o birilərinin ağlı var, yəni sənin kimi ağılsız deyillər. A kişilər, heç ola bilməz ki, ağıllı adamın pulu-parası olmasın! Ağıl deyilən şey ki, var, gərək o mütləq adamda olsun. Olmadı ha, batdın!
Lap uşaqlıqdan əlimə pul düşən kimi, gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə pis fikirlər gəlməsin, uşaq siz düşündüyünüz şeylərə pul xərcləməz. Deməyim odur ki, gedib xırda-xuruş alırdım, o biri gün də xoşuma gəlmirdi, atırdım bir kənara. Bu xasiyyətlə böyüdüm, gözümə yaxşı nə göründüsə, lazım oldu-olmadı, aldım. Yekə kişi oldum, ağlım başıma gəlmədi ki, gəlmədi. Nəyə görə?
Deyin görüm, adam da nəğd pulunu əlindən verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik! Amma mən nəğd pulumu aparıb qoymuşam özəl bir banka. Özü də nə qədər olsa yaxşıdır? Altmış min manat! İllər keçib, oturub sevinə-sevinə gözləmişəm ki, başqa ölkələrdə olduğu kimi banka qoyduğum pulun faizi də üstünə gələcək, gedib maşın alacağam, villa tikdirəcəyəm, dünyanı gəzəcəyəm. "Sən saydığını say, gör fələk nə sayır".
Bir gün xəbər çıxdı ki, pullar dəyişir. Getdim banka ki, altmış min manatı, üstəlik, faizini də alım. Götürüb mənə nə versələr yaxşıdır: altı min manat! Elə orada iki əlimi ilişdirdim təpəmə, öz-özümə dedim: "Kül sənin ağılsız başına, adam da banka pul qoyar?! Pulun var, qoy evə, yavaş-yavaş xərclə də!"
Elə bilirsiniz, bu əhvalatdan sonra ağlım başıma gəldi? Ay gəldi ha! "Quyuya su tökməklə sulu olmaz ki!" Zəmanə dəyişdi, özəl banklar çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin özəl banklardan birinə. Mənim hesabımla bir neçə ildən sonra milyoner olmalıydım. Bir də eşitdim bankı bağladılar, bankiri də tutdular basdılar içəri. Heç demə, fırıldaqçının biri imiş. "İt də getdi, ip də". Qaldım "lüt-madərzad".
İndi özünüz deyin, ağıllı adam da nəğd pulunu əlindən verər?
Misralar
kimindir?
Qəzet redaktoru Salman Mütrif oğlu redaksiyada lövbər salıb yazı-pozu ilə məşğul idi. Qapı döyüldü, ədəbiyyat şöbəsinin müdiri kabinetə daxil oldu. Masanın üstünə bir hekayə qoyub dilləndi:
- Salman müəllim, istedadlı gənc yazıçılardan birinin əsəridir. Oxumuşam, pis deyil, məsləhət bilsəniz, çapa verərik.
- Yaxşı, biz də oxuyarıq, görək nə yazır?! - deyə redaktor Mütrif oğlu təşəxxüslə bildirdi.
Şöbə müdiri otaqdan çıxan kimi, Salman müəllim hekayəni oxumağa başladı. Gördü paho, şöbə müdirinin gənc yazıçı adlandırdığı Naşükür bəy ölkədə nə qədər vəzifə sahibi var, hamısını biabır-rüsvay edib. Axırda da iki misra ilə fikirlərini belə tamamlayıb:
"Vicdanı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti əllərdə oyuncaq".
Birinci misradakı "başçıların" sözü Mütrif oğlunu əsəbiləşdirdi, düşündü ki, "bu gədə lap ağ edib! Yəqin icra başçılarını nəzərdə tutur. Hamını özümlə düşmən edə bilmərəm ki!" Odur ki, birinci misradakı "başçıların" sözünü pozub, belə yazdı: "Vicdanı sönüklərin qəfləti ancaq..."
Səhəri gün qəzeti oxuyan bir ədəbiyyatşünas alim, redaktor Salman Mütrif oğluna zəng vurub təəccübünü bildirdi:
- A kişi, siz nə etmisiniz, o boyda yazıçının misrasını niyə dəyişdirib bu günə salmısınız?
Redaktor Mütrif oğlu cavab verdi:
- Əşi, Naşükür bəy cavan yazıçılardandır. Adından da məlum olduğu kimi, naşükürün biridir! Ölkədə vəzifə sahibi qalmayıb, hamısına sataşıb. Hələ onun hekayəsini çap eləmişəm, gərək sevinsin...
Professor əsəbiləşdi:
- Ay Salman müəllim, Naşükür bəy kimdir? Həmin misralar Hüseyn Cavidindir ey, başa düşdün?!
Gün ərzində redaktora yüzlərlə belə zəng vuruldu. Zəng vuranlar bilmirdilər ki, Mütrif oğlu ömründə Hüseyn Cavidi oxumayıb. "Yazıq" haradan biləydi ki, misralar kimindir?
Yorğan-döşəkdə qaldı...
Qayınanamdan yaman qorxurdum. Arvadın boz sifətini görəndə canıma üşütmə düşürdü. Niyə? Ailə işimə qarışırdı, gündə qızını qızışdırıb evimizə dava-dalaş salırdı, dözürdüm, bu bir. Anamı, xalalarımı, bibilərimi qatırdı bir-birinə, ondan-buna, bundan-ona deməklə ara qarışdırırdı, bu iki. "Xalqın kürəkənləri qaz vurub, qazan doldurur, mənim kürəkənim quruca maaşa baxır, acından ölür" deməklə məni qohum-qonşu yanında hörmətdən salır, abrımı tökürdü, bu üç. Saymaqla qurtaran deyil. Balalarımın xatirinə ailəmi dağıtmaq istəmirdim, "qayınanam bu gün-sabahlıqdır" düşüncəsi ilə birtəhər dözürdüm. Belə-belə ömrümün yarısı ah-vayla keçdi...
Bir gün eşitdim qayınanam düşüb yorğan-döşəyə. Dedilər, vəziyyəti ağırdır, "o tərəflikdir". Sevincimdən nəzir-niyaz payladım. Amma büruzə vermədim, qayınanamın yanına gedib, başladım yaltaqlanmağa:
- Ay arvad, qorxma, xəstəlikdir də, keçib gedər. Nə lazımdır de, yerin deşiyindən tapım, gətirim. Hələ ki, sağam, qoymaram sənə bir şey ola.
Qayınanam çənəsi əsə-əsə dilləndi:
- Sənin heç nəyin mənə lazım deyil! Get, qohum-qardaşı yanıma çağır.
Ağzım nə idi onun əmrini yerinə yetirməyəydim! Hamıya xəbər verib yığdım qayınanamgilə. Elə ki, qohumlar cəm oldu, qayınanam dilləndi:
- Mən ölürəm. Kimə nə vermişəm, gedin gətirin.
O, yastığın altından bir siyahı çıxarıb, "verdiklərimi bax, bura yazmışam, gizlədib-eləməyin", - deyə gözlərini qıydı.
Hamı mat-məəttəl bir-birinə baxdı. Əlacları ona qaldı ki, qayınanamın göstərişinə əməl eləsinlər. Elədilər də. Kimi qayınanamın pay verdiyi paltarlıq parçaları gətirdi, kimi xrustal qab-qacağı, kimi də borc pulları geri qaytardı. Qayınanam bununla kifayətlənməyib özünün geyim paltarlarını da üst-üstə yığdırdı. Sonra iki yekə xrustalı bir-birinə vurub sındırdı. Baldızım qışqırdı:
- Ay arvad, neynirsən, dəli olmusan?
Qayınanam onun sözünə məhəl qoymadı, geyim paltarlarını da cırıq-cırıq eləyib yanan peçə atdı.
Qayınım dözə bilmədi:
- Paltarlarını niyə yandırırsan, ay arvad?
Qayınanam qışqırdı:
- Mən öləndən sonra nəyimə lazımdır?!
Bacanağım başladı dil tökməyə:
- Ay ana, elə hər xəstələnən ölür ki? Allah qoysa bu gün-sabah sağalıb durarsan ayağa. Paltarsız gəzəcəksən?
Bu sözlər qayınanamın qulağına girmirdi. Elə hey sındırıb-yandırırdı. O, son kibrit çöplərini də yandırıb dilləndi:
- Vəssalam! İndi o dünyaya rahat köçə bilərəm!..
Bədbəxtlikdən düz bir həftədən sonra qayınanam sağaldı. Amma yorğan-döşəkdən qalxa bilmədi. Çünki əyninə geyməyə bircə paltarı da qalmamışdı...
Qorxuram
Heç nədən qorxmuram. Qəzetdən, tənqiddən, dedi-qodudan, söz-bezdən qorxmuram. Yuxusuzluqdan, əziyyətdən, kasıblıqdan qorxmuram. Vəzifəsizlikdən, vəzifədən çıxmaqdan qorxmuram. Bircə şeydən - müsəlmanların öz dillərini unutmalarından qorxuram.
O gün həyətə çıxmışam, qonşuluqda yaşayan müsəlman uşağı məni görüb deyir:
- Zdravstvuyte!
Soruşuram ki, bala, sən russan?
Cavab verir:
- Net.
Deyirəm, bəs mənə niyə rusca salam verirsən?
Deyir:
- Otets, mat po russki qovoryat...
Heç kimdən qorxmuram, heç nədən qorxmuram. Xəstəlikdən, həkimlərdən, yıxılıb qolumu-qıçımı sındırmaqdan, yalançılardan, rüşvətxorlardan, yaltaqlardan, ikiüzlülərdən qorxmuram. Bircə şeydən qorxuram: müsəlmançılığı itirməkdən. Bəzi müsəlman müğənnilər gül kimi mahnılarımızı qoyub başqa ölkələrin mahnılarını oxuyurlar, eybəcər şəkildə "rəqs" edirlər, ilan kimi qıvrılıb-açılırlar. Adama deyərlər bala, sən müsəlmansan, yoxsa, moltanı? Hər ölkənin, hər millətin mahnıları gözəldir, buna sözüm yox. Sənə nə düşüb ki, onların mahnılarını oxuyursan, özü də, necə deyərlər, qolunu-qıçını sındıra-sındıra? Belə mahnılara daha çox qulaq asırlar, kasetlər çox satılır, eləmi? Bəs bilmirsən ki, bu da bir siyasətdir? İstəyirlər ki, müsəlmançılığa bu tərəfdən də zərbə vursunlar? Yəni müsəlman olduğunu sənə unutdursunlar! Bax, mən də elə ondan qorxuram. Qorxuram ki, bir tikə müsəlmançılığımız qalıb, onu da unudaq!
Heç nədən qorxmuram. Ölümdən, o dünyada qurulacaq mizan-tərəzidən, cənnət-cəhənnəmdən, Qıl körpüdən qorxmuram. Amma bir şeydən qorxuram: müsəlmanların vətəni, torpağı unutmalarından. Kimi dindirirsən, deyir: "xaricdə yaşamaq istəyirəm". Nə var axı, bu xaricdə? Xaricdə yel əsib, qoz tökülüb? Adam da vətənini, ana dilini, ana laylasını unudar?
Xülasə, mən heç nədən, heç kimdən qorxmuram. Bircə müsəlmanların dilimizi bərbad hala salmalarından, ana laylası kimi mahnılarımıza yad xallar qatmalarından, Vətəni, torpağı unutmalarından qorxuram. Vallah-billah, qorxuram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!