19 yaşımda bu əsəri oxuyarkən, hələ öz kimliyimi tapmağa çalışan bir gənc idim və "Siddhartha"nın daxili səyahətində özümü görürdüm. Bu gün, 31 yaşımda həyatımda keçirdiyim təcrübələr və dəyişən baxış bucağımla bu əsəri təkrar oxuduqda, ilk oxuduğum dövrdə anlamadığım qatları daha dərindən başa düşürəm. Bu fərqli yaş dövrlərində Hessenin mesajı daha aydın anlaşılır. O zaman da həyatımın ən mühüm qərarlarından birini verdiyim ərəfə idi, indi də. O vaxt atamı itirmişdim, təkbaşına həyatla mübarizə aparacağım ömrün ilk günləri idi, indi isə artıq 12 ildən çoxdur təkbaşına ayaq üstə duran bir adamam. İndi, bəlkə də Siddarthanın özünüaxtarış mərhələsinin hansısa mərhələsindəyəm, bilmirəm. Amma bircə onu bilirəm ki, yenə də həyatımda vacib bir qərar vermişəm və ilk dəfədir ki, Siddhartha haqqında yazmağa ehtiyac duyuram. Bəlkə də bu, 19 yaşımdakı mənə borcumdur.
Hermann Hesse Avropada missioner bir ailədə dünyaya gəlsə də, həyatı boyunca şərq fəlsəfəsinə olan marağı onun həyat yolunu fərqli bir istiqamətə yönəltdi. Onun ailəsi onu bir din adamı kimi görməyi arzulasa da, Hesse bu tələblərə qarşı çıxaraq öz yolunu seçdi. Ailəsinin və cəmiyyətin ona biçdiyi qəlibləri sındıran Hesse, öz daxili çağırışına, öz ruhuna qulaq asaraq yola çıxdı. Onun bu axtarışları yalnız bir gəncin həyatda özünü tapmaq cəhdi deyil, həm də bütün bir mədəniyyətin içindəki mənəvi boşluqları, insana dair dərin sualları araşdırmaq məqsədinə xidmət edirdi. Bu yol onu Hindistanın müdrik fəlsəfəsi ilə tanış etdi, lakin bu, yalnız nəzəri bir maraq deyildi - Hesse Hindistana səfər edərək, orada yaşadığı təcrübələrlə öz fəlsəfəsini daha da dərinləşdirdi.
1922-ci ildə tamamladığı "Siddhartha" romanı təkcə bir əsər deyil, həm də Birinci Dünya müharibəsinin nəticələrindən yaranan cəmiyyətdə insanın öz mənasını və həyatının dərinliyini axtarma yolculuğunun simvoludur. Bu dövr Hessenin öz şəxsi həyatında da böyük bir daxili axtarışın və dönüşümün yaşandığı vaxt idi. O zamanlar Hesse yalnız Şərq fəlsəfəsini deyil, insanın həyatını və mənasını axtarma prosesini də dərindən düşünməyə başlamışdı. "Siddhartha" bu axtarışların insanın öz mənəvi təcrübəsi ilə həyatını necə mənalı və dolğun edə biləcəyini göstərən bir fəlsəfi səyahət romanıdır.
"Siddhartha" romanı yalnız həyatın mənası ilə bağlı bir axtarışın nəticəsi deyil, həm də bir insanın ruhunun xəritəsini cızan bir təcrübədir. Hesse bu əsərində bir gəncin həyatda öz yolunu tapma cəhdi ilə bağlı fundamental suallara cavab axtarır. Siddhartha gənc yaşlarında həyatın sirlərini kəşf etmək istəyir. Bu arzu onu evdən, cəmiyyətin təyin etdiyi yoldan uzaqlaşdırır. Dostu Qovinda ilə birgə Siddhartha evini tərk edərək müxtəlif həyat yollarını sınağa çəkir. O, aclığı, çətinlikləri, mənəvi arınma yolunu qəbul edir, amma heç biri onun içindəki boşluğu doldura bilmir. Səfərləri onu müxtəlif həyat təcrübələrinə - insanlıq hüdudlarını aşan təcrübələrə aparsa da, hər yeni yol əvvəlcə doğru kimi görünsə də, bir müddət sonra Siddhartha hər dəfə bu yolun da ona özünü tapa bilməyəcəyini anlayır.
Siddhartha və Qovinda bu yolda Budda ilə qarşılaşırlar. Qovinda Buddanın ardınca gedərək onun təlimlərini izləyir. Amma Siddhartha təkbaşına öz yolunu davam etdirir. O, Kamala adlı qadınla tanış olur və lüks həyatın cazibəsinə, maddi zənginliklərə dalır. Amma bu lüks həyat ona daxili sülh və məmnunluq gətirmir. Siddhartha var-dövlətin və dünyanın məhrəm zövqlərinin ona öz mənini tapmağında heç bir kömək etmədiyini anlayır. O, öz "mən"inə məğlub olduğunu hiss edərək hər şeyi arxada qoyur və təbiətə, çaya sığınır.
Vasudevanın yanında olarkən, o, indiyə qədər öyrəndiklərinin bir yanılma olduğunun fərqinə varır. Əsl həyatın öz daxili səsimiz olmasının mahiyyətini anlayır. Vasudeva, bütün bildiklərini məhz ömrü boyu yaşadığı çaydan öyrəndiyini, çayın səsinə qulaq asdığını bildirir. Çay burada məhz yaşadığımız, daima iç-içə, bağlı olduğumuz həyatın özü, bizim mənliyimizin özüdür. "İnterstellar" filmində də deyildiyi kimi, "Həyat instinkti; hamımızı idarə edən odur..."
Çay burada yalnız bir təbii fenomen deyil, Hessenin fəlsəfi düşüncələrini simvolizə edən bir elementdir. Çay həm də həyatın davamlılığı və dəyişən ritmini təmsil edir. Hesse çayın dili ilə bizə zamanın və həyatın çoxqatlı, eyni zamanda sadə olduğunu izah edir. Çayın axışı həyatın ritmini göstərir və bu ritm bütün varoluşun birliyini təcəssüm etdirir.
Siddhartha çayın səsinə qulaq asır, onu bir müəllim kimi qəbul edir. Çay ona həyatda hər şeyin bir olduğunu, zamanın və hər şeyin bir-biri ilə bağlı olduğunu öyrədir. Həyatın və kainatın dövriliyini, həyatın hər bir təzahürünün öz yerindəki dəyərini dərk edir. Siddhartha zaman keçdikcə insanları "uşaq insanlar" olaraq görməkdən imtina edir və onların da eyni dərəcədə müdrik ola biləcəklərini qəbul edir. O, öz daxili aydınlığını tapmaqla həyatın gerçək mənasını başa düşür.
Qocalığında çoxları üçün həyatın sonu hesab edilən mərhələdə Siddhartha həqiqi başlanğıca çatır - öz "nirvana"sına. Bu dərin mənəvi rahatlıq yalnız daxili çətinliklər və əzablar nəticəsində əldə edilə bilən bir şeydir. Hesse bizə deyir ki, əzab və çətinliklər olmadan gerçək xoşbəxtlik mümkün deyil. Hər bir acı, hər bir kədər, hər bir itki insanın həyat təcrübəsinin ayrılmaz hissəsidir və bu hissələr birləşərək insanın daxili inkişafına səbəb olur.
Hessenin "Siddhartha"sı yalnız müdriklik və daxili aydınlıq barədə bir təhlil deyil, eyni zamanda insanın öz həyatını bütöv bir şəkildə qəbul etməsi üçün bir çağırışdır. Əsərin ən təsirli tərəfi budur: oxucuya həyatı, həm sevincləri, həm də ağrıları ilə birlikdə qəbul etdirməyi bacarır. Doğum, ölüm, sevgi, nifrət - bunların hamısı vacibdir və bir-biri ilə əlaqəlidir. Siddharthanın yolçuluğu da məhz bu bütövlüyü anlamaqla tamamlanır. O, yalnız bir insanın daxili səyahətinin deyil, ümumiyyətlə həyatın özünün necə var olmalı olduğunun dərsini alır.
Siddhartha deyir ki, bütün təlimlərdə, hətta Buddada belə ikiyə bölünmə var; "əzablar və ondan qurtulmaq". Ancaq dünyayla, həyatla bütövləşən insanda ikilənmə yoxdur. Çünki, o, bütün yaranmışlar, bütün dünyayla bütövləşmə içərisində sevgi dolu düşüncədədir.
Bu əsər haqqında nə qədər danışsaq da, azdır. Çünki "Siddhartha" yalnız bir roman deyil, bir həyat dərsidir - yaşadığımız hər dövrdə yenidən oxumaq və hər dəfə fərqli bir şey öyrənmək üçün. O, oxucunu öz daxili dünyasında bir səyahətə çıxarır və bu səyahət heç vaxt bitmir.
Ümumilikdə götürəndə bircə məqam bu əsəri mənim üçün dəyərli edir. Bu hissə Siddharthanın qayıqçı kimi həyatına davam etdiyi və müdrik kimi tanındığı zaman dostu ilə yenidən görüşməsidir. Bu zaman onlar arasında dialoqlar bütün kitabın əsas məğzini izah edir:
"- Bu daşı görürsən? - o, daşı ovcunun içində fırladaraq dedi. Nə vaxtsa o, torpağa çevriləcək, sonra bitkiyə, ya da hansısa heyvana, ola bilsin insana.
Əvvəllər deyərdim: "Bu, olsa-olsa, daşdır və heç bir qiyməti yoxdur, Mayya dünyasına aiddir, yalnız çevrilmələrin birində dönüb insan olanda ona hörmət edəcəm. Əvvəllər belə fikirləşirdim. Amma bu gün tam əksini düşünürəm: bu, həm daş, həm heyvan, həm Allah, həm də Buddadır və onu nə vaxtsa, hansısa birinə çevriləcəyinə görə sevmirəm, o, artıq var və əbədidir. Bəli, o daşdır və mən onu daş olduğuna görə sevirəm..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!